Menu
Geri İrəli

“Bu kitab mövzusuna görə Azərbaycanda bir ilkdir”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2013 • Baxış sayı: 515 dəfə • Şərh yoxdur


1013216_10151768702928416_1240497758_n

Samir İmanov 1981-ci il avqustun 27-də Sumqayıt şəhərində anadan olub. Anadangələ olaraq iflicin “paraplegiya” növündən əziyyət çəkir və 1-ci qrup əlildir. Təhsilini “sumqayıt şəhər evdətəhsil məktəbi”-də alıb. Azərbaycan, rus, türk və ispan dillərini bilir. Şahmat oynamağı və futbola baxmağı sevir. Hal-hazırda heç bir yerdə işləmir. Samirin bu günlərdə “Hədəfdəki İnsan” romanı işıq üzü görüb. sumqayitxeber.com olaraq istedadlı gənc yazarla söhbətləşmək qərarına gəldik. Gənc yazarla müsahibəni təqdim edirik:

Necə oldu ki kitab yazmaq qərarına gəldiniz ?

Bunun necə baş verdiyini izah etmək çox çətindir. Təqribən 2 il bundan qabaq heç özüm də istəmədən məndə kitab yazmaq hissi yarandı. Sanki həyatımdakı hər bir nüans məni yazmağa məcbur edirdi. Baxdığım film, oxuduğum kitab, hətda dostlarımla etdiyim maraqlı söhbətlər belə məndə çox güclü bir yazmaq istəyi oyadırdı. Mən isə heç nə yaza bilməyəcəyimi düşünərək bu işdən vazgeçməyə çalışırdım. Təqribən 1 həftəyə yaxın özüm-özümlə mübarizə apardım. Sonda yazmaq istəyi mənə güc gəldi və  mövzunu seçib yazmağa başladım. O vaxt niyə məndə o dərəcədə yazmaq hissinin yarandığını deyə bilmərəm. Bəlkə bekarçılıqdan doğan ehtiyac, bəlkə adi həvəs, bəlkə də ilahi vergi idi. Bilmirəm….

Mümkünsə əsərin mövzusu və sujet xətdi haqda danışardınız

Əlil insanların bu həyatda qarşılaşdıqları problemlərdən, onların həyat tərzindən, istək və arzularından, sağlam insanların əlillərə qarşı olan münasibətindən bəhs edən əsərin baş qəhramanı olan Samir, qəza nəticəsində bütün ailə üzvlərini itirməsinə və əlil olmasına baxmayaraq özündə güc taparaq əlillərin cəmiyyətə daha yaxşı inteqrasya etmələri üçün və onların sağlam insanlardan asılılıqlarını aradan qaldırmaq məqsədilə böyük bir mərkəzin yaradıkmasına nail olur. Lakin əlil insanları oğurlayaraq onların daxili orqanlarını satan beynəlxalq cinayətkar qrupun rəhbəri Samirin etibarını qazanaraq onun yanında işləməyə nail olur və bununla da mərkəzə üzv olan bütün əlillərin həyatı təhlükə altında olur. Qrupun əməllərindən xəbər tutan Samir, əlil olmasına və cinayətkarlara əsir düşməsinə baxmayaraq onları məhv etməyi qarşısına məqsəd qoyur və əlilləri həyatın zirvəsinə qaldırmaq istəyən Samirlə, əlilləri dünyanın ən lazımsız varlıqları hesab edən cinayətkar qrup arasında amansız mübarizə başlayır. Sonda haqq-ədalətin qalib gəldiyi əsərdə əsas hadislər Azərbaycan, Türkiyə, Rusiya, Argentina və İspaniyada cərəyan edir. Bu əsərdə əsas məqsəd, əlil insanlarda özünəinam yaratmaq və hansı fizki vziyyətdə olmalarından asılı olmayaraq hər zaman uğur qazanmağın mümkün olduğunu onlara başa salmaqdır.

Niyə məhz bu mövzuya müraciət etdiniz ?

Əlil insanların problemlərini, əslinə qalsa nələrə qadir olduqlarını, çevrələrindəki insanlardan gözləntilərini, ümumilikdə onların iç dünyasını hər kəsə göstərmək istədim. Buna nə dərəcədə nail olduğumu deyə bilmərəm, ancaq ən azından buna cəhd etdiyim üçün çox xoşbəxtəm. Bundan əlavə, bu əsərdə fiziki mədudiyyətli insanları gələcəkdə necə görmək istədiyimi təsvir etmişəm. İnanıram ki yaxın gələcəkdə həm əlil insanların özlrinə qarşı, hmi də sağlam insanların əlillərə qarşı  olan yanaşma tərzləri yaxşılığa doğru dəyişəcək. Bu mövzuya toxunmağımın bir səbəbi də əlil insanlarda ruh yüksəkliyi yaradaraq, onlara özünəinam hissi aşılamaqdır. Ümid edirəm bu kitabı oxuyan hər bir əlil insanın həyatı bir az da olsa yaxşılığa doğru inkşaf edəcək.

Niyə məhz  ”hədəfdəki insan” ?

Bu əsərin baş qəhramanı əlil olmsına baxmayaraq qarşısına çıxan bütün əngəlləri aşaraq uğur qazanmağı bacarır. Buna görə də Samir, bu kitabı oxuyan hər bir əlil insan üçün uğur simvoluna çevriləcək və bütün qəm-kədərlərini bir kənara ataraq uğurlu və xoşbəxt bir həyat yaşamaq istəyən bütün insanlar Samiri özlərinə ideal seçəcəklər və onun kimi iradəli və qətiyyətli olmağa çalışacaqlar. yəni ki uğur qazanmaq istəyən bütün əlillərin hədəfi məhz bu insan olacaq. Deyək ki Samir uğurun lap zirvəsindədir və bütün əlillərin hədəfi Samirin yanına çatmaqdır.

Baş qəhramanın da adı Samirdir

Bəli, belədir. Mən biləni hələ heç bir yazıçı öz adını əsərinin baş qəhramanına qoymayıb. Bəlkə də belə bir şey olub. Dəqiq deyə bilmərəm. Bunun pis və ya axşı addım olduğunu oxucuların buna olan reaksiyasından biləcəyik. Ancaq mən bu əsərin baş qəhramanı olaraq məhz özümü təsvir etdiyimdən, adını da Samir qoydum.

Gələcək planlarınız haqda nə deyə bilərsiniz?

Hələlik kiçik esselər yazıram. Bu kitabımla əlaqədar bütün işlərimi qurtarandan sonra yeni bir roman üzərində işləməyə başlayacam. Növbəti əsərin qəhramanı isə əlil arabasında oturmağa məhkum olduğu halda bütün çətinliklərə qalib gəlməyi bacaran biri olacaq. Bundan əlavə əlillər üçün veb sayt yaradılması üzərində də işlər aparıram

Nitab haqqında son olaraq nə demək istəyərdiniz ?

Bu kitabın nəşr olunmasında əməyi keçən hər bir kəsə, xüsusilə də Rasim Qaracaya, Aynur Zarrintaca və Ləman xanıma dərin təşəkkürümü bildirirəm. Bu kitab mövzusuna görə Azərbaycanda bir ilkdir və ölkədə 500 min əlilin olduğunu nəzərə alıb deyə bilərəm ki kitabın hədəf nöqtəsi böyük bir oxucu kütləsinə tuşlanıb. Lakin çox təhssüf ki maddi vəsaitin azlığı ucbatından kitabı tam tirajla çap etdirə bilmirəm. Bu kitaba təlabat həddən artıq çox olsa da maddi vəsait olmadığına görə cəmi 100 nüsxə çap etdirə bilmişəm. Mən üzümü imkanlı şəxslərə tutub bu işdə mənə dəstək olmağa çağırıram. Sizi əmin edirəm ki hər bir əlil insanın həyatını müsbət yöndə dəyişməyə qadir olan bu romanın nəşri üçün mənə köməklik etsəniz bu kitabı oxuyan minlərlə əlil insanın alqış-duası sizinlə olacaq. Bizim dualarımızı isə ALLAH daha tez eşidir.

Saytımıza müsahibə verdiyiniz üçün təşəkkür edirik

Mən də öz növbəmdə mənə göstərdiyiniz diqqətə görə sizə və saytınızın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.

Fidan Məmmədova, sumqayitxeber.com

1078588_10151768434518416_1890078845_o

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın