Menu
Geri İrəli

45 yaşlı Qabil Abbasoğlu: “O məşhur suala cavabım budur: yenidən həyata gəlsəm…” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2013 • Baxış sayı: 363 dəfə • Şərh yoxdur

qabilBu gün tanınmış jurnalist, Lent.az-ın baş redaktoru Qabil Abbasoğlunun 45 yaşı tamam olur. Modern.az saytı bu münasibətlə səbəbkardan müsahibə alıb.

– Doğum gününüzü neçə keçirməyi düşünürsünüz?

–Çox sadə. Yəni xüsusi hazırlıq və təmtəraqlı mərasim yoxdur. Səhər dostlarla görüşdük, axşam da dostlarla başa vuracağıq. Hələliksə işdəyəm, gündəlik işlərimlə məşğulam.

– Bugünkü jurnalistikada sizi qane edən nələrsə varmı?

– Mənim bu suala rahat-rahat cavab verməyim bir az ədəbsizlik olar. Çünki məndən daha təcrübəli, bacarıqlı və bilgili insanlar, mənim müəllim dediyim imzalar var jurnalistikamızda. Rəy vermək onlara daha çox yaraşar. Amma öz tərəfimdən bir şeyi deyə bilərəm ki, bugünkü jurnalistikada məni qane edən xeyli nailiyyətlər də var, çatmalı olduğumuz çoxlu hədəflər də.

– Jurnalistika peşəsini seçməyiniz nə vaxtsa peşmançılıq hissinə gətirib çıxarıbmı?

– Yox. O məşhur sualı vermək istəsəniz yenə deyərdim: bəli, yenidən həyata gəlsəm, yenə jurnalist olmaq istəyərdim (gülür).

– Oğlunuz Türkiyədə təhsil alır. Ata olaraq, övladınıza mütəmadi olaraq vaxt ayıra bilirsinizmi?

– Zənnimcə, bəli. Onunla həm də dost kimiyik. Təkcə ata-oğul mövzularında deyil, həm də istənilən başqa mövzuda rahat danışıb anlaşa bilirik. 

– Jurnalist həmişə yenilik axtarışında olur. Maraqlıdır, bu cür situasiya ailə-uşaq münasibətlərinə mane olmur ki?

– Əlbəttə, mane olur. Birindən mütləq kəsməlisən. Biz, üzərinə ictimai funksiya götürmüş adamlar da gərək buna hazır olaq. Eynilə də bizim yaxınlarımız gərək bunu anlayışla qarşılasınlar. 

– Yazıya ayırdığınız zamanı şəxsi məsələlərə ayıra bilirsinizmi?

– Təbii ki, yox. İş elə məsələdir ki, onu şəxsi həyata daşıya, orada işlə məşğul ola, işlə yaşaya bilirsən. Amma işdə şəxsi məsələləri müzakirə etmək olmur. O baxımdan, şəxsi məsələlərə ayrılan zaman həmişə qısa olur. 

– Kişi üçün ailə və yazı peşəsinin bir yerdə addımlaması çətin deyil ki?

– Bu məsələdə elə bir çətinlik görmürəm. Əsas olan hər kəsin və hər şeyin öz yerində olmasıdır.

– İşdən kənarda Qabil Abbasoğlu necədir? Bir həftə jurnalistikadan, qələmdən, müasir dillə desək, internetdən uzaq olsanız, sizcə, həyatınızda nə dəyişər? 

– Əlbəttə, bunu təsəvvür belə eləmirəm. Cəhd elədiyim vaxtlar olub, amma alınmır. İşdən kənarda  daha artıq sərbəstəm, şəxsi işlərim, məşğuliyyətlərim öndə olur. Dostlara daha çox vaxt ayırmağa çalışıram. 

– Dostlarla ünsiyyətdə sizi yoran hansı mövzulardan qaçmaq istəyirsiniz?

– Ümumiyyətlə, məni yoran mövzu yoxdur. Sadəcə, faydalı və faydasız mövzular var. Ona görə də çalışıram elə mövzularda danışaq ki, həm özümüzə, həm ətrafımıza, həm də və ən əsası, cəmiyyətimizə faydası olsun. 

– Yazıdan uzaq olan insanlar üçün mövzu fərqi yoxdur. Hətta siyasi məsələlərdən mütəxəssis kimi çox rahat danışırlar. Maraqlıdır, sizin toxunmaq istəmədiyiniz mövzu var?

– Açığı, siyasət mənim də həvəslə danışdığım mövzulardan deyil. Amma insanın və cəmiyyətin taleyinə aidiyyəti varsa, biz buna bir vətəndaş, cəmiyyət üzvü olaraq məcburuq. Yəni bəzən istəmədiyimiz mövzuları belə, müzakirə eləyə bilirik. Amma toxunmaq istəmədiyim bir mövzu, tabu yoxdur. 

– Bir az da yeni işlərinizdən danışın.

– Hələlik ən yeni işimiz Lent.az-ın yeni layihəsi olan Ailem.az saytıdır. Yarandığı vaxtdan ciddi bir sürətlə populyarlaşır və bunu davamlı bir nailiyyətə çevirmək üçün çalışırıq. 

– Yeni ili harada qarşılamaq fikriniz var?

– Bakıda. Doğmaların, yaxınların, dostların arasında. Mən Bakıdan kənarda bayram qarşılaya bilmirəm.

Namidə BİNGÖL

Facebook Şərhləndirmə:

Şərhinizi yazın