Menu
Geri İrəli

Ermənini yerə sərən sumqayıtlı idmançı ilə müsahibə

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2014 • Baxış sayı: 915 dəfə • 1 şərh

seyranSon illər ölkəmizdə idmana göstərilən qayğının nəticəsidir ki, ölkə idmançıları iştirak etdikləri bir sıra beynəlxalq yarışlardan vətənə medallarla qayıdırlar. Respublikamızı beynəlxalq turnirlərdə layiqincə təmsil edən idmançılarımızdan biri də Seyran Bağırovdur. Bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada keçirilən şotokan karate-do üzrə Avropa çempionatında iştirak edən və ölkəmizə qalibiyyətlə qayıdan sumqayıtlı idmançıyla görüşüb bu və digər suallarımıza cavab tapmağa çalışdıq.

Dördqat Avropa çempionu, Dünya çempionu, Beynəlxalq dərəcəli hakim, III dan qara kəmər ustası Seyran Bağırovun xeberle.com-a olan müsahibəsini təqdim edirik:

Tanıtım: Bağırov Seyran Əlisa oğlu 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1985-ci ildə Sumqayıt şəhər 4 saylı tam orta məktəbinin birinci sinfinə gedib. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında təhsilini davam etdirib. Ali təhsilini başa vuran Seyran sonra vətənə olan borcunu yerinə yetirib. Seyranın hələ məktəb vaxtlarında idmana böyük həvəsi olub. O idmanın şotokan karate-do növünə daha çox meyil göstərib.

- Seyran, idman sənin üçün nə deməkdir?
- Hər şeydən əvvəl əməkdir, zəhmətdir, işdir. Başlıca olan inamdır. İnam varsa, uğur da olar. Qazandığımız hər bir qələbə bizi bu inamımıza daha da yaxınlaşdırır.

- Seyran, səndə idmanın karate növünə olan həvəs necə oldu ki, yarandı, neçə yaşından məşğul olmağa başladın?
- Böyük qardaşım güləşlə məşğul idi. Məndə də həvəs yarandı. Amma güləşə deyil, karateyə. 13 yaşından idmanın bu növü ilə məşğul olmağa başladım. Müəllimim Həmdulla Əzimovdan karatenin sirlərini öyrənməyə başladım. Karate üzrə Sumqayıt çempionatlarında iştirak etməyə başladım. İlk yarışıma 15 yaşımda çıxdım və döyüş meydanından qalib ayrıldım. İlk qalibiyyət məni gələcək qələbələrə doğru apardı. 20 dəfə Sumqayıt çempionu oldum. Daha sonra respublikamiqyaslı yarışlarda qüvvəmi sınamağa başladım. Respublika çempionatlarında 13 dəfə fəxri kürsünün birinci pilləsinə yüksəldim. Bu uğurlarım məni ölkə yığmasına gətirib çıxardı. Qarşıda məni daha mötəbər və nüfuzlu idman yarışları gözləyirdi. Avropa, dünya çempionatlarına, eləcə də digər möhtəşəm yarışlara hazırlaşırdım, mənə olan ümidləri doğrultmağa çalışırdım. Füzuli Musayevin rəhbərliyi altında məşq edirdim. Bir sıra beynəlxalq yarışların qalibi oldum. İlk dəfə 1998-ci ildə Almaniyada keçirilən Avropa çempionatında iştirak etdim və qalib oldum. Sonralar 2000-ci ildə Ukraynada, 2002-ci ildə Gürcüstanda keçirilən Avropa çempionatlarından vətənə qızıl medalla döndüm.

- Bildiyimizə görə, karyeranızda xeyli müddət fasilə yarandı. Sizi yarışlarda görmədik. Bu nə ilə bağlı idi?
- Bəli, düz buyurursunuz, karatedən uzaqlaşı oldum. Bu müddət düz 7 il davam etdi. Tatamidən kənar qalmağımın səbəblərindən biri mənə qarşı edilən haqsızlıqlar idi. Bu, bir səbəb idisə, digər səbəb isə avtomobil qəzasına düşməyim oldu. Baş nahiyəmdən zədə almışdım. Yarışlarda iştirak imkanından məhrum oldum.

- Uzun bir müddətdən sonra yenidən döyüş meydanına qayıtmaq, formanı yığmaq çətin olmadımı?
- Elə bir çətinlik olmadı. Özümə inanırdım. Əsas inamdır. Bir ay məşq elədim. Milli komandaya çağırıldım. Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatına qatıldım. Ölkəmizi layiqincə təmsil edərək Azərbaycanının üçrəngli bayrağını yüksəklərə qaldırdım.

- Qələbəyə aparan yolda hansı çətinliklərlə üzləşdin? Seyran üçün çətin dəf ediləsi sədd var idimi?
- İlk görüşüm çox çətin keçdi. İsveçrəli idmançı ilə qarşılaşdım. Əsas vaxtda qalib müəyyən olmadığından 10 dəqiqə əlavə vaxt verdilər. Çətinliklə olsa da, 12 saniyə qalmış 1 xal alaraq rəqibimi məğlub edə bildim. Sonrakı mərhələlərdə isə rusiyali, türkiyəli idmançılara və həmyerlimizə 2:0 hesabı ilə qalib gəldim. Finalda isə erməni idmançı ilə qarşılaşdım. Erməni idmançıya göz açmağa belə imkan vermədim. Rəqibimi 6:0 hesabı ilə məğlub edərək növbəti dəfə Avropa çempionu oldum.

- Erməni rəqibinlə finalda görüşəndə hansı hissləri keçirirdin? Məğlub olmaq qorxusu var idimi?
- İlk dəfə deyildi erməni idmançıyla döyüşürdüm. 1998-ci ildə Almaniyada keçirilən Avropa çempionatında da finalda erməni idmançıyla üz-üzə gəlmişdim. Qarşıma məqsəd qoymuşdum, erməni ilə döyüşəsi olsam, mütləq qalib gələcəm. Mənə o qədər də güclü təsir bağışlamadı. Amma bir məsələni də qeyd edim ki, zəif idmançı finala çıxmır.

- Qarşıda hansısa yarışlar gözlənilirmi?
- Azərbaycan çempionatı var. Lisenziya xarakterlidir. Məqsədim bu çempionatında uğurlu çıxış edib gələn il Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. Ən böyük arzum Olimpiadada iştirak etməkdir.

Facebook Şərhləndirmə:

“Ermənini yerə sərən sumqayıtlı idmançı ilə müsahibə” yazısına bir cavab

  1. Elshad deyir:

    Halal olsun. (ermeniye goz acmaga imkan vermedim. Zeif idmanci finala cixmir.) Aferin. Cox sag ol. Tesekkurler sene. Allah qorusun.

Şərhinizi yazın