Menu
Geri İrəli

Nazirliyin əməkdaşı döyüldü – Şahdağda

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2016 • Baxış sayı: 211 dəfə • Şərh yoxdur

maxresdefault

Şahdağ Milli Parkının əməkdaşı parkın ərazisinə qanunsuz daxil olan 4 şəxs tərəfindən fiziki təzyiqlərə məruz qalıb.

Şəxsiyyətləri məlum olmayan 4 nəfər 90-VN-103 dövlət nömrə nişanlı VAZ markalı avtomaşınla milli parkın ərazisinə qanunsuz daxil olaraq meşə ərazisində tonqal qalamağa cəhd göstərib. Şahdağ Milli Parkının Şamaxı bölməsinin meşəlik ərazisinə cavabdeh olan Fərhad Cəlilov onlara, meşədə tonqal qalamağın qanuna zidd və təhlükəli olduğunu, milli parka qanunsuz daxil olduqlarını izah edib və meşə sahəsini tərk etmələri barədə xəbərdarlıq bildirib. Lakin qanun pozucuları milli parkın əməkdaşının qanuni tələblərinə məhəl qoymayıb, əksinə onu təhqir edib və fiziki təzyiq göstərməklə baş nahiyəsinə xəsarətlər yetirərək hadisə yerindən qaçıblar. Müvafiq həkim yardımı alınması və ekspert qiymətləndirilməsi məqsədilə F. Cəlilov tərəfindən Şamaxı rayon xəstəxanasına müraciət edilib.

Baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə və aidiyyəti üzrə polis orqanına məlumat verilib. Hazırda təqsirkarların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən qanunamüvafiq tədbirlər görülür.

Nazirlik bildirir ki, təbiət mühafizəçilərinə qarşı bu cür insidentlər dəfələrlə müşahidə olunub, təbiətə qanunsuz müdaxilələrin qarşısı ETSN-nin əməkdaşlarının həyatı bahasına alınıb, xeyli sayda təbiət mühafizəçisi fiziki təzyiqlərə məruz qalaraq yaşıllıqların, ətraf mühitin qorunmasında fədakarlıq göstərib. Nazirlik təəssüflə bildirir ki, bəzi vətəndaşların təbiətdəki bu cür ehtiyatsız və məsuliyyətsiz davranışları meşələrin və yaşıllıq sahələrinin yanaraq məhv olmasına gətirib çıxarmaqla yanaşı Nazirlik əməkdaşlarının həyatına da təhlükə yaradır. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətə, təbiət mühafizəçilərinə qarşı belə məsuliyyətsiz hərəkətləri qınayır və bu cür halların baş verməməsi üçün qanunlara riayət olunmasını, təbiətə qarşı daha qayğılı yanaşmağı tövsiyə edir, əhalini təbiətə ziyan vurmaqla müşayiət olunan istirahətdən imtina etməyə, təbiətə qarşı yönəlmiş qanunsuz hərəkət və fəaliyyətlərdən çəkinməyə çağırır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın