Menu
Geri İrəli

Avrasiya İqtisadi Birliyinə üzvlük: – Never say Never?

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2015 • Baxış sayı: 182 dəfə • Şərh yoxdur

inside-Vladimir-Putin-on-way-to-speak

Son günlərdə Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Avrasiya iqtisadi birliyinə üzvlüyü məsələsində bir sıra spekulyasiya xarakterli yazılar özünə yer alır. Hətta Rusiyada bəzi ekspertlər taparaq, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü üçün Ermənistanın razılığının tələb olunduğunu yazanlar da var.

BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak edən zaman Elmar Məmmədyarov Rossiya Seqodnya-nın Azərbaycanın bu quruma üzvlüyü barəsində sualını cavablandıraraq, “heç vaxt heç vaxt demə” (never say never) demişdi. Amma bundan sonra Elmar Məmmədyarov tərəfindən nə deyilmişdir hissəsi ya başa düşülməyərəkdən, ya da bilərəkdən bəzi kvazi-ekspertlər tərəfindən şərh edilmir. Fikrini davam edərək Elmar Məmmədyarov tərəfindən bildirilmişdi ki, Azərbaycanın bu quruma üzvlüyü mümkün deyil, çünki işğal və təcavüz faktı var. İlk növbədə işğal aradan qaldırılmalıdır. Necə deyərlər sonrasına isə hələ baxarıq.

Diplomatiyada daimi dost və ya düşmən yoxdur, yalnız daimi maraqlar vardır. Realpolitikin tüğyan etdiyi regionda yaşayan Azərbaycan da bunu çox gözəl bilir. Elə Azərbaycanın xarici siyasətinin uğuru da bundadır ki, realist düşüncələrlə hərəkət edir. Bu gün Azərbaycan rəsmi şəkildə Avrasiya İqtisadi Birliyi adlı quruma üzv olacağı barədə heç bir müraciət etməyib və heç təşkilatdan və ya onun təşəbbüskarı olan Rusiyadan da rəsmi dəvət almayıb. Amma sabah nəyin necə ola biləcəyini heç kim deyə bilməz. Ona görə də peşəkar diplomatiyada gələcək heç vaxt şərh olunmur.

Müasir Avropa İttifaqının yaranması prosesində ona ən çox qarşı çıxan dövlət məhz Böyük Britaniya idi. Amma realist və praqmatik diplomatiyanın vətəni hesab olunan Britaniya müəyyən dövr keçdikdən sonra Avropa İttifaqına üzv oldu və indi də oradan çıxmaq barədə düşünür. Yəni maraqları necə tələb edirsə, o cür də hərəkət edir.

Amma sabahı gözləyənə qədər realist düşüncə ilə hərəkət edən Azərbaycan xüsusilə Rusiyaya öz mesajını çatdırdı. Rusiya da gözəl başa düşür ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə və onun tərkib hissəsi olan Gömrük İttifaqına qoşulması yalnız siyasi qərardır. Bu necə gömrük ittifaqıdır ki, Ermənistanın heç bir üzv dövlət ilə ortaq quru sərhədi yoxdur? Hətta ən absurdu odur ki, öz ampulasında davam edən Sarkisyan rejimi Avropa İttifaqı və Avropa İqtisadi Birliyi ilə quru sərhədinə malik olmadan iki qurum arasında körpü rolunu oynamaq barədə bəyanatlar verir. Virtual reallıqda yaşayan Sarkisyandan yalnız bunu gözləmək olar.
Amma realist məktəbin mahir oyunçusu olan Rusiya bunu çox gözəl başa düşür ki, coğrafi davamlılıq olmadığı halda, onsuz da bir sıra ciddi problemlərlə üzləşən Avropa İqtisadi Birliyi təşəbbüsü tam formalaşa bilməyəcək. Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmasa belə, Ermənistana gedən quru və ənənəvi dəmir yol xətti Azərbaycandan keçir. Bu yol isə məlum səbəblərə görə bağlıdır. Yolu açmaq üçün isə ilk növbədə Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması lazımdır. Azərbaycanın bu mürəkkəb geopolitik durumda mesajı budur: işğal olunmuş əraziləri azad edin, ondan sonra Azərbaycanın ərazisindən Ermənistana tranzit keçidlər təmin oluna bilər. Amma bu hələ Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü demək deyil. Sadəcə Azərbaycan və Rusiya maraqlarının üst-üstə düşdüyü yeni bir ortaq məxrəc formalaşır. Azərbaycan öz ərazilərini bəlkə tam olmasa da qismən azad edir, Rusiya isə iqtisadi birliyinin təcrid olunmuş üzvünə quru yolla çıxış əldə edir və müəyyən mənada coğrafi davamlılığı təmin edir. Yenə də problem Ermənistandır. Amma bu dəfə Ermənistan tam şəkildə asılı olduğu Rusiya ilə üz-üzədir.

Bundan sonra Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olacaq və ya olmayacaq bu hələ gələcəyin işidir. Necə deyərlər “never say never”. Hələ arxı keçək sonrasına baxarıq!.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın