Elçin Behbudov Sumqayıt sakinlərini hiddətləndirib?

863

“Azadlıq”a daxil olan şübhəli məktub barədə

Bir müddət əvvəl İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov mediaya açıqlamasında Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında keçirdiyi monitorinq, həmçinin bu şəhərdə əhali arasında polisə münasibətlə bağlı sorğunun nəticələrindən danışmışdı.

Onun sözlərinə görə, müvəqqəti saxlanma təcridxanasında pozuntu müşahidə etməyib, orada saxlanılan vətəndaşların da şikayətləri olmayıb. O ki qaldı sumqayıtlıların polisə münasibətinə, komitə sədri deyir ki, sorğu zamanı vətəndaşların polisə normal münasibətinin şahidi olub. Bir neçə gün öncə Sumqayıtla bağlı yalnız neqativ məlumatlar dərc edən “Azadlıq” qəzeti məlumat yaydı ki, elə bu məsələ ilə əlaqədar Sumqayıtdan bu qəzetin redaksiyasına etiraz məktubu daxil olub. Məktubun surəti başqa media qurumlarına da ünvanlanıb.

Qəzetin yazdığına görə məktubda deyilir: “Elçin Behbudovun dediklərindən belə çıxır ki, Sumqayıt əhalinin polisin işindən məmnun olduğu nadir şəhərlərdən biridir. Hətta ən inkişaf etmiş ölkələrdə belə, əhali polisin fəaliyyətindən daim narazılıq edir və bu həmin sistemin təkmilləşdirilməsi üçün bir stimuldur. Əgər Sumqayıt polisi Elçin Behbudovun dediyi kimi, əhali ilə normal münasibətdədirsə, o zaman bu yaxınlarda şəhər polis idarəsində baş vermiş və məhkəmə qərarıyla təsdiqlənmiş  işgəncə faktını necə qiymətləndirək?”, – deyə məktub müəllifləri hüquq müdafiəçisinə suallarını ünvanlayırlar.

Bundan başqa, Sumqayıtda polis zorakılığı nəticəsində 3 azyaşlı uşaq anasının özünü yandıraraq intihar etməsi və Avropa Məhkəməsinin bu olayla əlaqədar Azərbaycana qarşı qəbul etdiyi qərar yada salınır: “Məgər komitə sədrinin bundan məlumatı yoxdur?”

Məktubda həmçinin hüquq müdafiəçilərinin fəaliyyətindən, daha doğrusu, onların əhalinin böyük əksəriyyətinin narazı olduğu qurumları tənqid etmək əvəzinə, tərifləmələrinə etiraz edilir. “Son zamanlar Azərbaycanda hüquq müdafiəçiləri hüquq-mühafizə orqanlarını tərifləmək üçün sanki yarışa giriblər. Biri prokurorluğu, digəri polisi tərifləyir. Onlardan soruşmaq lazımdır ki, hüquq-mühafizə orqanları belə yaxşı işləyirsə, onda sizlər nəyə lazımsınız?”, – deyə məktubda vurğulanır.

P.S. Dəyərli həmkarlar, oxucu konkret mənbəyi göstərilən məlumatları sevir. Daha belə məktubları (?!) yox…”168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər