Menu
Geri İrəli

İrana qarşı böyük koalisiya – sərhədimizdə savaş təhlükəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2017 • Baxış sayı: 372 dəfə • Şərh yoxdur

1181ee288e9f3a0f6457e9f0438ee05cTramp İranla İŞİD-i eyniləşdirməsi böyük müharibə anonsudur?; politoloq: “Hər halda İrana müdaxilə asan olmayacaq”

Mayın 22-də Təl-Əvivə səfər edən ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb müzakirələr apardıqdan sonra jurnalistlərə açıqlamasında İran İslam Respublikasının region ölkələrinə qarşı təhdidindən və Qərblə Tehran arasında əldə edilən nüvə sazişindən danışıb.

Tramp bildirib ki, İran hökuməti özünün bölgədə yürütdüyü təxribat xarakterli siyasəti ilə bütün Orta Şərqi təhlükə ilə üz-üzə qoyub: “İran, İŞİD-lə yanaşı, bölgənin sülh və sabitliyinə qarşı ciddi bir təhdiddir. Bu gün, bölgənin hər yerində İranın ayaq izlərini görmək mümkündür. İran bölgədə münaqişə baş verən yerlərə pul və silah, eləcə də öz hərbçilərini göndərməklə məntəqəyə açıq-aşkar müdaxilə edir və bu siyasətini hələ də davam etdirir. Elə buna görə də hesab edirəm ki, İranın nüvə silahına yiyələnməsinin qarşısı alınmalıdır. (GünAzTV)
ABŞ lideri Qərblə İran arasında əldə edilmiş nüvə sazişindən bəhs edərkən deyib ki, bu razılaşma ən pis və ən dəhşətli bir sazişdir. “Təəssüflər olsun ki, bu saziş (Bərcam) hazırda İran İslam Respublikasını çökməkdən qurtaran bir ipə çevrilib. Düşünürəm ki, Amerika bu sazişi qəbul etməməli, ona qol çəkməməli idi”-Tramp əlavə edib.

İsrailin baş naziri Benyamin Netanyahu görüş zamanı Vaşinqtonun İranla bağlı siyasətini dəyişib Tehran qarşısında daha sərt mövqe nümayiş etdirdiyinə görə Amerika prezidentinə öz təşəkkürünü bildirib. Bu fakt da sübut edir ki, əslində Trampın Səudiyyə Ərəbistanındakı İransız zirvəyə qatılması əslində Tehrana qarşı koalisiyanın qurulması istiqamətində ilk addım olub.

Qərb mətbuatı da ABŞ liderinin səfərlərinə diqqət çəkib. Hesab olunur ki, Tramp Əl-Riyaddakı çıxışında müharibənin dinlər və sivilizasiyalar arasında getmədiyini söyləsə də, əslində sünnilər və şiələr arasındakı münaqişənin üstünə yağ tökməklə məşğuldur. “Bu isə İranla Səudiyyə Ərəbistanı arasında müharibə təhlükəsini daha da artırır”, – yazı müəlliflərindən biri bildirib. Artıq Tramp Obama dövründə ABŞ-İran münaisbətlərində gərginliyin azalması, danışıqlar dövrünə qədəm qoyulması, sanksiyaların ləğvi istiqamətində addmların atılmasının yanlışlığını isbat etməyə başlayıb və İranın adını İŞİD-lə yanaşı çəkir. Bu isə o deməkdir ki, ABŞ İŞİD-ə qarşı mübarizənin effektli alınmamasının günahını İranın üzərinə qoymaqla həm də Suriyadakı İran müqaviməsinə birdəfəlik son vermək qərarına gəlib.

Politoloq Arzu Nağıyev bu barədə “Yeni Müsavat”a bildirdi ki, ABŞ prezidentinin regiona səfəri öncə seçkiqabağı verdiyi vədlərlə əlaqədar terrorla mübarizə ilə bağlıdır: “Yəni terrorun mənbəyi kimi Ərəb dövlətlərini və İranı hesab edən ABŞ rəhbəri İsraillə və Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaş olduğunu göstərir. Bundan başqa, dəyəri milyardlarla ölçülən silah satışı ilə bağlı müqavilə imzaladı. Burada da ilginc məqam ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı ilə İranın gərgin münasibətindən və İran faktorundan istifadə etməklə region silahlanır və bu silahların gələcəkdə kim tərəfdən istifadəsi də maraqlı məsələdir”. Ekspert qeyd etdi ki, bu addımlarla ABŞ eyni zamanda Rusiyanın regionda olan silah və sursatına qarşı da balans yaradır: “İran rəsmiləri də çox yaxşı başa düşürlər ki, Suriya məsələsindən sonra ikinci planı kimi İran gündəmdə ola bilər. İran-İsrail münasibətlərində, həmçinin İran-Səudiyyə Ərəbistanı münasibətlərində olan gərginlik İrana daha çox Rusiya və digər dövlətlər istiqamətində meylli addımlar atılmalı olduğunu göstərir. İrandakı prezident seçkilərindən sonra onun xarici siyasətdə hər hansı bir dəyişiklik olacağı da inandırıcı deyil. Yəni bu səfər heç də müharibə anonsu demək deyil, sadəcə olaraq nüfuz bölgüsü üçün atılan addımlardır”.

Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, İran Yaxın Şərqdə ABŞ-ın nəzarətində olmayan sonuncu ölkədir: “Əslində Yaxın Şərqdə indiyədək baş verən bütün müharibələri İrana aparan yolun üzərindəki maneələr kimi qiymətləndirə bilərik. ABŞ-ın ehtimal olunan müdaxiləsi zamanı məzhəb müstəvisində və digər motivlərə görə İrana dəstək verə biləcək bütün ölkələr – Əfqanıstan, İraq, Suriya, Liviya sıradan çıxarılıb. Bölgədə yalnız İranın enerji resursları ABŞ-ın nəzarətində deyil. Nəzərə almaq lazımdır ki, ABŞ-ın dövlət katibi Reks Tillerson yaxın zamanlara kimi lExxon Mobil» kimi nəhəng neft şirkətinə rəhbərlik edib. Trampın administrasiyasındakı generallar İrana patoloji nifrət bəsləyən şəxslərdir. Məsələn, indiki müdafiə naziri Cim Mettis və prezidentin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Maykl Flinn Obama zamanında MKİ şefi Ceyms Kleooerin təqdimatı ilə vəzifələrindən azad olunublar. Səbəb isə onların İranla bağlı aqressiv təşəbbüsləri olub. Maykl Flin 2016-cı ildə işıq üzü görən kitabında yazır ki, 11 sentyabr hadisələrindən sonra hədəf İraq deyil, İran seçilməliydi. Xatırladım ki, bu ilin yanvarın 31-dən 2-dək Ərəb (Fars) körfəzində ABŞ, Böyük Britaniya, Avstraliya və Fransanın iştirakı ilə keçirilən təlimlərin süjet xətti İranla bağlı idi. Bu isə öz növbəsində ABŞ-ın İranın ram edilməsi ilə bağlı niyyətinin real olduğunu göstərir”. E.Mirzəbəylinin sözlərinə görə, son hadisələr sübuta yetirir ki, Tramp İrana qarşı kampaniyaya hazırlaşır və anti-İran koalisiyası formalaşdırmağa çalışır: “Rusiyaya qarşı nisbətən loyal münasibətin də arxasında çox güman ki, Moskvanın bu kampaniyadakı neytrallığının təmin edilməsi ilə bağlıdır. Maraqlıdır ki, İran sərt gedişlər etməkdən çəkinir. Həsən Ruhaninin yenidən prezident seçilməsi və təbii ki, bu kontekstdə rejimin mühafizəkar kursdan imtina etməsi də dediklərimizi təsdiqləyir. Bu həm də onu sübuta yetirir ki, rəsmi Tehran məsələnin ciddiliyinin fərqindədir və müdaxiləyə bəhanə verməmək üçün səylərini davam etdirəcək. İrana qarşı müharibə ehtimalı var, həm də kifayət qədərdir. Ər-Riyad zirvəsi və verilən bəyanatlar, eləcə də Trampın İsrailə səfəri Vaşinqtonun məqsədinin ciddiliyini nümayiş etdirir. Sadəcə proses müəyyən qədər vaxt apara bilər. Azərbaycana gəldikdə isə nəinki biz, hətta Türkiyə kimi regionun böyük dövlətləri belə qlobal geosiyasi proseslərin axarını dəyişdirmək imkanında deyilık. Təhdidlər isə bütün region dövlətləri üçün var. Ən təhlükəli ssenarilərdən biri ABŞ-ın İraq və Suriyada olduğu kimi İran kampaniyasında da kürdlərdən istifadə etməsi ola bilər. Hər halda İrana müdaxilə İraq və Suriyadakı kimi asan olmayacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın