Geriyə gedən yol

721

Nədənsə, bu mövsüm məşqçilərin və futbolçuların doğma klublarına qayıdışına daha çox rast gəlirik. Təsadüfi deyil ki, bu cür hallar dünya futbolu ilə yanaşı, Azərbaycan futbol arenasında da müşahidə olunur. Düzdür, ölkəmizdə səviyyəli smütəxəssislər yetərincə olmadığından bir məşqçinin bir neçə dəfə eyni klubda çalışması adi hal kimi qəbul olunur. Elə klubların  eyni futbolçulara güvənməsini də səviyyəlifutbolçuların azlığı ilə əlaqələndirmək olar. Amma hazırda ölkəmizin futbol təsərrüfatına xeyli sayda əcnəbi çalışdırıcı və futbolçu üz tutduğundan seçim imkanlarının geniş olması da unudulmamalıdır. Gəl ki, yabancı mütəxəssislərdən də bir kluba iki dəfə başçılıq edənini görmüşük. Məsələn, türkiyəli çalışdırıcı Rasim Kara müxtəlif vaxtlarda iki dəfə “Xəzər-Lənkəran”a, Naci Şensoy isə “Turan”a rəhbərlik edib.

Əgər müstəqilliyin ilk dövrlərində hələ SSRİ dönəmində “Neftçi”də çalışmış və komandaya SSRİ birinciliyinin bürünc medallarını qazandırmış Əhməd Ələsgərovun, eləcə də müstəqillik illərində flaqmana dörd dəfə təyinat almış Kazbek Tuayevin müxtəlif vaxtlarda “Neftçi”yə qayıdışından danışa bilərdiksə, son bir neçə ildə Ağasəlim Mircavadovum dəfəllərlə “Neftçi” və “Xəzər-Lənkəran”a, Mehman Allahverdiyevin “Kəpəz”ə, Vaqif Sadiqov, Nazim Süleymanov, Yunis Hüseynov və Vladislav Qədirovun  müvafiq olaraq müxtəlif zamanlarda “Neftçi”, “Xəzər-Lənkəran”, “Karvan” və “Rəvan”a dönüşü siyahını xeyli genişləndirib. Sözsüz ki, yaxın keçmişə ekskurs etməklə siyahını bir qədər də uzatmaq olardı, amma bu cür geri dönüşlər cari çempionatda da müşahidə olunduğundan bu baxımdan hazırkı vəziyyətə nəzər yetirmək maraqlı olar.

 

Hər şeyin təzəsi…

 Cari mövsümdə köhnə-təzə məşqçisinə etimad göstərən ilk komanda Gəncənin “Kəpəz” komandası oldu. Cari birinciliyin startına qədər komandaya rəhbərlik edən Fuad İsmayılov çempionatın başlamasına qısa müddət qalmış Mehman Allahverdiyevlə əvəzləndi. Allahverdiyevlə istəyinə çata bilməyən qərb təmsilçisi heç onun xələfi Mirbağır İsayevlə də hədəflərini reallaşdıra bilmədi. Belədə, komanda qış fasiləsində yenidən buna qədər Gəncənin digər təmsilçisi “Tərəqqi”ni çalışdıran Fuad İsmayılova tapşırıldı və beləliklə də mütəxəssis növbəti dəfə doğma klubuna qayıtmış oldu.

Cari birincilikdə keçmiş komandasına qayıdan daha bir məşqçi isə bu yaxınlarda yenidən Bakının “Rəvan” komandasına baş məşqçi təyin olunmuş Bəhmən Həsənov oldu. Debütant Premyer-Liqanın cari mövsümünə məhz Həsənovla start versə də, sonradan onu klubun daha bir sabiq məşqçisi Vladislav Qədirov əvəzləmişdi. Amma rəhbərlik qış fasiləsində yenidən Bəhmən Həsənova güvənməyi lazım bildi.

Məşqçilər kimi futbolçuların da sabiq komandasına dönüşü çoxdan alışdığımız vəziyyətdir. Adətən, əcənəbi klublara üz tutan futbolçularımız ölkəmizə qayıtdıqdan sonra əvvəlki komandasının sıralarına qoşulur. Bu hal indiyə qədərki dövrdə olduğu kimi, cari birinciliyin gedişatında da müşahidə olunmaqdadır.

Cari çempionatın qış fasiləsində 2007-2010-cu illər aralığında Ağdamın “Qarabağ” komandasında çıxış etmiş Vaqif Cavadov yenidən köhnə komandasına qayıtdı. “Köhlən atlar”dan ayrıldıqdan sonra sırası ilə “Tvente”, “Bakı” və “Volqa”da çıxış edən hücumçunun karyerası uğursuz alındı. Cavadov indi hər şeyə yenidən başlamalı olacaq.

Qış fasiləsi  “Xəzər-Lənkəran”ın sabiq müdafiəçisi Radomir Todorovun da yenidən cənub təmsilçisinin heyətinə qatılması ilə yadda qaldı. 2007-ci ildə “Xəzər-Lənkəran”a transfer olunan və sonrakı üç il müddətində bu klubun şərəfini qoruyan bolqarıstanlı oyunçu daha sonra isə “Bakı”nın və Varna “Spartak”ının heyətində çıxış edib. Qış fasiləsində isə Todorov ikinci dəfə lənkərana üz tutdu.

Nədənsə, ölkəmizdə sabiq klubuna qayıdan futbolçular əksər hallarda doğma klubundan ayrı keçirdiyi illərdə nüfuzuna xələl gəlmiş oyunçular olur. Elə bu günlərdə “Neftçi” ilə anlaşan Samir Əliyev də belələrindəndir. Futbolçu karyerası ərzində düz, 7 mövsüm flaqmanda çıxış edən 33 yaşlı forvardın “ağ-qaralar”dan ayrıldıqdan sonra forma geydiyi “Simurq” və “Turan”da cəmi 23 oyuna çıxıb 3 qol vurması da belə deməyə əsas verir. Karyerasının qürub çağında flaqmanda oynamaq şansı qazanan Samir Əliyev indi ölkənin futbol arenasındakı imicini bərpa etməlidir.

Əlbəttə, bir kluba bir neçə dəfə rəhbərlik edən məşqçilərdən danışarkən dünya futboluna da nəzər yetirməliyik. Bu baxımdan ilk olaraq dünyanın ünlü çalışdırıcılarını qeyd etmək olar. Məsələn, illər əvvəl İspaniyanın “Barselona” komandasına iki dəfə rəhbərlik etmiş hollandiyalı mütəxəssis Lui Van Qal, “Yuventus”a dəfələrlə təyinat almış Marçello Lippi, iki dəfə PSV “Eyndhoven”i çalışdırmış Quus Hiddink və müxtəlif vaxtlarda “Malyorka”da çalışmış Hektor Kuper və “Bavariya”nın eks-məşqçisi Ottmar Hifzfeld  keçmiş klubuna  qayıtmağın nə demək olduğunu görüb.

Sözsüz ki, bir kluba bir neçə dəfə rəhbərlik etmiş mütəxəssisləri xatırladıqda iki dəfə Madrid “Real”ını, üç dəfə isə “Real Sosyedad”a rəhbərlik etmiş Con Benjamin Toşakı, iki dəfə “Aston Villa”nın “sükanı arxasında” olmuş Qrem Teyloru, eləcə də eyni “uğuru təkrarlayan” və Belçika “Standard”ını iki dəfə çalışdıran Yozef Yarabiniski və s. mütəxəssisləri də qeyd etmək olar.

 

 “İmperator” səltənətini bərpa edə biləcəkmi?

 Cari “futbol ili”ndə də sabiq komandasına qayıdan məşqçilərə rast gəlmək mümkündür. Keşmiş komandasına qayıdan tanınmış mütəxəssislər arasında ən diqqət çəkənləri İranın  “Persepolis” klubuna qayıtmış Mustafa Dənizli, həmçinin mövsümöncəsi “Qalatasaray”la müqavilə bağlamış  Fatih Terimdir. “Cim-Bom”un baş məşqçi postunu  üçüncü dəfə tutan “imperator”un ikinci dönüşü fiyasko ilə yekunlaşsa da, bu, belə, Terimin 1996-2000-ci illər arağına sığan möhtəşəm “Qalatasaray” karyerasına kölgə sala bilməz. Nə də olsa, İstanbul təmsilçisi məhz “imperator”un sayəsində türk əzmkarlığı və çalışqanlığını top oyununa tətbiq edərək bir ilə iki avrokubok və dörd ilə dörd ölkə çempionluğu qazandı.H’r halda, 1996-2000-ci illər aralığında ümumilikdə 12 kubok qazanmaq sıradan olay sayılmamalıdır.  Deməli, yarımsərlövhədəki sualı təkrarlamağa ehtiyac yoxdur. Axı türk dünyasının ən önəmli çalışdırıcısı yenidən “Qalatasaray”dadır.

 

 Bir addım irəli, iki addım geri

 Avropanın aparıcı klublarında forma geyən və müxtəlif vaxtlarda eyni komandanın şərəfini qoruyan oyunçular da yetərincə olub. Elə cari “futbol ili”ndə də bu baxımdan fərqlənənlər oldu. Bu mənada ötən mövsümün sonunda futbolçu karyerasını başa vuran Pol Skoulzun yenidən “Mançester Yunayted”ə qayıtmasını, eləcə də cari mövsümə Amerikanın Nyu-York “Red Bulls” klubunda başlayan Tyeri Anrinin 1999-2007-ci illər aralığında şərəfini qoruduğu İngiltərə “Arsenal”ına icarə əsasında olsa belə, dönməsini qeyd etmək olar. Bundan başqa, mövsümün əvvəlində İtaliyanın “Milan” komandasının çexiyalı futbolçusu Marek Yanklovskinin sabiq komandası “Banik Ostrava”ya qayıdışını  və karyerasını məhz keçmiş komandasında bitirməsini vurğulamaq olar. Elə London “Arsenal”ını “Zenit”ə dəyişən rusiyalı Andrey Arşavin də cari mövsümdə sabiq komandasına dönənlər sırasındadır.

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər