Menu
Geri İrəli

Narkotacir: “Seyidəm, allah haqqı, yalan danışmaram” – MƏHKƏMƏ ZALINDAN

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2015 • Baxış sayı: 365 dəfə • Şərh yoxdur

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mirhüseyn Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başlanması elan edilib. Söz dövlət ittihamçısını verilib. İttihamçı-prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

 Mirhüseyn Bağırov özünü qismən təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verib. M. Bağırov 25 ildir ki, narkotik maddənin aludəçisi olduğu deyib. “Əvvəllər xırda-xırda çəkirdim. Moskvada sürücü işləmişəm. Bura gələndən işləmirəm. Uşaqlarım işləyib məni saxlayırdılar. Evdəkilər də bilirdi ki, mən dərman kimi narkotik maddədən  istifadə edirəm. Peşmanam. Amma bir şey var. Mən özüm seyidəm, heç vaxt yalan danışmaram. And olsun Allaha, guya məni tutanda üstümdə 31 qram heroin olub. Vallah, billah mən də 2 bükümlük olub. Mən bunun çəkəniyəm, satışı ilə məşğul olmuram. Bir məsələni də deyim, məni tutanda üzərimdə axtarış zamanı 10 manat olduqlarını qeyd ediblər. Həmin vaxtı isə mənim cibimdə 1 qəpikdə pul olmayıb. Heroini Sumqayıtdakı 13 mikrorayon adlanan yaşayış massivindən almışam. Satanın adını bilmirəm . Amma üzdən görsəm tanıyaram. Ona 60 manat pul vermişdim. Həmin şəxs də mənə 2 büküm heroin verdi. Bükümün biri 30 manat idi. Dostum, yaxınım olan Nurəddin Qafarovla gedirdik.  Bizi tutdular. Bölmədə başımıza oyun açdılar. Mənə qarşı qərəzləri vardı. Dedim ki, Nurəddini buraxın, cavandır, ailəsi, balaca körpələri var. Mənə neyləyirsiniz eləyin. Nə verdilər, qol çəkdim. Nurəddini buraxdılar. Sonradan oxuyuram ki, guya məndə 31 qram heroin tapıblar. Yenə deyirəm, mən seyidəm, yalan danışmaram. Məndə ancaq 2 büküm olub, onu da toplasan 1, 6 qram olar. Peşmanam. Gərək eləməzdim. Amma öyrənmişdim. Artıq 6 aya yaxındır ki, həbsdəyəm. Ağrılarım olur, xəstəxanada müalicə almışam. Burdan çıxım istifadə etməyəcəm”.

Məhkəmə prosesi iyunun 10-da davam edəcək

 Qeyd edək ki, bu ilin fevral ayında Sumqayıt şəhər polis əməkdaşları şəhər sakini Mirhüseyn Bağırov adlı şəxsin üzərində axtarış ediblər. Axtarış zamanı onun üzərindən 31, 377 qram narkotik vasitə- heroin aşkar edilib. M. Bağırov Cinayət Məcəlləsinin 234.4.3 ( tamah məqsədilə narkotik maddələrin satışı) maddəsi ilə ittiham edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın