Menu
Geri İrəli

Azərbaycan qadınının tükürpədici etirafı: “Atam deyib, ayrılsan, özünü dənizə at”

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2014 • Baxış sayı: 542 dəfə • Şərh yoxdur

siddetŞiddət görən qadın, psixoloji olaraq xəsarət görür, özünə olan güvəni sarsılır və özünəgüvənini itirir. Kişilər isə çox zaman, qadına bunu hiss etdirmək üçün şiddətə müraciət edirlər. Ailəli insanlar bir-birilərinin zəif və güçlü tərəflərini bilməlidirlər. Ötüz illik evliliyin sonrasında belə, həyat yoldaşının zəif və güclü tərəflərini bilməyən, onun hətta nələrdən xoşlandığını bilməyən cütlüklər var. “Həyat yoldaşınızı tanıyırsız?” testindəki “Yoldaşınız hansı hədiyyədən xoşlanır? Tətildə və ya yeməkdə nələri sevər? Yoldaşınıza ağır gələn işlər hansılardır?” kimi suallara çox zaman doğru cavab belə vermirlər. Əgər tərəflər bir-birlərini tanımırlarsa, onda bu zaman ciddi problemlər ortaya çıxar. Tərəflər danışarkən bir-birlərinin üzünə baxmalı və ürəklərini hiss etməlidirlər.

Elə bu dəfə ki, adını açıqlamaq istəməyən müsahibim də öz ailəsi haqqında bizə danışacaq. Ailə üzvləri tərəfindən şiddətə məruz qalan bu xanım tam səmimi cavabları ilə hətta məni də duyğulandırdı.

 - Sizinlə ilk danışığımız zaman mənə özünüz haqqında qısa da olsa, məlumat vermişdiz. İndi istərdim ki, oxucularımıza da özünüzü təqdim edəsiniz.

 - Mən 39 yaşında, evli və iki uşaq anası qadınam.

 - Qrupa yazanda ki, mənə ailəsindən şiddət görən bir xanım lazımdır müsahibə üçün. İlk olaraq siz yazdınız. Bilmək olar nə şiddətlər görmüsüz ailənizdən?

 - Atamın evində qardaşımdan hər gün şiddət görürdüm. Bu məni tez ailə qurmağa məcbur etdi. Məqsədim isə o evdən canımı qurtarmaq idi. Rədd olub getmək istəyirdim ordan. Amma tam tərsi oldu. Ailə qurduqdan sonra daha da betərlərini yoldaşımdan görməyə başladım.

 - Qardaşınızın sizə şiddət göstərməyinin başlıca səbəbləri nə idi?

 - Qardaşım məndən böyük olduğu üçün kefini çıxarırdı. Və ən dəhşətlisi isə anam bunlara göz yumurdu. Oğlu olduğu üçün fəxr edən qadınlardan idi anam. Onun fikrincə, qardaş bacını döyər.

 - Kefini çıxardırdı deyəndə təcavüz edirdi, yoxsa döyürdü?

 - Yox, təcavüz etmirdi. Sadəcə, istədiyi şeyləri etməkdə əmr edirdi mənə.

 - Bəs sevdiyiniz insanı özünüz seçib ailə qurmusuz? Yoxsa yenə də ailəniz məcbur edib sizi?

 - Sevgi yox idi. Evdən canımı qurtarım deyə, elçilər içindən indiki həyat yoldaşımı seçdim. Çünki evdəki haqsızlıqlardan bezirdim. Anam hər şeyi qardaşıma yedizdirirdi. Mən ac qalsam belə, vecinə olmurdu.

 - Həyat yoldaşınızın şiddətinin səbəbləri nə idi?

 - Yəqin ki, o da qorxaq olduğumu bilirdi. Bilirdi ki, geri qayıtmağa yerim yoxdu. Məncə, bunları anlayaraq başladı istədiklərini etməyə.

 - Davalar daha çox nəyin üstündə baş verirdi?

 - Nəyə etiraz etsəm, dava olurdu. Məsələn, yalanı üzə çıxdıqda qabaqdan gəlmişlik edib dalaşırdı ki, heç nə soruşmayım. Qabları qırırdı, stolu aşırırdı. Bu qədəri bəs edərmi?!

 - Xəyanət edib sizə?

 - Əvvəllər edirdi. İndi imkanı zəifdi deyə, etmir. Hətta bir dəfə ağzından qaçırdı ki, görüşdüyü qadınlar arasında mənim kimi gözəlinə rast gəlməyib.

 Sizin reaksiyanız necə oldu bəs buna?

 - Əsəbləşdim sadəcə. Başqa heç nə. Hər şeyi içimdə çəkirəm. Dava çıxmasın deyə.

 - Heç ürəyinizdən keçib ki, yoldaşınızı döyüb hirsinizi çıxasınız?

 - Yox, başqa nə edə bilərəm ki? Dava olanda əl qol atıram. Onda daha da qızışır. Daha çox döyməyə başlayır. Qarğış edib ağlayıram sadəcə.

 - Övladlarınızın gözü önündə baş verir hamısı?

 - Son zaman ki, davalarımız övladlarım məktəbdə olanda baş verib.

 - Bəs niyə ayrılıb övladlarınızı da götürüb özünüzə yeni həyat qurmamısınız?

 - Tərk edib gedəcəyim yerim yoxdu. Atam deyib ki, ayrılsan get dənizə at özünü.

 - Misalçün, qadınlar üçün sığınacaqlar var. Ora müraciət edə bilərdiniz.

 - Mən bilmirdim sığınacaq yeri hardadır. Yoxsa gedərdim.

 - Yoldaşınızın ailəsinin sizinlə münasibətləri necədi? Xəbərləri var bu hadisələrdən?

 - Biz ayrı yaşayırıq. Ən son qayınanama bədənimdəki izləri göstərdim. Dedi, kişilərin hamısı belədir.

 - Belə başa düşdüm ki, hər şeylə özünüz tək mübarizə aparırsız. Ailəniz sizə yaxın durmur.

 - Mən mubarizə aparmıram. Mən məcbur olub, hər şeyə dözürəm.

 Ölümcül şəkildə döydüyü olub?

 - Bəli, olub.

 - Ailənizin xəbəri olub bundan? Yoxsa yenə susmusunuz?

 - Anam xəbər tutub. Ancaq heç bir reaksiya verməyib. Anamın analıq hissləri çox zəifdir. Mən elə başa düşürəm.

 Övladlarınızla münasibətiniz necədi?

 - Övladlarımı çox sevirəm. Onlar üçün ölümə belə gedərəm. Böyük oğlum “boşan” deyir. Amma onların oxumaqları üçün ata lazımdır. Mən aciz qadınam nə edə bilərəm ki?!

 - Yoldaşınız sizə davrandığı kimi rəftar edir uşaqlarla?

 - Uşaqları çox döymür. Amma uşaqlar qorxurlar atalarından. Mən imkan vermirəm onları döysün.

 - Şiddət görən qadınlar üçün sığınacaq tapsanız, uşaqlarınızı da götürüb ora gedərsiniz?

 - Yox, uşaqlarım böyüyüb artıq. Onların qürurları ilə oynamaram heç vaxt. Bir canım var, o da fəda olsun onlara.

 - Sonda yeni ailə qurmuş qızlara və şiddət görmüş qadınlara nə məsləhət verərdiniz?

 - Mən qızlarımıza yox, onların ailələrinə deyərdim ki, övladlarımız bizim canımızdır. Canımızın yanmasına imkan verməyin.

 Qeyd: Yazı bu bloqdan götürülüb

Facebook Şərhləndirmə:

Şərhinizi yazın