Menu
Geri İrəli

`Bu sual şillə kimi dəydi mənə` – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2013 • Baxış sayı: 256 dəfə • Şərh yoxdur

`İndi son dərəcə realistəm, hətta romantikləri ələ salıb gülürəm`

“Azvision.az” saytının növbəti müsahibi şairə və jurnalist Sevinc Çılğındır. Emosional və pozitiv enerjili bu xanım müsahibə boyu da gülüşündən və zarafatlarından qalmayıb.

- Hazırda nə yerdədi yaradıcılığınız? 
- Yaradıcılığım sıfır nöqtəsindədir bu dəqiqə. Heç nə yazmıram. Yazırlar da, elə gərək mən də yazım?

- Neçə kitabınız var? 
- İki demək olar.

- Bir ara kitablarınızın qiymətini 50 faiz endirmişdiniz? Səbəb nə idi? Çətin satılır? 
- “ƏDV-yə yox deyək” kampaniyasına dəstək üçün etmişdim. Mənim kitablarım satıldı. İki dəfə imza günü etdim, ikisində də həmin ayın ən çox satılan kitabı oldu bizimkilər arasında. Görünür, reklamını yaxşı qurmuşdum.

- Ümumiyyətlə kitablardan qazanc götürmüsünüz? 
- Yox, qətiyyən maddi marağım olmayıb.

- Hardasa yaradıcılığınızda, yəni şeirlərinizdə çılğın hisslərin ifadəsindən daha çox sakit, səssiz və romantik bir Sevinc var. Düzdür? 
- Hansı şeirləri nəzərdə tutursunuz? Bir də ki, mənim sakit halımı görən olub?!

- Elə gözlərində yox oldu həyat
kimsə bilmədi nələri itirdim
Nələr qaldı yarı yolda
susmağa məcbur
yaşamağa təhkim
olmasan olmur
qoynuna sığınmadan
ovuclarında itmədən
olmur, hər şeyim, olmur…

- Qırx il öncə yazmışam bunu(gülür)… Romantik vaxtlarımda… İndi son dərəcə realistəm, hətta romantikləri ələ salıb gülürəm.

- İndi romantik yazmaq olmur? 
- Şəxsən mənim ətim tökülür. Səndən, məndən, duyğulardan yazacaq vaxt deyil indi. O boyda real problemləri qoyub güldən, bülbüldən yazmaq həm də başıboşluqdur. Mən bunu bacarmaram.

- Bəs indi nəyin vaxtıdır? 
- Nəsr zamanıdır. Ciddi ədəbiyyat yaratmaq lazımdır. Şeir maraqsızdır mənim üçün.

- Sizcə, müasir oxucunu cəlb etməyə nə lazımdır? 
- Ancaq realllıqlara söykənən ağıllı şeiri qəbul edə bilərəm. Oxucunun həyat dinamikası ilə ayaqlaşan əsər ola bilər. Niyə Qaraqan çox oxunur və onun kütləsi gənclər, yeniyetmələrdi?! Ona görə ki, onların həyatını onların anlayacağı dildə yazır. Bizdə əsərlər, romanlar başdansovdu yazılır. Tələsirlər ki, tez yazım, kitab çıxsın imza günü eləyim. Subay qızlar toy gecəsini xəyal etdikləri kimi yazarlarımız da imza günlərini xəyal edib, çaparaq ağızlarına gələni basmaqəlifeyi yazıb çap etdirirlər. Ona görə də alınmır. Əvvəlcə yüzlərlə kitab oxumaq, mövzunu araşdırmaq lazımdır, sonra həzm-rabədən keçirib öz əsərini yazmaq, yoxsa alınmayacaq.

- Bəs, indi kimlər oxunmur deyə bilərsiz? 
- Kimlər oxunur sualına cavab vermək daha asandı.

- Şou-biznesdə olduğu kimi ədəbiyyat adamları arasında da intriqalar, söz-söhbətlər baş verir. Bunları kim təşkil edir? Sizi nə vaxtsa belə qalmaqala təhrik ediblər? 
- Yadımda deyil düzü. Məncə, ağıllı adamın mənlə işi olmamalıdır. Çünki sözü birbaşa üzə deyən olduğumu, üstəlik ağa- ağ, qaraya- qara dediyimi yaxşı bilirlər. Tanıyırlar məni.

- Ədəbiyyatdan uzaqlaşaq. Hazırda işləyirsiniz? 
- Aha.

- Bəs işi, evi, üstəlik iki körpə balanızı bir arada idarə etmək çətin olmur ki? 
- Yox. Çatdırıram. İşdə də normal rejim var. Köməkçim də var. İdarə edirik, şükür. Üstəlik kino, teatr, gəzmək, qonaqlıq, hələ az qala hər gün toy. Hamısını çatdırıram. Yalan sözdü ki, vaxt çatmır. Adam istəsə, hər şeyə zaman ayırar. Önəmli olan qadın olduğunu hiss etməkdir. Gərək yanındakı kişi sənə qadın olduğunu hiss etdirsin. Təkcə güzgüyə baxanda xatırlamayasan bunu.

- Deməli, bunu Zahir bəyə borclusunuz…
- Ola bilər. Mən özümü də, varlığımı da, həyatımı da Zahir bəyə borcluyam! O var deyə, mən də varam. Onsuz yarımam, natamamam. Nahaq yerə yar deməyiblər.

- Mətbəxlə? Biş-düşlə aranız necədi? 
- Yalnız yeməyi özüm bişirirəm. Çünki, çox zövqlü, xoş, maraqlı işdi. Yeməyimi heç kəsə etibar etmirəm. Düzü, bəyənmirəm. Ancaq elə yeməklər var ki, onları anam və nənəm gəlib bişirir. Məsələn: yarpaq dolması – manikürümü qorumaq lazım gəlir.

- Ən son bişirdiyiniz yemək hansı olub? 
- Son vaxtlar istidir deyə dənizə filana qaçmışıq şam yeməyinə. Amma, dünən depressiyada idim deyə özümə yeni bir şey bişirdim. Adını hələ qoymamışam. Döş ətinin iri bir parçasını dad-duz edib, içinə düyü bişirib qoydum. Çöplərlə kənarlarını sancaqlayıb, sobada qızartdım. Əla idi. Amma çox idi və mən özüm də hiss etmədən hamısını yedim. Yavrum yaxınlaşıb təəccüblə soruşdu: -“Anne, sən niyə çoxlu qədər yeyirsən?” Bu sual şillə kimi dəydi mənə. Ayıldım elə bil.

- Övladlarınız xaraktercə daha çox kimə bənzəyir? 
- Yavrum sakit təbiətlidir, Zahir bəydəndi, amma hər şeyə ironik yanaşması, ciddi məqamları komik qarşılayıb, bolluca gülməsi məndəndi. Sezayım da müəyyən mənada olğunluq hiss edirəm. Ağıllı baxışları var. Yüngül uşaq deyil. Təbii ki, atasından keçib. Amma hikkəli, tərs və ərköyünlüyündən bilinir ki, Sevincin oğludu.

- Siz ərköyün uşaq olmusunuz? 
- Zahirin sayəsində hələ də olmaqdayam. Anam deyir var idi hüsnücamalın, Zahir elədi səni lap dəli Bayraməli ( gülür).

- Qısqanclıqda məsələ nə yerdədi? Bu hiss hansınızda daha çoxdu? 
- Məndə var. Amma yalandan edirəm. Zahiri iynənin ucu boyda tanıyan adam bilir ki, o necə təmiz adamdır. O heç vaxt dostlarına, insanlara, hətta özünə belə xəyanət etməmiş adamdır. Su kimi dumdurudur, şəffafdır. Mən axtarsam da, onda heç vaxt heç bir qüsur tapmıram. Hərdən bu, məni əsəbiləşdirir. İstəyirəm ki, nəsə tapım və biz dalaşaq, amma alınmır. Alınmayanda da yalandan nəsə uydururam, sanki özüm – özümlə dalaşıram. Darıxıram hərdən belə şeylər üçün.

- Baxımlı xanımısınız. Sizi tez-tez dəyişən saç rənglərində, yeni geyimlərdə görmək mümkündü. Sirr deyilsə, ay ərzində özünüz və gözəlliyiniz üçün nə qədər pul xərcləyirsiniz? 
- Bu, məndə uşaqlıqdan formalaşmış bir şeydir. Nə paltar alanda, nə də salona gedəndə pul, ev, evdarlıq, Zahir və onun zəhməti haqda düşünmürəm. Olmur, alınmır məndə. Bir də görürəm ki, artıq almışam vəssalam. Allah kocamın başından töksün. (gülür) 

- Zahir bəyə işlə bağlı yardımçı olursunuz? Yaxud hər hansı bir məsləhət-filan verirsiniz? 
- Əlbəttə. Amma buna yardımçı deməzdim, sadəcə məsləhətləşir mənimlə. Əslində, o öz işini əla bilir, amma məsələn saytların dizaynı filan dəyişəndə rəng seçimlərində filan məsləhətləşir mənimlə.

- Əsas hədəfiniz nədir? 
- İki İnsan böyütmək! Azərbaycanın gələcək ziyalı nəsli yetişir, bunda mənim də payım olsun istəyirəm. Vətənə, millətə xeyirli övladlar bəxş etmək istəyirəm. Evim olsa, bu nəslin sayını artıraram.

- Jurnalistlərə ev verilir. Müraciət etmisiniz? 
- Yox, ev barədə danışmayaq. Onsuz da depressiyadayam.

- Son olaraq nə əlavə etmək istəyərdiniz? Oxucularınızı nə yeniliklər gözləyir? 
- Vəd verməyi sevmirəm. Öncədən danışmaq da Allahsızlıqdı. Olanda biləcəklər.

Səbinə Məmmədova
AzVision.az üçün

Facebook Şərhləndirmə:

Şərhinizi yazın