Menu
Geri İrəli

Sumqayıt sakininə pul atmış “MTN-nin xüsusi agenti” həbs edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2013 • Baxış sayı: 276 dəfə • Şərh yoxdur

Xətai Rayon Polis İdarəsinin əməkdaşları özünü Azərbaycan MTN-nin əməkdaşı kimi təqdim edərək, Sumqayıt sakininə pul “atmış” şəxsi saxlayıblar.

Vesti.Az xəbər verir ki, saxlanılmış 1986-cı il təvəllüdlü Əsgərov Elməddin Əhəd oğlu Sumqayıt sakini Cavid Həmidovla tanış olarkən riskə gedərək, özünü MTN-nin əməkdaşı kimi təqdim edib. Hadisə 2010-cu ildə baş verib. Söhbət zamanı Həmidov Əsgərova bildirib ki, bir nəfər tanışı artıq xeyli müddətdir ki, ona 8 min manat pul borcludur. Həmidov qeyd edib ki, tanışını pulu qaytarmağa necə məcbur edəcəyini bilmir. Həm də polisə müraciət etmək istəmir.

Əsgərov bildirib ki, pulları qaytarmaqda ona kömək edəcək. Söhbətdən bir neçə gün sonra Həmidov və Əsgərov borclunun yanına gəliblər. Əsgərovun fırıldağı baş tutub, borclu onun MTN-nin əməkdaşı olduğuna inanıb və pulun 4 min manatını Həmidova qaytarıb. Qalan pulu sonradan qaytaracağını bildirib.

Bu arada dindirmə zamanı saxlanılmış şəxs bildirib ki, heç özü də fırıldağının belə nəticə verəcəyinə inanmayıb. Lakin anlayıb ki, bu fırıldaq onun özünə heç bir şey qazandırmayıb. Pullar sahibinə qaytarılıb. Buna görə də, Əsgərov başqa plan qurub.

2011-ci il sentyabrın 30-da yenidən Həmidovla görüşən Əsgərov ona müvəqqəti olaraq 4000 manat verməsini istəyir və bildirir ki, pullardan barmaq izləri götürüləcək və borclu pulun hamısını qaytarmasa ona qarşı açılan cinayət işində istifadə olunacaq. Əsgərov Həmidova söz verib ki, pulları iki günə qaytaracaq. Beləliklə, göstərilmiş məbləği əldə etməyə nail olub. Lakin…

Pulları götürən Əsgərov birdəfəlik yoxa çıxır. Həmidov bir müddət gözləyərək ümid edib ki, “MTN-nin xüsusi agenti” özü qayıdıb pulları gətirəcək. Lakin bunun baş vermədiyini görüb polisə müraciət edib.
Hazırda istintaq Əsgərovun digər bu növ cinayətlərə aidiyyatının olub-olmamasını araşdırır.

Qeyd edək ki, Azərbaycanda axtarışa verilmiş hər üçüncü şəxs dələduzluqda ittiham olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın