ERMƏNİSTAN BAŞ PROKURORLUĞU “SUMQAYIT” SƏHİFƏSİ AÇDI

818

Son vaxtlar Azərbaycanın Qarabağa dair təbliğat işini gücləndirməsi sayəsində beynəlxalq ictimai rəydə sıxışdırılan Ermənistan cavab addımları atır. “Arminfo” agentliyinin məlumatına görə, Ermənistan Baş Prokurorluğunun rəsmi internet saytında “Sumqayıt” (www.genproc.am/sumgait) səhifəsi açılıb. Bu səhifədə 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş verən hadisələrə dair Ermənistanda aparılmış istintaqın materialları rus dilində yerləşdirilib. Bu materiallara zərərçəkənlərin, onların qohumlarının və şahidlərin ifadələri, itkin düşənlərin adları, fotolar, digər sənədlər daxildir. Bildirilir ki, Ermənistan Baş Prokurorluğu bu hadisələrə dair istintaq materiallarından ibarət elektron arxivin hazırlanmasına bir il əvvəldən başlayıb.

Erməni tərəfi iddia edir ki, ermənilərə qarşı hücumlar təşkil olunmuş xarakter daşıyırdı və Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları erməniləri qorumamaq barədə şəhər sakinlərinə xəbərdarlıq edirdi.
Ermənistan Baş Prokurorluğu bu ölkədə və Qarabağda azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən qeyri-insani cinayətlərə, işğal edilmiş ərazilərdə bu gün də törədilməkdə olan hərbi cinayətlərə dair təkzibedilməz faktların müasir informasiya-kommunikasiya texnologiyalarından, o cümlədən internetdən istifadə olunmaqla dünya ictimaiyyətinə yayıldığını görür. Elə sözügedən səhifə də bunu neytrallaşdırmağa yönələn cəhdlərdən biridir. Lakin elə “Sumqayıt” səhifəsindən ermənilərlə azərbaycanlılar arasında mühüm fərq ortaya çıxır. Ermənistan Baş Prokurorluğunun internet saytında yerləşdirilmiş “istintaq” materiallarından məlum olur ki, Sumqayıt hadisələrindən zərər çəkən ermənilər öz ifadələrində onları qoruyan, öz evlərində gizlədən azərbaycanlılar barədə də danışıblar. Doğrudur, Ermənistan Baş Prokurorluğu həmin azərbaycanlıların “təhlükəsizliyi” naminə onların adlarını göstərmir. Eyni zamanda Ermənistan Baş Prokurorluğu Sumqayıt hadisələrinə dair o vaxt SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaqın materiallarına da yer vermir. Hansı ki, həmin istintaq Sumqayıtda ermənilərə divan tutanların əsas təşkilatçılarından birinin elə erməni olduğunu müəyyən etmişdi.
Ermənistan Baş Prokurorluğunun açdığı səhifədə həmçinin Dağlıq Qarabağda 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində “ermənilərə qarşı törədilən qəddarlıqlara” dair uydurma materiallar yer alır. Bəs Azərbaycan Baş Prokurorluğunun internet saytında vəziyyət necədir? Bu qurum ermənilərin çoxsaylı cinayətkar əməllərinə dair sənəd-sübutları, istintaq materiallarını öz saytında yerləşdiribmi? Baş prokurorluğun saytına nəzər salarkən məlum oldu ki, orada “Xocalı” səhifəsi var. Bu səhifədə Xocalı soyqırımı haqda informasiya xarakterli məlumatlar, faciənin xronikası, öldürülənlərin, əsir götürülənlərin, itkin düşənlərin statistikası və digər faktlardan ətraflı bəhs olunub. Həmçinin səhifədə 31 mart azərbaycanlıların soyqırım tarixi, ermənilərin tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətləri barədə məlumatlar yerləşdirilib. Lakin belə görünür ki, Ermənistan Baş Prokurorluğunun “Sumqayıt” səhifəsinə cavab olaraq Azərbaycan Baş Prokurorluğu da Xocalıda ermənilərin törətdikləri vəhşiliklərə dair istintaq materiallarını, şahid ifadələrini, digər sənəd-sübutları xarici dillərdə öz internet saytında yerləşdirməlidir. O zaman məlum olacaq ki, Sumqayıtda erməniləri qıranların başında ermənilər olsa da, bir çox erməni məhz həyatlarını riskə atan azərbaycanlılar sayəsində sağ qalsa da, Xocalıda azərbaycanlı qadın, uşaq və qocalar ermənilər tərəfindən hansı vəhşiliklə öldürülüblər. Və bir nəfər də olsun erməni tapmaq mümkün deyil ki, bu vəhşiliyə qarşı çıxsın və heç olmasa bir köməksiz azərbaycanlını qorusun…

F.MƏMMƏDOV, musavat

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər