Əsarəti sevməyən qala… – Bakıdan qürur verən görüntülər

1481

100 il öncə tarixə qızılı hərflərlə yazılmış unudulmaz 15 sentyabr! Bu tarix Bakını xilas günü kimi yaddaşlara həkk olunub.

Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi bir dövlətin paytaxt qazanmasına, öz həqiqi istiqlalına qovuşmasına və müstəqil ölkəyə çevrilməsinə gətirib çıxardı.

Bu tarix bu ölkəni Azərbaycan, Azərbaycanı dövlət etdi.

Bir ölkəni dövlət edən həm hərbi güc, həm də siyasi təfəkkürdür. 1918-ci ilin yayında Nuru Paşanının komandanlığı ilə başlayan, sentyabrın 15-də zəfərlə başa çatan hərbi yürüş Cümhuriyyət qurucularının siyasi zəkası və sərrast qərarlarıyla davamını yaşadı..

Bakı işğaldan azad olundu və hakimiyyətə təhvil verildi. Müstəqil Cümhuriyyət öz silinməz izlərini yazdı. Bakıda üçrəngli bayrağımız dalğalandı. Bakı Azərbaycanın baş tacı, başkəndi, paytaxtı oldu.

Bu gün Bakının hər küçəsində, hər döngəsində, hər qarışında tarixi qələbənin verdiyi qürur, fəxarət hissi ilə yürüyür insan…

Bakı küləklər şəhəridir, Bakı əsarəti sevməyən qaladır. Bir qəhrəman kimi mavi Xəzərin sahilində vüqarla dayanır, dalğalara sinə gərir, küləkləri yola verir.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

Məhz bu böyük hadisə şəhərin göy üzünə dayanan binalarından tutmuş, İçərişəhərin balaca evlərində də duyulur.

Ay-ulduzlu üçrəngli bayraqla al qırmızı bayraq əl-əl verib düşmənə göz dağı, dosta sevinc bəxş edir.

Dalğalan, ey şanlı bayrağım, daha yüksəklərdə, əbədi olaraq, Bakının hər yerində…

Bu bayram ab-havasında Bakının küçələrində dolaşdıqca, əsən xəzri bir mahnını sənə çatdırır…

Sən mənim söhbətim,
Şərəfim, şöhrətim,
Tükənməz dövlətim, əzizimsən,
Gözəl Bakı!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər