Menu
Geri İrəli

“Azərbaycanın İKT sahəsində ciddi potensial var”- Müsahibə

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Yanvar 2017 • Baxış sayı: 538 dəfə • Şərh yoxdur
Share Button

19863Məlum olduğu kimi, bu gün ölkəmizdə müxtəlif sahələrdə xarici mütəxəssislərin təcrübəsindən isifadə edilir. Bu amil İKT sahəsinə də aiddir.

Bu gün ölkənin İT şirkətlərində çalışan xarici mütəxəssislərin sayı kifayət qədərdir.

Müşahidələrimiz göstərir ki, onların da müəyyən dövrdən sonra buradakı işi bitir və öz ölkələrinə geri dönür. Amma bəzi  xarici mütəxəssislər də vardır ki, onlar bütün fəaliyyəti, ürəyi ilə Azərbaycana bağlı olur. Bütün işlərində yerli sektora fayda verməyə çalışırlar. Həmin mütəxəssislərdən biri də türkiyəli professor Ali B. Kutvandır.

Bu adı əsasən Azərbaycanda  Rayonların Stratejik İqtisadi Planlaması (Mədəniyyət və Turizim Nazirliyi) lahiyəsindən tanıyırıq. 

Bununla yanaşı, Ali Kutvan Türkiyədə uzun tarixə sahib olan ən böyük İT şirkətlərdən biri olan KoçSistem-in Azərbaycan üzrə Baş direktoru vəzifəsində çalışıb.

4 ilə yaxındır Azərbaycanda yaşayan mütəxəssis hazırda ASK İKT Komissiyasında sədr müavini və ASK Turizm Komissiyasında üzv işləyir. Həmçinin, ASKAL INTERNATIONAL BAKU klubunun İdarə Heyəti üzvüdür. Professor eyni zamanda Prezident Yanında İdarəçilik Akademiyasında magistratura tələbələrinə “İnnovasiya  Menecment” fənnini tədris edir və magistr, doktorant tələbələrə elmi rəhbərlik edir.

Ali Kutvan bir neçə yerli startap layihəsinə konsaltinq xidməti də göstərir.

Onu da qeyd edək ki, Ali bəy Kutvanın bir neçə öz şəxsi biznesi də var. Onlardan İT və idarəetmə konsaltinqlə bağlı olanı Kutvan Project Group şirkətdir.

Xeberler.az olaraq türkiyəli mütəxəssislə Azərbaycanın İKT bazarı, startap ekosistemi, mövcud vəziyyəti il bağlı maraqlı söhbət etdik.

Müsahibəni təqdim edirik:

-Ali bəy, Azərbaycana ilk gəlişiniz nə ilə bağlı olub? . Neçə ildir Bakıdasınız?

- 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycana dəvət edildim. Həmin vaxt Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı ilə bağlı sənəd imzalamışdı. Nazirlik rayonların strateji planlamasını hazırlayırdı. Bu stratergiyanı hazırlamaq üçün nazirliyin təklifi ilə öncə bir seminar vermək üçün Azərbaycana gəldim. Elə həmin vaxt Türkiyədə regional strateji planlama ilə bağlı elmi məqalə işləyirdim. Ona görə bu təklif mənim üçün də maraqlı oldu. Öncə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarına stateji planlama ilə bağlı seminar keçdim. Sonra nazirlik rayonlarda inkişafla bağlı planlama işlərinə başladı. Seminar çox bəyənildi. Təklif edildi ki, nazirliklə birgə rayonların strateji planlamasını hazırlayaq. 7-8 ay ərzində Xaçmaz rayonun strateji inkişaf planını hazırladıq. Yəni, ilk vaxtlar Bakıya İT ilə bağlı gəlməmişəm (gülür). Qeyd edim ki, bu gün də turizim sektorunda tətbiq edilən siyasət bizim o vaxt hazırladığımız strateji planlarla əlaqəlidir.

Nazirlikdə işləriniz bitdikdən sonra Türkiyəyə qayıtmaq istədiniz?

-Bəli, əslində işlərimiz bitdikdən sonra dediyiniz kimi, Türkiyəyə qayıtmaq istədim. Amma Azərbaycanda dövlət və özəl sektordan biznes konsaltinq, strateji planlama  ilə bağlı çox sayda təklif aldım. Azərbaycanda bir neçə tanınmış şirkətlərin stateji planlamasını hazırladıq, bəzilərinin bu istiqamətdəki quruluşunu tamamən yenidən formalaşdırdıq. Bununla yanaşı, “Staretji menecment” və “Starteji HR menecment” dərsləri  üzrə müxtəlif universitetlərdə dərs keçməyə başladım. İlk dəfə olaraq Qafqazda Universitetində və sonra Turizm və Menecement Universitetində  tələbələrlə işləyirdim. Hazırda isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında magistratura  tələbələrinə “İnnovasiya  Menecment”  fənnini tədris edirəm. Həmçinin 2 magistr tələbənin elmi rəhbərliyini edirəm.

Ali bəy, İT sahəsi ilə nə vaxtdan məşğulsunuz? . Məlumatımıza görə, Kutvan Group şirkətinin də  təsisçisisiniz. Şirkət hansı xidmətlər təklif edir?

- BəliKutvan Project Group-un 3 bölməsi var. Management Consulting, memarlıq və daxili dizayn, İT və İT  konsaltinq. Kutvan Project Group şirkətinin bir bölməsi sırf İT ilə bağlıdır. Türkiyədə  şirkətlərin ilk veb- portallarını da Kutvan Project Group edib. Türkiyədə İT üzrə 25 il  təcrübəm var. Biz orada çox sayda layihələr üzərində işlədik. Türkiyədə bir çox şirkətə İT ilə bağlı konsaltinq xidmətləri verdik. Hələ 1994-ci ildə Google-a bənzər bir sistem qurduq. Bir sonra layihə fəaliyyətə başladı. Layihə həm ölkədə, həm də qlobalda böyük maraqla qarşılandı. Bildiyiniz kimi, o dövrdə indi məşhur olan Google, Yahoo kimi platformalar yox idi. Mobil telefonlar da bugünki kimi geniş yayılmamışdı. Ona görə layihə belə tez zamanda maraq cəlb edə bildi. Bundan başqa, proqramlaşdırma ilə bağlı çox sayda portallar yaratdıq. Türkiyədə 3 il davamlı bu sahədə ən yaxşı şirkət seçildik.

Türkiyənin ən məşhur İT şirkəti KoçSistem-in də Azərbaycan üzrə icraçı direktoru (CEO) vəzifəsini icra edibsiniz. KoçSistem Azərbaycanın İT bazarına nə kimi xidmətlər təklif edirdi?. CEO olduğunuz vaxtlarda ölkəmiz üçün hansı yenilikləri etdiniz?

-Bəli, bildiyiniz kimi, KoçSistem Türkiyədə uzun tarixi olan böyük İT şirkətdir. KoçSistem 2012-ci ildə YapıKredi bankının İT işlərini görmək üçün bir şöbəsini də Bakıda açıb. 2015-ci ildə Azərbaycanda yaşadığımı nəzərə alaraq CEO vəzifəsi təklifini aldım. Azərbaycanın ilk Tədqiqat Mərkəzini (R&D Center) qurduq. Bizim qarşıdakı 5 ildə planımız Türkiyədə KoçSistem-in istehsal etdiyi İT məhsulları Azərbaycan bazarına uyğunlaşdırıb, optimasiya etmək idi. Belə ki, İT layihələrin Azərbaycana gətirilməsi və Azərbaycan dilində yerli bazara uyğunlaşdırılması nəzərdə tutulurdu. Daha sonra bu layihələr “Made in Azerbaijan” adı  ilə dünya bazarlarına  təqdim ediləcəkdi. Mərkəzin Azərbaycan İT bazarına, iqtisadiyyatına böyük faydası olacaqdı. Orada bir çox azərbaycanlı mühəndis işləyəcəkdi. Mərkəzə çox bacarıqlı bir azərbaycanlı kadr təyin edilmişdi. Amma təəssüflər olsun ki, mən KoçSistem-dən ayrıldıqdan sonra Mərkəz fəaliyyətini dayandırıb.

Ali bəy, elə Siz də bu məqama toxundunuz. Məlumatımıza görə, bir ildir KoçSistem-in CEO vəzifəsindən ayırılıbsınız və hazırda şirkətə yeni CEO təyin edilməyib. Son vaxtlar KoçSistem-in Azərbaycan bazarında fəaliyyətində ciddi durğunluq müşahidə olunur. Qeyd etdiyiniz kimi, ARGE Mərkəzi də bağlanıb. Şirkətin fəaliyyətində nə baş verir?

- CEO vəzifəsinə gəldiyim ilk günlərdə baxdım ki, şirkət Azərbaycanda nə istədiyini, hara getmək istədiyini tam dəqiq bilmir. Sonra şirkətin Azərbaycan bazarındakı strateji planlamasını yenidən işlədik. Fəaliyyətə başladığım ilk 2 ay ərzində bütün keyfiyyətli İT şirkətləri rəhbərləri ilə görüş keçirdim. Qeyd etdim ki, biz sizinlə rəqib deyilik və əməkdaşlıq istəyirik. Çünki hər hansı xarici şirkətin gəlib, bir azərbaycanlı şirkətlə rəqib şəklində işləməsini müəyyən səbəblərdən dolayı doğru hesab etmirəm. Danışdığımız bütün şirkət rəhbərləri bu təklifi müsbət qarşıladı. Beləliklə, onlarla birlikdə ortaq layihələr işləmək üzrə yola çıxdıq. Bununla yanaşı, bir diller sistemi qurduq. Belə ki, kiçik İT şirkətləri KoçSistem-in solutions partner-i etdik. Onlar şirkətin bu İT həllərini çox yaxşı öyrəndilər. Daha sonra  bu məhsulları KoçSistem adı ilə Azərbaycan bazarına daxil etdilər. Bundan başqa, hər 3 ayda bir müxtəlif sahələrlə  bağlı Park İnn otelində  workshop-lar edirdik. Hesab edirəm ki, bərabər qazanmaq potensialı olduğu halda bərabər işlər görmək lazımdır. Təəssüflər olsun ki, şirkətdən ayrıldıqdan sonra  bu məsələlər yarımçıq qaldı, ARGE mərkəzi də bağlandı.

KoçSistem elan etmişdi ki, Azərbaycanın yerli İT layihələrinə (startaplara) də investisiya edib, qlobal bazara çıxaracaq. Deyəsən, bu iş də yarımçıq qaldı…

-Bəli, doğrudur. KoçSistem olaraq yerli startaplarla maraqlanırdıq. Tədqiqat Mərkəzində də onlarla işləyəcəkdik. Şirkətimiz bir neçə startapla görüşlər keçirdi. Onlara konsaltinq xidməti verirdik. KoçSistem olaraq startaplara sponsor olub, növbəti mərhələ inkişafı üçün investisiya edəcəkdik. Azərbaycan bazarında maraqlı layihələr var. Şirkətin CEO-luğunu etdiyim zaman onlarla yaxından tanış ola bildim. Startaplar da bizimlə əməkdaşlığa müsbət yanaşırdı. Lakin qeyd etdiyim kimi, şirkətdən ayrıldıqdan sonra bu işlər yarımçıq qaldı.

-Yəqin ki, CEO olduğunuz vaxtlarda ölkəmizin İT bazarı ilə daha yaxından tanış oldunuz. Bizim bazarda potensial varmı?. Bu sahədəki mövcud problemlər nələrdir?

- Bəli, 2 il ərzində Azərbaycanın İT bazarı ilə çox yaxından tanış ola bildim. Şirkət rəhbərləri, dövlət qurumlarının rəsmiləri ilə davamlı görüşlərimiz keçirilirdi, mövcud vəziyyəti müzakirə edirdik. Azərbaycanda bu sahədə çox yaxşı insan resursları var. Bu günə qədər çox sayda  tələbələrim oldu. Həm tələbələrimə, həm buradakı şirkətlərin infrastrukturuna baxıram çox ciddi bir potensial var. Lakin bu sahədə ən böyük problem xüsusən İT şirkətlərdə stratejik planlama əksikliyinin olmasıdır. Bundan başqa, İT sahəsində Azərbaycanın qanunvericilik məsələsi yenidən işlənilməlidir. Məsələn, texnoparklar qurulur, amma onların fəaliyyəti ilə bağlı hər hansı qanun, mexanizm formalaşmayıb. Bu kimi qurumlar yaranır, amma sabah necə işləyəcəkləri  məlum deyil. Daha vacib bir məqam isə qurumlarda, şirkətlərdə işləyən insanların düzgün istiqamətləndirməsindəki problemdir. Azərbaycanda çox yaxşı kadrlar olmasına baxmayaraq, onlar özlərinə güvənmir. Əslində çox yaxşı tələbələr, savadlı mütəxəssislər var. Amma müşahidəm göstərir ki, onlar özlərinə çox güvənmir. Yəni,  Azərbaycanda bu işləri edib, sonra dünaya çıxa bilərik kimi məsələləridə özlərinə inam yoxdur. Buna görə də elə insanlara xüsusi bir motivasiya lazımdır.

Ali bəy, idarəetmə mütəxəssisi olaraq fikirləriniz maraqlıdır ki, Azərbaycan bu sahədə də ciddi uğurlar qazanıb, İT sektorunu inkişaf etdirmək üçün hansı tədbirləri görə bilər? Məsələn, bizim bazar Türkiyə bazarına yaxındır. Necə oldu ki, Türkiyə son illərdə bu sahədə  rekord qırır, Azərbaycanda isə hələlik elə ciddi rəqəmlər yoxdur.

- Yuxarda qeyd etdiyim problemləri həll etmək üçün ictimai birliklər yaradıb, staretji planlama üzərində işləyərək yavaş-yavaş bu inkişafa çatmaq olar. Bir daha vurğulayıram ki, Azərbaycanın İT bazarında potensial var, sadəcə düzgün istiqamətləndirmə mexanizmi mövcud deyil. Azərbaycanın İT bazarı ilə bağlı rəylərimi sosial media hesablarımdan da aktiv paylaşıram ki, burada  potensial nələrdir və bu istiqamətdə hansı işləri həyata keçirmək olar?. Əslində, tarixlər hər ölkə üçün ümumidir, həmçinin ictimaiyyət də. Türkiyə hazırda müəyyən sahələrdə Azərbaycandan öndə ola bilər. Amma Azərbaycan da 10 il sonra mütləq o inkişafa çatmalıdır kimi bir şərt yoxdur. Ola bilsin ki, yaxın 10 il ərzində Azərbaycanda çox yaxşı stratergiya formalaşdırıldı. Bununla da bir neçə il ərzində Türkiyəni geridə qoydu.

- Azərbaycanın İT şirkətləri xarici bazara çıxmaq üçün ilk nədən başlasa, daha uğurlu olar?

-Müşahidələrim göstərir ki, bu gün Azərbaycanda əksər İT şirkət yerli bazara istiqamətlənib. Xarici bazarlarla işləmək istəyənlər çox azdır. Bunu nəzərə alaraq Azərbaycanda şirkətlər bir araya gəlib, Smart Claster formasında  bir holdinq qura bilər. Yəni, xarici bazarlara çıxış üçün tək-tək edə bilməyəcəkləri işi xarici tenderlər üçün bir yerdə işləməlidir. Smart Claster dediyimiz anlayış xaricdəki şirkətlərə qatılmaq üçün bir neçə Azərbaycan şirkətinin bir araya gəlməsini, export etməsini nəzərdə tutur. Bununla da o tenderlərə çox güclü bir firma olaraq qatıla , 300-400 min dollarlıq bir layihəni qazana bilərlər. Həmçinin, bu sahəni inkişaf etdirib, yerli şirkətlərə həm stimul olub, həm də tanıtımı üçün  Azərbaycandakı tenderlərdə xarici şirkətlərin birbaşa iştirakını əngəlləyəcək qanunvericilik formalaşdırılmalıdır. Belə ki, əgər hər hansı xarici şirkət buradakı nazirliklərin tenderinə qatılacaqsa, mütləq hansısa Azərbaycan şirkəti ilə strateji əməkdaşlıq etməlidir. Çünki Azərbaycan balaca ölkədir. Digər xarici ölkələrdə potensialı yüksək olan layihələr var. O layihələrə qatılmaqla şirkətlər inkişaf edib, gəlir götürə bilər.  Bunun Azərbaycan üçün böyük faydası olar bilər.

-Ali bəy, həmçinin ölkəmizdə yeni yaradılan  İKT Komissiyasında sədr müavinisiniz. Hazırda Komissiyada konkret olaraq hansı işlərin görürsünüz?

-Komissiyada Azərbaycanın İKT bazarı ilə bağlı yuxarda qeyd etdiyim problemlər üzərində işəyir, təkliflər hazırlayırıq. Bildiyiniz kimi, Komissiyada təmsil edilənlər əsasən bu sahədəki biznesmenlərdir. Onlarla birgə mövcud durumu müzakirə edib, gələcək inkişaf üçün bir stratergiya hazırlayırıq. Daha sonra bu təklifləri Komissiyaya üzv olan şirkətlərə göndəririk.

-Sizcə, mövcud vəziyyəti  nəzərə alaraq dünyanın İT trendlərinə necə qoşula bilərik?

-Bu gün dünyanın yaxın gələcəkdə gözlənilən İKT trendləri haqda proqnoz vermək o qədər də çətin deyil. Bu sektorun əsas  trendləri Big Data, Smart City, iOT ( Əşyaların İnterneti) mobil texnologiyalar, oyunlardır. Azərbaycan bunlardan birini seçib bütün gücünü o sahəyə qoyub, tez zamanda uğur qazana bilər. Məsələn, Pokemon GO-nun ötən il dövriyyəsi 1 milyard dollar idi. Bu, böyük rəqəmdir. Azərbaycan da konkret olaraq bir sahəyə istiqamətlənərək əlində olan imkanları, daxili insan resurslarını buraya qoya bilər.

-Ali bəy, bəzən belə iddialarla qarşılaşırıq ki, Azərbaycanda bu işləri görmək üçün yetərli kadrlar yoxdur. Hazırda xaricdən kadr gətirməyə ehtiyac var?

-Bu yanaşma ilə tam razı deyiləm. Ola bilər ki, bir texnologiya yaratmaq üçün sizin hansısa əlavə kadra ehtiyacınız olsun. Bu da normal haldır. Bu gün bütün dünya ölkələri bu mexanizmdən istifadə edir. Məsələn, yerli kadrlar işin müəyyən hissəsini görürür, sonra əgər əlavə kadra ehtiyac olarsa o zaman xaricdən müxtəssis cəlb edilir. Ona görə, yetərli kadr yoxdur demək doğru deyil. Azərbaycanda kifayət qədər yaxşı insan resursları var. Sadəcə onları düzgün istiqamətləndirib, doğru formada faydalanmaq lazımdır. Əgər kadr əksikliyi olarsa, o zaman xaricdən mütəxəssis dəvət etmək olar. Bu kadrlarla birgə Azərbayacan brendi altında məhsullar hazılamaq olar.  Hindistan, Ukrayna bazarından mütəxəssislər dəvət edib, 2-3 il hədəf qoyub, konkret məhsullar isthesal etməklə dünya bazarına çıxmaq olar.

-İnnovasiyaların inkişafında təhsil necə rol oynayır?.  Bu sahədə Azərbaycanın təhsil sistemini necə qiymətləndirirsiniz?

-Maraqlı bir məqamı bölüşüm. Ötən dəfə tələbələrimə sual verdim ki,  Azərbaycanda hansı universitetlərdə “Sənaye Məhsullarının Dizaynı” fənni tədris edilir. Çox təəssüfləndirici cavab aldım ki, heç bir ali təhsil müəssisəsində bu fənn tədris edilmir. Halbuki Türkiyə də daxil olmaqla digər ölkələrin əksər universitetlərində bu fənn var. Dünyada bu sahəyə çox diqqət edirlər. Əgər siz iqtisadiyyatınızı innovativ etmək , innovasiya ekosistemini yaratmaq istəyirsinizsə, mütləq bu sahəyə aid fənlər tədris edilməlidir. İnnovasiyaya uyğunlaşdırılmış bir təhsil sistemi olmalıdır. Bu gün innovativ iqtisadiyyat indeksində birinci olan ölkə Finlandiyadır. Çünki bu ölkə son 25 ildə bütün təhsil sistemini tamamən yenidən qurub. Bütün iqtisadiyyatını İT üzərində formalaşdırıb. Azərbaycanda təhsil sahəsində rəsmilərlə görüşəndə qeyd edirlər ki, bu sistemi yenidən qurmaq, İT ilə bağlı fənlər daxil etmək üçün çox vəsaitə ehtiyac var və onlar riskə getmək istəmir. Amma bu fikirlə razı deyiləm. Bəzi məqamlar var ki, maliyyəyə bağlı deyil. Məsələn, biz İdarəçilik Akademiyasında“İnnovasiya Menecement” fənnini proqrama daxil etdik və hazırda bu fənn üzrə magistr tələbələrə dərs deyirəm. Universitetdən aldığım maaş çox azdır. Amma Azərbaycanı çox sevirəm. Hər an buranın inkişafını fikirləşirik. Yəni, önəmli olan baxış bucağıdır. Əsas odur ki, belə bir fakültə açıldı, hazırda 8 tələbəyə  dərs keçirəm. Tələbələrimdən çox razıyam. Bu prosesdə pul var?. Əlbəttə yoxdur. Azərbaycanda hansısa universitetdə  qeyd etdiyim istiqamətlərdə  fakültələr açılıb, bir sıra müəllimlər cəlb edilsə, çox pul tələb etməz. Məsələn, KoçSistem-in Tədqiqat Mərkəzinə 120 min manat vəsait ayırdıq. Bu, pul deyil. Əgər Mərkəz işləsə idi, milyard dollar pul qazana, İT məhsullar / layihələr hazırlana bilərdi. Yəni, hər şey Sizin yanaşmanızdan asılıdır…

-Ali bəy, məlumatımıza  görə, hazırda 2 tələbənizi  beynəlxalq ixtiraçılıq problemlərinin həlli nəzəriyyəsi TRIZ üzrə yetişdirisiniz. Niyə məhz TRIZ? Bu nəzəriyyənin önəmi nədir?

- Bu gün TRIZ dünyada layihələrə patent almaqla bağlı ən önəmli nəzəriyyədir. Bir dəfə dərsdə tələbələrə bu haqda danışdım, onların məlumatı yox idi. Halbuki bu gün nəhəng İT şirkətlərin istifadə etdiyi bu nəzəriyyə ilk dəfə Bakıda yaradılıb. Belə ki, TRIZ-in yaradıcısı özbək əsilli Genrich Altshuller 1931-ci ildə ailəsi ilə birgə Bakıya köçür, ali təhsilini də indiki Neft və Sənaye Universitetində alır. Daha sonra 50 il  bu nəzəriyyənin yaradılması üzərində işləyir və ilk TRIZ Assosiyasını da məhz Azərbaycanda  yaradır. Amma təəssüflər olsun ki, Azərbaycanda neçə müəllimə, biznes sahəsi ilə məşğul olanlara, tələbələrə bu sualı verdim. Azərbaycanda heç kim nə bu nəzəriyyəni, nə də  müəllifi tanımır. Əslində, hazırda dünyanın istifadə etdiyi bu nəzəriyyə Azərbaycanın milli brendi sayıla bilərdi. Dünyanın ən böyük şirkətlərindən biri Samsung ötən il 15 min mühəndisinə TRIZ təhsili verib. Google-da axtarış edin, bu haqda məlumatların 95 faizi ingilis dilindədir. Halbuki, bunu yaradan insan 1990-cı ilə qədər Bakıda yaşayır. Amma Bakıda heç kim onu tanımır. Hazırda qərb ölkələri bu nəzəriyyədən  istifadə edərək iqtisadiyyatlarını inkişaf etdirir, patent alır. Bəli, hazırda 2 tələbəm var, onları yetişdirib TRIZ dərslərini Azərbaycanda  tədris etmək istəyirik. Müşahidəm göstərir ki, Azərbaycanda yaradılan layihələr patent məsələsinə çox diqqət ayırmır. Nəzərə almaq lazımdır ki, bu gün patent almadığınız heç bir layihənin önəmi yoxdur.

-Layihələrdən söz düşmüşkən, Azərbaycanda startap sahəsi ilə bağlı hansı fəaliyyətləriniz var?. Startaplara necə dəstək götərirsiniz?

-Sevindirici haldır ki, bu gün Azərbaycanda startap sahəsi də inkişaf edir. Bu sahə ilə bağlı çox sayda tədbir, yarışlar təşkil edilir. Amma etiraf edim ki,  bu sahənin mövcud vəziyyəti də o qədər ürəkaçan deyil. Məsələn, startap yarışları keçirilir, orada bir neçə layihə qalib olur, onlara şirkətlər hədiyyələr verir və bununla da bitir. Əslində, bütün bu işlər gəncləri motivasiya etmək baxımından çox müsbət haldır. Amma bunun startap komandasına, ölkənin iqtisadiyyatına hansı faydası var?. Davamlı inkişaf üçün daha konret və uzunmüddətli addımlar atmaq daha uyğun olar. Azərbaycanda Yeni Fikir kimi bir neçə startap müsabiqələri var. Onlara ilk sualım belə olur ki,  bu tədbiri təşkil etdiniz. Sonra qaliblər oldu, bəs bundan sonra necə olacaq?. Bunun Azərbaycana nə faydası var?. Hesab edirəm ki, bu işləri təşkil edərkən strateji planlama ilə edib, hədəflərini müəyyən etmək lazımdır. Qalib startapların həm özlərinə, həm də Azərbaycam iqtisadiyyatına bir faydası olmalıdır. Bunları əsas götürmək daha faydalı olar.

-Bu sahədə Sizin təklifləriniz nələrdir?

-Məsələn, bəlkə startap yarışmasına qatılan şirkətlər yarışmaya qatılmadan öncə təşkilatla bir müqavilə bağlamalıdır. Yəni, nə qazanacaqlarsa, onun bir hissəsinin də təşkilata aid olduğunu təsdiq etməlidirlər. Çünki sonra o layihələr xaricə, Silikon Vadisinə də getsə, layihənin bir hissəsi Azərbaycanda qalacaq. Bu kimi staretji fəaliyyətlər lazımdır. Həmçinin, startap yaradanlara patent məsələsi ilə bağlı məsələlər tədris edilməlidir. Bu gün yerli startaplardan məsələhçilik etmək üçün çox sayda təkliflər alıram və bəziləri ilə də hazırda işləyirik. Layihə mənə təqdimat edəndə ilk sualım olur ki, sizin fərqiniz nədir?. Bu işiniz başqa birisi tərəfindən asanlıqla kopyalandığı zaman strategiyanız nə olacaq?. Bu sahə ilə bağlı təməl bacarıq yetişdirmək çox önəmlidir. Bunun da patent məsələsi ilə  çox yaxından əlaqəsi var. Bundan başqa, təşkil edilən startap yarışları bütün sahələrə istiqamətlənib. Bunu da tam doğru hesab etmirəm. Bunları ayırmaq lazımdır. Məsələn, ola bilər ki, kənd təsərrüfatı ilə bağlı bir yaxşı layihə var, amma içində İT olmadığı üçün yarışmaya buraxılmır. Ona görə də müsabiqələri  kateqoriayalara ayırmaq lazımdır. Məsələn, “Yeni Fikir İT”. Artıq buraya sırf İT ilə bağlı olan layihələr buraxıla bilər. Həmçinin, bu yarışlarda kimin ideyası var iştirak edə bilər yox, konkret hədəflərə istiqamətlənən layihələrə dəstək verib, investisiya edərək, dünyaya çıxarmaq lazımdır.Yarıdıcı insanların düzgün istiqamətləndirilməsindən çox şey asılıdır. Hazırda doğru istiqamət, doğru layihələrin müəyyənləşdirilməsinə ehtiyac var. Artıq Startap Azərbaycan-la da əməkdaşlığa başlayırıq. Azərbaycanı bu sahədə də irəli aparacaq işlər görəcəyimizə ümid edirik.

-Ali bəy, müşahidələrimiz göstərir ki, əksər xarici mütəxəssislər bir müddətdən sonra Azərbaycanı tərk edir. Sizi buraya bağlayan nədir? . Yəqin ki,  burada ailənizlə yaşayırsınız…

-Azərbaycan millətini çox sevirəm. Bu illər ərzində Azərbaycanda  bütün sahələr üzrə çox sayda dostlarımız oldu. Şəhər olaraq Bakını çox sevirəm. Bütün marağımız Azərbaycanı həm sosial, həm də iqtisadi inkişaf etməsinə yardım etməkdir. Bəli, ailəmlə yaşayıram və burada olmaqdan çox məmnunuq.

Məltəm Talıbzadə

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın