Menu
Geri İrəli

Baba Vəziroğlu: “Əsas təyinatını unudan qadını tanrı bağışlamaz”

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2014 • Baxış sayı: 748 dəfə • Şərh yoxdur

baba__vaziroglu“Sevgi məktubunu “Ana dili” kitabının arasında ötürmüşdü mənə”

 Ailem.az-ın “Bizim ailə” layihəsinin növbəti qonağı əməkdar incəsənət xadimi, şair Baba Vəziroğludur.

 - Baba müəllim, sizcə, xoşbəxt və ideal ailənin formulu nədir?

 - Hərdən məndən soruşurlar ki, xoşbəxtsinizmi? Deyirəm, əvvəlcə xoşbəxtliyin nə olduğunu mənə deyin ki, mən o parametrlərə baxım və görüm mən xoşbəxtəm, ya yox. “Moşu” demiş, xoşbəxtlik o qədər geniş mövhumdur, o qədər geniş anlamdır ki, ona birmənalı şəkildə cavab vermək mümkün deyil. Elə insan var ki, bu gün bir tikə çörək tapdığına görə özünü xoşbəxt hiss edir, eləsi də var ki, ona dünyanı versən yenə narazıdır, bədbəxtdir. Ona görə də, bu, çox ziddiyyətli mövhumdur. Ailə formulu da belədir. Dünyadakı bütün insanların kamil və mükəmməl ailə formulu ilə bağlı öz resepti var. Mükəmməl ailə necə olmalıdır və onun ailəsi bu qəliblə nə dərəcədə uyğunlaşır? Ona görə də bunu ümumi demək olmaz, hərə öz fikrini deyə bilər.

 - Ailə qurmaq üçün sevgi əsas şərtdirmi?

 - Təbii ki, ailə qurmaq üçün çoxlu bəndlər var və onlardan biri sevgidir. Əgər bu bəndlərin sayı 50-dirsə, 50-sinin də uyğun gəlməsi mümkün deyil. İdeal əsər ola bilər, ideal insan ola bilməz. Ailə qurmaq üçün ideal insan tapmaq mümkün deyil. Kimsə deyirsə ki, tapmışam, yalan deyir, riyakardır. Əgər 50 bənddən 30-u uyğun gəlirsə, Allaha şükür edirsən, qənimətdir. Belə olduqda, həmin insanla ailə qurmağa və onunla bir evdə yaşamağa qərar verirsən. Sevginin adiləşdiyi və maddiləşdiyi zaman uyğun gələn digər bəndlər həmin ailəni yaşadır. Bunlar yoxdursa, ailələr dağılır.

 - Sizdə həmin bəndlərdən neçəsi uyğun gəlir?

 - Bizdə 50 bəndin yarıdan çoxu uyğundur ki, ailəmiz mövcuddur və yaşayır. Ailə də bir dövlətdir. Ərlə- arvad müəyyən kompromis variantlarla arabanı eyni tərəfə çəkirsə, yol qət etmək olar.

 - “Məhəbbətlə çoxalır, ürək sözü azalır, ilk məhəbbət məktubu bircə dəfə yazılır”. İlk məhəbbət məktubunuzu xatırlayırsınızmı?

 - Bəli, ilk məhəbbət məktubu bircə dəfə yazılır. Ola bilər ki, sevgi məktubları çox yazıla, amma onun ən birincisi ilk sevgi məktubudur. Məhəbbətlər çoxaldıqca, ilk məhəbbət məktubu orijinal, nadir nüsxə kimi tək olur. İlk məhəbbət məktubunu neçənci sinifdə yazdığım yadıma gəlmir. Amma ilk sevgi məktubu deyəndə bir qış günündə, İsmayıllının Molla İsaqlı kəndində, odun sobası ilə qızdırılan balaca bir sinif otağında, qarşımdakı masada əyləşmiş qızın ayazdan çartlamış, qızarmış, mürəkkəbə bulaşmış barmaqlarını görürəm. O qızın nə adını, nə də simasını xatırlayıram. Amma onu bilirəm ki, ilk məhəbbət məktubunu mürəkkəbə bulaşmış həmin balaca əllər yazıb, “Ana dili” kitabının arasına qoyub ötürmüşdü mənə.

İlk məhəbbət bəlkə də real bir olay deyil. İnsanın  uydurduğu, inandığı və yaxud inanmaq istədiyi bir nağıldır. Bu şirin nağıl, insanın insan olması üçün mütləq lazımdır. İlk məhəbbət nağılı hamıda olur. Bəziləri davam etdirir, bəzilərində bitir. Nağıl mərhələsi bitəndə, insan milyonlardan birinə çevrilir, yolu, istiqaməti dəyişir. Amma duyğusal insanlar həmişə o ilk nağıllarını yaşadırlar. Onlardan heç vaxt pislik, yamanlıq gözləmək olmaz. Güclərini xalqına, millətinə xidmətə həsr edirlər və hamıdan fərqlənirlər.

  - Sevgiyə doğru yol gedirəm, hələ çatmamışam demişdiniz. Çata bildiniz?

 - Yox. Sevgiyə çatanda artıq o sevgi olmur, maddiləşir. Şairin vəsf etdiyi gözəlliyə əli çatmamalıdır. Bu, normadır. İnsan ömür boyu arzulayır ki, ona əli çatsın, ünü yetsin. Amma həmin arzunun qaranlıq bir ikinci tərəfi də var: kaş çatmayaydım. Çünki hər şey nakam olanda gözəldir. Görürsünüz, bütün məhəbbət dastanları ancaq nakam sevgilər haqqında yazılıb. “Leyli və Məcnun”, “Əsli və Kərəm”dən tutmuş, ən yeni tariximizdə baş verən “İlham və Fərizə” dastanınadək. Hələ, o böyük məhəbbət dastanlarında nikah səhnəsi ilə bitən sonluq görməmişik, mümkün də deyil. Bu mənada da, şair ömrü boyu vəsf elədiyi sevgiyə, dərk etdiyi varlığa, qadına, doğru gedir, amma nə yaxşı ki, əli çatmır. Söhbət ilahi sevgidən gedir. Əl çatmayanda o sevgi, gözəllik həmin yüksəklikdə, həmin ilahilikdə qalır. Maddiləşəndə isə məişətimizin bir predmetinə çevrilir.

 - Baba müəllim, müsahibələrinizin birində belə bir fikrinizə rast gəldim ki, mətbəxdə qab, paltar yuyan qadın sevgi obyektiniz ola bilməz…          

 - Yenə deyirəm, ola bilməz. Mətbəxtdə qab yuyan, bizimlə bir yerdə işləyən, bir evdə yaşayanlar əziz insanlarımızdır.  Anamız, bacımız, sevgilimiz, həyat yoldaşımızdır. Onlar da bizim kimi insanlardır. Amma şairin ilham pərisi, ilham subyekti, obyekti, bədii ədəbiyyatın, bədii sənətin predmeti insan deyil. Bədii ədəbiyyatın predmeti yerdə yaşamır, həmin günahkar bu torpaqda yoxdur. Bizimlə bir mətbəxdə oturmur, küçədə rastlaşmır, bizimlə işləmir. O, göylərdə olan ilahi bir varlıqdır. Şair ömrü boyu ona can atır və onu vəsf edir. Təkrar edirəm, nə yaxşı ki, ona əli çatmır və şairin ilhamı tükənmir.

 - “Artıq gecikmişəm, getdi o qatar…”. Gecikdiyiniz qatarlar çox olub?         

 - Olub. Ömründə bircə dəfə “hə” deyiləcək yerdə “yox” deyirsənsə, ömür boyu onun peşmançılığını çəkirsən. Ancaq axırda yenə özünə qarğış etməyə gücün çatır. “İndi təkcə gücüm qarğışa çatar, dilim quruyardı “yox” deyəndə mən”. Bunun ayrı bir əlacı yoxdur.

 - Ən böyük peşmançılığınız nədir?

 - Peşmançılıqlarım olub, o şeirlər məhz bu cür yaranıb. Amma mən realistəm, mümkün olmayan şeyləri arzulamıram. Müəyyən səbəblərə, səhvlərə görə də özümü günahkar görürəm, özümü tənqid edirəm. Heç kimdə suç axtarmıram və günahkar görmürəm. “Hə” deyiləcək yerdə “yox” deməyimə, “yox” deyiləcək yerdə “hə” deməyimə görə, ancaq özümü qınayıram. Bəzi insanlar hər şeyin günahını ətrafda axtarırlar. İnsan günahı ilk növbədə özündə axtarmalıdır. Həmişə də nəsə bir xoşagəlməz hadisə, uğursuzluq olanda özüm-özümə deyirəm ki, “Baba müəllim, sənə yaxşı oldu, belə də olmalıydı, nə gözləyirdin?” Çünki heç kəsdən heç nə ummuram. Umanda yaşamaq çox çətin, məşəqqət olur. Yalnız özümdəm umuram. Buna görə də mənim üçün yaşamaq çox asandır. Heç kəsə kinim, küdurətim, umacağım yoxdur. Kimsə pislik etməyə çalışanda da onu özümə dərd etmirəm, fikirləşirəm ki, ondan yalnız bunu gözləmək olar. Həyatı mürəkkəbləşdirmək lazım deyil. Sadə və asan bir yol tutmalısan.

 - Baba müəllim, övladlarınız haqda məlumat verərdiniz.

 - İki qızım, bir oğlum var. Qızlarım ingilis dili üzrə mütəxəssisdirlər. Böyük qızım evlidir, iki qız nəvəm var. Üçüncü övladım isə oğlandır, dörd yaşı tamam olacaq.

 - Bu fikir doğrudurmu ki, nəvə baladan şirindir?

 - Nəvənin baladan şirin olması haqqında deyilənlərlə razı deyiləm. Bu məqamı yaşayan insan kimi deyirəm ki, bala ilə nəvə arasında heç bir fərq yoxdur. Doğma adamları birinci, ikinci dərəcəyə bölmək olmaz. Nəvənin, övladın atanın, ananın, qardaşın hərəsinin öz yeri və hər kəsin göylərdən gələn öz təyinatı var.

 - Sizcə, qadının əsl təyinatı, vəzifəsi nə olmalıdır?

 - Mən köhnə kişilərdənəm, müasir bölgüləri qəbul etmirəm. Məsələn, bu, işgüzar qadındır, bu, nazirdir, bu, evdar qadındır. Belə şey yoxdur. Kişi və qadının öz vəzifələri var. Qadının ən böyük missiyası evin, ocağın qoruyucusu olmaq, gələcək nəsillər yetişdirməkdir. Bu olandan sonra, əlavə işləri görmək olar. Amma əsas missiyanın hesabına iş görürsə və özünə bəraət qazandırırsa ki, mən filan yerdə işləyirəm, filan vəzifədəyəm və uşağına baxmırsa, tərbiyəsi ilə məşğul olmursa, bu, bağışlanmazdır. Yox, əgər qadının işləməsi və özünə vaxt ayırması övladının tərbiyəsinə, ocağın yanmasına zərər gətirmirsə, onda bunu etmək olar. Amma bir daha deyirəm ki, əsas təyinatını və missiyasını unudaraq həyatını sürən qadını nə biz, nə də onun təyinatını yazan tanrı bağışlamaz.

 - Xanımınız evdar qadındır, yoxsa işləyir?

 - Bizim qadınlar əsasən, yarı evdar, yarı işgüzar olur. Mükəmməl variant, hər bir qadının öz missiyasını bilməsidir. Azərbaycan xanımlarının çoxu belədir. O cümlədən də mənim xanımım. Daha çox evdar qadındır, amma kargüzarlıq işi ilə də məşğul olur.

 - Ailədə neçə uşağın olmasının tərəfdarısınız?

 - Bu bizim istəyimizdən asılı deyil, bunu zəmanə həll edir. Biz ailədə doqquz uşaq olmuşuq, hamımız da təhsil almışıq və cəmiyyətdə öz mövqelərimizi tutmuşuq. Amma mənim üç övladım var. Artıq zəmanə və mühüt bu sayın azalmasına gətirib çıxarır. Düzdür, mən də istəyərdim ki, ailədə uşaqların sayı çox olsun, həyat şən keçsin, işdən evə qayıdanda qabağıma daha çox uşaq qaçsın, bunu kim istəməz? Üç övladın olması da normaldır. Elə ailələr var ki, onlarda yalnız bir uşaq var, amma heç onun da tərbiyəsi və təminatlarını normal həll edə bilmir. Yəni bu, bizim istəyimizdən asılı deyil, bizi əhatə edən cəmiyyət və mühitdən asılıdır.

 - Sizin üçün istirahət nədir?

 - Gecə-gündüz düşünən, yaradıcılıqla məşğul olan insan necə istirahət edə bilər? Beyin daim çalışır, düşünür, istirahət nə olduğunu bilmir. Yaradıcı insan hətta təbiət qoynunda olanda belə, təbiətlə, dağlarla, dumanla söhbət edir, baxır, fikirləşir. Bu baxımdam mənim üçün istirahət yoxdur.

 - Baba müəllim, mətbəxtlə aranız necədir? Sağlamlığınız üçün pəhriz gözləyirsinizmi?

 - Mən yemək bişirməkdə ustayam. Hətta özüm kimi əlinin duzu olan insanlara çox az rast gəlmişəm. Əvvəlki illərdə hər dəfə İsmayıllıya gedəndə qonaqlara yeməkləri özüm hazırlayırdım. Amma yaş ötdükcə insan tənbəlləşir, vaxt azalır, nəsə bişirməyə maraq olmur. Amma vaxtilə demək olar ki, bütün yeməklərin bişirilmə qaydalarına sınaqdan keçirmişəm və çox yaxşı da alınıb.

Ümumiyyətlə, xoşuma gələn heç nədən imtina etmirəm, həm insanlardan, həm yeməklərdən, dünyanın maddi nemətlərindən. Heç vaxt pəhriz saxlamamışam. Ət xörəklərini daha çox sevirəm. Hətta toyuq yeməyi ilə də kifayətlənə bilmərəm, hökmən qırmızı ət yeməliyəm. Deyilənə görə, bu qan qrupu ilə bağlı məsələdir.

 - İdmanla məşğul olursunuzmu?

 -  Hamı kimi mən də əvvəllər idmanla məşğul olmuşam, ancaq indi olmuram. Amma son vaxtlar daha çox piyada gəzməyə çalışıram. Şəhərin mərkəzində olan bütün tədbirlərə piyada gedirəm. Hətta evə qaçış qurğusu da almaq istəyirəm. Bu, sağlamlıq üçün vacibdir.

baba__3__81b5e028a744df55e86e1a771d7fa3f0 baba__vaziroglu baba_veziroglu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın