Menu
Geri İrəli

Arzu NAĞIYEV: “Qarabağ məsələsi dondurulmuş münaqişə deyil” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2016 • Baxış sayı: 447 dəfə • Şərh yoxdur

arzunaqiyev
Arzu Nağıyev: “Dünyanın aparıcı dövlətləri Minsk qrupunda təmsil olunursa, əlavə hansı formata ehtiyac ola bilər?”  “Bu gün dünyada 220 milyona yaxın miqrant yaşayır və bu, BMT-nin statistikasıdır. Bu miqrantların böyük hissəsi, yəni 45 milyonu ABŞ ərazisində yaşayır. Həmin 45 milyonun da böyük əksəriyyəti Meksika əsilli və oradan ABŞ-a köçənlərdir. Bunların 3-cü, 4-cü nəsli artıq amerikalıdır. Yəni Tramp bu gün nə qədər millətçi olsa, bu məsələdə nə qədər dərinə getsə də, inandırıcı görünmür. Hitlerin dediyi təmiz arilik və sırf alman olmaq məsələsi idi. Burada isə təmiz amerikalı olmaq çox problemli məsələdir. Çünki amerikalıların böyük əksəriyyəti müxtəlif ölkələrdən Amerikaya gəlmədirlər və yerli sakinlər olan hinduları məhv edib ərazilərə sahib çıxıblar”.  Bunu Teleqraf.com-a müsahibəsində politoloq Arzu Nağıyev bildirib. Müsahibəni təqdim edirik:

– ATƏT-in Minsk qrupunun həmsədrləri Tbilisidə yenidən bir araya gəlib. Belə görüşlərin hansısa bir əhəmiyyəti varmı?

- Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrləri son vaxtlar regionda baş verən proseslərə, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sanki passivlik nümayiş etdirirdilər. Bundan başqa məlumdur ki, son 20 ildə Minsk qrupu deklarativ çıxışlardan başqa irəliyə doğru bir addım da atmayıb. Buna görə də həm qınaq obyektinə çevrilir, həm də hesabat tələb olunur. Eyni zamanda, Prezident İlham Əliyev istər London, istərsə də, Münhendə keçirilən tədbirlərdə qeyd etdi ki, ATƏT-in Minsk qrupu geniş tərkibdə toplanmalı, ən azından bir konfrans keçirilməlidir. Bu konfrans zamanı artıq ATƏT-in Minsk qrupunun bütün üzvlərindən soruşulmalıdır ki, münaqişənin nizamlanması ilə bağlı vəziyyət nə yerdədir. Məhz buna görədir ki, Rusiyanın nümayəndə heyəti Azərbaycana gəlir, eyni zamanda Türkiyə məsələsi ilə bağlı Avropa İttifaqında müvafiq müzakirələr aparılır. Bundan başqa Azərbaycanda təhlükəsizliyin təmin olunması və meqalayihələrin təmin olunması üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı artıq müvafiq addımlar atmaq lazımdır. Avropa İttifaqının da tələbi ondan ibarətdir ki, məhz təhlükəsizliyə təminat verilsin. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artıq müvafiq addımlar atılmalıdır. Baxmayaraq ki, bir sıra qurumlar bunu dondurulmuş münaqişə kimi qələmə vermək istəyir. Dağlıq Qarabağ məsələsi dondurulmuş münaqişə deyil, burada status-kvo saxlanılır. Hər gün atəşkəsin pozulması halları ilə bağlı təşvişə düşmüş ATƏT-in Minsk qrupu müxtəlif yerlərdə belə görüşlərin keçirilməsini planlaşdırır.

  – Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan müsahibəsində ölkəsinin həmsədrlərin fəaliyyətindən razı qaldığını, lakin Azərbaycanın indiki məqamla razılaşmadığını deyib. Nalbəndyan bununla nə demək istəyib?

- ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyan edir ki, regionda ancaq sülh olmalıdır. Onlar heç bir vaxt ərazi bütövlüyünü yada salaraq, nə Madrid, nə də Praqa prinsiplərini ortaya qoymur. Təbii ki, bu da status-kvonun saxlanmasına gətirib çıxarır. Bu durum da həm Nalbəndyana, həm də ümumilikdə Ermənistan rəhbərliyinə dividend  gətirən bir addımdır. Onların Dağlıq Qarabağ ərazisinə NATO qoşunlarının yeridilməsi bəhanələrini gətirməkdə məqsədləri odur ki, indiki status-kvonu saxlasınlar. Bu gün ATƏT-in Minsk qrupunun əsas həll edəcəyi məsələ ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllini sona çatdırmaqdır. Bunu isə etmirlər. Ona görə də indiki durum Ermənistana xeyir gətirir.

– Son dövrlər tez-tez Minsk qrupunun formatının dəyişdirilməsi məsələsi ilə bağlı fikirlər səslənir. Bu, mümkündürmü?

- Minsk qrupundan əvvəl 11 dövlətdən ibarət bir qurum yaradılmışdı və məhz bura həmsədrlər kimi Rusiya, Fransa, ABŞ daxil edildilər. Bu dövlətlər hətta BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. Böyük Britaniya və Çindən başqa Təhlükəsizlik Şurasının digər daimi üzvləri artıq təmsil olunur. Dünyanın aparıcı dövlətləri Minsk qrupunda təmsil olunursa, əlavə hansı formata ehtiyac ola bilər? Kimsə, Türkiyəni, Almaniyanı deyə bilər. Ancaq məlumdur ki, hər bir proses BMT-nin mandatına uyğun olaraq təşkil olunur. Təbii ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə qətnaməsi var və onları yerinə yetirən yoxdur. Ya da onların icra mexanizmləri yoxdur. Minsk qrupunun həmsədri dəyişə bilər, amma burada söhbətin məğzi dəyişməyəcək. Bizə lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsın. Bilirsiniz ki, xarici siyasətdə dost ölkə məfhumu yoxdur, ümumi maraqlar var. Təbii ki, regionda ölkəmizin tərəfdaşları, bizimlə ikitərəfli müqavilələri olan böyük dövlətlər var. Ancaq ATƏT-in Minsk qrupunun həmsədrinin dəyişməsi məsələsi ikinci bir məsələdir. Hər kəsə bəllidir ki, Minsk qrupunda artıq ABŞ-dan 11-ci həmsədr təyin olunub. Fransa da, Rusiya da onun kimi. İyun ayında ABŞ-dan olan həmsədr Uorlik gedəcək, başqa biri gələcək. Demək istədiyim odur ki, bütün dəyişiklərə rəğmən məsələ bizim üçün müsbət şəkildə öz həllini tapmalıdır. – Ermənistan prezidenti Serj Sərkisyanın Rusiyaya səfəri nə ilə bağlıdır? – Səfərin məqsədi Rusiyanın hərbi sənaye kompleksinin rəhbərlərinin Azərbaycana gəlişi, ümumiyyətlə, regionda baş verən proseslər, Azərbaycanda “Cənub qaz dəhlizi” ilə bağlı keçirilən müzakirələr və s. ilə bağlıdır. Bunların hamısı Azərbaycanın regionda müəyyən bir addım atacağı qorxusudur. Forpost ölkə olduğuna görə düşünürəm ki, Ermənistan prezidenti Rusiyaya həm təlimat almağa, həm də gələcək addımlarını müəyyənləşdirmək üçün gedib. Azərbaycanın bugünkü nüfuzuna görə Sərkisyan bu addımı atıb.

– Bu görüş zamanı Qarabağ müzakirə mövzusu ola bilərmi?

- Bu, inandırıcı görünmür. Amma ola bilsin ki, Rusiya hansısa addımlar atmağa təklif edər. Lakin düşünürəm ki, əsas məsələ Azərbaycanın bügünkü durumu olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Ermənistan hakimiyyətinə müəyyən təlimatlar verə bilər. Ancaq inanmıram ki, Sərkisyan Rusiyaya səfər edib Dağlıq Qarabağ münaqişəsini həll edə bilər. Çünki Sərkisyan Dağlıq Qarabağ  münaqişəsini Azərbaycanın xeyrinə həll etsə, gərək özü dövlət başçısı olmaqdan imtina etsin. Sərkisyan və digərləri hamısı qanla hakimiyyətə gəliblər və əksəriyyəti də keçmiş səhra komandirləridir.  – Rusiyanın Ermənistandakı hərbi bazasının gücləndirilməsi nə ilə bağlıdır? – Əgər söhbət müharibədən gedirsə, heç də inandırıcı deyil ki, bu gün Türkiyə ilə Rusiya böyük müharibəyə başlasın. Məlumdur ki, NATO və Rusiyanın sərhədi Ermənistanın ərazisindən keçir. Ermənistan ərazisindəki 102 saylı, eləcə də İrəvan yaxınlığında olan hərbi təyyarələrlə bağlı hərbi bazanın gücləndirilməsi təbii ki, ilk növbədə Türkiyəyə görədir. İkinci növbədə regionda güc sahibi olması üçün silah və sursatını artırmağa yönəlib. Digər tərəfdən, Rusiya bu gün Gürcüstanın ərazisini zəbt edə-edə gedir. Ermənistan bunun forpostudur. Azərbaycanı isə Dağlıq Qarabağ münaqişəsi ilə təhdid edir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhdid eləmək üçün burada qoşunların sayı artırılmalıdır. Çünki demək olmaz ki, həmin silahlar yüz faiz Dağlıq Qarabağda ortaya çıxacaq, ya çıxmayacaq. Ona görə ki, son dövrlər Qərblə İran arasında məsələlər daha müsbət məcraya yönəldikcə Dağlıq Qarabağla İran arasında olan sərhədi nəzarətə götürmək məsələsi ortaya çıxıb. Həmin əraziyə ehtimal olunduğu kimi NATO qoşunlarını çıxararaq sərhədi bağlamaq gündəmə gələ bilər. NATO-nun hərbi birləşmələri isə Türkiyənin qoşunu deməkdir. Ona görə də Rusiya Ermənistandakı hərbi bazasını gücləndirməklə öz gücünü nümayiş etdirmək istəyir.

– Rusiyalı politoloqların fikrincə, Rusiya-Türkiyə müharibəsi baş verərsə, Ermənistan ayaq altda qalacaq…

- Ermənilərin müxalif qüvvələri də etiraf edirlər ki, Azərbaycanla danışıqlar masası arxasında otursaq belə, qarşımızda Rusiyanı görəcəyik. Artıq göründüyü kimi, Ermənistan tənəzzülə uğraya-uğraya gedir. Məhz bu baxımdan da onlar bildirirlər ki, sabah bir problem olsa, Ermənistanı bir dövlət kimi saya salan olmayacaq, hər hansı danışıqlar da Rusiya-Azərbaycan formatında aparılacaq.

   – Bu il ABŞ diqqət mərkəzindədir. Necə bilirsiz, seçkilərdə kim qalib gələcək? 

- ABŞ-da keçirilən seçkilərdə demokratların və ya respublikaçıların qələbə çalması bütün dünya siyasətinə təsir edəcək amildir. Ona görə də ABŞ-da keçirilən bütün seçkilər dünya, o cümlədən Azərbaycan tərəfindən çox diqqətlə izlənilir. Namizədlərə gəlincə, həm Hillari Klintonun, həm də Donald Trampın daha çox üzdə olmalarının səbəbləri var. Tramp müsəlmanların, miqrantların əleyhinə olan bir şəxsdir və özünün millətçi fikirlərini ortaya qoyub. İnandırıcı deyil ki, dünyaya demokratiyadan dərs deyən dövlətdə Trampın seçilməsi mümkün olsun. Çünki hərbiçilər də bəyan etdilər ki, Tramp seçilsə, bütün hərbiçilər ayağa qalxa bilər. Hillari Klintona gəlincə isə, o, ABŞ administrasiyasında Dövlət katibi işlədiyi vaxt xaricdə keçirilən bir sıra əməliyyatların həmmüəllifi olub. O, Ukrayna, İraq və eyni zamanda “Orta Şərq” məsələsində layihələrin müəlliflərindən biridir. Bir tərəfdən onun bildiyi məsələlər çox olduğu kimi, bunu bilən və əleyhinə gedəcək seçicilər çoxdur. Həm də seçkidə qadın olmaq məsələsi mühüm əhəmiyyətə malikdir. ABŞ tarixində qadının prezident olması bir az müəmmalı görünür. Ona görə də hələ tam şəkildə demək olmaz ki, Klinton seçilə bilər. Yəni, ümumi götürsək, Trampın və ya Klintonun seçilməsinə hələ ki inanmıram.

– Trampın millətçi çıxışlarını Hitlerlə müqayisə edirlər. Sizcə Trampın fikirləri seçkiyə yönəlib, yoxsa…

- Bu gün dünyada 220 milyona yaxın miqrant yaşayır və bu, BMT-nin statistikasıdır. Bu miqrantların böyük hissəsi, yəni 45 milyonu ABŞ ərazisində yaşayır. Həmin 45 milyonun da böyük əksəriyyəti Meksika əsilli və oradan ABŞ-a köçənlərdir. Bunların 3-cü, 4-cü nəsli artıq amerikalıdır. Yəni Tramp bu gün nə qədər millətçi olsa, bu məsələdə nə qədər dərinə getsə də, inandırıcı görünmür. Hitlerin dediyi təmiz arilik və sırf alman olmaq məsələsi idi. Burada isə təmiz amerikalı olmaq çox problemli məsələdir. Çünki amerikalıların böyük əksəriyyəti müxtəlif ölkələrdən Amerikaya gəlmədirlər və yerli sakinlər olan hinduları məhv edib ərazilərə sahib çıxıblar. Ona görə də Trampın dediklərini Hitlerin fikirləri ilə müqayisə etmək düzgün deyil. Trampın millətçiliyi ancaq seçkilərlə bağlı ola bilər.

Bəxtiyar Məmmədli

Facebook Şərhləndirmə:

Şərhinizi yazın