Eldar Əzizov: “Sağ olsun jurnalsitlər! Başqalarını vəzifədən “çıxarırlar”, amma mənim vəzifəmi böyüdürlər”

1202

“Düz üzünə” bu dəfə onunla danışmaq istədik. Eldar Əzizovla. Kənardan çox açıqürəkli və səmimi görünür. Amma görünüşə aldanmamağa artıq adət etmişik. Və ilk zəng… həmişəki kimi telefona özü cavab verir. İdman zalındadır. Görüşü elə sabahı günə verdi. Alagöz, yaraşıqlı, təxminən 1.85 boyunda olan, ziyalı, jurnalist, tarixçi, eyni zamanda 8 il Gəncə kimi böyük və mürəkkəb şəhərin, indi isə Sumqayıtın İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizovla danışmaq elə də asan olmayacaq. Bunu bilirdik. İşini yaxşı bilir, cavanlığından yüksək vəzifələrdədir. Düşündüm ki, yəqin ütülü söhbət alınacaq. Amma müsahibimiz həm peşəkar, həm ağıllı, həm də siyasətçi idi. Onunla incə məqamlarda çox dolaşası olduq. Eyni zamanda, həm səmimi görünmək, həm də öz bildiyini demək sizə asan gəlməsin. Xüsusən “düz üzünə” demək istəyən adamlara.

-Eldar müəllim, sizinlə çox fərqli bir müsahibə aparmaq istəyirik. Amma təbii ki, siz bir məmursunuz və biz sizinlə nədən danışsaq gəlib Gəncədən Sumqayıta aparan yola çıxacağıq. 2 başqa şəhərin əsas fərqi nədədir? 

-Fərq çox böyükdür. Gəncə tarixi şəhərdir, tarixçilərin dediyinə görə, 2500 ildən çox yaşı var. Azərbaycan tarixinin önəmli səhifələri bu şəhərlə bağlıdır. Sumqayıt isə prinsipial olaraq, tamamilə başqa cür qurulub, gənc şəhərdir. 1949-cu ildən mövcuddur.

-Bu tarixilik özünü işdə də göstərir?

-Təbii ki. Mentalitetinə qədər fərqlidir. Tarix insanların mentalitetini də formalaşdırır. Mən orda da həvəslə işləmişəm, burda da. Hər iki şəhərin əhalisi çox qədirbiləndi, bir iş görəndə adama yüz dəfə təşəkkür edirlər. Sumqayıtda əhali öz fikrini bəlkə daha açıq deyir. Hər iki şəhər bizə doğmadır, Azərbaycanın bir hissəsidir və bu onları birləşdirən amildir.

-Yaxşı, bəs Sumqayıta gəlməyinizi necə başa düşək? Bu karyeranın aşağı salınmasıdır, ya vəzifənin böyüdülməsi?

-Yox, bu nə vəzifədən endirilmədir, nə də qaldırılma, bu, üfüqi xətt üzrə gedən bir irəliləyişdir. Sumqayıt əhalinin sayına görə, respublikada ikinci şəhərdir, ərazisinə görə isə Gəncə böyükdür. Bu rotasiyadır. Bütün icra hakimləri bu sistemlə, yəni daha böyük və daha kiçik rayonlarda işləmək üçün dəyişdirilə bilərlər.

– İcra hakimləri dəyişilərkən yeni metodla işləyir. Siz də bir çox yeniliklərə imza atmısız. Amma cəmiyyət bu xoş cəhdləri heç də həmişə birmənalı qarşılamır…

-Bu həmişə belə olub. Birmənalı olması mümkün də deyil. Əsas odur ki, sumqayıtlılar görülən işlərdən razıdır. Mən bunu hiss edirəm. Biz burada açıq mikrifon tədbirləri keçirdik. Son tədbirdə 20 minə qədər adam iştirak etdi, 30-dan çox adam çıxış etdi. Bu çox böyük rəqəmdir. Orda hamının qarşısına reqlament qoymaq mümkün deyil ki, sən belə danış, sən elə. Hamısı müxtəlif sosial təbəqələrinin üzvləri idi. Çıxış edənlər ölkədə aparılan siyasətə görə minnətdarlıqlarını bildirdilər. Bu faktdır və bunun fonunda ayrı-ayrı məqalələr ciddi baxılmır.

-Amma deyəsən, qəzetlərin yazdıqlarına o qədər də əhəmiyyət vermirsiniz. İctimai fikri formalaşdıran əsas vasitəyə belə baxmaq düzgündürmü?

-İstəyirəm fikrimi Azərbaycan Jurnalistlər İttifaqının üzvü kimi sizə deyim. Ürəyim də ağrıyır ki, qəzetlər indi ictimai fikri formalaşdıra bilmir. İctimai fikri formalaşdıran əsas vasitə hazırda TV və internetdir. Qəzetlərdə analitik materiallar çox azdır. Rəsmi qəzetlər müəyyən mənada protokol xarakteri daşıyır ki, bu da gələcək nəsil tarixçilər üçün əhəmiyyətli materialdırlar. Bir-iki qəzeti çıxmaqla, qalanları yazır ki, filankəsdən-filankəsə xəbərdarlıq mesajı verdi və s. Qəzetləri oxuyan bir adam kimi deyə bilərəm ki, səni tənqid edəndə də elə bilirlər ki, bu sifarişdir, tərif edəndə də. Bu gün qəzet səhifələrində müəyyən mənada fikir qıtlığı hiss olunur. Amma bir yazısını belə buraxmadığım nəşrlər də var. Məsələn, Region plus, Yol jurnallarını və s. son səhifəsinə qədər oxuyuram.

-Mətbuatda ən çox tənqid olunan məmurlardansınız. Tənqidə münasibətiniz necə olur? Üzərinə düşürsünüz, ya əhəmiyyət vermirsiniz?

-Dərin düşüncəli adam tənqidə fikir verməlidir. İlk növbədə düşünürsən ki, bu obyektiv, ya subyektivdir? Əlbəttə ki, önəmli tənqidləri işdə təhlil edirik, düşünürük, yığışıb müzakirə edirik.

-Qəzetlərdə dərc olunan 50 metrlik tortunuzdan zəhərlənməyiniz xəbərini də oxuduq. Həqiqətən belə bir hadisə baş vermişdimi?

-Bax, indi mənim burda gülməyim gəlir. Gəncədə də, Sumqayıtda da tort iş adamlarının təşəbbüsü ilə hazırlanıb. Mən də o tədbirdə zəhərlənməmişəm. Mənimlə birgə minlərlə adam onun dadına baxıb, niyə mən tək zəhərlənməliyəm? (gülür). Bütün dünyada bu var, belə aksiyalar şəhərləri məşhurlaşdırır. Əvvəllər Sumqayıtın adını internetdə yazırdın soyqrım, ermənilər çıxırdı. İndi yazırsan tort çıxır, şəhər günü, paxlava, simfonik konsert haqda məlumatlar çıxır.

-Gəlin, suallarımıza açıq cavab verin. Çünki bir də əlinizə belə danışmaq imkanı düşməyə bilər. Deyirlər, siz Şah Abbas kimi təğyir-libas olub tez-tez əhalinin içində gəzirsiz, avtobuslara minirsiz…

-Doğrudur, mən əhali arasında çox oluram, amma avtobusa minməmişəm. Bunu şişirdiblər. Gəzirəm camaat da mənə problemlərini deyib, bu olub. Cənab Prezident bizi bu cür istiqamətləndirib. Həmişə mənə deyir ki, Sumqayıtın əhalisinin problemlərini öz problemin kimi qəbul etməlisən. Və mən də buna çalışıram.

-Cənab Prezident sizə bir söz də deyib ki, Sumqayıtın əhalisi tez-tez Bakıda olur, burdakı abadlıq işlərini görürlər. Ona görə də sizə tapşırıb ki, Sumqayıtı Bakıya çatdırmalısınız. Düzdür bu?

-Cənab Prezident çıxışlarında da deyib. Mənim özümə də tapşırıb. Özü də bu işin başında durub ki, abadlıq baxımından Sumqayıt Bakı standartlarına yaxınlaşsın. Amma Bakını keçmək söhbətləri doğru deyil. Çünki biz paytaxta yaxınlaşa bilərik. Onu keçə bilmərik. Paytaxt paytaxtdır axı. İndi keçmiş sovet respublikalarına gedəndə bir daha anlayırsan ki, ölkəmiz necə inkişaf edib. Bəzi paytaxt şəhərləri nəinki Bakı ilə, hec bizim digər şəhərlərlə də müqayisə etmək olmur. Dünyada elə ölkələr var ki, adam başına düşən neft ehtiyatı bizdən çoxdur. Bəs onda bu ölkələr niyə inkişaf edə bilmir. Deməli uğurların kökündə ölkədə aparılan siyasət, Heydər Əliyev və İlham Əliyev fenomeni durur.

-Belə çıxır ki, Sumqayıtda tikilən Bayraq Meydanı, salınan Bulvar Bakıdakına oxşamayacaq?

-Təbii oxşamayacaq. Möhtərəm prezidentimiz də dedi ki, burda relyef fərqlidir. Oxşatmağa ehtiyac yoxdur. Bakı bulvarının sxemi başqadır. Bizdə dənizdir, çimərlik gəlir, sonra şose, sonra park, sonra şəhər. Bakıda isə dənizdən sonra park gəlir.

-Yaxşı bulvar üçün yaxşı kanalizasiya sistemi olmalıdır axı…

– Bu haqda danışılıb. Cənab Prezident də qeyd edib ki, kanalizasiya sistemi öz həllini tapmasa, görülən bütün işlər sıfıra bərabər olacaq. Bu gün Sumqayıtda çirkab suların 70%-i birbaşa çimərliyə axır. Bu vəziyyəti aradan qaldırmaq üçün Cənab Prezidentin tapşırığı ilə vəsait ayrılıb və “Azrəsu” artıq bu layihəni icra edir. Sumqayıt Cənub Qafqazda ilk şəhər olacaq ki, çirkab sular 100% təmizlik qurğularından keçib birbaşa dənizə çıxacaq. Tikinti işləri paralel olaraq bulvarda gedir. Sumqayıt bulvarı 120 hektardır və bu böyük işdir. Artıq bir hissə istifadəyə verilib, amma qeyd etdiyim kimi proses davam edir. Bundan əlavə, Bakıdan Nardarana gedən yol da salınır. Bu yol gəlib Sumqayıta çıxacaq, çimərliyə də gedəcək.

-Ölkənin hər yerində bayraq meydanı dikilir. Bu bayraqlarla biz hara gedirik?

-Bayraq meydanları hərbi vətənpərvərlik tərbiyəsinə xidmət edir. Ermənilər də tez-tez tənqidi yazılar yazırsa deməli, biz düz yoldayıq. Memarlıq baxımından Sumqayıt Bakıdan da yaxşı qurulub, amma burda meydan yox idi. Parad, bayram rahat keçirilə bilmirdi. Sentyabrda orda artıq ən-ənəyə çevrilmiş şəhər günü keçiriləcək. O müddətə qədər hazır olacaq.

-Bu meydanı yaratmaqla kimlərəsə meydan verəcəksiniz? Xüsusən müxalifəti nəzərdə tuturam…

-Biri var meydan istirahət üçün, biri var mitinq üçün. Kökü Qədim Yunanıstan və Romaya gedən bu günki Avropa demokratiyasını əsas götürsək, antik dövrdə də mitinq keçirmək üçün mərkəzdən kənarda xüsusi yerlər olub. Misal üçün Qədim Romada şəhərin kənarında Mars meydanı vardı. İnsanlar orda öz fikirlərini deyirdi. Mən “məhz burda mitinq keçirmək istəyirəm” deyilməsi demokratiya norması deyil, bu artıq anarxiyadır. Sənin danışmaq hüququn var, başqasının istirahət etmək hüququ var. Gərək ziddiyyət olmasın. Çıxış etmək istəyirsən? Adamların var? Get verilən yerdə nə qədər istəyirsən mitinq keçir.

-Ümumiyyətlə, şəhərdə müxalifətçilərə yer nəzərdə tutmusunuz?

-Bir-iki yer var. Seçki ərəfəsində bir də rəsmi təsdiq olunur bunlar. İqtidara da, müxalifətə də münasibətimiz eyni olacaq bu sahədə.

-Bilirsiniz ki, bir sıra məmurların adı qohumbazlıqda və rüşvətdə hallanır. Amma bu cərgədə sizin adınız o qədər də çəkilmir? Qohumlarınız azdır, ya iş prinsipiniz fərqlidir?

-Sosial ədalət prinsipi var. Cənab Prezident də bu cür istiqamətləndirir. İnsan nəyə qadirdir, bunu əsas götürmək lazımdır. Artıq kim kimin qohumudur prinsipi işləmir, dünya dəyişib. Qohumbazlıq primitivlikdir. Qohumlarım həddən artıq çoxdur. Əksəriyyəti ilə yaxşı münasibətim də var. Amma bu o demək deyil ki, onların hamısını vəzifələrə qoymalıyam.

-Qohumbazlıq rüşvət şəbəkəsi yaradır. Etibarlı adamları strateji vəzifəyə qoyub pullar yığırlar. Siz belə məmurlarımızın sabahı barədə hansı proqnozları verərdiniz? İllərdir vəzifədəsiniz, ona görə soruşuruq…

-Tarixdə də rüşvət həmişə olub. 5 min il bundan qabaq – Misirdə III Ramzesin dövründə papirusun üzərində yazılar tapılmışdı ki, firon qadağan edir müəllimlərin hədiyyələr almasını. O vaxtdan bu günə qədər rüşvətlə mübarizə gedir. Başqa məsələdir ki, cəmiyyətdə bu hansı həcmdədir. Hərdənbir yazırlar korrupsiya, korrupsiya. Amma korrupsiya fərqli bir şeydir. Azərbaycanda korrupsiya o həcmdə deyil, Avropada daha çoxdur. Ölkəmizdə korrupsiya və rüşvətə qarşı ardıcıl mübarizə aparılır . Müvafiq hüququ bazanın təkmilləşdirilməsi və aidiyyatı strukturların işinin gücləndirilməsi artıq bu sahədə öz səmərəsini verməkdədir.

-Siz demisiz ki, bundan sonra işığı, qazı kəsilən sakinlər şəxsən sizə müraciət etsinlər. Yaxşı səslənir. Yəni hər şey başçıya deyiləndən sonra həllini tapır?

-Problem öz həllini tapmırsa, sakinlərin icra başçısına müraciət etmək hüququ var. Mən burda qəbul otağında bir nəfər ayırmışam, o, gün ərzində bütün zəngləri qəbul edir və mənə məlumat verir, dərhal problem həll olunur.

-Danlamaq lazımdır işçiləri? Yoxsa, bu rəhbərin öz səhvinin nəticəsidir?

-Danlamaq yox, bu, məktəbdə olur, tənqid etmək olar, tələb etmək olar. Bu dünyanın hər yerində belədir. İnsan hər yerdə insandır axı.

-Yaxşı bəs, Sumqayıt-Bakı metrosununu necə təsəvvür edək? Yer altında olacaq, ya yer üstündə?

-Bunun 20 yanvardan çəkilməsi planlaşdırılır. Hələ ki müzakirələr edirik. Bu layihədir. Ucuz başa gəlməsi üçün ola bilsin yerüstü olacaq. Reallaşsa avtobuslara, nəqliyyata, tıxacların azalmasına xeyli kömək edəcək. Cənubi Qafqazda Sumqayıt-Bakı vahid meqapolis kimi çıxış edir. Burdan çox insan gedib-gəlir. Metro işin xeyrinə olacaq.

-Qəzet köşklərini guya siz bir-bir yığışdırırsız? Qəzet köşklərini yığışdırmaq olarmı?

-Bilmirəm, bu xəbərləri kim yayır. Bu günlədə şəhərimizə 20 yeni köşk gətirilib. Amma bəzən bir köşkdə 2-3 qəzet qoyub, kola, siqaret satırlar. Küçədə durursa, köşkün xarici görünüşü, arxitekturası olmalıdır. Siz deyirsiz, mən beynimdə təhlil edirəm ki, biz hansı köşkü yığışdırmşıq? Bəzi köşklər qanunsuzdur, eybəcərdir yığışdırmışıq. Yığışdışdırılanlar ticarət köşklərdir, qəzet köşkləri yox.

-Son günlər sizin sahibkarlarla ciddi problemlərinizim olmasını da yazmışdı mətbuat. Obyektlərin sökülməsi ilə bağlı. Doğrudurmu?

– (Bərkdən gülür) Görürsüz mən gülürəm, özümü saxlaya bilmirəm. Sahibkarlar iri olsun, kiçik olsun hamısı ilə çox yaxşı münasibətlər var. Əgər şəhərin mərkəzində sənədsiz, görünüşsüz obyekt varsa, onu sökürüksə, bu bizim yox, onların günahıdır. Biz bunu məhkəmə qərarı ilə edirik, Londonda isə şəhərin gözəlliyi üçün məhkəmənin qərarını gözləmədən şəhər bələdiyəsinin iki üzvünün rəyi kifayətdir ki , səliqəsiz tikili sökülsün. Bundan başqa yazırlar ki, Sumqayıtda klanlar var. Burda klan yoxdur. Bunlar şişirdilmiş məsələlərdir. Belə qəzetləri oxuyanda gülürəm. Burda hardadır klan? Biz hüquqi dövlət formalaşdırmışıq. İcra başçısının da imkanlarının sərhədi var, sahibkarlara prezidentimiz qayğı göstərir. Heç mənim icra başçısı kimi səlahiyyətim yoxdur hansısa şirkətin daxili işlərinə qarışım. Bu da bir nailiyyətdir. Onlarla Vergilər Nazirliyi məşğul olur. Biz yalnız sahibkarlıq obyektlərinin fasadı, xarici görünüşü ilə bağlı öz tələblərimizi irəli sürə bilərik ki, şəhərin memarlıq görünüşü korlanmasın.

-Sumqayıtın modern sənaye şəhəri olacağına inanırsınız? Axı Sovet İttifaqı kimi güclü bir dövlətdə belə yeni bir şəhər zibilliyə, kimyəvi tullantılar mərkəzinə çevrildi. Bəs siz necə edəcəksiniz?

-O dövlət başqa xarakterli idi, planlı iş üsulu ilə işləyirdi. Bu gün yüksək texnikadan istifadə edilir. 100 nəfərin işini indi 10 adam görür. Sənaye parkında hər şey robotlaşdırılıb. Biz ora məktəbliləri göndəririk ki, uşaqlar müasir texnologiyaları, inkişafı görsünlər, bu onların peşə seçimlərinə də kömək edir. Hamısı olduqca bəyənir. Ekologiyaya təsiri baxımından bu günki müəssisələrlə o vaxt ki müəssisələr arasında böyük fərq var. İndiki kimya müəssisələrində ən yüksək, ekologiyaya mənfi təsir etməyən texnologiyalardan istifadə edilir. O vaxt Sovet dövründə Moskvada oturanları Sumqayıtın ekologiyası maraqlandırmırdı. İndi özümüzünküdür hər şey, Prezidentimizin diqqətindədir. Sumqayıtda son yarım ildə 6 min nəfər artım olub, 6 ay üçün 6 min böyük rəqəmdir. Bu təbii artım deyil axı, daxili miqrasiyadır. Onlar Sumqayıta niyə gəlir? Deməli, Sumqayıtda inkişaf var .

-Gəlin, sualların istiqamətini dəyişək. Görürəm çox işləyirsiz. İstirahətinizi necə keçirisiz?

-İdman mənim kredomdur. Olimpiya kompleksində məni həftədə 3 dəfə görmək mümkündür. Sağlam bədəndə sağlam ruh olar. Ən böyük istirahətim isə kitab, jurnal oxumaqdır.

-Difai haqqında kitab da yazmısınız ?

-Mən tarixçiyəm.

-Necə vaxt tapırsınız axı? Siz hər işlə məşğulsunuz? Olmaz belə.

-İş düzgün qurulanda vaxt həmişə tapmaq olur, xüsusi ilə də intelektual inkişaf və özünürealizə üçün. Bu kitabdan sonra ermənilər saytlarında mənə və şəhərdə gedən işlərə tənqidi və təhqiramiz məqalələr həsr edirlər və mən bununla fəxr edirəm, əgər təbii düşmən səni tənqid edirsə deməli düz yoldasan. Erməni saytlarındakı həmən fikirləri mən bəzi müxalifət qəzetlərinin səhifələrində də görürəm və bu məni təəcübləndirir.

-Gələk, mədəniyyətimizə. Görürsünüz ki, günü-gündən xalq artistlərimizin sayı artır. Və bu yüksəliş göstərməlidir ki, mədəniyyətimiz inkişaf edir. Əgər mədəniyyətimiz inkişaf edirsə, siz bu gün hansı müğənnilərimizi dinləyirsiz. R. Behbudovu və M. Maqonayevi çıxmaq şərti ilə…

-(Gülür) Brilliant, Emin Ağalarov, Röyanı dinləyirəm. Simfonik orkestrimizi tez-tez burdakı tədbirlərə dəvət edirik və böyük zövq alırıq.

-Şou-biznesdən xəbəriniz var də yəni…

-(Gülür) Nəinki Azərbaycan, hətta dünya şou-biznesindən də xəbərim var.

-Pul hər şeyi dəyişir, yoxsa istək? 

– Müdrik siyasət, yalnız bu.

-Razıyam. Eldar müəllim, Bakıya çox yaxınlaşmısınız axı…

-Mən Bakıda anadan olmuşam. Anlamadım, hansı konteksdə dediniz?

-Bakı Şəhər Meriyasına bir addım qalıb, o konteksdə…

– (Bərkdən gülür) Mən hələ bu vəzifəyə təzə təyin olunmuşam. Ümumiyyətlə, mənim taleyim belədir, hara gedirəm, o dəqiqə deyirlər, Eldar Əzizov burada filan vəzifəyə gedəcək. Bu boş söhbətdən başqa bir şey deyil. Elə də yazın: “Boş söhbət…”

-İndi gəlib bu söhbət düz çıxsa, nə olacaq, Eldar müəllim 

– Bu məsələ heç vaxt gündəmdə olmayıb, indi də yoxdur. Hər il qəzetlər bir-iki nəfər var, onları növbə ilə vəzifələrə qoyub-çıxarırlar. Amma bu boş söhbətdən başqa bir şey deyil.

-Siz fəxr edirsiz bu siyahıdan çıxmamağınızla? Hər-halda sizi layıq görürlər də.

-Vallah, bu barədə fikirləşmirəm: fəxr edim, ya yox. Yenə sağ olsun jurnalsitlər! Başqalarını vəzifədən çıxarırlar, amma mənim vəzifəmi böyüdürlər. (gülür)

İradə İsaq
Yaşar İsakov
AzNews.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Narmin
    Avqust 27, 2012 - 13:40

    cox gozel suallar verilib…

  • shamama
    Sentyabr 17, 2012 - 13:50

    Dəfələrlə icra başcısına kanalizasiya və kücəmizdə yolun olmaması haqqında yazılı və şifahi müraciətlər etmişik. Hətta müavini Tariyel Hacıyev ANS kanalında söz verdi ki, 2012-ci ilin iyul ayında kanalizasiya xətti şəkiləcək. Corat qəsəbəsi 2-ci mənəlləsinin sakinləri hələ də onun verdiyi sözə inanıb, gözləyirlər. Görəsən hörmətli icra başçımızın bundan xəbəri varmı?

  • Nahile
    Sentyabr 18, 2012 - 11:11

    Shexsen men razi deyilem gorulen ishlerden.Lazimli yerler qalib,lazimsiz ishler gorulur.Meselen,H.Eliyevin heykelinin etrafi teze idi,ama nedense dashlari yeniden sokulub,bashqa dashla doshendi.Daha sonra evvelki icra bashcimiz Nesimi parkini temir eliyirdi,ishiq direklerine kimi qoydurmushdu,ama nedense onun temiri Eldar muellimin xoshuna gelmedi.Duzdu yeni park daha da genishlenib,ama bunu evvelki temiri sokmemish de etmek olardi.Meni birce shey maraqlandirir?-Shehere ayrilmish milyonlari niye bele menasiz ishlere serf eliyirik,axi sheherin yollari berbad,kanalizasiyalari berbaddi.Eldar muellimi arada bazarin etrafinda ekskursiyaya cixardin,hemde meslehetdi yagishli havada olsun bu sefer.belke ordaki zibilxanadan,yollarin”gozelliyinden” xeberi yoxdu? Ayrilan bu pullarin hele de bize bir xeyiri yoxdu, istemirem bu, yeni icra bashcisinin vezifesi muddetinde bele davam elesin.Eslinde men de sheherdeki butun problemleri yazmadim,amma yene de tekrar temirlere ehtiyac yoxdu.Teshekkurler Eldar Ezizov.Gorduyunuz ishlere qarshi daha diqqetli olsaniz o zaman ehali sizden daha razi qalar.Size raziliq bildirenlerin ise ekseriyyeti yeqinki yaltaqliq meqsedile danishir.Ya da onlarin da sizin kimi sheherdeki veziyyetden xeberi yoxdu,en azi heftede 1 defe oz evine bazarliq elemir.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər