Menu
Geri İrəli

Sumqayıtda ev sahibəsini döyərək öldürən oğruya hökm oxundu – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2015 • Baxış sayı: 612 dəfə • Şərh yoxdur

zc1Rzayev anasının meyitini həyətdə tapıb.

Sumqayıt Apellyasiya Məhkəməsində şəhər sakini İntiqam Cəfərovun (1975-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 177.1 (oğurluq), 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, 2013-cü il dekabrın 30-da Corat qəsəbəsində 575№li evin həyətində Sumqayıt ş. Polis İdarəsinin əməkdaşları üzərində zorakılıq əlamətləri ilə qəsəbə sakini Raya Rzayevanın (1935-ci il təv.) meyitini aşkar ediblər. İlkin olaraq şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təyin olunan məhkəmə-tibb ekspertizasının rəyinə görə, Rzayevanın ölümünə baş-beyin toxumasına qansızma səbəb olub.

Hadisədən bir həftə sonra cinayəti törətməkdə şübhəli bilinən İntiqam Cəfərov tutulub və dindirmə zamanı törətdiyi cinayət əməlini etiraf edib. Araşdırma zamanı, onun 2007-ci ildə Sumqayıt ş. məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum olunduğu aşkar olunub.

İstintaqla müəyyən edilib ki, İntiqam Cəfərov dekabrın 30-da Corat qəsəbəsində gəzərkən, həyət evlərindən birinin qapılarını açıq vəziyyətdə görüb və buna görə evi qarət etmək fikrinə düşüb. O həyətə, ordan isə evin içinə daxil olaraq, qonaq otağına keçib. Cəfərov cəld axtarış apararaq şkafdan iki ədəd üzük, sırğa, stolun üstündən “Nokia” markalı mobil telefonu götürüb, getməyə hazırlaşıb.

Evdən çıxmaq istəyərkən Raya Rzayeva İntiqamı görüb, onun oğurluq məqsədi ilə evə girdiyini başa düşüb. Qadın Cəfərovun gödəkçəsindən tutub saxlayarkən, sonuncu onu özündən itələməklə boyun nahiyəsinə əli ilə zərbələr endirib. Zərbələrdən Rzayeva yerə yıxılıb, İntiqam ona ayaqla baş nahiyəsinə daha bir neçə zərbə endirəndən sonra, yaxınlıqda tapdığı daş parçasını götürüb onun başına vurub. Hadisədən sonra Cəfərov bir neçə dəqiqə pilləkənlərdə oturub özünə gəlib, sonra isə qapını açıb həyəti tərk edib. Telefonu qəsəbə ərazisində yadında qalmadığı yerə tullayıb, qızıl əşyaları isə mərkəzi bazarın yanında yerləşən mağazaya 260 manata satıb.

Yanvarın 5-də Cəfərov Abşeron rayonunun Saray qəsəbəsində pəncərənin şüşəsini sındırmaqla qanunsuz fərdi yaşayış evinə girib 350 manat dəyərində məişət əşyaları oğurlayıb, lakin hadisə yerindən qaçarkən ev sahibi Rafiq Əsədov onu tutaraq, polisə təhvil verib.

Məhkəmə prosesində İntiqam Cəfərov ittiham üzrə özünü təqsirli hesab etməklə, ifadəsində həmin evə oğurluq məqsədi ilə daxil olduğunu və Raya Rzayevanı öldürmək fikrində olmadığını bildirib.

Zərərçəkən Mahir Rzayev həmin gün axşam saat 18 radələrində evə gəldiyini və anasının meyitini həyətdə tapdığını bildirib. O, məhkəmədən təqsirləndirilən şəxsin ciddi cəzalandırılmasını xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Cəfərov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Sumqayıt Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın