Menu
Geri İrəli

Dünya coğrafiyası yenidən bölüşdürülə bilər: neftin bahalaşacağı da istisna deyil

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2016 • Baxış sayı: 297 dəfə • Şərh yoxdur
BŞ-da keçirilmiş son prezident seçkilərinin yekun nəticələri bütün dünyada qəribə ajiotaja səbəb olub. Əksəriyyət milyarder Donald Trampın ABŞ prezidenti seçilməsindən heyrətləndiyini qabartmağa çalışır.
Əslində, prosesin ən təəccüblü tərəfi də elə məhz budur. Çünki ABŞ-ın iki nəhəng və hakimiyyəti bir-birinə ötürən partiyasından birinin – Respublikaçılar Partiyasının namizədinin prezident seçilməsi gözlənilməz hadisə sayıla bilməz.
Üstəlik, respublikaçıları təmsil edən sonuncu prezidentin Ağ Evi təhvil verməsindən nə az, nə çox, düz 8 il keçib. Və bu müddət ərzində ABŞ cəmiyyəti Demokratlar Partiyasının idarəçiliyindən artıq yorulub. Eyni zamanda, ABŞ-da bir partiyanın 2 seçki dönəmindən artıq hakimiyyətdə qalması da nadir hadisələrdəndir. Deməli, respublikaçı prezidentliyə namizədin seçki qələbəsi üçün müəyyən siyasi-psixoloji faktorlar hər halda mövcud idi.
Sadəcə, respublikaçı D.Trampın Ağ Evə sahiblənməsinə reaksiyalar bir qədər adekvat xarakter daşımır, hətta bəzi hallarda şişirdilir. Məsələn, ən maraqlı reaksiyalardan biri Ukrayna prezidenti Petro Poroşenkonun administrasiyası tərəfindən verildi: “Biz yeni seçilən ABŞ prezidenti Donald Trampla işləməyə hazırıq”.
Ukraynanın mövcud hakimiyyətini layihələşdirmiş bir supergücün – ABŞ-ın yeni prezidenti ilə işləməyə hazır olduğunu bəyanlamaq rəsmi Kiyevin bir qədər irəli getməsi təəssüratı yaradır. Çünki əslində, məhz D.Tramp Poroşenko administrasiyası ilə işləyib-işləməyəcəyini bəyanlaya bilər. Daha dəqiq desək, ABŞ Ukraynadan deyil, Ukrayna ABŞ-dan asılıdır.
Картинки по запросу трамп и путин
Rusiya cəmiyyəti də ziddiyyətlər içərisindədir. Belə ki, bir qisim Rusiyaya dostluq mesajları verən D.Trampın prezident seçilməsindən ifrat səviyyədə məmnundur. Və bunu qabarıq şəkildə biruzə verir. Digər qisim isə sağı-solu bəlli olmayan bir adamın Ağ Evə sahiblənməsindən ciddi şəkildə narahatdır. Çünki bu qisimdən olanlar ABŞ prezidentlərinin Rusiyaya dostluğuna inanmırlar. Və əslində haqlıdırlar. Hər halda, vaxtilə oğul Buşla prezident Putin də hər görüşdüklərində bir-birinə dost kimi xitab edirdilər. Bu dostluğun sonrakı taleyi isə hamıya yaxşı məlumdur.
Almaniyanın vitse-kansleri Ziqmar Qabrielin “Donald Trampın ABŞ-da prezident seçkilərindəki qələbəsi Almaniya üçün xəbərdarlıqdır”, açıqlaması da anlaşılmazdır. Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin “Trampın prezident olması ciddi şokdur” bəyanatı isə yeni prezidentlə bağlı iki ölkə arasındakı münasibətlərin mümkün istiqamətlərini biruzə verir.
Eyni anlaşılmazlıqlar D.Trampın prezident seçilməsindən sonra etiraz aksiyası keçirənlərə və dünyada demokratik proseslərin təhlükə altına düşdüyünü iddia edənlərə də aiddir. Sanki indiyə qədər nə vaxtsa aksiyalarla ABŞ-da prezident dəyişdirilibmiş? Guya ki, ABŞ prezidentləri dünyada demokratik prosesləri inkişaf etdirirlərmiş. Və yaxud da sanki ABŞ prezidentləri Ağ Evin həm ölkədaxili, həm də xarici siyasətlərini müəyyənləşdirirlərmiş. Guya ki, demokratların namizədi prezident seçilsəydi, dünyada hər şey fərqli olacaqmış?
Axı, bunların heç bir əhəmiyyəti yoxdur. ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, bu superdövlətin bütün dövrlər üçün daxili və xarici siyasət proqramları əvvəlcədən hazır olur. Və yeni prezidentin hansı partiyanı təmsil etməsindən asılı olmayaraq, onun işi həmin proqramları dəqiqliklə yerinə yetirməkdir.
Картинки по запросу kennedi
Bu qaydanı yalnız bir nəfər – prezident Con Kennedi pozmuşdu. Və onun da kimlər tərəfindən öldürüldüyü hələ də müəmmalı qalır. Onun hətta demək olar ki, bütün sülaləsini sildilər.
Beləliklə, ABŞ prezidentləri sadəcə, fəaliyyət metodlarının seçilməsində sərbəstdirlər. Yetər ki, ABŞ üçün əvvəlcədən müəyyənləşdirilmiş hədəfə çatılsın. Demokratlar daha mötədil metodlara üstünlük verirlər. Respublikaçılar isə aqressiv və radikal metodlarla rəqibi ABŞ-ın bütün istədiklərini verməyə məcbur edirlər. Digər tərəfdən, ABŞ-ın dərin gücləri adətən, demokratların dönəmində gələcək radikal qərarlar üçün lazım olan ortamı hazırlayırlar. “Qırğılar”ın – respublikaçıların dönəmindəsə, qarşıya qoyulan hədəflərə ən radikal metodlara nail olmağa çalışırlar.
İndi “terrorizm yuvası”na çevrilmiş Yaxın Şərqdə “ərəb baharı”nın əsası da məhz demokrat Bill Klintonun prezidentliyi dönəmində qoyulmuşdu. Respublikaçı oğul Corc Buşun Ağ Evə sahiblənməsindən sonra isə Yaxın Şərqi xaosa sürükləyən, milyonlarla günahsız insanın həyatı bahasına başa gələn indiki hərbi-siyasi proseslərə start verilmişdi.
Картинки по запросу война в сирии 2015
Bütün bunları nəzərə aldıqda, respublikaçı prezident D.Trampın üzərinə də xüsusi missiyanın qoyulduğunu düşünmək qətiyyən yersiz görünmür. Belə ehtimal etmək olar ki, yaxın aylarda ABŞ-ın dünya üzərində hansısa radikal xarakterli həmlələrinin şahidi ola bilərik. Üstəlik, bunun təbliğat problemlərini də artıq bəribaşdan həll ediblər.
Belə ki, D.Tramp xarakterindəki bir adamın prezident seçilməsi dünya ictimaiyyətində radikal beynəlxalq proseslərin başlanacağına əminlik yaradıb. Yəni nə vaxtsa, heç kimin ehtimal belə, vermədiyi hansısa radikal addımlar atılacağı təqdirdə, dünyada heç kəs buna təəccüblənməyəcək və baş verənlər normal proseslər kimi qəbul ediləcək.
Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə ABŞ dünyada mövcud olan hərbi-siyasi, maliyyə-iqtisadi, hətta hüquqi sistemin ciddi şəkildə dəyişdirilməsinə yönəlik konkret addımlar ata bilər. Bu sıraya yaxın aylarda dolların ucuzlaşması və neftin bahalaşması kimi prosesləri də əlavə etmək olar.
Çünki respublikaçılar silah və neft sektorunu təmsil edirlər. Onların hakimiyyətləri dönəmində dünyada yaranan gərginlik neftin bahalaşmasına və yeni silah bazarlarının açılmasına səbəb olur.
Eyni zamanda, ABŞ-dakı bəzi önəmli siyasi dairələr mövcud dünya sistemindən məmnun olmadıqlarını qətiyyən gizlətmirlər.
Bu baxımdan, dünya coğrafiyasına nəzarət çizgilərinin yenidən çəkilməsinə zorakı cəhdlərin edilə biləcəyi də qətiyyən istisna deyil. Bu isə bütün dünyada gərginliyi və qarşıdurma mühitini dərinləşdirə bilər.
Elçin XALİDBƏYLİ, 
Musavat.com 
Facebook Şərhləndirmə:

Şərhinizi yazın