Menu
Geri İrəli

Hərbçilərimiz qəzaya düşdü – Ölən var

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2014 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur

1359952125_qeza-avariya-main

Bu gecə Bakı-Qazax magistral yolunun 418-ci km-də, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində ağır yol qəza hadisəsi baş verib.

 

AzVision.az Kəpəz tv-yə istinadən xəbər verir ki, içərisində hərbçilərin olduğu “BMW” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ 2107”-nin sürücüsü 63 yaşlı Allahverən Həsənov hadisə yerində dünyasını dəyişib. Digər avtomobildə olan 3 hərbçi – 26 yaşlı Səxavət Məmmədov, 33 yaşlı Zaur Cəfərov, 29 yaşlı Rüfət Həsənov, eləcə də mülki şəxslərdən 64 yaşlı Nizami Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra hərbçilər hərbi qospitala evakuasiya olunub. Mülki şəxsin isə müalicəsi davam etdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 412-ci kilometrliyində, Şəmkir rayonu ərazisində “VAZ” və “BMW” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilində olan sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən “VAZ” markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü müxtəlif avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 07:30-da başa çatıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın