Menu
Geri İrəli

“1 dollar 1,5-2 manat səviyyəsinə kimi gəlib çata bilər”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2015 • Baxış sayı: 519 dəfə • Şərh yoxdur

5dd0830941f2Millət vəkili Vahid Əhmədov: “Yəqin Avropa Oyunlarından sonra da müəyyən ciddi islahatlar gedəcək”

Qlobal iqtisadi böhran, neftin dəyərdən düşməsinin məntiqi nəticəsi olaraq əksər ölkələrin milli valyutalarının devalvasiyası bu dəfə Azərbaycanı da öz ağuşuna aldı. Bu gün ölkə insanının rahatlığını pozan manatın getdikcə dəyərsizləşməsi, güzəranın ağırlaşması, bazarda qiymətlərin sürətlə artması nəticəsində perspektivin daha qaranlıq görünməsidir.

 Azərbaycanda iqtisadi-siyasi şərhlərinə, təhlillərinə ciddi etimad bəslənilən deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovla vəziyyəti geniş şəkildə dəyərləndirmək üçün istiqlalçı millət vəkilini “Yeni Müsavat”a dəvət etdik. Baş redaktor Rauf Arifoğlu, baş direktor Ələsgər Süleymanov, redaktorlardan Zahid Səfəroğlu, Nazim Sabiroğlu və bu sətirlərin müəllifinin iştirakı ilə keçən söhbətimizi sizə təqdim edirik.
- Vahid bəy, paytaxtda yeni bir ajiotaj var. Biz elə günlərdə görüşürük ki, “dollar, manat, devalvasiya” ifadələri ən populyar ifadələrdir. Azərbaycanı, onun insanlarını ikinci devalvasiya dalğası təhdid edirmi, insanların narahatlığına əsas varmı? Bu sahənin mütəxəssisi kimi istərdik bununla bağlı fikirlərinizi bölüşəsiniz.
 
- Narahatlıq təbii ki, var. Elə bizim özümüzdə də narahatlıq var. 21 fevral devalvasiyasından sonra Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin bizə verdiyi rəsmi məlumat oldu. Komitə iclasında biz onu təsdiq edəndə müəyyən suallar vermişdik. Bir sual da bu idi. Dedi ki, keçən son vaxtlar biz manatı stabil saxlamaq üçün 1 milyard dollar xərcləmişdik. Biz aprelin əvvəlində onu təsdiqlədik… İndi də manatı həmin səviyyədə saxlamaq üçün təxminən 600-700 milyon vəsait xərcləyirlər. Yəni manat öz həqiqi, real yerini gəlib almayıb.
- Nə qədərdir real qiymət? 
- Onu demək olmaz, bu, neftin qiymətindən asılıdır. Ümumiyyətlə, manatın devalvasiyası getmədi, əslində bu, neftin devalvasiyası idi. Çünki manat birbaşa neftlə əlaqədardır. Neftin qiyməti qalxacaqsa, manatın da qiyməti qalxacaq, neftin qiyməti düşəcəksə, manatın da qiyməti düşəcək. Çünki bizim ixracımızın 93 faizi neft məhsullarıdır, yalnız 7-8 faizi qeyri-neft məhsullarıdır. Neft nə qədər çox ixrac olunarsa, Azərbaycana dollar bir o qədər çox gələr. Ona görə də bu, labüd haldır. Amma burda bəzi məsələlər var. Devalvasiya prosesi Azərbaycanda çoxdan getməliydi.
- Nə zamandan? 
- Hesab edirəm ki, bu, 2013-cü ildən başlamalıydı.
- Bu da neftlə bağlıdır?
 

“Neftin qiyməti qalxacaqsa, manatın da qiyməti qalxacaq, neftin qiyməti düşəcəksə, manatın da qiyməti düşəcək”

- Bəli. Biz hələ o vaxt proqnozlara baxanda demişdik ki, 2013-cü ildən başlayaraq neft hasilatı ildə təxminən 5-6 faiz aşağı düşəcək. Elə belə də oldu. Amma biz onda heç neftin qiyməti barədə fikirləşməmişdik. İnanmırdıq ki, neftin qiyməti gəlib hardasa 50-60 dollar səviyyəsinə enər. Biz onu nəzərə alıb deyirdik ki, manat devalvasiyaya uğramalıdır, neftdən gələn gəlirlər azalacaq, dövlət büdcəsində problemlər yaranacaq. Ancaq çox təəssüflər ki, onda buna getmədilər. Son vaxtlar MDB məkanında devalvasiya prosesi getdi, Rusiyaya qarşı sanksiyalarla, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq bölgədə çox ciddi problem yaranıb. Ona görə Azərbaycan da bu addımı atmağa məcbur oldu. Amma o vaxt biz yumşaq devalvasiyaya getsəydik, əlbəttə, belə bir duruma gəlib çıxmazdıq, yəni Azərbaycanda şok-terapiyaya ehtiyac qalmazdı.
- İkinci devalvasiya bu qədərmi qaçılmazdı və  olsa, çoxmu kəskin olacaq, yenə sərt devalvasiyamı yaşanacaq? 
- Bizim hesablamamıza görə, əgər neftin qiyməti bu səviyyədə saxlanacaqsa – hardasa 55-60 dollar səviyyəsində – əlbəttə, devalvasiya gedəcək. Bayaq dediyim kimi, devalvasiyanın iki variantı var: yumşaq və sərt. Yumşaq devalvasiya aparsalar, hardasa ilin axırına, gələn ilin ortalarına qədər manat gəlib öz dəyərini ala bilər. Yəni təxminən 1 dollar 1,5-2 manat səviyyəsinə kimi gəlib çata bilər. Yox, sərt devalvasiyaya gedilsə, bu, çox ciddi rezonansa səbəb ola bilər.
- Sizdə məlumat varmı ki, hökumətdəki iqtisadi komanda Azərbaycanı devalvasiyanın saldığı vəziyyətdən, əhalini, iqtisadiyyatı bu durumdan çıxartmaq üçün işlər görürmü və bunlar hansılardır?  
- Görülən işlər hamısı göz qabağındadır. Ümumiyyətlə, burda manatı bu vəziyyətdən çıxartmaq üçün birinci variant bank sisteminin çevik işləməsidir, ikincisi də qeyri-neft sektorunun inkişafıdır. Yadınızdadırsa, 21 fevralda devalvasiyaya gediləndə məlumat verdilər ki, Azərbaycanın ixracyönümlü məhsullarının faizini artırmaq üçün buna gedilir. İxracyönümlü məhsulların faizini bir gün artırmaq mümkün deyil, bunun üçün illər lazımdır. Hansısa məhsulu xaricə çıxartmaq üçün 5-10 il vaxt lazımdır ki, sən o məhsulu istehsal edə biləsən.
- Bizdə istehsal potensialı varmı?
 

“Səudiyyə Ərəbistanı neft ixrac edən əsas ölkələrdən biridir, həm də ABŞ-ın müttəfiqidir. Yəni məlumatlı bir dövlətdir, onun kralı da məlumatlı şəxsdir. Ona görə də cənab prezident yəqin o məlumatları əldə etmək istəyib”

- Hələlik yoxdur, bununçün vaxt lazımdır. Bizdə xaricə çıxarılan yeganə məhsullar kənd təsərrüfatı məhsullarıdır, hansı ki, biz qonşu MDB ölkələrinə ixrac edirik. Digər elə bir məhsulumuz yoxdur, bunun üzərində işləmək lazımdır. O mənada bu fakt özünü o qədər də doğrultmur ki, xaricə məhsul çıxartmaq üçün devalvasiyaya gedirik. Biz devalvasiyaya gedəndə Azərbaycanın təqribən 50 milyarda yaxın ehtiyatı var idi. Bunun müəyyən hissəsi xərcləndi. Mərkəzi Bankın özünün 15 milyard dollara yaxın ehtiyatı var idi, hazırda hardasa 10 milyard qalıb.
- Deməli, ehiyatlar baxımından vəziyyət kritik deyil…
- Bəli, ehtiyatlar var. Amma ehtiyatı birdən-birə xərcləmək də olmaz, bunun sabahı da var. Sabah neftin qiyməti gəlib 20 dollara düşdü, onda neyləyəcəksən? Onda gərək 1 dollar 3-4 manat olsun. Bunu etmək olmaz axı. Hökumət bunları da fikirləşir. Mənim aldığım məlumata görə, fevral ayında  hökumətin yumşaq, digəri sərt devalvasiya ilə bağlı variantı olub. Müəyyən şəxslər yumşaq devalvasiya təklif ediblər, buna razılaşmayıblar, ona görə də birdən-birə sərt devalvasiyaya gedilməsinə qərar verilib. Çünki Rusiyada vəziyyət ciddi gərginləşdi, bizim də Rusiya ilə müəyyən qədər ticarət əlaqələrimiz var. Qazaxıstanda milli valyuta qiymətdən düşdü, Türkmənistan və digər dövlətlər də məcbur olub buna getdilər. Yəni burda başqa yol da yox idi. İqtisadiyyatı müəyyən qədər qoruyub-saxlamaq üçün devalvasiyaya getmək lazımdır. Bundan sonra da buna gediləcək, ilin axırına kimi bunun şahidi olacağıq.
 
- Vahid bəy, əvvəlki iqtisadi komandaya daxil olan sabiq nazirlərdən biri Fikrət Yusifov deyib ki, Səudiyyə Ərəbistanı istiqamətində açılımlar etmək doğrudur, biz ordan milyardlar cəlb edə bilərik. Bizim gördüyümüz görüntülər doğrudan bu cəlbiyyat istiqamətindədirmi və siz bu variantı real sayırsınızmı ki, ərəb sərmayəsi Azərbaycanı qurtara bilər?
 
- Bundan əvvəl Səudiyyə Ərəbistanının baş naziri burda səfərdə idi. Ondan sonra da cənab prezident ora səfər etdi. Yeri gəlmişkən, cənab prezidentin və ailə üvlərinin İslam dünyasının müqəddəs şəhəri olan Məkkəyə gedərək Ümrə ziyarətində olması da təqdirəlayiqdir, xüsusi rəğbətlə qarşılanır. Ayrı-ayrı analitiklər, ekspertlər bu səfərin müəyyən məqamlarına toxunurlar. Amma mənim fikrimcə, səfərdə ilk məqsəd ondan ibarətdir ki, neftin qiyməti ilə əlaqədar cənab prezidentdə də dəqiq məlumat olsun. Yəni ilin axırına qədər, yaxud yaxın aylar üçün neftin qiymətində daha hansı problemlər yarana bilər. Səudiyyə Ərəbistanı ilə Azərbaycanın münasibətləri həmişə yaxşı olub. Ola bilər ki, cənab prezident investisiya yatırımının, müəyyən layihələrin həyata keçirilməsi üçün Ərəbistanın investorlarını Azərbaycana cəlb etsin. Bizdə gələn il Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək, bununla bağlı müəyyən xərclər tələb olunacaq. Bu problem ola bilər. Amma mən dəqiq deyə bilmərəm ki, səfərin əsas məqsədi nədən ibarətdir. Hesab edirəm ki, indiki vəziyyətdə bu, çox önəmli bir səfər idi. Çünki Səudiyyə Ərəbistanı neft ixrac edən əsas ölkələrdən biridir, həm də ABŞ-ın müttəfiqidir. Yəni məlumatlı bir dövlətdir, onun kralı da məlumatlı şəxsdir. Ona görə də cənab prezident yəqin o məlumatları əldə etmək istəyib.
 
- Azərbaycana sərmayə axınının olması variantını necə, real sayırsınız?
- Ola bilər. Mən bu fikri qəbul edirəm. Çünki Səudiyyə Ərəbistanı vəsaitə ehtiyacı olmayan bir dövlətdir, kifayət qədər ehtiyatı var və istənilən zaman Azərbaycana sərmayə qoya bilər, burda problem ola bilməz.

“Milli Məclisin tərkibi əsasən YAP-ın deputatlarından ibarətdir, onlar qanunu boykot edə bilirlər”

- Vahid bəy, siz Azərbaycan hökumətinə rəhbərlik etmiş şəxslərdən birisiniz, millət vəkilisiniz, çox önəmli bir komitənin – İqtisadi siyasət komitəsinin üzvüsünüz, həm də ölkədə rəyi olduqca mötəbər qəbul olunan bir ekspertsiniz. Mən xatırlayıram, devalvasiya vaxtı bir müsahibə vermişdiniz, bir neçə günə oxucu sayı 40 mini keçdi… İndi hamı vəziyyətin təsvirini verir, şəklini çəkir, sözlə deyir. Biz bilirik ki, siz çox yüksək səviyyəli mütəxəssissiniz, sizdən vəziyyətə dair təkliflər paketi istənilsə, varınızdırmı? Yəni bu şəraitdə Azərbaycanın daha az itkilərlə çıxması üçün sizcə, nələr etmək olar? 
- Bizim belə təkliflərimiz var. Birincisi, Azərbaycanda struktur islahatları getməlidir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda struktur islahatları getməyib. Azərbaycan bazar iqtisadiyyatına uyğun bir dövlət strukturu qurmalıdır. Yəni elə bir struktur olsun ki, bu, bazar sistemində fəaliyyət göstərmək imkanına malik olsun. İkincisi, biz ixracyönümlü məhsulların istehsalına nail ola bilməsək, Azərbaycan ciddi problemlərlə üzləşəcək. Biz kənd təsərrüfatına diqqəti çox ciddi artırmalıyıq. İşlək əhalimizin 40 faizi kənd təsərrüfatındadır. Bizim orda imkanımız var ki, bəzi məhsulları ixrac edək, Azərbaycandan kənara çıxaraq, ordan müəyyən qədər valyuta qazanaq.
Hesablamalarımıza görə, ildə təqribən 500 milyon manat sərmayə qoymaq lazımdır ki, o sahədən ildə 10-12 faiz ixracyönümlü məhsullar əldə edək. Bu, əsas prinsiplərdən biridir. Mən həmişə demişəm, biz istehsal prosesində çox gecikirik. Sovet vaxtı Azərbaycanda neft-maşınqayırma sənayesi var idi. Biz SSRİ-nin 75 faiz neft-maşınqayırmasını məhsullarla tanış edirdik. Azərbaycan Neft Şirkəti indi ölkəyə həmin məhsulları xaricdən dollarla alıb gətirir. Bizim mütəxəssislərimiz də, imkanımız da var, zavodlarımız da olub. Yəni hökumət bu məsələlər üzərində daha çevik işləməlidir. Üçüncü, ən ciddi məsələlərdən biri Azərbaycanda olan korrupsiya və rüşvətxorluq məsələləri aradan qaldırılmalıdır.
- Korrupsiyaya Qarşı Mübarizə İdarəsi var… Başqa nə etmək olar? 
- Düzdür, idarə də var, cənab Ramiz Mehdiyevin rəhbərliyi altında komissiya da var, müəyyən işlər də görülür. Açığını deyim, dünən mən Hesablama Palatasının rəyini oxuyurdum, 2014-cü ildə 83 nəzarət həyata keçiriblər və harda nəzarət mexanizmi işləyibsə, orda korrupsiya da var, rüşvətxorluq da. Elə bir təşkilat yoxdur ki, orda bu hallar olmasın. İnsanları cərimə də edirlər, o vəsaiti geriyə də alırlar, hətta prokurorluğa verirlər, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də məşğul olur. Amma yenə insanlar bundan əl çəkmir. Yəni bunun kökündə başqa məsələlər var, onları həll etmək lazımdır. Ümumiyyətlə, variantlar çoxdur.

Bizdə monopoliyada olmayan heç nə yoxdur”

- Gömrük, vergi sistemi ilə bağlı hansı qeydləriniz var? İddialar səslənir ki, bahalığın olmasının bir səbəbi də monopoliya və gömrük monopoliyasının olmasıdır…
 
- Monopoliya Azərbaycanda ən ağır məsələlərdən biridir. Bizdə monopoliyada olmayan heç nə yoxdur. Hər şey monopoliyadadır. Ona görə də Azərbaycanda idxal olunan məhsulların qiyməti çox yüksəkdir. Bir dəfə bizim həmkarımız Qubad İbadoğlu idxalla bağlı bir analiz aparmışdı. Yəni Azərbaycana nə qədər məhsul daxil olub, amma ölkədə necə qeydə alınıb və s. Aralarında təqribən 4-5 dəfə fərq var idi. Yəni bu, faktdır. Ona görə də gömrüklə, vergi ilə əlaqədar şəffaflıq olmasa, vəziyyətin dəyişməsi qeyri-mümkündür. Mən demirəm ki, 100 faiz…
2006-cı ildə cənab prezident Rəqabət Məcəlləsini Milli Məclisə göndərib. Biz onu iki oxunuşda qəbul etmişik, üçüncü oxunuşda qəbul edə bilmirik. Bu günə kimi qoymurlar ki, Rəqabət Məcəlləsini qəbul edək. Demirəm ki, onu qəbul edən kimi birdən-birə monopoliya aradan qaldırılacaq. Müəyyən qədər təsir edəcək, dövlət başçısının rəhbərliyi altında komitə yaradılacaq və həmin komitə bu işlərlə məşğul olacaq. Yəni monopoliya Azərbaycanda çox güclüdür. O cümlədən gömrükdə, vergidə də olan hadisələr, münasibətlər onu göstərir ki, bu proseslər şəffaflıq səviyyəsində həll olunmasa, müsbət nəticəyə nail olmaq qeyri-mümkündür.
 
- O qanunun qəbuluna imkan verməyən kimdir?
- Monopolistlər.
- Onlar deputatlardımı?
- Milli Məclisin tərkibi əsasən YAP-ın deputatlarından ibarətdir, onlar qanunu boykot edə bilir, problem deyil.
- 2005-ci ildə gəlir bəyannaməsi haqqında qanun qəbul edildi. Siz dediyiniz korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, şəffaflıq kontekstində aparılan tədbirlərdən biri kimi niyə bu qanun icraya yönəldilmir?

“2006-cı ildən bu günə kimi qoymurlar ki, Rəqabət Məcəlləsini qəbul edək”

- Bu məsələ də bir neçə dəfə qaldırılıb, elə bir ciddi problem də yoxdur. Mən televiziyada izlədim, Ukrayna prezidenti Poroşenko 2014-cü ildəki gəlirləri ilə əlaqədar olaraq deklorasiyanı təqdim edib.  Hətta mən dedim əgər bu məsələdən çəkiniriksə, gəlin maliyyə amnistiyası tətbiq edək. Cəmiyyət bilsin ki, bunlar Azərbaycanda olan varlı insanlardır. Yəni biz onlara toxunmayacağıq, onlarla işimiz yoxdur. Çox dövlətlərdə bunu ediblər. Amma biz demirik ki, onun kapitalına amnistiya verək, istədiyi kefi eləsin. Amnistiya veriləndən sonra maliyyə mənbələri hamısı yoxlanılmalı, baxılmalıdır. Azərbaycan dövləti, insanı üçün istifadə edəcəksə, buyursun. Lakin bu kapitalın hamısını aparıb xaricə yatıracaqsa, əlbəttə, ona heç bir dövlət getməz, icazə verməz.
 - İstinad etdiyiniz Poroşenkonun köməkçisi Saakaşvilidir. Biz bu məsələdə Gürcüstan təcrübəsindən də istifadə edə bilərik…
- Təcrübə çoxdur.
- Bəs iradə?
 
  - İradə də var. Mən cənab prezidentin iradəsini görürəm. Son vaxtlar Torpaq və Xəritəçəkmə Komitəsini ləğv etdi, “Azərenrji” sistemində çox böyük dəyişikliklərə qərar verdi, “Azərişıq” yaradıldı. Hesab edirəm ki, yəqin Avropa Oyunlarından sonra da müəyyən ciddi islahatlar gedəcək. Mənə sual verilir ki, məgər bank sistemində Elman Rüstəmovdan başqa kadr yox idi sədr qoymağa? Sizə açığını deyim, son vaxtlar bank sistemində çox güclü kadrlar əmələ gəlib. “PaşaBank”, “KapitalBank”, “AzəriqazBank”, “UniBank”da xaricdə oxuyub gələn gənc mütəxəssislər həddən artıq çoxdur. Rəhbərlikdə olan o insanlar hamısı bank sistemini idarə etmək qabiliyyətinə malik və layiq olan şəxslərdir, onlardan istifadə etmək, onlara səlahiyyət vermək lazımdır. O insanlar daha az korrupsiya və rüşvətxorluğa meylli olur.
- Vahid bəy, siz bunları indiki bank sistemi ilə müqayisədə deyirsiniz?
(davamı gələn sayımızda)
Söhbəti qələmə aldı:
Elşad PAŞASOY
FOTOLAR: Məhəmməd TÜRKMƏN
 Musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın