Menu
Geri İrəli

“Bakı-Tbilisi-Qars Avrasiya məkanının iqtisadi coğrafiyasını dəyişdirmək imkanına malikdir”

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Noyabr 2017 • Baxış sayı: 167 dəfə • Şərh yoxdur
Share Button

tahir mirkisliTahir Mirkişili: “Layihənin tam işə düşməsi ilə Azərbaycanın əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaq”

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətli tarixi hadisədir. BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir. BTQ dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olub. Oktyabrın 30-da Azərbaycan, Türkiyə prezidentlərinin, Gürcüstan, Qazaxıstan, Özbəkistan Baş nazirlərinin, Türkmənistan və Tacikistan nümayəndə heyətinin iştirakı ilə Bakıda sözügedən dəmir yolunun təntənəli açılış mərasimi keçirilib. Noyabrın 1-də isə Tehranda Prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib. Həmin görüşdə bir çox regional məsələlərlə yanaşı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması barədə müzakirələr aparılıb. Qeyd olunan hadisələr, Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələr, onların ölkəmizə və regiona faydası, iqtisadi-siyasi əhəmiyyəti ilə bağlı “Kaspi”nin suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili cavablandırır.

- Tahir müəllim, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də gələcəkdə reallaşacaq Şimal-Cənub layihəsi Azərbaycanın nəqliyyat qovşağına çevrilməsində necə rol oynayır?
- İlk öncə qeyd etmək istərdim ki, Avrasiya məkanında dünyanın iki nəhəng iqtisadi güc mərkəzi yerləşir. Bunlar Qərbdə Avropa Birliyi, şərqdə isə Çindir. Bu iki nəhəng iqtisadi mərkəz arasında olan ticarət əlaqələri, yük daşımaları hər il genişlənir. Hazırda Avropa Birliyi ilə Çin arasında ticarət həcmi 500 milyard dolları keçir. İki güc mərkəzi arasında yük daşımalarının həcmi illik 100 milyon tondan çoxdur. Genişlənməkdə olan bu əlaqələr tranzit ölkələr üçün də böyük iqtisadi mənfəət vəd edir. Hazırda Avropa Birliyi və Çin arasındakı yükdaşımalar şimaldan Trans-Sibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə, cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu vasitəsilə daşınır. Şimal dəmir yolu marşrutu əsasən siyasi cəhətdən Avropa Birliyi ölkələri ilə sabit münasibətləri olmayan Rusiyadan keçdiyindən yüksək siyasi risklər daşıyır. Cənub dəniz yolu marşrutu isə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə bilmir. Dünya üzrə avtomobil yolları ilə daşınan yüklərin 2030-cu ilə qədər 30, 2050-ci ilə qədər 50 faizinin dəmir yolları üzərinə keçirilməsi proqnozlaşdırılır. 2050-ci ildə 2005-ci ilə nisbətən dəmir yolu ilə daşımalarını 87 faiz artması gözlənilir. Məhz bu kontekstdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta ehtiyac yaranmışdı. Bu potensialı dəyərləndirərək, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan və Ukraynanın dövlət başçılarının, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib, Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. Saziş 12 dövlətin – Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin dövlət və hökumət başçıları tərəfindən imzalanıb. Məhz bu Bakı Bəyannaməsi Bakı-Tbilisi-Qars layihəsinin siyasi özəyini təşkil edirdi. 2007-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi, Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalanıb. Qeyd etmək lazımdır ki, o zamanlar digər bir layihənin də həyata keçirilməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları bütün güclərini sərf etmişdilər. Bu layihə, Qars-Gümrü-Tbilisi layihəsi idi. Bu layihənin həm də bəzi hissələri hazır idi hətta. Ancaq Azərbaycan dövlətini gücü, Azərbaycan Prezidentinin nüfuzu və Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi potensialı bu layihənin mübarizədə qalib gəlməsinə səbəb oldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrindən sonra hər üç ölkənin reallaşdırdığı üçüncü böyük layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya məkanının iqtisadi coğrafiyasını dəyişdirmək imkanına malikdir. Tarixi ipək yolunun marşrutundan keçən Bakı-Tbilisi-Qars dəmir yolunu “Dəmir İpək Yolu” layihəsi də adlandırmaq olar. Tezliklə istismara veriləcək Şimal-Cənub nəqliyyat dəhlizi ilə Bakı-Tbilisi-Qars layihəsi Azərbaycanda beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsini yaradacaq ki, bu da ölkəmizin bu layihələrdən siyasi və iqtisadi cəhətdən maksimum faydalanmasına imkan verəcək.

- İqtisadi baxımdan bu kimi layihələr Azərbaycana hansı dvidentlər gətirəcək?
- Bakı-Tbilisi-Qars dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq gücünə sahibdir. Dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı vardır. BTQ layihəsi Qərb istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəkəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin Şərq limanları vasitəsilə Çinə qədər uzanacaq. Qeyd etmək lazımdı ki, hazırda Qazaxıstan Aktau limanının yük aşırma gücünü ildə 19.5 milyon tona qədər çatdırıb. Ələtdə inşa olunan Bakı Beynəlxalq Ticarət Dəniz Limanının da ilkin mərhələdə yükaşırma gücü 20 milyon ton ətrafındadır. Beynəlxalq standartlara görə, dəmir yollarında 1 ton yükün 1 km daşınması 0.1 dollara başa gəlir. Bu standartlar ilə hesabladıqda Azərbaycanın 20 milyon ton yük daşınmasından əldə edə biləcəyi gəlir 1 milyard dollardan çoxdur. Hazırda Türkiyə-Gürcüstan-Azərbaycan arasında xarici ticarətin həcmi 4.2 milyard dollardır. İlkin hesablamalara görə, BTQ dəmir yolunun işə düşməsi ilə hər üç ölkə arasındakı ticarətin həcmi 10 milyard dollara çatacaq. Layihənin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən əldə edəcəyi gəlir 1 milyard dollardan çox olacaqdır. Bu layihə həm də Azərbaycan ixracatçıları üçün yeni bazarlara daha sürətli və ucuz xərclərlə çıxmaq imkanı yaradacaqdır ki, bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcəkdir. Qeyd etmək istərdim ki, Türkiyənin Körfəz və Orta Asiya ölkələrinə ixracının artırılmasında ən böyük əngəl nəqliyyat problemləridir. Türkiyə ilə İran arasındakı yol müasir ehtiyaclara tam cavab verə bilmədiyindən iki ölkə arasında artan ticarət dövriyyəsinin təmin olunması üçün Bakı-Tbilisi-Qars dəmir yolu mühüm rol oynayacaqdır. Belə ki, iki ölkə arasında dəmir yolu üzərindən ildə 1 milyon ton yük daşımalarının planlaşdırılması Van gölü və Saraksda ləngimələrin baş verməsi üzündən nəqliyyat şirkətlərinin bu yollardan uzaqlaşıb Bakı-Tbilisi-Qars dəmir yoluna keçməsinə stimul yaradacaqdır. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında illik 16 milyon tondan çox yük daşımalarının da sürət və tarif baxımından daha əlverişli olan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Şimal xətti üzərindən həyata keçirilməsi gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasının mühüm bir nəticəsi də regionda yeni bir enerji dəhlizi yaranması olacaqdır. Azərbaycanın neft-kimya məhsullarının bu xətt üzərindən bütün dünyaya çatdırılması imkanları xeyli artacaqdır. Buna əlavə olaraq Türkiyə ilə Orta Asiya ölkələri arasındakı yük daşımalarını həyata keçirən mövcud nəqliyyat qurumları bu xətdən faydalanmaq istəyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu hər üç ölkədə məşğulluq və kiçik ticarət baxımından da böyük bir canlanma yaradacaqdır. Yüklərin marşrutlar boyunca emal edilməsi, əlavə dəyərlərin yaradılması, ixrac və xidmət üçün yeni sahələrin yaranması imkanları daha da artacaq, bu isə son nəticədə insanların rifahının daha da artmasına gətirib çıxaracaqdır.

- Azərbaycanın beynəlxalq iqtisadi layihələri reallaşdırılması dünyada ölkəmizə olan münasibəti hansı səviyyəyə çatdırır?


- Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq aləmdə etibarlı bir tərəfdaş kimi tanınıb. Regionun inkişafına, Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasına, Asiya və Avropa arasında etibarlı ticarət vasitəsi olmağı sübut etmiş Azərbaycanın hər bir təşəbbüsü maraqla qarşılanır. Belə təşəbbüslərin demək olar ki, hamısı reallaşır. Çünki, Azərbaycanın təşəbbüsləri praqmatikdir və qarşılıqlı faydalara əsaslanır. Təsadüfi deyil ki, belə layihələrin həyata keçməsi ilə ölkənin beynəlxalq aləmdə siyasi nüfuzu daha da artır.

- Bəs adlarını qeyd etdiyimiz iqtisadi layihələrin reallaşdırılması ölkəmiz üçün siyasi baxımdan nə dərəcədə əhəmiyyətlidir?

- Bu layihənin həyata keçməməsi üçün Ermənistan rəhbərliyi və onların havadarları uzun illər çalışıblar. Hətta özlərini də inandırmışdılar ki, layihə həyata keçməyəcək. Ancaq Azərbaycan Prezidentinin siyasi nüfuzu və Azərbaycan dövlətinin iqtisadi qüdrəti ilə layihə reallaşdı. Bu, siyasi cəhətdən Azərbaycanın qələbəsi oldu. Digər tərəfdən, bu layihə Azərbaycanın tərəfdaşlarının sayını daha da artırdı. Layihəyə Orta Asiya dövlətlərinin, Qazaxıstanın qoşulması bu ölkələri həm də siyasi cəhətdən daha yaxın tərəfdaşlara çevirəcək.

- Belə layihələr gələcəkdə regionun ümumi inkişafına necə təsir edəcək?


- Həyata keçirilən BTQ, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri bütövlükdə regionu Avropa və Asiya bazarları ilə inteqrasiya edəcək. Bir tərəfdən regiona sərmayə, texnologiya və bilik axını güclənəcək, digər tərəfdən regionun ixracatçıları üçün xarici bazarlara əlverişli çıxış imkanı yaranacaqdır. Bu layihələr xarici bazarlara daha ucuz və qısa müddətdə çıxış imkanı yaratdığından, bütövlükdə regionun rəqabət qabiliyyətini artıracaqdır. Digər tərəfdən, Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi Muxtar Respublikanın iqtisadi blokadadan çıxmasına geniş imkanlar yaradacaqdır.

- BTQ də daxil olmaqla, artıq neçənci layihədir ki, işğalçı Ermənistan onun iştirakçısı olmur, kənarda saxlanılır. Bu baxımdan sözügedən layihələrin əhəmiyyətini necə dəyərləndirirsiniz?


- Azərbaycanın əsas problemi işğal olunmuş ərazilər və Dağlıq Qarabağ münaqişəsidir. Ölkənin inkişafında əsas məqsədlərdən biri də bu münaqişədə ədalətin bərpa olunması və işğalçılıq siyasətinə son qoyulmasıdır. Ermənistanın iqtisadi cəhətdən belə layihələrdən kənar qalması onun işğalçı siyasəti ilə bağlıdır. Bunun da nəticəsini onlar görürlər. Ermənistan artıq müstəqil dövlət kimi yox olma həddinə çatıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi tezliklə Azərbaycana qarşı işğalçılığa son qoyacaq və ölkəmizin region üçün yaratdığı iqtisadi və siyasi faydalardan bəhrələnməyə çalışacaqlar. Bu, bir qədər əvvəl qeyd etdiyim kimi, Ermənistan yalnız işğalçılıq siyasətinə son verdikdə mümkün ola bilər. Əks halda, bütün layihələrdən təcrid olunmuş Ermənistanın gələcəyi sual altındadır.

Rufik İSMAYILOV

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın