Menu
Geri İrəli

Azərbaycanlı fotoqraf Beynəlxalq Fotobiennalesinin qalibi olub

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2014 • Baxış sayı: 818 dəfə • Şərh yoxdur

14134603934972944264_600x400Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AzərTAc-ın fotomüxbiri İlqar Cəfərov VII Daşkənd Beynəlxalq Biennalesinin qalibi olub.
AzərTAc xəbər verir ki, İlqar Cəfərov “Qəlbin harayı və ya itirilmiş uşaqlıq” silsilə fotoşəkillərinə görə “Ən yaxşı sənədli fotoşəkil silsiləsi” nominasiyasında qızıl medala layiq görülüb.
VII Daşkənd Beynəlxalq Fotobiennalesinə təqdim olunan 10 fotoşəklin hamısı müharibə illərində Dağlıq Qarabağ zonasında çəkilib. Bu fotoşəkillərdə erməni işğalçıları ilə hərbi münaqişəyə cəlb olunan Azərbaycan xalqının ağrı-acısı əksini tapıb, təcavüzkar Ermənistanın əsassız ərazi iddialarının qurbanlarına çevrilən qadınlar və uşaqlar təsvir olunub.
Qeyd edək ki, Azərbaycanın daha bir neçə nümayəndəsi beynəlxalq biennalenin qalibi olub. Rusiyalı Məsut Fatkulinin sədrlik etdiyi, İspaniya, Özbəkistan, Almaniya, İngiltərə, Fransa nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti “Ən yaxşı sənədli fotoqrafiya” nominasiyasında birinci yerə Azərbaycandan olan fotoqraf Zemfira Mahmudovanı layiq görüb. Bu nominasiyada üçüncü yeri də Azərbaycan təmsilçisi Arzu Mürvətova tutub.
Birinci yerlərin sahibləri qızıl medal və diplom, üçüncü yerin sahibi isə bürünc medal və diplom ilə mükafatlandırılıb.
VII Daşkənd Beynəlxalq Fotobiennalesi Özbəkistanın bir sıra nazirlik və idarələrinin dəstəyi ilə bu ölkənin Rəssamlar İttifaqı tərəfindən təşkil edilib. Bu il “Paralellər. İllüziya və reallıq” adı altında keçirilən müsabiqəyə dünyanın 32 ölkəsindən fotoqraflar öz yüksək bədii keyfiyyətli fotoşəkillərinin ən yaxşı nümunələrini təqdim ediblər. Səkkiz meydançada keçirilən fotobiennaledə tamaşaçılar həm xarici, həm də yerli fotoobyektiv ustalarının ekspozisiyası ilə tanış olublar.
Xatırladaq ki, tanınmış Azərbaycan fotojurnalisti İlqar Cəfərov dəfələrlə respublika və beynəlxalq səviyyəli müxtəlif fotomüsabiqələrdə iştirak edib və qalib gəlib.
Moskvada SSRİ Jurnalistlər İttifaqının Foto Mərkəzi nəzdində fotojurnalistika fakültəsinin məzunu olan İlqar Cəfərov 1991-ci ildən Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AzərTAc-ın fotomüxbiridir. O, beynəlxalq səviyyəli bir sıra fotomüsabiqələrdə iştirak edib və qalib gəlib (Rusiya – 2007, Avstriya – 2008, Yaponiya – 2009). Onun fotoşəkilləri, o cümlədən Paralimpiya Oyunlarında çəkdiyi şəkillər beynəlxalq fotoqraflar birliyi və idman xadimləri tərəfindən yüksək qiymətləndirilib. İlqar Cəfərovun Azərbaycanda və onun hüdudlarından kənarda bir neçə fərdi fotosərgisi təşkil olunub.
2014-cü ilin mayında B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanasının keçirdiyi “Bizim Olimpiada” fotomüsabiqəsində “Daha sürətli! Daha yuxarı! Daha güclü!” və “Sankt-Peterburqun Olimpiya ənənələri” nominasiyalarında qələbə qazanması onun növbəti uğurlarından biri olub. Onun fotoşəkilləri bu fotomüsabiqəyə təqdim olunan 1500 fotoşəkil arasında ən yaxşı şəkillər sayılıb.
İlqar Cəfərov daim yaradıcılıq axtarışında olan və bənzərsiz işləri ilə bizi sevindirən insandır. Növbəti qələbəsi münasibətilə həmkarımızı təbrik edir və ona gələcək yaradıcılıq uğurları arzulayırıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın