Menu
Geri İrəli

Amit Quluzadə: “Mahir söydü, mən də əsəbləşdim”- MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2013 • Baxış sayı: 439 dəfə • Şərh yoxdur

Topaz Premyer-Liqasının 17-ci turu “Neftçi”-“Qəbələ” matçı ilə başa çatdı. Oyunun gedişində “Qəbələ”nin üzvlərindən Elnur Allahverdiyevin rəqib komandanın azarkeşləri, Amit Quluzadənin isə “Neftçi”nin üzvü Mahir Şükürovla davamlı mübahisə etməsi vəziyyəti bir qədər də gərginləşdirmişdi.

Oyundan sonra “Qəbələ”nin yarımmüdafiəçisi Amit Quluzadə ilə əlaqə saxlayaraq, həm oyun haqqında, həm də bəhs etdiyimiz insidentlər barədə söhbətləşdik.

- Öncə  “Neftçi” ilə oyun haqqında fikirini bilmək istərdim.
- Açığı, çox ağır oyun oldu. Qarşılaşmanı pis keçirməsək də, son saniyələrdə buraxdığımız qol planlarımızı pozdu.

- Son dəqiqədə qapınıza təyin olunan cərimə zərbəsindən sonra rəqib qələbə topunu vurdu. Maraqlıdır ki, “Qəbələ”nin baş məşqçisi Yuri Syomin həmin anda hakimin cərimə zərbəsi təyin etməsini anlamadığını demişdi. Həmin an hakim düzgün qərar vermişdi? 
- Məncə, həmin anda top ələ dəymişdi.

- Syominin açıqlamalarından söz düşmüşkən, rusiyalı mütəxəssis “Neftçi” və “Qarabağ”a uduzmağınızı hər iki komandadan zəif olmağınızla əlaqələndirmişdi. Bu fikirlə nə dərəcədə razısan? 
- Baş məşqçimiz nə deyirsə, düz deyir.

- Belə çıxır ki, əsas rəqiblərdən zəif olduğunuzu qəbul edirsiniz. Belə vəziyyətdə komandanın çempionluq üçün yarışmaq çətin deyil ki? 
- Komanda olaraq birmənalı şəkildə “Neftçi” və “Qarabağ”dan zəif olduğumuzu demək düzgün yanaşma olmazdı. Sözügedən kollektivlərə hər iki oyunda yenilməyimiz belə düşünməyə əsas versə də, sonrakı qarşılaşmalarda bu məğlubiyyətlərin əvəzini çıxmaq gücündə olduğumuzu düşünürəm.

- Yeri gəlmişkən, oyun ərzində səninlə Mahir Şükürov arasında tez-tez mübahisələr olurdu.Niyə sözünüz düz gəlmirdi? 
- Mənim Mahir Şükürovla heç bir problemim yox idi. Sadəcə o, söyüş söydü və mən də məhz bundan sonra əsəbləşdim.

- Mahir Şükürov oyundan sonra mətbuata açıqlamasında `Molodoy`san, başını aşağı sal, get futbolunu oyna!” deməklə, sənin bostanına daş atmışdı… 
- Mən onsuz da başımı aşağı salıb, futbol oynayıram.

- Daha bir insident isə “Neftçi”nin azarkeşləri ilə Elnur Allahverdiyev arasında yaşandı. Bu haqda nə deyərdin? 
- Bu cür hallar futbolun içində olan şeylərdir. Belə vəziyyətdə fanatları sakitləşdirmək lazım idi.

- Yuri Syominin gəlişindən sonra komanda əvvəlki illərdən daha yaxşı çıxış edir. “Qəbələ”nin bu mövsüm üçün əsas hədəfi nədir? 
- Komandanın qarşısına cari mövsümdəçempionluq vəzifəsi qoyulub.

- “Neftçi” oynda qələbə komandanı ilk pilləyə qaldıracaqdı. Məğlubiyyətdən sonra isə üçüncü pilləyə düşdünüz. Bundan sonra komandanın çempionluq şanslarını necə qiymətləndirirsən? 
- Məncə, “Qəbələ”nin potensialı buna imkan verir. Hazırkı kollektiv qızıl medalları qazanmaq iqtidarındadır.

Səncə, komanda hazırkı heyətlə çempionluğa iddialı komandalarla rəqabətə tab gətirə bilərmi? 
- Niyə də yox? “Qəbələ”nin səviyyəli oyunçulardan təşkil olunduğu göz qabağındadır. Yəqin ki, qış fasiləsində də komandaya yeni qoşulanlar olacaq ki, bu da bizim üçün əlavə üstünlükdür.

- Necə düşünürsən, dövrələrarası transfer dövründə əsasən komandanın hansı mövqelərinə futbolçular alınmalıdır? 
- Bunu baş məşqçimiz daha yaxşı bilər. Mən futbolçuyam və əsas işim oyunumla komandaya faydalı olmaqdan ibarətdir.

- Transfer dövründən söz düşmüşkən, mövsümün əvvəlində adın bəzi Türkiyə klubları ilə birgə çəkilirdi. Qış fasiləsində səni yenidən legioner kimi görə bilərikmi?
- Məni üzürlü sayın, amma reklam olmasın deyə bu haqda danışmaq istəmirəm.

Tural Məmmədov
AzVision.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın