Menu
Geri İrəli

Arzu Nağıyev: ““Trend”də işlədiyim 4 il sanki 10 ildir”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 886 dəfə • Şərh yoxdur

“Media bazarında güclü rəqabət var”

 arzu nagiyev
Ötən həftə “Trend” İnformasiya Agentliyi 20 illiyini qeyd etdi. Azərbaycanda ən böyük informasiya agentliklərindən olan “Trend” 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb. Hazırda bir neçə dildə xəbər redaksiyası olan agentlik böyük bir xəbər istehsalçısıdır. “Yeni Müsavat” “Trend”in məlumatlarına istinad etsə də, hazırda qəzetimizi bu agentliklə bağlayan agentliyin direktor müavini, siyasi şərhçi Arzu Nağıyevdir. Vaxtaşırı olaraq əməkdaşlarımız A.Nağıyevlə danışır, hərbi, təhlükəsizlik və geolitika mövzularında ekspert şərhlərini alır. 
Həftəiçi imkan olmasa da, şənbə günü vaxt edib “Trend”dəki həmkarlarımızı təbrik etməyə getdik. Yubiley təbrikləşməsinə gedəndə redaksiyada ilk qarşılaşdığımız Arzu bəy oldu. Biz agentliyə gedəndə agentlik əməkdaşları iş başında idi. Azərbaycan dili, rus və ərəb-fars redaksiyasının əməkdaşları redaksiyada çalışırdılar. 
Redaksiyanı qısa ekskursiyadan sonra ümumi işə mane olmadan Arzu Nağıyevlə “Trend” və özünün fəaliyyəti, medianın durumu ilə bağlı sorğu-sual etdik. 
- “Trend” hazırda 100-ə yaxın əməkdaşı olan beynəlxalq xəbər agentliyidir. Bizim xəbərləri hazırlayıb dərc etməklə yanaşı, regiona və dünyaya yayırıq. Azərbaycan, rus, ingilis, ərəb-fars redaksiyamız var. İnşallah, bu yaxınlarda ayrıca türk redaksiyamız da olacaq. Bundan başqa, analitik qrupumuz var ki, təhlillər hazırlayır. “Trend-life” adlanan qrupumuz var. Əsas vəzifəmiz Azərbaycanda və regionda baş verənləri xəbər kimi hazırlamaq, təhlil edib qərəzsiz obyektiv şəkildə ortaya qoymaqdır. Bundan başqa, artıq bizim əməkdaşların yazıları “Bloomberg”, “Washington Post”, “Financial Times” və digər nüfuzlu KİV-lərdə dərc olunur. Eyni zamanda, sadaladığım və daha bir neçə agentliklər var ki, öz məlumatlarında “Trend”in materiallarından istifadə edir. Bizə istinad edirlər. Yəni biz dünya bazarında öz çəkimizi göstərməyə çalışırıq və buna müəyyən qədər nail olmuşuq. Bir sıra nüfuzlu agentlik və qəzetlərlə əməkdaşlıq müqavilələrimiz var.
- Hazırda Azərbaycanda bir neçə agentliklər var, eyni zamanda yüzlərlə saytlar fəaliyyət göstərir. Rəqabət mühitini necə görürsünüz? 
- Təbii ki, güclü rəqabət var və media bazarında yer tutmaq və onu qoruyub saxlamaq asan deyil. Ancaq indi daha ciddi problem media portallarının agentlik adına iddia etməsidir. Agentlik öz məlumatlarını, yəni əməkdaşların əldə edib yazdığı xəbərləri yayır. Ancaq portallar daha rahat üsulla işləyir. Bu saytların bir çoxu agentliklərin məlumatlarını götürərək öz adlarından yayırlar, yaxud da cüzi düzəliş edərək “özününküləşdirirlər”.  Təbii ki, bu, rəqabət deyil, rəqabət aparmaq, bazarda öz yerini tutmaq üçün ilk növbədə böyük peşəkarlıq lazımdır. Düşünürəm ki, bu gün “Trend”də peşəkar komanda yaranıb. Bunlar öz işlərini yaxşı bilir və hər bir əməkdaş daim öz üzərində çalışırlar. Məsələn, bu gün “Trend”də çalışan jurnalistlərin böyük əksəriyyəti bir neçə dildə danışır və yaza bilir. Müasir mediada peşəkarlığın ən mühüm tələblərindən biri də informasiyanı öz dilində əldə edib hazırlamaqdır.
 
- Hazırkı dünyada hər bir agentliyin, media orqanının bazarda üstünlüyü əldə etdiyi özəl, ciddi xəbərlərlə ölçülür. Bizim bildiyimiz qədər “Trend”in rəsmi mənbələrə çıxış imkanları yaxşıdır, rəsmi dövlət orqanları ilə əlaqələri mövcuddur. Bəs özəl mənbələrlə necə, işləyirsinizmi? “Trend”in özəl mənbələri varmı? 
- Belə bir qayda var ki, kimin məlumatı çoxdursa, o irəlidədir, üstün mövqedədir. Əlbəttə, “Trend” rəsmi mənbələrlə bərabər, özəl mənbələrlə də işləyir. Bizim regionlarda, xarici ölkələrdə müxbir postlarımız var. Ordan da məlumatlar gəlir, bir də jurnalistlərin şəxsi əlaqələri vasitəsilə əldə etdiyi məlumatlar olur ki, onu bəzən xəbərə çeviririk. Təbii ki, şəxsi əlaqələr vasitəsilə əldə olunan məlumatları hər zaman xəbər etmirik,  əvvəlcə bu məlumatlar araşdırılır, dəqiqləşdirilir, hansı istiqamətdən daha uyğundursa, o cür oxuculara çatdırılır.
- Siz başqa sahədən mətbuata gəlmisiniz. Mediaya gəlişinizi ciddi dəyişiklik saymaq olarmı? 
- Mən Moskva İdarəetmə İnstitutunu bitirmişəm. Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili ixtisası. Bu, mənim, necə deyərlər, mülki təhsilim olub. Mühəndis-iqtisadçıyam, tikinti sahəsində də çalışmışam. Daha sonra bir müddət komsomol orqanlarında işləmişəm və 1989-cu ildə milli təhlükəsizlik sisteminə qəbul olmuşam. SSRİ DTK ali kurslarını bitirmişəm, ondan sonra isə bura gələnə qədər, yəni 2011-ci ilədək Milli Təhlükəsizlik Nazirliyi sistemində işləmişəm.

“Əməkdaşların yazıları “Bloomberg”, “Washington Post”, “Financial Times” və digər nüfuzlu KİV-lərdə dərc olunur” 

- Bəs, mətbuata gəlişiniz necə oldu? Niyə məhz media? 
- Əslində mənim yazılarım daha əvvəldən olub. 2000-ci ildən Yazıçılar Birliyinin üzvü olmuşam. Bundan başqa analitik məqalələr, təhlillər hazırlamışam. Yəni işlədiyim dövrdə də yazı işi ilə əlaqəli olmuşam, maraqlanmışam, yazılarım olub.  Bura gələnə qədər mənim iki kitabım çap olunub. MTN-də sonuncu işim Analitik İdarənin rəisi vəzifəsi olub. Yəni orda da analitik istiqamətdə işləmişəm, təhlillərim, analizlərim olub. Bu mənada bura gəlməyim təsadüfi olmayıb, bu istiqamətə marağım olub. 2011-ci ildə təqaüdə çıxdıqdan az sonra məni bura dəvət etdilər.
 
- İşə başlamaq, “Trend” kimi böyük bir agentlikdə işləmək çətin olmadı ki?
- Əlbəttə, asan olmadı. Amma qarşıma məqsəd qoymuşdum ki, bu sahəyə gəlmişəmsə, işimin öhdəsindən gələcəyəm. Təxminən 1 ilə yaxın regional problemlərin öyrənilməsi, analitik yazıların təhlilini aparmaqla öz üzərimdə işlədim. Bir ildən sonra artıq analitik kimi fəaliyyətə başlamışam. Artıq 4 ilə yaxındır ki, çalışıram, “Trend”dən də mənə belə bir etimad göstərilib, 2011-ci ilin dekabrından baş direktorun müavini kimi fəaliyyət göstərirəm.
- Siz mediada nisbətən təzə hesab olunursunuz, 4 il elə də böyük rəqəm deyil.  Həm də paralel olaraq yerli mətbuatda, telekanallarda ekspert kimi çıxış edirsiniz. Həm bir agentliyə rəhbərlik etmək, həm də mətbuatda davamlı ekspert kimi çıxış etmək çətin deyil ki?
 
 
- Mənim düşüncəmə görə, xoşbəxt o insandır ki, işdən evə, evdən də işə tələssin. Mənim keçmiş işim elə idi ki, evdə az olurdum. Bugünkü işim bir qədər fərqlidir, amma düşünürəm ki, bu gün sevdiyim bir işlə məşğulam. Varlığımı bu işə həsr etmişəm, bu, mənə zövq verir. Bildiyiniz kimi, analizlər, şərhlər beynin məhsuludur. Amma yaradıcılıq, yalnız təfəkkürün məhsulu olmur. Allahın verdiyi istedad da var. Yazıçıların, şairlərin yaradıcılığı Allah vergisidir. Ancaq insanda həm Allah vergisi olan istedad və həm də yaradıcılıq həvəsi olanda iş çox sevimli iş olur. Doğrudur, mən mediada o qədər də uzun müddət işləməmişəm, 4 il, amma mənə elə gəlir ki, bu müddət 10 ildir. Eyni zamanda mənim yaşımda olan insanlar çox mürəkkəb bir dövrdən keçdi. Bizim keçdiyimiz prosesləri bəlkə də 80 yaşında insanlar yaşaya bilməyib. Son 20 ildə bizim fəal həyatımız sanki bir təlatümlü dəniz olub. Ona görə də mən təcrübəmdən, mütaliə ilə əldə etdiyim biliklərim və eyni zamanda hər gün yayılan çoxlu sayda informasiyadan maksimum dərəcədə faydalanım.
- Yeri gəlmişkən, bir sıra əcnəbi dillərdə kəşfiyyat orqanı xəbər toplama, xəbər alma orqanı kimi tərcümə olunur. Bu mənada keçmiş işinizlə, hazırkı iş arasında fərq nə qədərdir? Çox ciddi fərqlər varmı?
- Əsas məsələ xəbəri necə realizə etməkdir. Açıq mənbələr var, qapalı mənbələr var. Keçim işimlə indikini müqayisə etsəm, o zaman daha çox qapalı mənbələrlə işləyirdik. Və sonunda bu məlumatları realizə etmək üçün başqa metodlardan istifadə olunub. Bu mənada indiki işim daha rahatdır, açıq mənbədən alınan məlumatı realizə etmək asandır. Ancaq ümumi müqayisədə oxşar tərəflər çoxdur. Amma təbii ki, jurnalistika daha rahat işdir, orda məxfiliyin qorumaq çox böyük bir əhəmiyyət daşıyır. Jurnalistikada isə nisbətən daha rahatdır.
- İndi Azərbaycan mediasına münasibət birmənalı deyil. Tənqidlər çoxdur, xüsusən də hökumət qurumları yerli media ilə əməkdaşlıq etməkdən qaçırlar. Siz uzun illər dövlət qurumlarında çalışmış və hazırda böyük bir media orqanına rəhbərlik edən şəxs kimi medianı necə qiymətləndirirsiniz? 
- Hazırda istər media olsun, istərsə də digər sahələrdə müasir texnologiyalar o qədər sürətlə inkişaf edir ki, bu inkişafla ayaqlaşmaq üçün xeyli dərəcədə sürətli hərəkət etmək lazımdır. Müasir texnika və texnologiyaları bilmək, onların imkanlarından istifadə etmək lazımdır. Bunun üçünsə ilk növbədə kadr potensialı birinci şərtdir. Formalaşmış kadrlar hesabına hazırkı dünya ilə ayaqlaşmaq olar. Yalnız bunlar yerində olduqdan sonra jurnalistlər və media haqqında nəsə demək olar. Təbii ki, indi informasiya mənbələri də çoxalıb. Artıq sosial şəbəkələr əsas xəbər mənbəyi kimi çıxış edir və bazarı ələ keçirib. Belə bir şəraitdə jurnalistikanın yeganə gücü peşəkarlığındadır. Daha peşəkar, ciddi, yoxlanılmış xəbərlər, sanballı analizlər medianı gücləndirir. Buna görə də mediada əsas istiqamət peşəkarlıqdır. Müasir şərtlər jurnalistlərin daha bilikli, savadlı olması, ölkəni, regionu tanıması, çox dil bilməsi kimi özəlliklər tələb edir. Bir də düşünürəm ki, mediada ixtisaslaşma olmalıdır. Sahələr üzrə ixtisaslaşmış jurnalistlər yetişməlidir. Bu, olarsa media çox inkişaf edəcək. Kəşfiyyatda məşhur deyim var: Sənə aid olmayan şeylərdən danışma. Yəni bir mənada ixtisaslaşma, dərin bildiyin mövzulardan yazmaq, danışmaq mühüm şərtdir.
Lakin onu da deyim ki, çətinliklərə baxmayaraq artıq yerli mediada – həm Azərbaycan dilli, həm də rusdilli və ingilis dilli mediada – artıq yetişmiş peşəkar kadrlar var. Təbii ki, söhbət xalqımızın nümayəndələrindən gedir. 
Azərbaycanda həmişə dövlət mətbuata dəstək verib. Ancaq son zamanlar bu dəstək daha qabarıq hiss olunur. Dövlət mətbuatın fəaliyyətini stimullaşdırmaq, medianın inkişafı barədə layihələr həyata keçirir. KİV DF-nin yaradılması və bir çox layihələri həyata keçirməsi buna nümunə sayıla bilər. Mediada hakimiyyət və ya müxalifət mətbuatı kimi bölgülər yoxdur, bütün media orqanları dövlət dəstəyi ala bilir.
Kənan RÖVŞƏNOĞLU, musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın