Menu
Geri İrəli

Evlənərək ən ucqar kəndə işləməyə gedən iki gənc müəllim: “Çıxış yolunu bunda gördük” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2015 • Baxış sayı: 677 dəfə • Şərh yoxdur

m3mmmAzərbaycanın bəzi gəncləri peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar, necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, şəhərdə fəaliyyət göstərənlərdən daha vacib işlə məşğuldurlar. Bizim növbəti müsahiblərimiz kimi.

Modern.az saytının budəfəki müsahibləri pedaqoji fəaliyyətə Kürdəmir rayonundakı şəhid İlyas Məmmədov adına Ərəbqubalı kənd orta məktəbində başlayan müəllim ailəsidir – Xəzər Məmmədli və Mədinə Məmmədli. Cütlüyün bir qız övladı da var.

- Əvvəlcə sizinlə tanış olaq…

Xəzər Məmmədli:

- Yardımlı rayonunda anadan olmuşam. 2007-ci ildə orta məktəbi bitirib Bakı Slavyan Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı ) fakültəsinə qəbul olunmuşam. 2011-ci ildə bitirdikdən sonra hərbi xidmətə yollandım. Xidmətdən qayıdandan sonra 2012-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi imtahanda iştirak etdim və Cəlilabadın Buravar kəndində pedaqoji fəaliyyətə başladım. 2013-cü ilin sentyabr ayına kimi orada işlədim.

2013-cü ildə Mədinə ilə nişanlandıqdan sonra qərara gəldik ki, yenidən imtahan verək, iki vakant yer olan ucqar bir kənddə işə başlayıb gələcəyimizi quraq. Çünki Bakıda əməkhaqqı aşağı olduğu üçün kirayə yaşamaq çox çətin olardı. 2013-cü ildə bir yerdə yenidən imtahan verdik. Bu dəfə işimiz lap çətin idi. Məqsədimiz mütləq eyni məktəbə düşmək, eyni yerdə işə başlamaq idi. Məqsədimizə nail olmuşuq. Artıq 2 ildir Kürdəmir rayon Ərəbqubalı kəndində işləyirik.

Mədinə Məmmədli:

- Bərdə şəhərində anadan olmuşam. 2007-ci ildə orta məktəbi bitirib, 2008-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuşam. 2012-ci ildə universiteti bitirdikdən sonra Təhsil Nazirliyinin təşkil etdiyi imtahanda iştirak edərək,  Tovuz rayonunun ucqar kəndinə işə qəbul olunsam da, müəyyən səbəblərə görə imtina etmişəm. 2013-cü ildə Xəzər müəllimlə nişanlandıqdan sonra birgə qərar verib yenidən imtahanda iştirak etdik. İxtisasımıza uyğun iki vakant olan yeri seçdik. Nə bahasına olur-olsun eyni iki yerə qəbul olunmalı idik. Bir növ abituriyent kimi gecə-gündüz hazırlaşmağa başladıq.

İmtahan uğurlu keçdi. Nəticəni sevinə-sevinə Xəzərə ilk olaraq mən verdim. Bəli, hər ikimiz ilk yazdığımız yerə qəbul olunmuşuq. Kürdəmir rayon Ərəbqubalı kəndinə.

- Mədinə xanım, Tovuz rayonun ucqar kəndində müəllimə işləməkdən nəyə görə imtina etdiniz? Buna səbəb nə idi?

- Valideynlərim təkbaşına uzaq bir yerdə işə başlamağımı istəmədilər.

- Başqa yerlərdən müəllim işləmək üçün sizə təkliflər oldumu? Olubsa, niyə imtina etmisiniz?


Xəzər Məmmədli:

- Xeyr, başqa yerlərdən təklif olmayıb. Hesab edirəm ki, işlə bağlı təkliflər o zaman gələr ki, ilk qarşına qoyduğun məqsədə çatasan. Biz də qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün bir yol seçdik. Fəaliyyətə bu yolun ilk pilləsindən – ucqar bir kənddən başladıq.

Mədinə Məmmədli:

- Rayon mərkəzindən 35 kilometr uzaqlıqda yerləşən qazı, yolu olmayan bir kənddə ilk dəfə işə başlamağın çətinlikləri çoxdur. Bütün çətinliklərə sinə gərib buradakı iş müddətimizi başa vurduqdan sonra, Bakıda və ya Sumqayıtdakı hər hansı bir məktəbdə pedaqoji fəaliyyətimi davam etdirmək istəyirəm.

- Nəyə görə pedaqoji fəaliyyətinizi yaşadığınız rayon məktəbində qalıb davam etdirmədiniz? Müəllimə ehtiyac yox idi?

Xəzər Məmmədli:

- Deməzdim ehtiyac yoxdur. Təqdirəlayiq haldır ki, respublikamızın bütün sahələrində həmişə gənc kadrlara əhəmiyyət verilib, irəli çəkilib. Sadəcə, öz rayonumda 2 vakant yer olmadığı üçün buranı seçdik.

