Menu
Geri İrəli

“Atamı gözümün önündə diri-diri yandırdılar” – Xocalıda valideynlərini itirmiş “25-lər”dən biri

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2014 • Baxış sayı: 683 dəfə • Şərh yoxdur
Share Button

xocalis1992-ci il 25-dən 26-a keçən gecə 25 uşaq Xocalı faciəsi zamanı öz yurd-yuvasından didərgin düşməklə yanaşı, hər iki valideynini də itirib. Modern.az-ın növbəti müsahibi Xəzangül Əmirova da onlardan biridir. Xocalıdan çıxarkən onun ailəsində 4 uşaq olsa da, bacılarından biri ermənilərin açdığı atəş nəticəsində həyatını itirib. 1984-cü il doğumlu Xəzangül isə həmin vaxt 8 yaşında olub. Bacısı Nigar 1987-ci ildə, qardaşı Vüsal 1991-ci ildə dünyaya gəlib.

– Fevralın 25-dən 26-a keçən gecə xatirələrində necə qalıb?

– Hər axşam bizim kənd atəşə tutulurdu, amma həmin gecə bu, daha da gücləndi. Evdə qalmağımız mümkün olmadıqda meşəyə tərəf qaçdıq. Çünki başqa çarəmiz qalmamışdı. Gecədən səhər saat 7-dək yol getdik. O zaman ermənilər bildilər ki, Xocalının bütün sakinləri Ağdama tərəf qaçırlar.

– Xocalıdan çıxdınız, sonra nə oldu?

– O günü yaddan çıxarmaq olmaz. Çünki bu faciə bizi öz doğmalarımızdan ayırıb. Qaçanda atam məni və o biri bacımı, anam isə balaca bacımı götürdü. Qardaşım isə nənəmlə idi. Onlar yolda bizdən ayrı düşdü. Atam, anam və üç bacı qaldıq.
Qaçhaqaçda ermənilər anamı başından vurdular, o, öldü. Ermənilər bizi mühasirəyə alıb girov götürdülər və  Əsgərana apardılar. Yol boyu atəş açırdılar. Baxmırdılar ki, körpədir, yaşlıdır. Bu  güllələrdən biri 5 yaşlı bacıma dəydi və o, yerə yıxıldı. Əlimdən tutmuşdu, əyildim ki, bacımı qaldırım. Amma gördüm ki, artıq o da ölüb. Beləcə, anamla bacımı orada qoymalı olduq. Bizi bir gün girov saxladılar. Atamı bizdən ayırmışdılar. Kişilərlə qadınlar ayrı-ayrı yerlərdə saxlanılırdı. Erməni əsgəri qapını açanda mən ona tərəf qaçdım və dedim ki, atamı görmək istəyirəm, məni atamın yanına apar. Mənə dedi ki, “gözlə səni atanın yanına aparacağam”. Bir az keçdikdən sonra gəldi və dedi ki, “gəl səni atanın yanına aparım”. Qapıdan çıxanda gördüm ki, atamı ağaca bağlayıblar. Elə həmin an atama tərəf qaçdım, lakin erməni əsgəri məni tutub saxladı, qoymadı atamı qucaqlayım. Mənə dedi ki, “narahat olma, atanı öldürməyəcəyəm. Sadəcə atana suallarım var, o sualları cavablandırsın, sonra onu buraxacağam”. Atama deyirdilər ki, sən deməlisən ki, “Azərbaycan torpaqları ermənilərindir”. Atam isə deyirdi ki, “məni öldürsəniz də, bunu deməyəcəyəm”. Sonra atamın üstünə benzin tökdülər. Mən bir də atama tərəf qaçmaq istədim. Erməninin qarşısında diz çökdüm. Onun ayaqlarını qucaqladım ki, atamı buraxsın. Yenə mənim qolumdan tutub itələdi və “öldürmürəm, qorxma” dedi. Bir daha təkrar olaraq, atamdan “Azərbaycan torpaqları ermənilərindir” sözünü deməsini istədi. Atama bildirdi ki, bu sözü desə,  onu azad edəcəklər ki, uşaqlarını saxlasın. Atam hətta bizim ölməyimizə belə, razı idi, amma bu sözü dilinə gətirmədi və əsla öz torpağını satmayacağını söylədi.
Atamın üstünə benzin töküb kibriti onun üstünə atdılar. Atam alovlar içində idi. Mən bir də qışqırdım ki, “atamı öldürməyin”. Atamsa dediyindən dönmürdü. Atamı gözlərim qarşısında diri-diri yandırdılar. Bu hadisə heç vaxt mənim gözlərimin önündən getmir.

Biz atamı da məcburən orada qoyduq. Sonra nə baş verdisə, bizi Ağdama gətirib, ermənilərlə dəyişdilər. Düzdür, atamın meyitini gətirsələr də, bunun nə mənası var idi ki!? Onsuz da ancaq külü qalmışdı. Külünü tabutda gətirmişdilər.

– Bəs ananın, bacının meyitini gətirə bildinizmi?

– Onları gətirib Ağdamda dəfn etdilər. Amma ermənilərlə təmas zonasında yerləşdiyindən biz bu gün onların qəbirlərini ziyarət edə bilmirik. Bizə icazə vermirlər ki, həmin sahə təhlükəlidir.

– Nənəndən, bacılarından ayrı düşdün. Onlardan nə vaxt xəbər aldın?

– Onlar nənəmlə birgə gəlib çıxmışdılar. Daha sonra biz də gəldik. Bir gün çöldə qaldığımıza görə, ayaqlarımız donmuşdu. Ağdamda bizi xəstəxanada yerləşdirmişdilər.  

– Sonra harada yaşadınız?

– Biz – qardaşım, bacım və mən nənəmlə birgə yaşadıq. Bakıda “Qızılqum” sanatoriyasında məskunlaşdıq. Orta təhsili bitirəndən sonra liseydə oxudum. 25 yaşımda ailə qurdum. İndi 4 yaşında bir oğlum var. Qardaşım Vüsal isə polis əməkdaşıdır, Pirşağıda yaşayır. Bacım da ailəlidir, iki övladı var.  

– Yəqin ki, nənənlə bir yerdə yaşayanda çox ağır günləriniz olub. Kimlərsə kömək edib?

– Biz 18 yaşımıza qədər müavinət almışıq. Başqa heç yerdən bizə maddi köməklik olmurdu. Bir də nənəm pensiya və “çörəkpulu” alırdı, onunla dolanırdıq. Gəncənin sabiq polis rəisi Rasim Musayevin bizə çox böyük köməyi dəyib. O ailəmiz haqqında eşitmişdi və bizi gəlib tapmışdı. O vaxt biz qardaşıma sünnət toyu etməmişdik, Rasim müəllim onun kirvəsi oldu. Ondan sonra da tez-tez bizə köməklik edirdi.  

– Xocalı hadisəsindən sonra bizim nəslin gözündə qorxu var. Bu haqda nə düşünürsən?

– Mənim içində heç bir qorxu qalmayıb. Fəxr edirəm ki, atam vətən yolunda şəhid olub. O bizi düşünmədən ölümə razı olubsa, mən də heç nədən qorxmalı deyiləm. O vaxt səkkiz yaşım var idi. Bu yaşda bir uşağın beyni ağ kağıza bənzəyir. Beynimə bu dəhşətli faciə yazılıb. İndi məndə heç bir qorxu yoxdur.

– Xocalıda hər iki valideynini itirən 25 uşaq var. Onlardan kimlərlə əlaqələrin var?

– “Qızılqum”da yaşayanda Vəsilə adlı qızla münasibətim var idi. Elə indi də arada danışırıq. O uşaqlardan Xatirə Orucovanı da tanıyıram, sizə müsahibə verən Anarın bacısı. Onun sağ qalacağına heç kim inanmırdı. O qızın bütün bədəni deşik-deşik idi. Eşitmişəm ki, ailə həyatı qurub…

Sevinc İltifatqızı
Pərvin Arzuqızı

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın