“Gənc informatiklər”in mükafatlandırma mərasimi keçiriləcək

1051

24 iyun 2009-cu il tarixdə “Kimyaçı” Mədəniyyət Sarayında Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında artıq ikinci ildir təşkil olunan “Gənc İnformatiklər 2009” müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandirma mərasimi keçiriləcək. Bu barədə sumqayitxeber.com saytina Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat veriblər.

İnternet səhifələrin və təqdimat işlərinin hazırlanması, həmçinin mətn yığıcılığı istiqamətləri üzrə keçirilmiş müsabiqədə Münsiflər Heyəti tərəfindən 14 müxtəlif nominasiya müəyyən edilib. İnternet səhifələr və təqdimatlar proqramçı işinə, mövzu orijinallığına, ən yaxşı dizaynına və məzmununa görə qiymətləndiriləcək. İbtidai sinif şagirdləri arasında təşkil olunan mətn yığıcılığı yarışında isə ilin vunderkindi, ən çevik informatik, ən səliqəli informatik və ədib informatik mükafatlandırılacaq.
Mərasimdə qaliblərə müsabiqənin əsas mükafatı olan “Rəqəmsal dünya” heykəlciyi və dəyərli hədiyyələr təqdim ediləcək. Xatırladaq ki, “Gənc informatiklər” müsabiqəsi Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, “İntel – Gələcək üçün təhsil” proqramı, “Ultra” şirkəti, Azərbaycan İnternet Forumu və Sumqayıt Tələblər İttifaqı layihəyə təşkilati dəstək göstərirlər.
Müsabiqəyə informasiya dəstəyini İnterfaks-Azərbaycan İnformasiya Agentliyi, Xəbərlər.az portalı, 168 saat qəzetlər qrupu, Dünya televiziyası, Sumqayıt qəzeti və Explorer jurnalı göstərir.
Qeyd edək ki, eyni zamanda həmin gün Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasının da açılışı olacaq. İT Akademiyanın əsas məqsədi İnformatika və kompüter elminin inkişafına, Təhsil sahəsində İKT-nin tətbiqinə, İKT sahəsində dövlət proqramlarına dəstək və eyni zamanda İKT sahəsində maarifləndirmədən ibarətdir.
Hazırda kitabxana və elektron resurs mərkəzindən, təlim otaqlarından, konfrans zalından ibarət olan İT Akademiya yaxın gələcəkdə Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Qafqaz Universiteti ilə birlikdə müxtəlif layihələrin icrasına başlayacaq.

Nuranə Abbasova

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər