“Elşad Abdullayevin prokuror qardaşı Arzu Kazımovu silahla hədələdi”

1657
“Səs yazısının bizim üçün vacib olan hissələri kəsilib”

 Fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayəti əsasında həbs edilən iş adamı Arzu Kazımovun vəkili ittiham tərəfinin yaydığı sonuncu səs yazısına münasibət bildirib.

Vəkil Ramiz Zeynalov APA-ya açıqlamasında bildirib ki, E. Abdullayev həmin səs yazısını ictimaiyyətə ixtisarlarla təqdim edib: “Səs yazısının bizim üçün vacib olan hissələri kəsilib. Müdafiə etdiyim Arzu Kazımov bu səs yazısı ilə bağlı hələ 6 ay əvvəl, 2012-ci ilin sentyabrında istintaqa ifadə verib. O ifadəsində qeyd edib ki, Elşad Abduillayev bu səs yazısını öz mənafeyinə uyğun şəkildə ixtisar edib. Belə ki, səs yazısı yazılan gün Elşad Abdullayevin prokurorluq orqanlarında çalışan qardaşı Elsevər və digər qardaşı Eldəniz onun yanına gəlib.

 

Prokuror geyimində olan Elsevər xidməti silahı ilə Arzu Kazımovu hədələyərək qardaşından aldığı pulları qaytarmağını tələb edib. Arzu Kazımov isə onlara Elşad Abdullayevlə aralarında imzalanmış müqavilələri göstərərək bildirib ki, Elşaddan pulları itkin düşmüş Mahir Abdullayevin tapılması üçün deyil, başqa məqsədlərlə alıb. Belə ki, Arzu Kazımov Elşad Abdullayevdən aldığı 1 milyon 800 min manatın müqabilində ona mülk satıb. Bütün bu proseslər qanuna uyğun həyata keçirilib və əlimizdə alğı-satqıya dair rəsmi sənədlər var. Elşadın qardaşları bu məsələdən xəbər tutan kimi dərhal onu Arzu Kazımovun ofisinə dəvət ediblər. Elşad Abdullayev ofisə gəlməzdən əvvəl Arzuya zəng edərək deyib ki, qardaşlarının yanında mülk məsələsini danışmasın, desin ki, pulu ondan Mahir Abdullayevi tapmaq üçün alıb. Arzu Kazımov isə bununla razılaşmayıb və hər şeyi olduğu kimi Elşadın qardaşlarına danışıb. Bütün bu məsələlər həmin lent yazısında olmalı idi. Lakin yoxdur. Elşad Abdullayevin bu danışıqları niyə həmin səs yazısından hansı məqsədlərlə çıxardığının səbəbi budur”.

 

Qeyd edək ki, E. Abdullayev bir neçə gün əvvəl həbsdə olan iş adamı Arzu Kazımovla aralarında olan söhbətin səs yazısını yayıb. Səs yazısı A. Kazımovun iş otağında lentə alınıb. Söhbətdə E. Abdullayev, İsmayıl Abdulayev və Arzu Kazımov iştirak edib. Səs yazısından məlum olur ki, A. Kazımov E. Abdullayevdən külli miqdarda pul alıb. A. Kazımov bildirir ki, aldığı pulu daxili işlər nazirinin müavini, general Zahid Dünyamalıyevə çatdıracaq (Z. Dünyamalıyev o vaxt sağ olub).

 

Səs yazısında E. Abdullayev təkidlə A. Kazımovdan Z. Dünyamalıyevə zəng etməyi tələb edir. Lakin A. Kazımov generala zəng etməkdən boyun qaçırır.

 

Dialoq zamanı o da məlum olur ki, A. Kazımov aldığı pulu qaytara bilmədiyi üçün inşa etdirdiyi binadan E. Abdullayevə mənzillər təklif edib.

 

Qeyd edək ki, təqsirləndirilən A. Kazımov ötən ilin noyabrında həbs edilib. Baş Prokurorluğun yaydığı məlumata görə, Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə törətdikləri cinayət əməllərinə görə Hüseyn Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər