Menu
Geri İrəli

“Ən demokratik televiziyamız AzTV-dir, orda “Azadlıq” qəzeti oxuyurdum” – Nəsimi Nəbizadə

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2017 • Baxış sayı: 335 dəfə • Şərh yoxdur
Share Button

nesimiPublika.az Nəsimi Nəbizadə ilə müsahibəni təqdim edir.

- Nəsimi, adının yanında həmişə AzTV kəlməsi işlədilir. Bu səni narahat eləmir ki?

- Sən bu sualı verəndə ilk dəfə AzTV-nin həyətinə qədəm basdığım gün yadıma düşdü. Bunu bir neçə dəfə demişəm, yenə deyirəm, mən ümumiyyətlə, televiziyada çox təsadüfi bir adamam. Heç vaxt ağlıma belə gəlməzdi ki, televiziya işçisi olacam, teleaparıcı olacam. İnan, bu hiss mənim beynimin ən nazik damarından da keçməyib. Sadəcə, tale elə gətirdi ki, AzTV-də işləməli oldum. Və adımın yanında AzTV kəlməsi qətiyyən məni narahat etmir. Amma deyim ki, peşəmin vurğunuyam, peşəmin xəstəsiyəm, yox, heç vaxt belə olmayıb.

2011-ci ildə isə AzTV-də işə getmədim. Ümumiyyətlə, televiziyadan ayrılmaq haqqında düşünürdüm. Orda dostlarım çox idi, onların içində əzizimiz Rafiq Həşimov da var. Rafiq mənim qardaşımdır, onu çox istəyirəm. Çox dəyərli oğlandır. Ümumiyyətlə, mən həmişə yaxşı oğlanlarla dostluq eləmişəm. Bizim tez-tez yaxşı mənada, zarafatyana işlətdiyimiz bir sözümüz də vardı: əclaf! Rafiq bir dəfə mənim haqqımda demişdi ki, o əclaf televiziyasız necə yaşayır?

Bir Sabir Axundov da vardı, o, həyatda özümə ustad bildiyim yeganə insandır. Allah o kişiyə qəni-qəni rəhmət eləsin. Ustad mənim aləmimdə ən birinci o deməkdir ki, sənə çörək versin. Bir şeyi də deyim: mən diktorluq sənətində özümü həmişə ən yaxşı hesab eləmişəm. Və AzTV məndən ötrü böyük bir diktorluq, teleaparıcılıq məktəbidir.

- Nizami Xudiyev yadında necə qalıb?

- Nizami müəllim çox yaxşı insandır. Gözəl kişidir. Bu gün Azərbaycan dilini çox az-az adam Nizami Xudiyev qədər bilir. Hətta televiziyada bir vurğunu səhv deyəndə belə bizi otağına çağırırdı. Özü də onun şirin bir Naxçıvan ləhcəsi var. Heç vaxt da ləhcəsini dəyişmədi. “Ə, bunədi, bala? O sözü niyə səhv deyirsən?”. O, bu münasibəti təkcə mənə yox, bütün diktor heyyətinə göstərirdi.

- Bəs sədr kimi necə idi?

- “Uşaqlığın son gecəsi” filmində bir söz var, deyir, işçini gərək dolandırasan. Nizami müəllim işçisini dolandıran sədr idi.

- Bəs necə oldu ki, AzTV-dən ayrıldın?

- AzTV-dən gedişim Arif Alışanovun vaxtında oldu. Amma Arif müəllimlə heç bir problemim yoxdur. Sadəcə olaraq, həyatımda bir-birinin ardınca pis hadisələr baş verdi. Anam rəhmətə getdi. Sanki qara bir xəttə düşdüm. İşləmək istəmirdim. Düz bir il işə getməmişdim. Heydər Əliyevin vəfat günü idi. Həmin gün də AzTV-də Fəxri Xiyabandan canlı yayım olur. Mən bir neçə ildönümündə Fəxri Xiyabandan canlı yayımı səsləndirmişəm. Həmin gün durub işə getdim.

- Məhz həmin gün işə getməyiniz təsadüf idi, yoxsa çağırmışdılar?

- Yox, təsadüf deyildi. Sadəcə, bilirdim ki, o gün iş çox olacaq. İçimdən gəldi ki, gedim. Təsəvvür elə, bir il işə getmirdim, gedən kimi də birbaşa studiyaya mətn oxumağa girdim.

- Bəs demədilər ki, bu vaxta qədər hardaydın?

- İnan ki, demədilər… Həmin gündən sonra yenə işə getmədim.

- AzTV-dən çox danışdıq. Bu da uzun illər orda işləməyinlə bağlıdır.

- Sənə bir şeyi də deyim. Bizim müstəqil telekanallarımız olub, indi də var. Bunu əminliklə deyirəm, Azərbaycanda ən demokratik televiziya AzTV-dir.

- Bunu nəyə əsasən deyirsən?

- Məsələn, mən AzTV-də işlədiyim vaxtlarda sərbəst şəkildə “Azadlıq” və “Yeni Müsavat” qəzetini əlimdə gəzdirirdim. Heç bir söz də demirdilər. AzTV-nin çayxanasında “Azadlıq” qəzeti oxuyurdum. Bunu bilənlər çox yaxşı bilir. Deyim ki, Qulu Məhərrəmli də AzTV-də azad adamlardan biri olub.

- Oxuduğun mətnlərə görə daxilən narahat olurdun?

- Sən elə bilirsən bütün dövrlərdə hər kəs öz istədiyini yazıb, öz istədiyini deyə bilib? Yox! Heç vaxt belə bir şey olmayıb. İstədiyini yazan, istədiyini danışan insan üstündən üç gün keçəndən sonra fikirləşir ki, kaş filan şeyi bir az başqa cür yazaydım, bir az başqa cür danışaydım.

- Televiziya böyük tribunadır. Adamlar səni hər gün görür, tanıyır… Yəqin şöhrətin həzzini də yaşamısan…

- Hə, cavanlığımı yaxşı eləmişəm, popluyarlığımdan istifadə də eləmişəm. Mənlə tanış olmaqdan ötrü AzTV-in qabağına qızlar gəlirdi. Amma o günlər ötüb keçdi…

- APA TV-də nə vaxtdan işləməyə başladın?

- 2014-cü ildən. Bayaq dedim ki, AzTV məndən ötrü böyük bir diktorluq, teleaparıcılıq məktəbidir. APA-nı isə özümə jurnalistika məktəbi hesab edirəm.

- APA TV internet televiziyasıdır. Hələ o qədər geniş auditoriyası yoxdur ki, adamlar sənə baxsın, daha da məşhurlaşasan və s. Bəs stimulu nədən alırsan?

- Mən indi durub desəm ki, APA-nı da AzTV qədər izləyən var, yalan olar. Amma APA TV-ni də kifayət qədər izləyən var! Ən azından gördüyümüz iş və nəticə gözümüzün qabağındadır. Hər bir telekanalın, media qurumunun öz iş prinsipi və iş siyasəti olur. Biz isə öz iş prinsipimiz və iş siysətimizlə bura qədər hələ ki, kifayətlənirik. Əlbəttə, bundan da artıq inkişaf eləmək istəyirik, edəcəyik də!

- Sənə görə APA-nın da qabağına qızlar gəlirmi?

- Qızlar APA-nın qabağına yox, arxasına gəlirlər. Vüsalə Mahirqızının qorxusundan APA-ın qabağına heç kim gələ bilməz! (gülür)

- Nəsimi, sən uzun illər jurnalist kimi fəaliyyət göstərmisən, tanınan, sevilən bir simasan. Bəs niyə jurnalistlər üçün tikilən binada sənə də ev verilmədi?

- Əvvəla, mən ev almaq üçün özüm namizədliyimi vermədim. İkincisi də ki, sən mənim bir neçə evimdə olmusan, hansı evimdə üzünə pis baxıblar? Nə olub mənim evlərimə? (gülür)

- Axı söhbət kirayələrdən getmir… Özünə aid bir mənzil istəmirsən?

- Niyə mənə belə suallar verirsən? Camaat elə başa düşəcək ki, Nəsimi ev istəyir. Hər şey öz qaydasındadır. Sən mənim Saraydakı evimi də görmüsən, orda da olmusan. Yenə deyirəm, mən ev üçün adımı irəli sürməmişəm, adımı versəydim, ev alacaqdım. Sadəcə, ev almaq üçün özümü hazır hiss eləmirəm. (gülür)

- Sosial şəbəkələrdə, dostlar arasında bir sualı sənə tez-tez verirlər: niyə evlənmirsən?

- Kim deyir ki, mən subayam? Seva mənə pis baxır? Mən evdə evliyəm, çöldə subayam. Sevanı çox istəyirəm və ondan çox razıyam. Pulum olmayanda mənə pul da verir.

- Axı səndən toy da gözləyirlər…

- Toy nədir? Dəlisən? Toy olsa da, palatka toyu edəcəm. Kiftə-bozbaş, sizi yığacam başıma. Hələ ki pul yığıram. Siz gəlib mənim toyuma pul yazdıransınız? Bəs cərimlərinizi kim çəkəcək?

- Maraqlıdır, saçını harda ağartmısan?

- Saçım valideynlərim dünyasını dəyişəndən sonra ağarmağa başladı. Amma deyirlər ki, belə yaraşır. Kəramət, mən nəsildə böyük uşağam, böyük nəvəyəm. Məndən başqa hamısının ailəsi, uşağı var. Onlardan birinin dırnağına balaca bir daş dəyəndə böyüklük missiyası mənim üzərimə düşür. Nə qədər əhlikef görsənsəm də, belə şeyləri fikirləşən adamam.

- 43 yaşın var. Amma hələ də uşaq kimisən. Yadıma gəlir, atanın yas məclisində də zarafatından qalmırdın. Nə vaxt böyüyəcəksən?

- Bayaq deyirdin ki, saçın ağarıb. İndi də deyirsən ki, böyümürsən! Məsələn, zarafat eləmək bacarığı, hissi olmayan, hətta ironiyanı belə duzlu eləyə bilməyən adam sənə daha yaxındır, yoxsa bunları bacarmayan, duzsuz?

- Bir dəfə yazmışdım ki, şıltaq qızların çox tullanıb-düşməyinə baxmayın, qəfil ağlaya bilərlər. Sənin də zarafatlarının, yumorunun hiss edirəm ki, içində kədərli bir kökü var. Doğrudanmı belədir?

- Mən adam içində kədərlənmirəm, həmişə tək kövrəlirəm. Özü də elə şeylərə kədərlənirəm ki, o, cəmiyyət üçün sıradan bir hadisə kimi görünə bilər. Pessimist olanda bunu heç vaxt ətrafa bildirmək istəməmişəm. Dünyanın ən kədərli adamlarından biri Çarli Çaplin olub, amma işi, sənəti hamını güldürmək idi. Özü də danışmadan, hərəkətləri ilə güldürürdü. Təlxəklər də həmişə ən kədərli adamlardan olurlar. Ən ağıllı adam həm də ən kədərli adamdır.

Atamın hüzr yerinə isə mənim dostlarım gəlmişdilər. Mənim atam da zarafatı sevən kişi idi. Yaxşı vəzifələrdə işləyib, savadlı adam idi. Mənə yasda hər gördüyüm adamla zarafat eləmirdim ki… Məni istəyənlərlə və mənim istədiklərimlə zarafatlaşırdım. Nə etməli idim? Gələnlərin boynunu qucaqlayıb ağlamalı idim? Özümü elə göstərirdim, dostlarım bilsinlər ki, yaxşıyam. Qoy arxayın olsunlar.

- Bir az da anandan danış… Onu nə qədər çox istədiyini bilirəm.

- Valideynlərin qədrini bilmək lazımdır. Atadan da çox, ananın. Oğulun ən birinci dostu anadır. Əgər ana yoxdursa, deməli, sən birinci dostunu itirmisən. Mən o yerlərə getmirəm ki, cənnət anaların ayaqları altındadır-filan! Sadəcə, anan həyatda yoxdursa, demək, sən bir dəfə ölmüsən.

- Sən özün valideynlərinin qədrini bilmisənmi?

- Dəcəlliklərim çox olub. Bir maraqlı şey danışım. Türkiyədə oxuyan vaxtlarım idi. 31 dekabr günündə rəhmətlik dədəm Ədirnə şəhərinə məni görməyə gəlmişdi. Axtarıb, oxuduğum şəhərciyə gəlib, deyib ki, mən filankəsin atasıyam, otağımı tapıb, içəri girib, görüb ki, stolun üstü yemək-içməkdi, axşam yeyib-içib yatmışıq, kimdi yığışdıran? Görüb ki, uşaqlardan biri yatıb. Oyadıb, soruşub ki, Nəsimi hanı? Siz kimsiniz? Nəsimin atası. Yaşar dayı sizsiniz? Hə. Nəsimi dünən səhər Bakıya getdi.

Deməli, dədəm Türkiyəyə məni görməyə gəlib, mən də guya ona supriz eləyib Bakıya getmişəm (gülür). Belə özbaşına hərəkətlərim çox olub. Amma qədirlərini bilmişəm, onları heç vaxt incitməmişəm. Əlimə pul düşən kimi atama da, anama da hədiyyə alırdım, sevindirirdim. Dünyasını dəyişəndə isə atam qardaşıma da, mənə də halallıq verdi. Biz atamızdan halallıq almışıq. Bu elə-belə şey deyil.

- Bəs niyə valideynlərini yarıtmayan bir övlad imicin var… Bəlkə içki, darmadağın həyat yaşayırsan deyə belədir.

- Mən heç vaxt darmadağın həyat yaşamamışam. Həmişə işim-gücüm olub, maaş almışam, pul qazanmışam. Qalustuk da taxmışam, əynim-başım həmişə səliqəli olub. Mən nə vaxt darmadağın həyat yaşamışam? Hə, sadəcə, imicim belə formalaşıb. Bundan da qəti narahat deyiləm.

- İçki sənin üçün nə deməkdir?

- Mənim bir nənəm vardı. Biz yeyib-içən baxıb deyirdi ki, nuş olsun, yeyin, için də! İçki kişidən ötrü yaranıb. Amma çalışın o arağı hörmətdən salmayın.

Mən yeyib-içməyi sevən adamam, həmişə evimdə arağım da olub, pivəm də. Pivədən o qədər də xoşum gəlmir, içkilərin içində ən çox sevdiyim araqdır. Amma içkini heç vaxt hörmətdən salmamışam.

- Deyirsən ki, içki kişidən ötrü yaranıb. Bəs qadınların içki içməyinə, siqaret çəkməyinə necə baxırsan?

- İçki içmək mədəniyyətdir. Qadın üçün də, kişi üçün də! Siqaret məsələsinə gələndə isə… Qadının siqaret çəkməsi mənə yapışmır. Mənə birtəhər gəlir. Qəbul eləyə bilmirəm. Qadınların siqaret çəkməsini istəmirəm.

- Bəs söyüş söyməsini necə?

- Kobud, vulqarnı sözləri də qadının dilinə yaraşdırmıram. Vidansız, əclaf… Hə, belə olar. Qadın qadındır. Qadın nə qədər zəif olsa, nə qədər incə olsa, o qədər gözəldir. Demirəm ki, nazlı, qozlu olsun. Amma hər şeyin yeri var.

Ay Kəramət, qadın deyəndə sənin gözünün qabağına nə gəlir, nə fikirləşirsən? Şəxsən mən gözəllik fikirləşirəm. Siqaretdir, söyüşdür, belə şeylər qadın gözəlliyini korlayır. Nəinki siqaret, nəinki söyüş… Ştanq qaldıran qadınlara mən baxa bilmirəm. Qadın nədir, ştanq nədir? Qadın necə güləşə bilər? Ştanq qaldıran qadınla bir yatağa necə baş qoya bilərsən? Qadın futbol oynayır. Axı qadın nədir, futbol nədir? Yıxıldı, dizi-başı getdi, heç nə qalmadı…

- Bəs qadın nə etməlidir?

- Qadın elə etməlidir ki, kişi onun qabağında ərisin. Qadın elə etməlidir ki, kişi onu görəndə hayl-mayıl olsun. Hər gün bəzənməlidir, geyinib-kecinməlidir. Naz lazım olanda, naz etməlidir. Və qadın savadlı, intellektual olmalıdır.

Kəramət Böyükçöl

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın