Menu
Geri İrəli

“Müasir oxucular yeni informasiya istəyirlər”

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2011 • Baxış sayı: 701 dəfə • 2 şərh

Sahilə İbrahimova: “Cəmiyyətdə kitab oxumaq vərdişini möhkəmləndirmək üçün hər kəs öz çevrəsindən başlamalıdır.

Bu günlərdə Sumqayıtlı gənc yazar Sahilə İbrahimovanın “Varlı kişinin portmanatı” kitabı işıq üzü görüb. Yazar Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. Hazırda Etnologiya üzrə magistatura təhsili alır və özəl şirkətlərdən birində çalışır. Gənc yazarın “Gəncliyin Səsi” qəzetinə müsahibəsini təqdim edirik.

-“Varlı kişinin portmanatı” adlı kitabınız işıq üzü gördü. Zəhmət olmasa oxucularımıza kitab haqqında qısa məlumat verərdiniz. Kitabda nədən bəhs etmisiniz?

Kitabda son iki-üç il ərzində yazdığım hekayələr, bir povest və 2 esse çap olunub. Mövzular və və hətta deyərdim ki, üslub hər hekayədə dəyişir. Hekayələr özümüz haqqındadır. Elə bizdəndir. İnanıram ki, hekayələrdə hər kəs mütləq tanıdığına bənzər kiməsə rast gələcək. Deyirlər, əsl yazıçı oxucuya onun özünü göstərməlidir. Məncə, “Varlı kişinin portmanatı”nda kasıblar da, varlılar da, böyüklər də, kiçiklər də özlərindən nəyisə görə bilərlər.

- Oxucularınız arasında gənclər üstünlük təşkil edir yoxsa?

İlk oxucularım ədəbi mühitin nümayəndələri olub. Kitabdan öncə də bir çox mətbu orqanda dərc olunurdum. Oxucular əsasən ortayaşlı yazıçılar, şairlər, publisistlər idilər. Artıq kitab satışa veriləndən və digər tanımadığım insanlar tərəfindən oxunduqdan sonra növbə gənclərə də çatdı. İndi kitabı oxuyub rəy bildirənlər arasında gənclər daha çoxdur.

- Bu yaxınlarda qeyri-adi bir aksiya baş tutdu – 3 gün ərzində digər yazarlarla yanaşı siz də kitab mağazasında satıcı rolunda işlədiniz və alıcılara kitablar tövsiyə etdiniz. “Varlı kişinin portmanatı” və eləcə də ümumilikdə kitab satışı sizi qane edirmi?

- “Ali və Nino”dan dedilər ki, satış pis olmayıb. Bu, imza günü deyildi. Nəşriyyatdan imza günü keçirməyi təklif eləsələr də, razı olmadım. Bu aksiyada həm də başqa kitabları sata bilərdim deyə daha rahat hiss elədim özümü və çəkinmədən şəxsən tanıdığım insanların bəzilərini kitab almağa dəvət elədim. Düşündüm ki, cəmiyyətdə kitab oxumaq vərdişini möhkəmləndirmək üçün hər kəs öz çevrəsindən başlamalıdır. Elə tanıdığım adamlar və hətta deyərdim ki, dostlarım var idi ki, son üç-dörd ildə bir dənə də olsun bədii kitab oxumamışdılar. Satmaq bacarığım yaxşı olmasa da, kitabları çəkinmədən onlara təqdim edirdim. Son iki il ərzində bəzi işlər görülsə də, ümumilikdə kitab reklamı, xüsusilə PR -ı məni qane eləmir. “Qanun” nəşriyyatı və “Ali və Nino” kitab evinin təşəbbüsü ilə bəzi layihələr həyata keçirilsə də, məncə bu işi daha da təkmilləşdirmək mümkündür.

- Sizin fikrinizcə bədii ədəbiyyata maraq azalıb yoxsa gənclərin nəbzini tuta bilən yazarlar yoxdur?

Maraq sözsüz ki, azalıb və bu təkcə Azərbaycanın problemi deyil. Bəli, bu, Azərbaycanda daha kəskin şəkildə özünü göstərir, lakin bədii ədəbiyyatda oxucu darıxqanlığı ikinci dünya müharibəsindən sonra bütün dünyaya yarandı və 90-cı illərdə daha da kəskinləşdi. Ədəbi mühitin və oxucunun əsəri dəyərləndirməsi bəzən eyni olmaya bilir. Oxucunun bəyəndiyi ədəbiyyat bəzən mütəxəssislər tərəfindən ciddi ədəbiyyat nümunəsi kimi qəbul olunmur. Yazıçı maraqlı yazmalıdır. Əsər maraqlı olmalıdır. Bəzən müasir ədəbi nümunələrdə ədəbi yük də, dərinlik də, ədəbi bənzətmələr də, dil və üslub da, bir əsər üçün lazım olan hər şey olur, lakin əsər maraqlı olmur. Bu, uğursuzluqdur. Eyni zamanda oxucu yazıçını, yazıçı da oxucunu formalaşdırmalıdır. Gərək müxtəlif zövqlu bir neçə oxucu kütləsi yaransın ki, yazıçı da hansı toplumun zövqünə əsər yazmaq istədiyini müəyyənləşdirə bilsin. Ümumi götürsək, müasir oxucular yeni informasiya istəyirlər, yazıçılar bunu nəzərə almalıdırlar.

- Fikrinizcə bugünkü oxucu gənc yazarları daha çox oxuyur yoxsa daha öncəki?

Dediyim kimi, oxucu azdır və var olan oxucular sistemsiz oxuculardır. Nə tapırlarsa, onu oxuyurlar və indi daha çox müasir yazıçıların kitabları təklif olunduğundan onlar daha çox oxunur.

- Sumqayıt gənclərinin ictimai fəallığını necə qiymətləndirirsiniz?

Sumqayıt gəncləri fəaldırlar, yaxşı mənada həmişə seçilirlər. Çox müxtəlif nüfuzlu təşkilatlarda, dövlət və özəl müəssisələrdə Sumqayıtlı gənclərə rast gəlmək mümkündür. Lakin sumqayıtlılar Bakıda və hətta Avropada daha çox fəaldırlar, nəinki Sumqayıtda. Bu bir tərəfdən normaldır. Hamımız işkişaf daha çox olan yerlərə getmək istəyirik. Əvvəlcə Bakı, sonra bu meydan da dar gələndə Avropa, Amerika. Lakin, bu, bəzən Sumqayıtda sönük görüntü yaradır.  Sumqayıtda daha qızğın gənc mühitin olmasını istərdim. Bunun üçün QHT lər, tədris müəssisələri, turizm şəbəkəsi müxtəlif birgəlayihələr həyata keçirməlidirlər.

Söhbətləşdi: Eyvaz Qocayev

Facebook Şərhləndirmə:

““Müasir oxucular yeni informasiya istəyirlər”” yazısına 2 cavab

  1. vefa deyir:

    Bu kitabı hardan almaq olar?

  2. Nurane deyir:

    Oxumaq isteyenleri duzgun yonlendirmek ucun saytlarda her yas qrupuna uygun istenilen yazicinin eserlerinin hec olmasa adlari reklam olunmalidir.Hefteye 7 kitab adi reklam olnusa,her halda o kitablarin “Dalinca qacan” tapilar.Meslehetdir…

Şərhinizi yazın