Menu
Geri İrəli

İranın şiə gürcüləri – Onları müsəlman olmağa kim məcbur edib… – TARİX

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2017 • Baxış sayı: 376 dəfə • Şərh yoxdur

Zəngin tarixə malik İran İslam Respublikası həm də çoxmillətli əhaliyə malikdir. Ölkədə 30 milyondan çox azərbaycanlı, 4 milyon lur, 5 milyondan artıq kürd və s. xalqlar yaşayır.

 İranda yaşayan çoxmillətli xalqlar arasında gürcülərin xüsusi etnoqrafik qolu olan gürcü əsilli firidunlular diqqət çəkir. Belə ki, adətən, pravoslav xristianları kimi tanıdığımız gürcülər İranda şiəliyin cəfəri təriqətini qəbul ediblər.

 Şiə gürcülər əsasən İsfahan ostanının Firidunşəhr şəhərində yaşayırlar. 13,5 min əhalisi olan şəhərdə şiə gürcülər çoxluq təşkil edir. Onlar şəhəri Matrkopi adlandırır.

Gürcülərin İranın mərkəzində, Gürcüstandan yüzlərlə kilometr uzaqda yaşamalarının səbəbini anlamaq üçün isə orta əsr tarixinə nəzərə salmaq lazımdır.

 1617-ci ildə Səfəvi dövlətinin şahı Abbas Gürcüstanın Kaxetiya bölgəsinə dağıdıcı yürüş edir. Həmin yürüş zamanı 100 mindən artıq insan qılıncdan keçirilir, 200 mindən artıq gürcü isə zorla İranın daxili vilayətlərinə (Firidunşəhr, İsfahan, Mazandaran, Xorasan) köçürülür.

Firidunşəhrə köçürülənlər ölüm qorxusu altında İslamı qəbul edirlər. Sonradan onlar Səfəvilər ordusunun tərkibində Osmanlı və Portuqaliya orduları ilə döyüşlərə cəlb olunurlar.

 Firidunşəhrli gürcülər Zemo Martkpi, Kvemo Martkpi, Şuqureti, Afusi, Sibaci və s. kəndlərdə məskunlaşıblar. Onlar digər bölgələrə köçürülən gürcülərdən fərqli olaraq, İranda assimilyasiyaya uğramayıblar və 400 il keçməsinə baxmayaraq, hələ də gürcü dilində danışırlar. Lakin Firidunşəhr gürcülərinin dili XVII əsrdə Kaxetiyada danışılan ləhcədə olduğu üçün müasir gürcü dilindən xeyli fərqlənir.

 Gürcüstan müstəqillik əldə etdikdən sonra rəsmi Tbilisi İrandakı soydaşları ilə mədəni əlaqələri inkişaf etdirməyə çalışır. Hazırda 150-dən artıq şiə gürcü Tbilisi universitetlərində təhsil alır.

Onlar tarixi vətənlərinə döndükdən sonra yenidən kütləvi şəkildə xristianlığa dönürlər.

 

Yaşamaq üçün Gürcüstana dönən və özünə Dmitri adını götürən Əli Qorci Firidunşəhr gürcüləri barədə rusiyalı jurnalist Oleq Ponfilova müsahibəsində deyib.

 “1617-ci ildə Şah Abbas Kaxetiyadan 200 min gürcünü zor gücünə İrana köçürdü. Hazırda İran gürcülərini sıx məskunlaşdıqları Firidunşəhr vilayəninin adı ilə bağlı firidunlular adlandırırlar. Müəyyən mənbələr İranda 300 min gürcü əsilli vətəndaşın yaşadığını desə də, onların real sayı bir neçə milyon ola bilər.Yalnız gürcü dilini qorumağımız hesabına firidunlular bu gün də assimilasiyaya uğramayıblar”.

 Əli Qorci Şah Abbasın İrana köçürdüyü erməniləri gürcülərlə müqayisə edib.

“O zamanlar Şah Abbas erməniləri yaxşı tacir hesab edirdi. Ona görə də erməniləri köçürdükdən sonra İsfahanda ticarət əməliyyatlarının və bank işinin təşkilində onlardan istifadə etmişdi. Buna görə ermənilər xristinalıqdan imtina edilməyə məcbur edilməmişdi. Eyni zamanda, köçürülən gürcülərdən döyüşçü kimi istifadəı olunması qərara alınmışdı. Siyasi və hərbi səbəblərdən bütün gürcülər İslamı qəbul etməyə məcbur olunmuşdu”.

İran gürcüləri arasında kifayət qədər tanınmış şəxslər də olub.  Onlar arasında ən məşhur sima Şah Abbasa yaxınlığı ilə seçilən Allahverdi xan Undiladze olub. Şah sarayında xidmət edən Undiladze İsfahanda 300 metr uzunluğunda Zayenderud körpüsü inşa etdimişdi.  Körpü bu gün də Allahverdi xanın adını daşıyır. Allahverdi xanı böyük oğlu İmamqulu xan Şah Abbas tərəfindən Fars vilayətinin hakimi təyin olunmuşdu. Onun zamanında vilayətin mərkəzi Şirazda geniş tikinti işləri həyata keçirilmişdi. Allahverdi xanın kiçik oğlu Davud xan isə uzun illər Gəncə və Qarabağ bəylərbəyi olmuş, sonradan Şah Abbasın ağıldankəm nəvəsi I Səfiyə qarşı öz qaynatası olan Gürcüstan hökmdarı I Teymurazla birlikdə üsyan qaldırmışdı. Üsyan yatırıldıqdan sonra o, 1635-ci ildə Osmanlı imperiyasına qaçmışdı.

 

İran gürcülərinə ən ağır zərbəni isə şah Kərim xan Zənd vurmuşdu. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra yaranmış hakimiyyət boşluğunda azadlığa can atan Firidunşəhr gürcülərini kütləvi şəkildə qırmışdı. Bu hadisə müasir firidunluların da sayına təsir göstərib.

Son illərdə İran və Gürcüstan arasında nəqliyyat (xüsusən aviasiya) və turizm əlaqələrinin genişləndiyi şəraitdə xeyli İran gürcüsü öz tarixi vətənlərinə qayıdır və özünə gürcü adları seçir. İran gürcüləri əsrlərlə tarixi vətənlərindən kənarda yaşamalarına baxmayaraq, milli kimliyi unutmayan və assimilyasiya olunmayan icmalar arasında uğurlu nümunələrdən biridir.

 Vüqar İSMAYILOV

Facebook Şərhləndirmə:

Şərhinizi yazın