Mədinə Məmmədli:

- Biz addımlarımızı bir yerdə atmalı, bunun üçün ən yüksək maaşı olan bir yerdə işləməli idik.

- Nə vaxta qədər Ərəbqubalı kənd orta məktəbində qalıb işləməyi düşünürsünüz?

Xəzər Məmmədli:

- Təhsil Nazirliyi bu il daha humanist addım ataraq əlavə edilən güzəştlərin müddətini 3 ildən 5 ilə artırdı. Biz də bundan sonra ən azı 3 il burda qalıb işləmək istəyirik. Kənardan gələn müəllimlər üçün əsas problem evdir. Ailəli olduğum üçün boş ev tapmaq çox çətin idi. Bu kənddə bir il kirayə qaldıqdan sonra özümüz üçün kiçik bir ev tikdirdik. Artıq ev problemimiz olmadığı üçün şəhərdə özümüzə şərait qurana kimi burada yaşamaq istəyirik. Artıq 7 aydır qız övladımız dünyaya gəlib, məsuliyyətimiz ikiqat artıb. Onun da gələcəyini fikirləşməliyik.

Mədinə Məmmədli:

- Planını qurduğumuz ev hazır olana qədər pedaqoji fəaliyyətimizi burda davam etdirmək istəyirik. Düşünürəm ki, ikimizin bir vaxtda işə qəbul olunmağı ələ düşməz fürsətdir. Buranın insanlarına, şəraitinə öyrəşmişik. Onlardan ayrılmaq da çətin olacaq.

- Ərəbqubalı kənd orta məktəbindəki dərs şəraiti sizi qane edirmi?

Xəzər Məmmədli:

- Məktəb binası çoxdan tikilib, 2007-ci ildə təmir edilib. Amma bizə yeni məktəbin tikiləcəyi barədə də məlumat verilib. Kənd yeri olduğu üçün valideynlər təhsilə çox da maraq göstərmir. Əsas diqqəti kənd təsərrüfatına, mal-qaraya yönəldirlər. Bu da şagirdləri təhsildən geri qoyur. Bununla belə, oxumağa meylli şagirdlər də var.

Mədinə Məmmədli:

- Şərait qane etmir. Yeni məktəbin tikilməyini səbirsizliklə gözləyirəm. Məktəbdə bəzi təchizatların olmaması müasir metodla dərs keçməyimdə çətinliklər yaradır. Bununla belə, şagirdlərin təhsilə marağını artırmaq üçün siniflərarası bilik yarışı və sınaq imtahanları təşkil edirəm.

- Ərəbqubalı kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamağınız məktəbə hansı yeniliyi gətirib? İstər şagirdlərin dərsə marağının artırılması baxımından, istərsə kollektiv arasında.

Xəzər Məmmədli:

- Bütün işlərimi həmişə məsuliyyətlə yerinə yetirməyə çalışıram. Bura gəldikdə də əsas məqsədim işimdə hər zaman fərqlənmək olub. Müəyyən qədər buna nail olmuşam. Bu kənddə pedaqoji fəaliyyətə başladığım vaxt 11-ci sinif şagirdi bizə yaxınlaşıb ona kollecə daxil olmaqda kömək etməyi xahiş etdi. Şagirdi yoxladıqdan sonra onu kollecə yox, ali məktəbə hazırlamaq istəyimi bildirib təmənnasız fərdi hazırlığa başladıq. Hazırladığım şagird 8 ay sonra Lənkəran Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinə qəbul olundu. Bu sanki bir inqilab idi. Çünki bu illər ərzində bu orta məktəbdən ali məktəbə qəbul olan yox idi. Bundan sonra təhsilə şagirdlərin istəyi daha da artdı. Bu hadisə onlara bir növ stimul oldu.

Mədinə Məmmədli:

- Xəzər müəllimdən fərqli olaraq Ərəbqubalı kənd orta məktəbi mənim pedaqoji fəaliyyətə başladığım ilk məktəbdir. Bəlkə də buna görədir ki, dərsə çox həvəsliyəm. Şagirdlərimin dərsə maraq göstərməsi üçün əlimdən gələni hər şeyi etməyə çalışıram. Ucqar bir kənddə, oxumaqdan kənar düşən şagirdlərlə peşəni davam etdirmək nə qədər çətin olsa da, bu mənim əsas hədəfimdir. Düşünürəm ki, çatmaq istədikləri bir hədəfi olmayanlar çalışmaqdan zövq almazlar. Mən də yorulmadan işimin öhdəsindən gəlməyə çalışıram. Şagirdləri həvəsləndirmək üçün yeni təlim metodu ilə dərs keçməyə başladım. Onlar artıq qrup şəklində birləşib birgə çalışmalar, testlər həll edirlər. Bir neçə dəfə sınaq imtahanı da təşkil etmişəm, iki dəfə mərhum prezident Heydər Əliyevə həsr olunan siniflərarası bilik yarışı keçirmişəm.

Ən böyük uğurum isə məktəbdən, təhsildən tamamilə kənar düşən qızların məktəbə, təhsilə marağının artmasını təmin etməkdə görürəm. Artıq qızlar daha çox fəaldırlar. Oxumaq, universitetə daxil olmaq üçün çalışır, can atırlar.

- Mədinə xanım, rayonlarda qızların təhsilə marağının azalması ilə bağlı mühüm bir məsələyə toxundunuz. Sizcə, məsələnin kökündə nə durur? Valideynlər qızlarını oxutdurmaqda niyə maraqlı deyillər? Problemdən çıxış yolunu nədə görürsünüz?

Mədinə Məmmədli:

- Hər zaman düşünmüşəm ki, oğlan uşaqları oxumasa da, gələcəkdə ən ağır işi yerinə yetirə bilərlər. Təhsil almaq ilk növbədə qız uşağına vacibdir. Təhsil alıb hansısa ixtisasa yiyələnmək qızların gələcək həyatını qarantiya altına alır. Ümumiyyətlə, şagirdlərin təhsilə marağının artırılmasında müəllimlərlə yanaşı, valideynlərin də öz öhdəlikləri var. Təəssüf ki, valideynlər öz övladlarının gələcəyinə biganə yanaşırlar. Hətta elə qız şagirdlərim olub ki, məktəbə gəlməməyinin səbəbini soruşanda atasının dərsə buraxmadığını, qızların məktəbə getməsinin ayıb olduğunu söyləyirdi. Çıxış yolunu qızları məktəbə cəlb etmək, onları oxumağa həvəsləndirməkdə görürəm.

- Xəzər müəllim, məsələyə sizin də münasibətiniz maraqlı olardı.

Xəzər Məmmədli:

- Təəssüf ki, kənd yerlərinin çoxunda valideynlər qızlarının təhsil almasından çox, onların ailə həyatı qurub gəlin köçməsində maraqlıdır. Məncə, ailədə qız övladlarının  müstəqil fikrinin formalaşması üçün heç nə edilmir. Valideynlər qızlarının öz ayağı üstündə duracağına, müstəqil şəkildə tələbə həyatı yaşayacağına inanmırlar. Nəticədə onlar təhsildən uzaq düşürlər. Valideyn fikirləşməlidir ki, qızların belə tərbiyəsi gələcəkdə ailə həyatında onlara problem yaradacaq. Gələcəyin anasının savadsız olması cəmiyyətin savadsızlaşmasına səbəb ola bilər. Çıxış yolu valideynlərlə bu barədə mütəmadi söhbət aparmaqdır.

- Hansı halda müəllimlikdən vaz keçərdiniz?

Xəzər Məmmədli:

- Bu peşəni seçdiyim üçün heç vaxt peşman olmamışam və sevə-sevə işimi görürəm. Gələcək nəyi göstərəcək, bilmirəm. Amma burdan çıxıb şəhərə gedəndən sonra müəllimlik fəaliyyətimi davam etdirmək, əsas da repetitorluqla məşğul olmaq istəyirəm. Yaxşı bir mövqe tutduqdan sonra müəllimlikdən vaz keçib Təhsil Nazirliyində çalışmaq istərdim.

Mədinə Məmmədli:

- Müəllimlikdən vaz keçməyi düşünməmişəm. Çünki bu peşəni sevərək seçmişəm. Bu peşənin necə çətin olduğunu ilk dəfə pedaqoji təcrübədə olarkən gördüm. Müxtəlif xarakterli uşaqlar, valideynlər, müəllim kollektivi ilə işləmək elə də asan deyil. Həqiqətən, müəllimlik çox çətin olmaqla yanaşı, həm də məsuliyyətli bir peşədir. Artıq öz işimə adaptasiya olmuşam. Zaman keçdikcə bu peşəyə daha çox bağlanıram. Üzərimdə çalışıb ən yaxşı müəllim adını alana kimi öz yolumla qətiyyətlə irəliləyəcəm.

- Maaşınız sizi qane edirmi?

Xəzər Məmmədli:

- Maaşım gündəlik yaşam tələblərini təmin etmək üçün qaneedicidir. Amma etiraf etməliyəm ki, bu maaşla uzunmüddətli gələcək qurmaq çətin olar.

Mədinə Məmmədli:

- Bəli, qane edir. Kənd yerinin bir şeyi yaxşıdır ki, gündəlik xərc çıxmır. Bu cəhətdən bu maas münasibdir.

- Dərsdən əlavə repetitorluqla məşğul olursunuzmu?

Xəzər Məmmədli:

- Hər nə qədər yüksək səviyyədə öyrətməyə cəhd göstərsəm də, danılmaz faktdır ki, ali məktəbə qəbul olunmaq üçün repetitor yanına getmək şagirdlər üçün vacibdir. Maddi səbəblərə görə valideynlər bunda maraqlı deyillər. Əgər istəsələr, məşğul olardım.

Mədinə Məmmədli:

- Xeyr. Düzünü deyim, hələ buna vaxtım yoxdur. Ancaq gələcəkdə yaxşı bir repetitor olmağı çox istəyərəm.

Yeganə OQTAYQIZI

Facebook Şərhləndirmə:

Şərhinizi yazın