“Hiss edirdim oğlan vəhabidir, mənə deyirdi ki, qara it öldürmək savabdır, harada gördün öldür” – FOTOLAR

2405

Biz həmişə görmüşük ki, analar öz övladlarının xoşbəxtliyi üçün canlarından belə keçməyə hazır olurlar. Amma elə analar var ki, bu siyahıya daxil deyillər.

Səbəbli və ya səbəbsiz öz övladlarına qarşı kin bəsləyib, gələcək həyatlarını məhv edirlər. Onların çoxu öz düşüncələrinə görə övladlarının gələcəyini qurmaq üçün onu varlı biri ilə evləndirmək istəyirlər. Aytən adlı xanım da belə bir ananın qurbanı olduğunu deyir.

Minval.İnfo saytına öz həyatını danışmaq üçün bizə müraciət edən Aytən xanımın başına gətirilən və gələn hadisələri eşidəndə şok hissi keçirəcəksiniz.

Aytənin bunları danışma səbəbi var. Deyir ki, bütün gənc qızlar və özəlliklə analar bu dediklərini oxusunlar, dərs çıxarsınlar. Nə analar qızlarını, nə də qızlar öz həyatlarını məhv etsinlər.

30 yaşlı Aytən (Soyadının gizli qalmasını xahiş edib – red) Minval.İnfo saytına başına gələnləri belə nəql edib:

“Sevdiyim oğlana nişanlandım və qara günlərim bundan sonra başladı”

– Başlayaq sıfırdan, təməldən.

– Həyatımda sıfırlar çox olub. Birinci sıfır ailəmlə bağlıdır, ilk dəfə 2006-cı ildə sevdiyim oğlanla nişanlandım. Amma iki ailə də, xüsusilə anam evlənməyimizə qarşı idi. Əvvəla onlar naxçıvanlı, biz isə bakılı idik. Həm də anam daha imkanlı biri ilə ailə qurmağımı istəyir, buna görə də məni qardaşı oğluna verməyə çalışırdı. Amma mən sevdiyim oğlana nişanlandım və qara günlərim bundan sonra başladı. Anam əlinə fürsət düşən kimi nişanlımı pisləyir, onu gözümdən salmağa çalışırdı. Bir dəfə köynəyini bəyənmirdisə, ikinci dəfə aldığı hədiyyənin ucuz olduğunu deyirdi.

Onun ailəsi məni çox istəyirdi, bir il nişanlı qaldıq, amma atasına üzümü görmək qismət olmadı, mən nişanı qaytaranda infarkt keçirdi. Aramıza lap uşaqlıqdan qonşumuz olan rəfiqəm girdi. O vaxtdan bir yerdə idik, sonra Fransaya getmişdilər, amma ailəsində itki olanda qayıtdılar.

“Nişanlımda elə fikir formalaşdırmışdı ki, kasıb olduğuna görə onu istəmirik”

– Məqsədi nə idi?

– Rəfiqəm bir oğlanla tanış olmuşdu, o da universitetdə nişanlımın qrupyoldaşı olub. Oğlan nişanlımdan xahiş etdi ki, rəfiqəmlə danışıb onun haqqında fikirlərini öyrənsin. Nişanlıma iki nəfərin arasına girməyi xoşalmadığımı dedim, amma məndən gizlin rəfiqəmlə danışıb, görüb yetim qızdır, oğlana deyib ciddi deyilsənsə, işin olmasın, ondan sonra ayrıldılar, rəfiqəm də bizi günahlandırıb intiqam alacağını dedi. Nişanlım əsgər gedəndə rəfiqəm ona mesaj yazmağa, onu mənə qarşı doldurmağa başladı. Məsələn, harasa gedirdimsə, oğlana evimizə zəng etməyini deyirdi, guya onu başqası ilə aldadıram. Nişanlımda elə fikir formalaşdırmışdı ki, kasıb olduğuna görə onu istəmirik.

“Onların adına utancdan başqa bir şey deyildim…” 

– Braziliya serialı kimi?

– Hə, hə (gülür). Sonra öyrəndim anamla bir olublar, elə yazmasını da rəfiqəmə o deyib. Elə oldu ayrıldıq, bir il altı ay barışmağa cəhd etdi, atası da barışmağımızı istəyirdi, mənə deyirdi biz səni itirmək istəmirik, sonra o da infarkt keçirdi, amma mənim də ürəyim qırılmışdı, onu bağışlaya bilmədim.

– Deməli ayrılmağınıza səbəb şübhə oldu?

– Bir dəfə əsgərlikdən qaçıb gəlmişdi, ona xəyanət etdiyimi deyib məni döydü. Qurana da and içdim, amma inanmadı, çünki ona deyən şəxs anasının canına and içmişdi, bunu deyəndə bildim ki, rəfiqəmdir. Əmin olmaq üçün onunla da üzləşdim, yaxşı etdiyini, intiqam aldığını dedi.

“Anam “səni ərə verəcəm” deyib məni heç oxumağa da qoymadı”

Naxçıvanda nişanı qayıtmış qıza evlənib boşanmış kimi baxırlar. Buna görə qohumlarım üstümə çox gəldi, əsas da dayılarım. Çünki Naxçıvanın tanınmış, imkanlı şəxslərindəndilər. Onların adına utancdan başqa bir şey deyildim…

Yenidən Allaha qayıtdım, Quran kurslarına getməyə başladım, orada bir oğlanla tanış oldum. Bizə elçi göndərmək istədiyini anama deyəndə namaz qıldığı üçün inandı, razılaşdı. Bizi nişanladılar, amma görəndə o da kasıbdır, yenə başladı deyinməyə, pisləməyə. Ümumiyyətlə anam uşaqlıqdan mənə gün verib işıq verməyib. Hələ birinci sinifdə oxuyanda savadıma görə direktora kimi evimizə gəlmişdilər ki, məni birbaşa üçüncü sinifə keçirtsinlər, amma anam “səni ərə verəcəm” deyib məni heç oxumağa da qoymadı. Beləcə təhsildən qaldım, evdə qab yuya-yuya hər şeydən soyudum, soyutdular… Nəysə, hələ ikinci nişanı qaytarmamışdım, amma hiss edirdim oğlan vəhabidir, mənə deyirdi qara it öldürmək savabdır, harada gördün öldür. Nişanlı olanda kəbin kəstirib mənimlə olmaq istəyirdi. Hər dəfə o bunu deyəndə etiraz edirdim. Sonra anamla mübahisələrimiz başladı, deyirdi elə kasıb tapırsan. Hər şeyin hesabını edir, yemək yeyəndə adın nədir özünə iki tikə artıq ət qoyasan. Bir dəfə bunun üstündə məni yaxşıca döymüşdü, onda heç 22 yaşım da yox idi.

“Hiss edirdim oğlan vəhabidir, mənə deyirdi qara it öldürmək savabdır, harada gördün öldür”

– İndi neçə yaşınız var?

– İndi 30. Nə başınızı ağrıdım, davalırımız günü-gündən böyüyürdü, özünə xına qoyurdusa, mütləq mən də qoymalı idim, yoxsa qazanı başıma keçirirdi (gülür).

– Psixoloji problemləri var?

– Onu deyə bilmərəm, amma gəncliyində nə itirmişdisə, onları mənim də itirməyimi istəmirdi. Bəlkə də mənim üçün ən yaxşısını etməyə çalışırdı, amma hər şey daha pis olurdu…

“Adıma söz çıxartdılar ki, Aytən qoşulub qaçıb”

– Qayıdaq nişanlınıza. Necə oldu, üzüyü qaytardınız?

– Dayım qızının telefonu xarab olmuşdu, mənə verdi ki, öz ustama göstərim. Qonşuluqda da bir qız var, dayım oğlunu istəyirdi, dedi bəlkə nömrəsini ordan tapdım. Axtara-axtara bir nəfərə düşür, görəndə ki yaşı çoxdur, məndən xahiş elədi ki, mən danışım, sonra rədd edərəm. Başladıq danışmağa, başa salmağa çalışırdım ki, uşaqdır, bir də zəng etməsin. Mən bunu deyəndə qayıt ki, o uşaqdır, sənlə danışaq… Sonra öyrəndim ki, qohumuzun sürücüsüdür, mənə deyirdi səni hara istəsən aparım.

Anam məni döyəndə nişanlımla görüşdüm, problemlərim olduğunu, bir müddət tək qalmaq istədiyimi dedim. Məni inandırmağa çalışırdı ki, evlənsək hər şey yoluna düşəcək. Gördüm belə olmayacaq, dayımgilə gedəcəyimi bəhanə edib onunla sağollaşdım. Elə oldu ki, yolda bu sürücü ilə qarşılaşdım, ürəyim dolu olduğu üçün özümü saxlaya bilmədim, hönkür-hönkür ağladım. Məni götürüb evlərinə apardı, düşünüb ki, dayımın pulu var, ona ev verər, pul verər (gülür). Özü də məndən 15-16 yaş böyük idi, hardasa 41 yaşı olardı. Adıma söz çıxartdılar ki, Aytən qoşulub qaçıb. Anama zəng etdim bəlkə gəlib məni aparar, amma nə ailəm, nə də də qohumlarım mənə arxa çıxdılar.

“Mənə deyirdi ki, “qardaşımın dəlilik kağızı var, səni öldürsə, ona heç həbs də düşmür”…”

Məni apardıqları yerdə qaranlıq bir otağa salmışdılar.

Ardı var…

Minval.İnfo

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər