Menu
Geri İrəli

“Sumqayıt 2020: imkanlar və risklər” vətəndaş təşəbbüsü çərçivəsində ilk müsahibə

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2009 • Baxış sayı: 624 dəfə • Şərh yoxdur

Qısa müddət ərzində internet istifadəçiləri arasında xeyli populyarlaşan ölkənin ilk operativ regional xəbər portalı olan sumqayitxeber.com online qəzetinə müxtəlif maraqlı təkliflər daxil olmaqdadır. Onlardan biri də, Dövlət İdarəçilik Akademiyasının müəllimi, iqtisadçi ekspert Kənan Aslanlıdan daxil olmuşdur. Sumqayıt şəhərinin önümüzdəki onillikdəki inkişaf imkanları və risklərinin açıq müzakirə olunması, mümkün qədər senariləşdirilməsi və planlaşdırılmasını əhatə edən “Sumqayıt 2020: imkanlar və risklər” vətəndaş təşəbbüsüdür. Biz bu təşəbbüs çərçivəsində mütəmadi olaraq şəhərimizin tanınmış ziyalıları, şəhərimizdə yaşayan müxtəlif peşələrin ekspertləri və rəsmilər ilə müsahibələri, onların şəhərin inkişafı problemləri və imkanları ilə bağlı fikirlərini nəzərinizə çatdıracağıq. Bir müddətdən sonra isə, məhz həmin mütəxəssislərin və aktiv ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirib, bu təşəbbüsü daha da ictimailəşdirmək və sonda yazılı sənəd formasında “Sumqayıt 2020: imkanlar və risklər” hesabatını hazırlamaq niyətindəyik.
Beləliklə ilk müsahibəmiz təşəbbüsün müəllifi Dövlət İdarəçilik Akademiyasının müəllimi, iqtisadçi ekspert Kənan Aslanlı ilədir.

Kənan müəllim, belə bir təşəbbüslə çıxış etdiyiniz üçün sumqayıtxeber.com və onun oxuyucuları adından sizə minnətdarıq. Siz Sumqayıt şəhərinin iqtisadiyyatını bir ekspert kimi necə qiymətləndirirsiniz?

Təşəkkür edirəm. Sumqayıt Azərbaycanın həm sosial-siyasi, həm də iqtisadi həyatında mühüm rol oynayan şəhərlərdəndir. Bu şəhərin iqtisadiyyatında həmişə iri əmək tutumlu kimya müəssisələri aparıcı rol oynamışdır. Bunlar nəinki şəhər miqyasında, hətta ölkə miqyasında kütləvi məşğulluğu təmin edən müəssisələr olmuşdur. Hansı ki, bunların bir çoxu uzun müddətdir ki, fəaliyyətini dayandırmışdılar. Fəaliyyətdə olanların isə son iqtisadi böhrandan sonra həm xammal təminatı, həm də satışla bağlı bir sıra ciddi problemləri ortaya çıxmışdır. Hətta onlardan bəziləri kütləvi ixtisarlara getmişlər və ya fəaliyyətlərinə bütövlükdə xitam vermişlər. Təcrübə göstərdi ki, Sumqayıtda arta biləcək işsizliyi Bakının əmək bazarı hesabına tam həll etmək mümkün deyil. Sumqayıtın Bakının peyk şəhərinə çevrilməsi, onun iri əməktutumlu və orta miqyaslı elmtutumlu müəssisələrə olan ehtiyacını azaltmır. Bir şeyi də unutmaq lazım deyil ki, heç bir iqtisadiyyat yalnız iri müəssisələr hesabına inkişaf edə bilmir. Kiçik və orta sahibkarlıq subyektlərinin tam maneəsiz fəaliyyətinin təmin edilməsi, şəhər iqtisadiyyatının tam leqallaşdırılması uzunmüddətli iqtisadi inkişaf baxımından qaçılmazdır.

Siz şəhər iqtisadiyyatının ümumi ölkə iqtisadiyyatındakı rolunu necə dəyərləndirirsiniz?
Ümumiyyətlə ölkə iqtisadiyyatının əsasən neft-qaz sektorundan demək olar ki, bütün makroiqtisadi parametrlər üzrə (ixracda 97%, büdcə daxil olmalarında 65%, ümumi daxili məhsulda 55%) asılılığı regionlar arası inkişafda da öz əksini göstərir. Baxmayaraq ki, Sumqayıt neft-qaz sənayesinin cəmləşdiyi Bakı şəhərindən cəmi 30 dəqiqəlik məsafədə yerləşir, biz deyə bilmərik ki, Sumqayıt həm neft-qaz sektoruna yardımçı sahələr, həm də alternativ investisiya baxımından ölkənin iqtisadiyyatına tam potensialına uyğun töhvə vermişdir. Yəni Sumqayıt iqtisadi struktur baxımından Bakıdan daha çox, digər iqtisadi rayonlara oxşardır.
Mən Sumqayıt iqtisadiyyatının gələcəyini onun ekoloji problemlərindən ayrı görmürəm. Düzdür, bəzi hallarda investorlar çirklənmiş və ekoloji normaların tam qorunmadığı bölgələrə üstünlük verə bilərlər, ancaq orada yaşayan əhali və onların daha sağlam işçi qüvvəsi kimi şəhərin inkişafında lazımi rol oynamaları ekoloji problemlərin həllindən birbaşa asılıdır.
Mən dəfələrlə Sumqayıt şəhəri və onun regionların inkişafı baxımından rolunun müzakirə olunduğu tədbirlərdə iştirak etmişəm. Bu kimi tədbirlərdə bir qayda olaraq, Sumqayıtın iqtisadi gələcəyi turizm xidmətləri ilə əlaqələndirilir. Ancaq mən Sumqayıtın turizm imkanlarının tam öyrənildiyi və onun müasir turizm sektoru üzrə baza tələblərinə adekvat olduğu qənaətində deyiləm. Mən Sumqayıtı daha çox ölkənin İKT, özəl təhsil, özəl səhiyyə və intellektual xidmətlər mərkəzi kimi təsəvvür edirəm. Bütün bunlar təbii ki, Sumqayıtın ənənəvi sənaye şəhəri statusunun qalamasını da istisna etmir.

Bəs sizin Sumqayıt şəhərinin streteji idarə olunması məsələlərinə yanaşmanız nədən ibarətdir?
Strateji idarəetmə, vizyon, geniş informasiya bazası, hesabatlılıq, konsensus və keyfiyyətli insan resursları tələb edir. Eyni zamanda, söhbət əgər şəhərin strateji idarə olunmasından gedirsə burada idarəetmə qərarlarının təsirinə mütəmadi məruz qalan sosial qrupların fikirləri də mütləq nəzərə alınmalıdır. Yerli özünüidarəetmə ilə inzibati idarəetmə aparatının səlahiyyət və funksiyalarının tam bir-birindən ayrı olması da işin xeyrinədir.
Biz başa düşürük ki, yaşadığımız dövr həddindən artıq mühit dəyişgənlikləri ilə xarakterikdir və bu həm idarəetməni, həm də proqnozlaşdırmanı çətinləşdirir. Ancaq bəzi məslələrə vaxt itirmədən başlamağın zamandır. Məsələn, Sumqayıt şəhərində uzunmüddətli miqrasiya axınları, şəhərin demoqrafik strukturunu necə dəyişəcək? Şəhərin genişlənməsi nə dərəcədə idarəolunan olacaqdır və bu özündə hansı riskləri daşıyır? Bütün bunlar Sumqayıtın starteji idarə olunması üçün öyrənilməsi zəruri olan məsələlərdir. Eyni zamanda dəyişikliklərə çevik reaksiya verə bilən və hətta məhdud idarəetmə resursları ilə də fəaliyyət göstərə bilən strateji idarəetmə strukturunun formalaşdırılması vacibdir.

Siz “Sumqayıt 2020: imkanlar və risklər” təşəbbüsünün gələcəyini necə görürsünüz?

Mən bu təşəbbüsü Sumqayıtın intellektual elitasının, şəhərin uzunmüddətli inkişafı ilə bağlı risklər və imkanları əhatə edən fikirlərini və viziyonlarını bir araya gətirən bir fikir platforması kimi təsəvvür edirəm. Təbii ki burada rəsmi mövqe də öz əksini tapmalı və bir çərçivə rolunu oynamalıdır. Ancaq mahiyyət etibarı ilə bu ictimai təşəbbüsdür. Sonda ortaya Sumqayıtın sivil strateji inkişaf planı çıxa bilər. Əgər bu belə olsa, bu Azərbaycanın müasir şəhər idarəetməsi tarixində beyin hücumuna və sivil senariləşdirməyə əsaslanan bir innovativ yenilik kimi də qiymətləndirilə bilər. Belə modellər bir çox ölkələrdə həm şəhər idarəetməsi, həm də sektoral idarəetmə üzrə tətbiq edilir. Belə ki, hər biri öz sahəsində tanınan mütəxəssislərin konkret məsələlər üzrə rəyi öyrənilir, daha sonra onlar açıq və ya qapalı beyin hücumu toplantılarına yığılır. Burada fikirlrlər daha da cilalanır və sonda ortalığa fikir plüralizminin məhsulu sayıla biləcək bir strateji sənəd qoyulur. Bu sənəd həm hazırlanma mərhələsində, həm də hazırlandıqdan sonra geniş ictimai müzakirəyə çıxarıla bilər və starteji idarəetmə qərarlarının qəbulunda nəzərə alına bilər. Mən də bu təşəbbüsün bütün bu mərhələləri uğurla keçəcəyinə və Sumqayıtın uzunmüddətli inkişafına şəhər ziyalılarının bir töhvəsi olacağına ümid edirəm.
Söhbətləşdi: Eyvaz Qocayev

Facebook Şərhləndirmə:

Şərhinizi yazın