Festivallar Festivalının baş mükafatı Azərbaycana gətirildi

1192

Yazıçı Varis Yolçuyev Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalının baş mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, festivalın qalibi olmuş həmyerlimizə qızıl medal, “Qızıl LiFFt” seriyasından yüksək tirajla “Metamorfoza“ romanının çap edilməsi müqaviləsi, qiymətli hədiyyələr təqdim olunub. Təltifetmə mərasimində, eləcə də “Rossiya” telekanalına müsahibəsində yazıçımız bu qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyini söyləyib.

Xatırladaq ki, 30-dan çox ölkədən, eləcə də Rusiyanın 50 regionundan nümayəndələrin qatıldığı nüfuzlu festivalda Azərbaycanın və qardaş Türkiyənin yazarları ilk dəfə iştirak ediblər.

Böyük ədəbiyyat forumu, müxtəlif müsabiqələr, “dəyirmi masa”lar, ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları, kitab yarmarkaları və maraqlı incəsənət proqramlarını əhatə edən festival Soçi şəhərinin Mərkəzi konsert salonunda keçirilən qala-gecə ilə yekunlaşıb. Rusiyanın və qonşu ölkələrin dövlət və hökumət rəsmilərinin, səfirlik əməkdaşlarının, Rusiyanın aparıcı mediasının, eləcə də materikin bir neçə ölkəsindən gəlmiş jurnalistlərin təşrif buyurduğu bu mərasim Azərbaycan üçün uğurlu keçib.

Çexiya, Avstriya, Rusiya, Monqolustan, Almaniya və Fransadan olan vitse-laureatlar gümüş və bürünc medallara layiq görülüblər. Festivalın bütün iştirakçılarına fəxri diplomlar və sertifikatlar təqdim edilib.

Əvvəlki iki “LiFFt” festivallar festivalının qalibləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər