Menu
Geri İrəli

Dilarə Əliyeva: “Mən də Sumqayıtda yaşayırdım…” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2017 • Baxış sayı: 834 dəfə • Şərh yoxdur
Share Button

1511518043_img_6144BAKU.WS saytının növbəti qonağı əməkdar artist Dilarə Əliyevadır.

Müsahibədə göstərdiyi dəstək üçün “The Gallery Art Cafe”yə təşəkkürümüzü bildiririk.

- Bir müddətdir ki, mətbuatdan kənar qalmısınız və heç bir sosial şəbəkədən istifadə etmirsiniz. Tamaşaçıların da müəyyən qədər marağında olan bir insansınız və onlar sizin heç bir addımınızdan xəbər tutmur. Belə həyat sizə xoşdur, yoxsa özəl səbəbi var?

- Mən özümü yükləməyi çox sevmirem. Sosial şəbəkələrdə olmaq çox böyük bir məsuliyyətdir. Yəni, bununla məşğul olmaq, vaxtı vaxtında paylaşımlar eləmək, ora gələn şərhlərə fikir bildirmək lazımdır. O rəylərin hamısı xoş deyil, naxoş şərhlər də olur. Bəzən söylənən boş fikirlər də insanı naxoş edə bilər.


Məcbur olub bu kimi fikirlərlə yüklənməmək üçün mən demək olar ki, heç bir sosial şəbəkədən istifadə etmirəm. Əvvəldən belədir. Heç vaxt olmayıb. Aşağı-yuxarı 20 ildir bu sənətdəyəm və heç vaxt mənim şəxsi profilim olmayıb. Düşünürəm ki, gündəlik həyat tərzimdə elə də maraqlı hadisələr baş vermir ki, mən onu gündəlik olaraq paylaşım. Tutaq ki, liftdən düşdüm, maşına mindim, idmana getdim və s. bunlar camaata tanış şeylərdir və maraqlı nəsə deyil. Amma hər hansı bir işim, layihəm, paylaşmağa bir şey olunca mütləq həmin o işin səhifəsi olur.

Hazırda “Baldız” serialı yayımlanır və səhifəsi artıq aktivdir. Orada serialla bağlı paylaşımlar olur. Amma Dilarənin şəxsi həyatını nə sosial şəbəkəyə, nə də mətbuata çıxarmağı lüzum görmürəm. Mənim özümün çox kompakt bir həyat tərzim var. Xalxın arvadı necədi? Səhər tezdən durur, uşağı yola salır, uşağı qarşılayır, əri qarşılayır, evinə-eşiyinə yemək bişirir və s. İşim olanda, çəkilişim olanda getdim vəssalam. Yoxsa ki, ay filan tədbirlər, aparıcılıqlar, şou praqramlar – heç biri mənim həyatımda olmadığı üçün, məndə ya kino olub, ya televiziya, ya da ayda ildə bir müsahibə.

- Evdar qadınların ən azından “Whatsapp”ı olur. Öz şəkillərini qoymasalar da gül-çiçək şəkilləri qoyurlar..

-Onu da istifadə etməyi xoşlamıram. (gülür) Evdə hamının işlətdiyi “Whatsapp” var. Qızımın sinif yoldaşlarının valideynləri ilə qrupumuz var. Bu cür olur adətən.


- Yoldaşınızla eyni sahənin içindəsiniz. Elə bir məqam olub ki, onun bir sözünü iki edəsiniz?

-Təbii ki, ailədir. Desəm, hər şey 100 də 100 düz gedir, yanılaram. 25 illik bir həyat hekayəmiz var və onun içində 25 dəfə belə məqamlar sözsüz ki, olub. Amma mən onun bir sözünü iki yox, iki sözünü bir edirəm. Heç özü də bilmir ki, nə baş verdi, necə oldu. (gülür) Bu illər ərzində mən onun xarakterini kifayət qədər bildiyim üçün harada və hansı məqamda nə istədiyini bilirəm. Oktay ağıllı, intellektli, zəkalı bir insandır. Onun xasiyyətində sadəcə biraz səbrsiz olmağı məni narahat edir. O, mənim fikrimə həddindən artıq çox hörmət edir.

- Efirlərdən niyə kənar düşmüsünüz?

- Axrıncı etdiyimiz layihə “Hoqqa” filmi idi. Düzdür, mən bu haqda çox müsahibə vermirəm, türklərlə də müştərək bir filmə çəkilmişəm. Adı “O kuş buraya gelecek”-dir. Cəsus rolunu oynayıram. Heç vaxt oynamadığım bir xarakterdir. Bu aralar dincəlməyə çox ehtiyacım var idi və ona görə çox görünmürdum. Hazırda Xəzər TV-də yayımlanan “Baldız” serialına çəkilirəm. Yayımlandığı qısa müddət olsa da, artıq tamaşaçıların rəğbətini qazanıb. Serialın ssenarisi çox istedadlı, gözlənilməz yumor hissi olan Fariz Əliyevə məxsusdur.


- Oqtay bəy bu illər ərzində sizə qısqanclığı hiss etdirib?

- Oqtayın yaşı ötdükcə məni qısqandığını yox, daha çox sevdiyini hiss edirəm. Tanıdıqca bağlanırsan və həyatını sadəcə onsuz təsəvvür etmirsən. Allah eləməsin birdən düşünürsən ki, ona nəsə olar. Ondan sonra anlayırsan ki, bu insansız sənin həyatın ümumiyyətlə, mümkün deyil. Təsəvvür edin biz 25 ildir ailəliyik və hardasa 2 il də qabaqdan bir-birimizi tanımışıq.

- Dilarə xanım, vizual olaraq əməliyyat keçirtmisinizmi?

- Dişlərimlə bağlı olub. Daima idmanla məşğul olan adamam. Vaxtı vaxtında dərimə qulluq məqsədilə mezoterapiyalardan istifadə edirəm.

- 2014-cü ildən bu yana TV-də yoxsunuz. Toppuş bacı və Keyxanımı siz kəşf edib, “partlatmışdınız”. İndi necədir münasibətləriniz?

- Çox yaxşı, çox əla. Tünzalənin özünün verlişi var, həm də seriala çəkilir. İmkan tapdıqca görüşürük. Münasibətimiz olduğu kimi qalır. İndi az-az görüşürük, layihələrimiz yoxdur ki, bizi birləşdirsin.


- Evin büdcəsinə kim nəzarət edir?

- Bu ailə bizimdi. Hamı bır nəfər üçün, bir nəfər hamı üçün. 14 il mən qaynanamla yaşamışam sonra özümüz ayrıca ev tikdik orada yaşamağa başladıq. Oqtayla büdcəmiz ayrı deyil. Bizdə belə şey yoxdur.

- Bir az çevrənizdəki insanlara qarşı qapalısınız elə bil.

-Çox gözəl müşahidə etmisiniz. Mən nə qədər istiqanlı, ünsiyyətcil bir insan olsam da, çalışıram sevmədiyim insanla heç münasibətim olmasın. Xoşladığım bəzi insanlar var ki, onlarla münasibətdə olmaqdan müsbət enerji alıram. Görəndə ürəklə gedirəm, salamlaşıram, amma heç kimi xüsusi dost kimi yükləyəcək qədər cəlb etmək istəmirəm. Mehriban Zəkiylə biz “Sirr” serialında bir yerdə çalışdıq. Elə o vaxtdan dostlaşdıq. Biz səhərdən axşama qədər danışa bilərik və söhbətimiz qurtarmaz. Bizi sənət birləşdirib.

- Son illərdə apardığınız verlişlər sizi sanki səhnədən ayırıb televiziyaya yönəltmişdi.

- Təbii ki. Əsas bizim harada olmaq istədiyimiz deyil, tamaşaçının bizi harda görmək istədiyidir. Mən özlüyümdə anlayıram ki, tamaşaçı məni harada görmək istəyir. Mən də imkan daxilində istəyirəm tamaşaçıya istədiyini ötürə bilim.


- Oqtay bəy də söz adamıdır. Bəs sizi söz altında qoyduğu olub?

- Kim bacarmasa da, Oqtay bunu yaxşı bacarır. İnanılmaz dərəcədə dəhşətli dərəcədə yumor hissi var.

- Harada tanış olmusunuz və ilk olaraq xarakter baxımından sizi çəkən nə olub?

- Universitetdə oxuyurdum. Oqtay mənim gözümə çox güclü biri kimi göründü, düşündüm ki, bu adama sözün əsl mənasında arxalanmaq olar. Universitetdə əksəriyyəti bir problem olan kimi onun üstünə qaçırdı. Nəsə lazım olurdu o, təşkil edirdi. Elə bil o vaxtlar prodüser idi. Oqtayı kim görürdü başına yığışırdı. Sonra Oqtay diplom tamaşası hazırladı və məni də orada oynamağa dəvət etdi. Mən də Sumqayıtda yaşayırdım. Bir neçə dəfə təklif etdi, amma yol uzaqlığına və havanın qaranlıq olmasına görə qəbul etmədim. Sonda özü yaxınlaşıb 1 aya tamaşanı hazırlayacağını və məni çox məşğul etməyəcəyini bildirdi. Qəbul etdim, amma mən son günə qədər anlamadım ki, Oqtayın mənlə bağlı planları var.

İlk dəfə də dedi ki, “mamamgil sizi gördü xoşu gəldi”. Mən də dedim ki, “yox nə danışırsınız, olmaz!” Üzərindən bir az zaman keçdikdən sonra universitetdə gözüm onu axtarmağa başladı, darıxırdım. Baxırdım ki, Oqtay bacarıqlıdır, güclüdür. Sənət baxımından da mən bu sənəti çox sevirəm və inanıram ki, hər zaman mənim yanımda olacaq. Geri addım atmadı, diqqəti, qayğısı ilə başımı bişirdi. İndi düşünürəm ki, 18 yaşımda verdiyim qərarlar özünü doğrultdu. Oqtay mənim həyatımda ən düzgün seçimdir.

- 25 il ərzində heç olubmu ki, ayrılmaq qərarına gələsiniz?

-Bizim haqqımızda çox belə şaiyələr gəzdi. Hətta qohumlarımız soruşurdu ”Ay Dilarə, bu nə söz- söhbətdir?” Deyirəm, vallah bilmirəm, nəyə əsaslanıb deyirlər. Mən bilmirəm bunları hansı mənbəyə əsaslanıb deyirlər. 25 ildə heç bir dəfə də olmayıb ki, mən ayrılmaq məqamına gəlib çıxım və yaxud da dalaşım eyvana çıxım.

- Oqtay bəy 20-25 gün qabaq müsahibəsində demişdi ki, “Evdə son sözü mən deyirəm, amma Dilarə yatandan sonra”.

-(gülür) Ciddi deyirsiz? Oktay çox demokratik bir adamdır və ağıllı adamdır. Düşünürəm ki, hansı sözün hansımızınsa deməyindən asılı olmayaraq, o, o qədər müdrik adamdır ki, hər şeyi süzgəcindən keçirir. Əgər hər hansı bir fikir ağıllı fikirdirsə, fərqinə varmır bunu Oktay deyir, ya Dilarə deyir. O fikirdən bəhrələnmək lazımdır.

-Dilarə xanım, nəyə təəssüflənirsiniz?

-İçimdə acıyan, qübar bağlayan məqamlar var ki, onlara acıyıram. Niyə mən bunları doya-doya yaşamadım, doya-doya görmədim deyə. Mən 17 yaşımda atamı itirdim. Atamın ən böyük arzusu o idi ki, mən bu sənətdə irəliləyim. Yəni mən “ata” sözünü doyunca deyə bilərdim, atamı doyunca görə bilərdim. 4 övladın heç biri yerbəyer olmamış, hamımız körpə halda ona çox böyük ehtiyacımız olduğu anda xəstələndi və dünyasını dəyişdi. Bundan başqa heç nəyə təəssüf etmirəm. İnsanı depressiyaya aparan bir söz var. ”Kaş ki”. Kaş ki deməklə insan bütün qolunu-qanadını qırır.

-Oqtay bəyin “kruq”u genişdir. Ətrafında yetəri qədər gözəl xanımlar da var. Narahat etmir sizi?

-Yox, heç narahat etmir. Mən düşünürəm ki, güclü qadınları bu kimi hallar narahat etməməlidir. Oqtayın həyatında kim olduğumu, hansı gücə malik olduğumu və onun həyatında hansı rolu oynadığımı bilirəm. Oqtay mənə cox boyuk dəyər verir.

-Nəyə qətiyyətlə yox deyə bilmərsiniz?

-Övladım nəsə istəyir və mən ona yox deyə bilmirəm. Xoşbəxt valideynəm ki, övladlarım hər şeyin yerini bilən uşaqlardı.

-Özünüzdə geyimə məhdudiyyət qoyursunuz? 

-Qısa geyinmirəm. Çox açıq-saçıqlıqdan çəkinirəm. Əgər bir qadın mükəmməl bir görüntüyə sahibdirsə, o nə qədər bağlı geyinsə də, onu o qədər gözəl göstərər.

-Yeniliklər var?

-Var. 2018-ci ildə çəkiləcəyim 2 filmin hazırlığı gedir. Amma nə filmdir, nə roldur, necə deyərlər az sonra…

Söhbətləşdi: Niyam Şirinov, Cavidan Abdullayev

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın