Etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir

501

2020-ci ildə baş verən 44 günlük  Vətən müharibəsinin Qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu. Rəsmi İrəvanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb. Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, qırılıb. Bir sözlə, Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv edib. Bu fakt beynəlxalq təşkilatlar tərəfindən də təsdiq olunub və bununla bağlı çoxsaylı qətnamələr qəbul edilib.

30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanılan Azərbaycan ərazilərində ekoloji mühitdən danışmaq belə mümkün deyil. Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın deyil, ümumilikdə bölgənin təbii ekoloji mühitini təhlükə altına alıb. Azərbaycan ərazilərinin talan edilməsi, düşmənin bu torpaqlarda flora və faunanı məhv etməsi bütün Qafqazın ekoloji durumuna çox böyük mənfi təsir göstərib. Elə bu səbəbdən Azərbaycan hələ Vətən müharibəsi yekunlaşmamış, Qarabağda ekoloji monitorinqlərin aparılması ilə bağlı təcili addım atdı. Belə ki, Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən, ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılmış Əməliyyat Qərargahlarında təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazilərində monitorinqlərə başlanıldı.

Təbiətin məhv edilməsinə, azərbaycanlılara nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qruplarının Azərbaycana dəvət olunması qərara alınıb. Ekoloji terror faktlarına qiymət verilməsi üçün səyləri davam etdirməklə yanaşı, düşməndən təmizlənən ərazilərdə hazırda ekoloji tarazlığın bərpası istiqamətində müxtəlif növ tinglərin əkilməsinə başlanılıb.

Göründüyü kimi, Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnib.

Ərazilərin 30 ilə yaxın işğal altında qaldığı müddət ərzində tarixi torpaqlarımızda təbiətə, bioloji müxtəlifliyə və su hövzələrinə qarşı ciddi ekoloji fəsadlar törədilib.

Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili «Şuşa İli» elan etdi. “Şuşa ili” çərçivəsində həyata keçirilən tədbirin böyük əhəmiyyətə malikdir. İqlim dəyişmələri, onun nəticələri və bununla bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsi, meşə sahələrinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması,  işğaldan azad olunmuş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, “netto sıfır emissiya” və “yaşıl enerji” zonasının yaradılmasının ölkənin ekoloji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcəkdir. Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı olmaqla yanaşı, ekoloji təmiz, yaşıl iqtisadi inkişaf mərkəzi kimi dünyanın ən cəlbedici məkanı, elmi, mədəni mərkəzinə çevrilməsi üçün ardıcıl effektiv fəaliyyət həyata keçirilir.

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub. Şaxtalı havaya baxmayaraq qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası bu gün də davam edir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər. Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış,qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili,ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nətəcələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.

Şuşa-Laçın yolunda həyata keçirilən etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının gpstəricisidir. Ermənistan tərəfdən Laçın-Xankəndi yolundan hərbi əqsədlər,minaların və talan olunantəbii sərvətlərin daşınması məqsədilə istifadə olunmasının qarşısı alınmalıdır. Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir. Bir neçə gündür davam edən etiraz aksiyasını müşahidə edərkən görürük ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya sülhməramlı kontigenti tərəfindən bağlanıb.

Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan höküməti tərəfindən hüquqi tədbirlər görülür. Azərbaycan məsuliyyətli ölkədir. Üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir, qarşı tərəfdən də bunu tələb edir. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.

İradə Həsənova, Əməkdar müəllim

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər