Menu
Geri İrəli

BDU-nun rektoru Abel Məhərrəmov: “Etirazçı tələbələrə heç bir təzyiq olmayacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2014 • Baxış sayı: 577 dəfə • Şərh yoxdur
abelEtirazçı tələbələrə heç bir təzyiq olmayacaq”

“O qıza cavab verərkən əsəbi vəziyyətdə olduğumu qəbul edirəm”

 Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik, millət vəkili Abel Məhərrəmovun APA-ya müsahibəsi

 - Abel müəllim, son günlər BDU-da yaşanan hadisələr haradan qaynaqlanır? Tələbələrin etirazlarına səbəb nədir?

 -  Ötən il dekabrın 24-də Nazirlər Kabineti tərəfindən “Ali təhsil müəssisələrində Kredit Sistemi ilə Tədrisin təşkilinə dair” qəbul edilmiş qərarda tələbələrin hər semestrdə nə qədər kredit götürə biləcəyi öz əksini tapıb. Qərara əsasən, bir tələbə təhsil aldığı müddətdə  240-300 kredit, başqa sözlə, hər semestrdə 30 kredit götürə bilər. Elə tələbə var ki, hər semestrdə 30 kredit götürür, eləsi də var götürmür. Boloniya prosesinin tələbi odur ki, əgər tələbə müəyyən fənn üzrə müvəffəq qiymət ala bilmirsə və ya nəzərdə tutulmuş dərs saatlarının 25 faizindən çoxunda iştirak etmirsə, imtahana buraxılmır və həmin fənn üzrə kredit toplamamış hesab edilir. Bu halda o, kredit toplamaq üçün həmin fənni yenidən dinləməlidir. Tələbənin kredit borcu yaranırsa, o, universiteti bitirmək üçün nə vaxtsa bu borcu mütləq ləğv etməlidir. Bəzən tələbə bir semestrdə həm tədris planı üzrə olan fənlər, həm də borcu qalan fənn üzrə kredit götürmək istəyir. Bu halda  bəzən onun götürmək istədiyi kreditlərin sayı 30-dan çox ola bilər. Nazirlər Kabinetinin qərarına əsasən tələbə 30 kreditdən əlavə olaraq 8-ə qədər kredit götürə bilər. Belə olan halda tələbə öz istəyi ilə əlavə götürmək istədiyi kreditlər üzrə (30 kreditdən əlavə) ödəniş etməlidir. Bu günədək belə bir şey yox idi.

Nazirlər Kabinetinin qərarı bu ildən tətbiq olunur. Hazırda tələbələrin tədris qrafiki müəyyənləşdirilir. Biz deyirik ki, Nazirlər Kabinetinin qərarında göstərilən kimi, 30 kredit pulsuzdur. Əlaçılar istisna olmaqla, kim əlavə kredit istəyirsə, o ödənişlidir. BDU-da bu kredit üzrə maliyyə ödənişi 180-200 nəfəri əhatə edir. Hər bir kreditin özünün də fənn üzrə kreditlərin sayına uyğun maliyyə ödənişində fərqli məbləğlər var. Bu məsələ yeni olduğu üçün biz Təhsil Nazirliyinə müraciət edərək, tələbələrlə görüşüb bu halları izah etmək istədik. Qeyd edim ki, bu gün mən bir rektor kimi qərar qəbul edib, kreditə görə tələbələrdən pul almasam, deməli, Nazirlər Kabinetinin qərarını pozmuş oluram. Sabah Maliyyə Nazirliyi və ya başqa strukturlar bizim maliyyə vəziyyətimizi yoxlayanda deyəcəklər ki, niyə Nazirlər Kabinetinin qərarı ilə işləmirsiniz? Əfsuslar olsun ki, bəziləri kreditdən ödəniş haqqı almayacaqlarını deyib bizi  pis vəziyyətə qoyurlar. Artıq kreditə görə pul almamaq, obrazlı desək, biletsiz sərnişin kimidir. Bu yolverilməz haldır və hökumətin qərarı birmənalı icra olunmalıdır.

- Tələbələrlə görüş gec olmadı ki? Bunu əvvəlcədən də etmək olmazdımı?

- Tələbələr fevralın 17-də tətildən qayıtdılar. Mən özüm təhsil naziri Mikayıl Cabbarovun yanında oldum, müzakirələr apardıq. O da razılıq verdi. Doğrusu, görüşü 20 fevrala planlaşdırmışdıq, ancaq həmin gün Qazaxıstan parlamentinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti də universitetimizdə səfərdə idi. Elə oldu ki, biz razılaşma əsasında tələbələrlə bu görüşü fevralın 21-nə təyin etdik. Bildiyiniz kimi, dünən tələbələrin də iştirakı ilə iclasımız oldu. Qeyd etmək istəyirəm ki, ondan əvvəlki gün bir qrup 20-30, bəlkə də 50 nəfər təxribata meyilli şəxs narazılıq yaratmışdı. Bu da universitetdə növbələrarası vaxta düşdüyündən, onların sayını dəqiqləşdirə bilmədik. Mən onlara dedim ki, sabah nazirliyin nümayəndələri də bu məsələ ilə əlaqədar BDU-da olacaqlar, tələbələrlə görüşəcəyik. Siz də gəlin, orada suallarınızı verin.

Görüşdə Azərbaycan dövlətinin təhsil sahəsindəki uğurlarından danışdım. Belə islahatların aparılmasına böyük ehtiyac olduğunu dedim. Sonra tələbələr üçün yeni sistem barədə təqdimat oldu, izahatlar verildi. Qeyd olundu ki, tələbə istəsə, əlavə kredit götürməyərək artıq pul ödəməyə bilər və s. Yəni burada dramatik bir vəziyyət yox idi. Biz iki saata yaxın tələbələrin bu məsələ ilə bağlı suallarına ətraflı cavablar verdikdən sonra  söhbəti yekunlaşdırarkən tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kiçiyeva adlı bir qız dedi ki, mənim də sualım var. Mən ona sual üçün şərait yaratdım. Məlumat verim ki, o, əvvəllər BDU-dan xaric edilsə də, biz onu yenidən universitetə bərpa eləmişik. O, bir neçə dəfə mənim qəbulumda olub. İmtahanların verilməsində çətinlikləri olduğunu bildirib. Dəfələrlə biz ona güzəşt eləmişik, özü də həmişə aktivliyi ilə seçilən tələbəmiz olub. Çıxışında o müzakirə edilən məsələyə aid olmayan sual verərək dedi ki, universitetdə oxuduğu 4 il müddətində heç kim məndən rüşvət tələb etməyib, bir qəpik istəyən olmayıb, hamı mənə kömək edib. Amma bu semestr fənnin adını da düzgün demədi və iddia etdi ki, guya  imtahan götürən müəllim ondan 70 manat rüşvət istəyib və pul vermədiyinə görə kəsilib.

Mən burada bir məsələni izah etmək istəyirəm. Qayda belədir ki, bizdə yazı işləri anonim şəkildə yoxlanıldığından, heç bir müəllim əvvəlcədən yazı yoxlayıb-yoxlamayacağını və ya hansı yazını yoxlayacağını bilimir. Belə olan halda müəllimlə tələbə arasında hansı razılaşmadan danışmaq olar? Bu, birinci müəmmalı məsələdir. İkincisi, həmin fənn üzrə imtahan nəticələrinə görə qrupda 12 nəfər müvəffəq qiymət ala bilməyib. Əlavə olaraq qeyd etmək istəyirəm ki, həmin tələbənin müraciəti əsasında onun yazısı tanınmış metodist müəllim, professor tərəfindən yenidən yoxlanıldı. Yenə uyğun qiymət almadı. Həmçinin onun iddiasını və Təhsil Nazirliyinə müraciətini nəzərə alaraq, biz Təhsil Nazirliyinə məktub hazırlamışıq ki, Ramilə Kiçiyevanın imtahan yazısının və ümumiyyətlə, bütün qrup tələbələrinin yazı işlərinin xüsusi komissiya tərəfindən əlavə yoxlanılmasını təşkil etsin. Çünki həmin qrupda müvəffəq qiymət almayanların sayının çox olması  bizdə bəlkə də həmin fənnin yaxşı tədris olunmaması barədə narahatlıq yaradır. Bu narahatlıq təsdiq olunarsa, biz fənn müəlliminin cəzalandırılması məsələsinə baxa bilərik. Burada və ümumiyyətlə qeyd edim ki, şəffaflıq şəraiti yaradan Boloniya prosesi ilə keçirilən imtahanlarda məsələnin rüşvət tərəfi haqda düşünməyə belə dəyməz.

Bununla yanaşı, iclasdan sonra mən fakültə dekanını və qrup nümayəndəsini dəvət edərək söhbət etdim. Qrup nümayəndəsi  də etiraf etdi ki, bu müddət ərzində onun çıxışında dediyi kimi, heç bir rüşvətvermə halı olmayıb. Lakin Ramilə Kiçiyeva hazırda da qrupda özünü təxribatçı kimi aparır və ayın 20-də təşkil edilən qarışıqlıqda da fəal iştirakçı olub. Mən ona cavab verərkən dedim ki, səni neçə dəfə qəbul etmişik, universitetə bərpa elədim və s. Mən həmişə ona diqqətlə yanaşmışam. Ona həmişə diqqət yetirən şəxs kimi belə radikal çıxışı məni də məyus etdi.

- Dünənki iclasda sizin ona verdiyiniz cavab sosial şəbəkələrdə və müxtəlif saytlarda yerləşdirildi. Opponentləriniz bu cavabı sizdən gözləmədiklərini və sizin kimi ziyalı birisinə yaraşdırmadıqlarını deyirlər…

- Əlbəttə, mən deyilən fikirlə tamamilə razıyam. İstənilən situasiyada insan gərək çox dözümlü olsun. Ola bilsin ki, iclasın sonunun olması və həmin günə təyin edilmiş qəbula tələsdiyim üçün əsəblərimi bir qədər cilovlaya bilmədim. Bir məqamı da qeyd etmək istəyirəm ki, buna səbəblərdən biri də həmin tələbəni hər dəfə qəbul edib problemlərinə bu qədər həssas münasibət göstərməyimə rəğmən, onun sonda belə bir addım atması oldu. Onun əvvəlki gündə ətrafına bir neçə adam yığıb aktivlik nümayiş etdirməsi də xoşagəlməz hal idi.

- Aksiyalarda fəal iştirak edən tələbələr və həmin qız barədə fikirləriniz nədir? BDU rəhbərliyi tərəfindən onlara təzyiqlərin olmayacağına təminat verirsinizmi?

- Universitetdə 20 mindən çox tələbə təhsil alır. Bir il ərzində 200 min imtahan keçirilir və bu prosesdə tələbələrə qarşı  haqsızlıqlar da mümkündür. Təbii ki, bu çatışmazlıqların qarşısı alınır. İstər tələbələr, istərsə də müəllimlər yaxşı bilir ki, bütün ziddiyyətli proseslərdə mən müəllimlərin deyil, tələbələrin yanında oluram. Bilirsiniz, həmişə dediyim bir fikrə yenidən qayıtmaq istərdim: “Pis tələbə yoxdur, pis müəllim, pis rəhbərlik ola bilər”. Amma incə bir məqam var, həmin tələbəyə dəfələrlə edilmiş güzəştlərə baxmayaraq, onun yüksək səslə danışması, qışqırması məni narahat elədi və xoşagəlməz reaksiyaya səbəb oldu. Tələbə universitetdən narazı getməməlidir. Bəzən əsəbi məqamlar olur. Görürsən ki, çox hörmət etdiyin, diqqət göstərdiyin tələbə auditoriyada səninlə qışqıra-qışqıra danışır, çağırışlar edir. Açığını deyim ki, məni narahat edən məqam da bu idi.  İstər dəhlizdə, istər otağımda, qəbul günlərində tələbələri qəbul edib problemlərini dinləyirəm.

- Sualın cavabını bir az da konkretləşdirmək istərdik. Siz o tələbələrə təzyiqlərin olmayacağına rektor olaraq təminat verirsinizmi?

- Əlbəttə. Mən həmişə tələbənin tərəfində olmuşam. İndi bu tələbə səsinin tonunu qaldırmaq, zala təsir etmək istəyir, “mənə mikrofon verin” deyə aktivlik edirdi. Tələbələr bizim övladlarımızdı. Həmişə müəllimlər də mənə irad tutur ki, istənilən məsələ tələbələrin xeyrinə həll olunur. Onlara heç bir təsir, heç bir təzyiq ola bilməz. Bizim borcumuzdur ki, onlar formalaşsınlar.

- Tələbənin döyülməsinin əks olunduğu bir video da yayıldı. Bu videoda əksini tapan hadisələrə münasibətinizi bilmək istərdik. Mühafizəçinin tələbəni döymək hüququ varmı?

- Bu  da təxribatçı qruplar tərəfindən əvvəlcədən planlaşdırılmış bir iş olub. Həmin tələbə peşəkar idmançıdır və iclas zalını tərk edən vaxt “şüşələri sındırın, büstü qırın” kimi ifadələr işlədib. Bu məsələ aktlaşdırılıb və hüquq-mühafizə orqanlarına verilib. Belə desək, onun özü bir növ qarışıqlıq yaratmağa cəhd edib. Onu da deyim ki, bizim mühafizə xidmətinin əməkdaşı da zədə alıb. Bununla bağlı həkim rəyi də var. Bir daha təkrar edirəm, o səhnə əvvəlcədən qurulmuş, düşünülmüşdü. Biz hesab etmirdik ki, tələbələrimiz belə hallara yol verə bilərlər. Əvvəlcədən  onlar  planlaşdırdıqları ssenarini çəkmək üçün özləri ilə jurnalistlər də gətirmişdilər. Biz başqa məsələni müzakirə edirdik, bunlar başqa istiqamətə yönəltdilər. Bunlar o adamlar idi ki, əvvəlki gün universitetdə hadisələri dramatikləşdirmək istəyirdilər, onların aralarında universitetin tələbəsi olmayanlar da vardı. Biz bunu dəqiqləşdirmişik. Dava salan isə kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsidir.

Qeyd edim ki, BDU-da müxalif fikirli bəzi tələbələr var, onlarla söhbətlər aparmışıq. Bu onların öz fikirləridir. Onların arasında elələri var ki, 5 imtahanı var, birinə buraxılmayıb, 4-dən isə qeyri-müvəffəq qiymət alıb. “Təhsil haqqında” qanunda bildirilir ki, tələbə imtahandakı kəsirinə görə yox, daxili nizam-intizam qaydalarını pozduğuna görə universitetdən xaric ola bilər. İkinci narahatlığıma səbəb olan məsələ odur ki, bir nəfərin çılğınlığı Azərbaycan cəmiyyətini daha çox maraqlandırır, nəinki bizim iclasda apardığımız metodiki izahatlar. Onu da deyim ki, bəzi tələbələr bu hadisələrə qarşı öz etiraz səslərini qaldırmaq istəyirdilər. Mən xahiş edib onların qarşısını aldım. İstəmirik ölkədə sosial gərginlik yaransın.

- Dünən axşam da BDU-da iclas olub. Orada hansı qərarlar qəbul edilib?

- Dünən biz akademik borcu olan tələbələrlə görüşdə bu gün növbəti görüş planlaşdırmışdıq. Axşam isə müvafiq qərar qəbul etməliydik. Xeyli tələbə var ki, imtahan nəticələri arasında müəyyən fərqlər olduğuna görə, yenidən yoxlamaya verilmişdi. Belə müşavirələr tez-tez olur. Biz həmişə məsələni tələbənin xeyrinə həll edirik. Bu dəfə də bu məsələni yekunlaşdırdıq və bu barədə qərarımızı açıqladıq.

 - Nazirlər Kabinetinin dediyiniz qərarı qəbul edilərkən, rektor və Milli Məclisin Elm və təhsil komissiyasının üzvü kimi buna etirazınızı bildirmişdinizmi? Yaxud tələbələrin narazılığına səbəb olan bu qərardakı maliyyə məsələsinin ləğvi ilə bağlı məsələni həmkarlarınızla birgə qaldırmaq fikriniz varmı?

 - Düşündürücü məqamdır. Nazirlər Kabineti bu qərarı dünyada qəbul edilmiş qaydalara uyğun qəbul edib. Bu, əslində universitetlər üçün böyük maliyyə deyil. Məsələn, bizdə 20 mindən artıq tələbədən 3 mindən çoxunun akademik borcu var. Onlardan 200-300 nəfəri kredit pulunu ödəyəcək. Bu isə universitetə elə bir maliyyə vəsaiti  gətirməyəcək. Hesab edirəm ki, bu məsələni müzakirəyə çıxarıb müsbət həll etmək olar. Universitetə  xüsusi maliyyə gətirməyən, psixoloji duruma təsir edən bu məsələ ilə əlaqədar müzakirələr gedərsə, təbii ki, bunun müsbət həllinə tərəfdar olacağam. Tələbələrimiz  bir daha onu bilməlidirlər ki, biz onlar üçün çalışırıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın