Menu
Geri İrəli

“Amma əksini gördüm…” – “Qəbələ”nin vitse-prezidenti

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur

fariz_necefov2

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir.

Təmsilçimiz “Qəbələ” evdə Dortmund “Borussiya”sına 1:3 hesabı ilə uduzub.

“Bakcell Arena”dakı oyundan sonra Qəbələ klubunun vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:

- “Qəbələ” qarşılaşmaya yaxşı başlasa da, fürsətləri boşa verdi. Sizcə, bu niyə belə alındı?

- Təəssüf ki, yaratdığımız epizodlardan istifadə edə bilmədik. Onlardan yararlana bilsəydik, fərqli olacaqdı. Oyunun gedişində komandalar arasındakı səviyyə fərqi özünü göstərdi.

- “Borussiya”nın bu qədər açıq futbola üstünlük verəcəyini gözləyirdiniz?

- PAOK-la oyunlarının fraqmentlərinə baxmışdım. Düzdü, oraya tam heyətlə getməmişdilər. Amma bu gün nə qədər gücləri vardısa, meydanda qoydular.

- “Borussiya” gözlədiyiniz kimi oynadı?

- Bir qədər zəif çıxış edəcəklərini gözləyirdim. Ən azı tam heyətlə gəlməmişdilər. Amma əksini gördüm, güclü oynadılar.

- Qaçırdığınız qol epizodları zamanı həyəcan var idi?

- Əvvəldə var idi. Amma 2 top buraxdıqdan sonra həyəcanımız da yox oldu. Azarkeşlərimizə komandanı sona qədər dəstəklədiklərinə görə təşəkkürümü bildirirəm. Hesab 0:2 olduqdan sonra stadionu tərk edənlərə isə səslənirəm ki, oyunu sona qədər izləmək, dəstək olmaq lazımdı.

- Bundan sonra komandanın stimulu nə olacaq?

- Sona qədər mübarizəni davam etdirəcəyik. Geriyə yolumuz yoxdu. Növbəti matçımız da bu komandaya qarşı, bu dəfə səfərdə olacaq. Sona qədər mübarizə aparacağıq.

- İlk qoldan sonra sanki komandada bir “sınma” vardı…

- Məncə, komanda sona qədər oynadı. Amma buraxılan 2-ci qoldan sonra futbolçular məğlubiyyətlə barışmışdı.

- Amma “Qəbələ” hardasa rəqibindən çəkinirdi…

- Xeyr, belə deməzdim. Səviyyə fərqi görünürdü.

- Komandanın ehtiyatında matçın axarını dəyişə biləcək bir futbolçu görünmürdü…

- Rəqibin “Borussiya” olduğunu nəzərə almaq lazımdı. Fikrimcə, futbolçular əllərindən gələn hər şeyi etdilər. Sadəcə, ilk yarıdakı şanslardan istifadə etmək lazım idi. Əgər yararlana bilsəydik, hər şey başqa cür ola bilərdi.

- Komandanın sabiq baş məşqçisi Yuri Syomin də burada idi…

- Bəli, o, bizim dəvətimizlə gəlmişdi. Oyun xoşuna gəldi.

- Komanda Dortmunda hansı məqsəd uğrunda yollanacaq?

- “Qəbələ” meydançaya xal götürmək məqsədilə çıxır. Sonda azarkeşlərə də çox sağ demək istəyirəm. Amma bəzi azarkeşlər sona qədər tribunada qalmadı. Uduzsaq da, sona qədər komandanı dəstəkləmək lazımdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın