Futbolumuzun iki klub saxlayan və iki “cəbhə” yə işləyənləri

963

Yəqin ki, ölkə futbolunda şəffaflığın olduğuna inanan azarkeşlərin sayı o qədər də çox deyil. Təsadüfi deyil ki, ölkədaxili yarışlarda nə hakimlərin hansısa komandaya rəğbəti haqda söz-söhbətlər səngiyir, nə də AFFA-nın və ya PFL-in bilərəkdən hər hansı kluba yardımçı olması barədə söyləntilər sona çatır. Hələ bəzi ölkə klublarının “qardaşlığını” demirəm.

 

Ölkə futbolunun “bic qardaşları”

 

Başlayaq elə bəzi elita təmsilçilərinin “qardaşlaşmasından”. Topaz Premyer-Liqasının hazırkı lideri “İnter”lə onu izləyən “Simurq”un əlaqələrindən çox bəhs olunub. Düzdür, komandaların oyunlarını qarşılıqlı razılıq əsasında keçirdiyini sübut etmək üçün konkret dəlil yoxdur. Üstəlik, ölkə çempionatının 14-cü turunda “Simurq”un “İnter”I yenməsi məlum söz-söhbətlərə tutarlı arqumaent sayıla bilər. Ancaq bütün futbol ictimaiyyəti yaxşı bilir ki, bu oyunda zaqatalalıların qələbəsi sadəcə gözə kül üfürmək idi. Hər halda, həmin oyunda Kaxaber Tsxadadzenin komandanın başında olmaması, əsas qapıçı Georgi Lomayanın matç ərəfəsində ölkəsinə getməsi, “İnter”in əsas simalarından olan Levin və Abdulayenin “Simurq”la oyun ərəfəsində bilərəkdən cəzalı duruma düşməsi, həmçinin sözügedən matçın əvvəlində Valeri Amrabidzenin gənc oyunçu Ruslan Cəfərov əvəzlənməsi əvvəldən hazırlanmış ssenarinin tərkib hissəsi idi. Dediklərimiz “İnter”-“Simurq”un yaxınlığını gözlər önünə sərən yeganə məqam deyil. Hər halda, “sarı-qaralar”ı Kaxaber Tsxadadzenin “İnter”dəki köməkçisi Georgi Çixradzenin çalışdırması və “İnter”li futbolçuların yalnız “Simurq”a icarəyə verilməsi də çox şeydən xəbər verir. Amma bu barədə çox danışmağa dəyməz. Ən azı görünən kəndə bələdçi lazım olmadığı üçün.

 

Amma deyəsən, idman prinsiplərinə, sağlam rqabətə yer olmadığını təkcə “İnter”-“Simurq” matçlarında yox, həm də “Bakı”- “Turan” qarşılaşmalarında da görəcəyik. Məsələ burasındadır ki, qərb təmsilçisinin yeni sponsoru “Bank of Azerbaijan” nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur. Bəli, bəli, “Bakı”nın fəxri-prezidenti, həm də faktiki sahibi Anar Məmmədova. Belədə, “Turan”ın “Bakı”yla oyunlarda “oyun” oynamayacağına kim zəmanət verə bilər?

AFFA, yoxsa klub nümayəndəsi?
Azərbaycan futbol arenasında hakimliyin də obyektiv olmadığı gün kimi aydındır. Hər halda, Fariz Yusifov və Anar Salmanovun  “Neftçi”yə, Elnur Muradovun isə “İnter”ə yaxınlığı haqda xəbərlərin dolaşması yeni bir şey deyil. Düzdü, indiki halda bu dediklərimizi sübut etmək mümkün olmadığından sözügedən hakimləri ittiham etmək olmaz. Amma bir məsələ də var ki, həm bəzi futbol funksionerlərimizin, həm də PFL tərəfindən ölkədaxili yarışlara təyinat alan AFFA nümayəndələri və hakimlərin ölkə klubları ilə birbaşa və ya dolayısı ilə əlaqəsinin olması daim bütün futbol ictimaiyyətinin diqqətini məşğul edən məsələlərdən olub. Bu gün elita klublarına yaxınlığı ilə seçilən AFFA nümayəndələri və bu və ya digər şəkildə ölkə futbolunun içində olan futbol adamları da az deyil. Bu mənada ilk ağıla gələn AFFA prezidenti Rövnəq Abdullayev olur. Düzdü, fedarasiya prezidenti “Neftçi”nin keçmiş rəhbərlərindən olsa da, onu flaqmana yardım etməkdə günahlandırmaq olmaz. Amma özündən sonra paytaxt klubunun prezidentlərinin məhz onun yaxın qohumları olması da birmənalı qarşılanmır. Abdullayevdən sonra “Neftçi”nin prezidenti əvvəlcə AFFA rəhbərinin xalası oğlu Əkbər Hacıyev, daha sonra isə yaxın qohumu olduğu bildirilən Sadıq Sadıqov oldu.

Bəlkə də PFL-in prezidenti Ramin Musayevi də bu siyahıya əlavə etmək olar. Doğrudu, burada söhbət Ramin Musayevin hər hansı peşəkarlığa sığmayan hərəkətindən getmir. Amma Musayevin hazırkı vəzifəyə təyin olunana qədər “Neftçi”nin vitse-prezidenti kimi çalışması da unudulmamalıdır. Deməli, PFL prezidentinin “xalq komandası” ilə bağlı hər hansı hadisəni obyektiv qiymətləndirməməsi mümkündür.

“Neftçi”yə yaxınlığı ilə bilinən daha bir şəxs isə hazırda AFFA nümayəndəsi kimi çalışan Məmmədəli Məmmədovdur. Belə ki, “Neftçi”nin hazırda ev oyunlarını keçirdiyi və komandaya məxsus olan İsmət Qayıbov adına stadionun direktoru olan Məmmədovun AFFA nümayəndəsi kimi “ağ-qaralar”ın  oyunlarına təyinat alması heç bir məntiqə sığmır. Belədə sözügedən şəxsin son çempiona azarkeşlik etməyəcəyinə, onun “zibillər”ini ört-basdır etməyəcəyinə kim zəmanət verə bilər?

Oxşar vəziyyəti laynsman Munis Abdullayevin timsalında da müşahidə edirik. Hazırda birinci divizionda çıxış edən, “Neftçi”nin  farm-klubu “Qaradağ Lökbatan”ın məşqçilər korpusunda yer alan köməkçi hakimin obyektiv hakimlik etməsi şübhə doğurmaya bilməz. Hər halda, onun “xalq komandası”nın əsas rəqiblərinin matçlarının gedişinə təsir etmək imkanları böyükdür. Yeri gəlmişkən, Aydın Ələkbərovun da oxşar işlə məşğul olduğu deyilir. Hər halda, hər iki hakimi matçlara təyin edən PFL nümayəndələrinin bundan xəbərsiz olması mümkünsüzdür. Buna isə sıradan olay kimi yanaşmaq olmaz.

Hazırda AFFA nümayəndəsi kimi fəaliyyət göstərən Adil Nadirovun “Qarabağ” klubunun yaradıcılarından olması məlumdur. Belədə Nadirovun fedarasiya nümayəndəsi qismində Ağdam təmsilçisinin oyunlarına yollanmasına nə ad vermək olar? Üstəlik, o, klubun şərəfini qoruyan Vüqar Nadirovun doğma əmisidisə…

Bir əldə iki qarpız tutanlar
Ölkənin futbol arenasında elə şəxslər də var ki, onların hər hansı klubla birbaşa əlaqəsindən söhbət gedə bilməz. Məsələn, hazırda AFFA nümayəndəsi kimi çalışan Namiq Məstanov kimi. Amma bu, heç də onun ölkə klubları ilə əlaqədə olmadığı anlamına gəlməməlidir. Belə ki, federasiya nümayəndəsi olan Məstanov həm də menecer kimi fəaliyyət göstərir. Bu isə vaxtilə “Turan”da məsul post tutmuş tovuzlu futbol adamının ölkə klubları ilə yaxşı münasibətdə olduğunu düşünməyə əsas verir. Deməli, Namiq bəyin ölkəmizə gətirdiyi oyunçuların çıxış etdiyi klubların oyunlarına təyin edilməsi peşəkar yanaşma sayılmamalıdır. Hər halda, bu cür hallarda AFFA nümayəndəsindən bitərəf mövqe sərgiləməsini gözləməyə dəyməz. Üstəlik o, yığmamızın və “Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədovun şəxsi meneceridir.

Gəzən söyləntilərə görə, tanınmış hakimlərimizdən olan Elçin Məmmədov da menecer kimi fəaliyyət göstərir. Özü də onun “Sumqayıt”ın yarımmüdafiəçisi Ceyhun Sultanovun meneceri olduğu bildirilir. Belədə onun Sultanovun iştirakçısı olduğu qarşılaşmalara təyin olunması nə dərəcədə düzdür?

Menecer olduğu haqda söyləntilər dolaşan bu  fəaliyyəti birmənalı qarşılanmayan daha bir şəxs kimi isə milli yığma komandamızın baş məşqçisi Berti Foqtsun tərcüməçisi Aydın Rüstəmovdu. İnsafən deyək ki, burada söhbət hər hansı faktdan getmir və Rüstəmovun hər hansı əməli mübahisə mövzusu deyil. Sadəcə, söyləntilərə görə, Foqtsun tərcüməçisi “Rəvan” komandasının yarımmüdafiəçisi Amit Quluzadə və “Sumqayıt”ın hücumçusu Murad Hüseynovun meneceridir və sonuncu məhz Rüstəmovun sayəsində milli komandaya qədər yüksəlmişdi.

Yuxarıda sadalanan futbol adamlarının siyahısına yaxın keçmişdə “Neftçi”nin əsas fiqurlarından sayılan və hazırda AFFA nümayəndəsi kimi çalışan Maşallah Əhmədovu, eləcə də “ağ-qaralar”ın daha bir sabiq üzvü olan, müxtəlif vaxtlarda “Qarabağ”da bir sıra vəzifələri icra etmiş Elburus Abbasovu, həmçinin daha neçə-neçə futbolumuzun öndə gələn simasını əlavə ədə bilərik. Gəl ki, bütün bunlar sadaladığımız qeyri-peşəkarlıq nümunələrinin aradan qaldırılmasına kömək etməyəcək.

 

Tural Məmmədov, xüsusi olaraq “Sumqayıtxəbər.com” saytı üçün

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər