Menu
Geri İrəli

6 tələbəni öldürməyə görə 10 il həbs: cəza yüngül deyilmi?!

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Avqust 2017 • Baxış sayı: 369 dəfə • Şərh yoxdur

Bakı-Sumqayıt yolunda ağır qəza törədərək 6 tələbənin ölümünə səbəb olan sürücü Namiq Hüseynovun məhkəməsi ötən gün yekunlaşdı. O, 10 il müddətinə azadlıqdan məhrum edildi. Baxmayaraq ki, həlak olan tələbələrin valideynləri sürücünün ömürlük həbs cəzası almasını tələb edirdi. 

Lakin yol qəzası törədərək insan ölümünə (belə görünür ki, sayından asılı olmayaraq) səbəb olan sürücülər ən yaxşı halda 8-10 il cəza alırlar. Çünki Cinayət Məcəlləsində ölümlə nəticələnən yol qəzalarına görə cəzanın maksimal həddi budur. Uzaqbaşı belə sürücülər bir neçə illiyə sürücülük hüququndan da mərhum edilirlər, yəni nə qədər ağır qəza baş verirsə versin, belə hadisələri törədənlər bir neçə il sonra yenidən sükan arxasına keçmək imkanında olurlar.

Elə 6 tələbəni öldürən ilə Namiq Hüseynov da cəmi 5 il müddətində sürücülük hüququndan məhrum olub. Yəni nəzəri olaraq həmin sürücü 5-6 il sonra əfvlə, yaxud aminisiya ilə vaxtından əvvəl azadlığa çıxa və yenidən “20 yanvar” metrostansiyasının qarşısında dayanıb Sumqayıta müştəri səsləyə bilər. Hansı ki, onun törətdiyi hadisə ehtiyatsızlıqdan baş vermiş qəza sayıla bilməz, məhkəmə istintaqının da gedişində məlum oldu ki, sürücü Bakı-Sumqayıt yolunda hər gün yol hərəkəti qaydaların kobud şəkildə pozub. Sürət həddini aşıb, mikroavtobusa yerlərin sayından iki dəfə çox sərnişin götürüb və heç bir təhlükəsizlik tədbirləri görməyib.

Zərərçəkmiş tələbələrdən bir, Emin Həmidov məhkəməyə verdiyi ifadəsində dediyi kimi:  “Namiq özü deyirdi ki, çox adam götürsəm də cəriməsini ödəyirəm, ayda 200 manat ödəyirdi, maşında 28 nəfər adam var idi. Fikirli idi elə bil, altı uşağı bədbəxt etdi”.

Bəs kütləvi tələfata səbəb olan, altı ailəni gözüyaşlı qoyan sürücüyə verilən cəza törədilən cinayətə adekvatdırmı?  Bəlkə kobud və bilərəkdən qayda pozuntuları üzündən baş verən bu cür ağır qəzaların çoxaldığını nəzərə alaraq Cinayət Məcəlləsinin müvafiq maddələri sərtləşdirilsin?

Millət vəkili Fazil Mustafa razılaşır  ki, mənəvi tərəfdən baxanda sürücünün aldığı cəza onun törətdiyi cinayət əməli ilə müqayisədə yüngüldür, adekvat cəza deyil. Lakin hüquqi baxımdan bu, ağır cəzadır və belə hadisələrə görə bundan artıq cəza vermək düzgün olmazdı.

“Altı tələbənin ölümünə səbəb olan sürücüyə hətta ömürlük cəza belə versələr də yenə adekvat deyil. O tələbələri geri qaytarmaq mümkün olmayacaq. Lakin cinayətin qəsdən baş verməsindən söhbət getmirsə Cinayət Məcəlləsində bunu ağırlaşdırmaq problemli məsələ olar. Avtomobillə cəza törədənlər üçün 10 il həbs cəzası böyük cəzadır. Adətən ehtiyatsızlıq üzündən baş vermiş yol-nəqliyyat hadisələrində şərti azadlıqdan məhrumetmə və ya məntəqə tipli cəzaçəkmə müəsisələrində cəza çəkilməsi nəzərdə tutulur”-Fazil Mustafa deyir.

Millət vəkili ehtiyatsızlıqdan baş vermiş yol-nəqliyyat hadisələrində cəzalarının sərtləşdirilməsinin əleyhinə olduğunu bildirib: ”Sürücünün nə marağı var ki kimisə öldürsün? 

Məsuliyyətsizlik edib yüksək sürətlə maşını idarə edərək qəzanın törədilməsinə səbəb olub. Onun davranışında konkret tələbələri öldürmək olmayıb və cəzası kifayət qədər ağır cəzadır”.

Vəkil Fariz Namazlı da Cinayət Məcəlləsinin 263-cü maddəsi üzrə yuxarı cəza həddinin 10 il müəyyən edildiyini bildirib: ”Əslində həmin norma üzrə adekvat cəza təyin edilib. Həmin şəxsə maksimum cəza verilib”.

“Bu cinayət, yəni səxslərin ölümü ehtiyatsızlıqdan törənən cinayətdir, ona görə də burada ömürlük və ya daha ağır cəzaların verilməsi mümkün deyil. Gələcəkdə ola bilər ki, cəzalar daha da sərtləşdirilsin. Çünki yol nəqliyyat hadisələri zamanı insan ölümü daha çoxdur. Ona görə bu halların qarşısını almaq üçün cəzalar sərtləşdirilməlidir”- deyə vəkil əlavə edib.

İnarə Rafiqqızı

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın