Menu
Geri İrəli

“Feysbukun istifadə etdiyi süni intellekt alqoritmləri sizi öyrənməklə məşğuldurlar”

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2016 • Baxış sayı: 644 dəfə • Şərh yoxdur

samir3Texnologiyanın ən mühim və inkişafda olan sahələrindən biri süni intellektdir. Azərbaycanda bu sahə üzrə bir çox işlər görmüş İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, həmçinin bu institutun gənc alim və mütəxəssislər şurasının sədri,  texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmov  bu sahənin incəlikləri, inkişafı ilə bağlı GSR.fm-ə müsahibə verib. Samir bəy söhbətimizə  süni intelektin hər kəs tərəfindən qəbul edilmiş tərifi ilə başlayır:

-Süni İntellektin hamı tərəfindən qəbul olunan tərifi budur ki, maşın, qurğu, proqram təminatı insan kimi qərar qəbul edə bilsin.

Süni intellektin mövcudluğu qədim dövrlərə  qədər gedib çıxsa da, təxminən 40 ildir elm kimi mövcuddur. İndiyə qədər əldə edilmiş ən böyük irəliləyişlər hansılardır?

-Bu gün böyük şirkətlər uğurlara görə süni intellektə borcludur. Hər gün biz sosial şəbəkələrdən istifadə edirik. Feysbukun (Facebook) süni intellektdən istifadə edən   güclü qrupları var, proqram təminatı məhz elə  onun üzərində qurulub. İndi bir neçə misal göstərək. Siz bu sosial şəbəkədə daim aktiv fəaliyyət göstərirsiniz, müəyyən paylaşımlara baxırsınız, şərh bildirirsiniz hansısa səhifələri bəyənirsiniz. Bu zaman artıq sizin fəaliyyətinizi müəyyən edən  məlumatlarınız yaranır. Bu fəaliyyət əsasında Feysbukun istifadə etdiyi süni intellekt alqoritmləri sizi öyrənməklə məşğuldurlar. Ona görə də daim sizə müxtəlif (dost, səhifə və s.)  təkliflər göndərirlər. Fikir verirsinizsə, bunu elə edirlər ki, bu sizin maraqlarınızla üst-üstə düşür. Bu qədər xidmət insanlara pulsuz verilirsə, onlardan nə isə alınır. Alınanlar isə sizin informasiyalarınızdır.

Süni intellektin qarşısına qoyduğu ən böyük məqsəd var mı? Ümumiyyətlə, robot texnologiyasının son nöqtəsi nədir?

-Bəzi mütəxəssislər bir çox işlərdə robotların insanları əvəz etməsini çox yaxşı qarşılayırlar. Digərləri isə bunu faciə adlandırır. Robotlar, maşınlar bir çox prosesləri insandan daha sürətlə avtomatik yerinə yetirə bilər. Bu, insan əməyinə və zamanına qənaətdir. İndi bunun üzərinə əlavələr edilsə və robotlar düşünmə qabiliyyitinə malik olsa, gələcəkdə hər şey,  hətta ordu belə robotların üzərində qurulacaq. Əsgərlər də proqramçılar olacaq. Bunların sürətləri çoxdur və üstəlik düşünmə qabiliyyəti də olsa, pis məqsədlər üçün istifadə edilsə  bu, fəlakət gətirə bilər. Bunun arxasında insan faktoru durur, insan bunu hansı məqsəd üçün istifadə edir? İstənilən bıçağı həm yaxşı, həm də pis məqsədlər üçün istifadə edə bilərik. Yenə bunun arxasında insan durur, robot öz-özlüyündə heç nə etmir.

Süni intellektin tərkibində  müxtəlif sistemlər  mövcuddur. Hazırda onun ən məşhur  sistemləri hansılardır?

-Hazırda ən çox inkişaf edən sahə təsvirlərin emalıdır. Quqlu  (Google), Feysbukda məsələn, bədniyyətli insanlar da var. Onlar qeyri-qanuni fəaliyyətlərlə (pornoqrafiya, narkotik maddələrin emalı və.s)  məşğuldurlar. Bunların qarşısını almaq üçün yazının və şəkillərin emalına çox böyük ehtiyac var. Təsəvvür edin ki, bir milyarddan çox istifadə var, onları bir-bir yoxlamaq mümkün deyil, amma Feysbuk, Yutub (Youtube)   bunu kifayət qədər yaxşı bacarır və qarşısını ala bilir.  Bunların qarşısını almaq üçün süni intellektin bir qolu olan təsvirlərin,  nitqin və mətnin emalı prosesləri işlənilir. Digər sistemlərlə müqayisə etsək, bunların inkişafı çox qabaqdadır.

“Amerikada yazışmalar belə,  süni intellektin nəzarəti altındadır”

Süni İntellekt fərziyyəsini, kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədilə Alan Türinq tərəfindən mexanizm (test) yaradılıb. Sizin Türinq testi haqqında fikiriniz nədir?

-Bir vaxtlar Türinq belə bir test vermişdi ki, üç nəfər yəni, iki  insan və bir kompüter ayrı-ayrı otaqlardadır. Onlar bir-birilə söhbət edirlər. İnsan qarşıdakı ikisindən hansının kompüter, hansının insan olduğunu   təyin edə bilməsə, belə çıxır ki, süni intellekt müəyyən bir səviyyəyə çıxıb. Amerikada “Jeopardy” adlı  veriliş var, bu verilişdə ballar çəkilir və altından suallar çıxır. Bu suallara cavab verilməlidir. İBM şirkəti iddia etdi ki, “biz elə bir proqram yaradacağıq ki, bu yarışın tarixindəki ən güclü oyunçuya qalib gələcəyik”. Şirkətin özü bir milyon dollar mükafat qoymuşdu. Kompüter Vatson adlandırılırdı. Həmin kompüterin İnternetə çıxışı yox idi, öz yaddaşı hesabına qərar qəbul edə bilirdi. Verilən suallara dair axtarış edirdi, üç cavab təklif edirdi, onlardan ilk cavab ən böyük ehtimallı cavab olurdu. Beləliklə, Vatson onları böyük hesabla məğlub edə bildi. Amma bu o demək deyil ki, süni intellekt məsələsi tam olaraq həyata keçdi. Türinqin   mexanizminə gəldikdə isə yarandığı dövr üçün əlçatmaz idi. Amma bu gün o qədər də əlçatmaz deyil. Tam dolğun kriteriya deyil. Bildiyimə görə, hazırda Amerikada yazışmalar belə süni intellektin nəzarəti altındadır. Amerikada bir neçə sayt var ki, çat xidməti göstərir. Onlar yazışmalara daim nəzarət edir və təyin edirlər ki, yetkinlik yaşına çatmayanlara  qarşı qeyri-etik danışıqlar aparılmasın. Bunun qarşısını almaq üçün o çatlara nəzarət olunur və çox dəqiqliklə bunu həyata keçirə bilirlər.

Sİ-foto-3“Robot həmişə insandan asılıdır”

Süni intellekt barədə insanları daim narahat edən suallar mövcuddur. Bunlardan ən məhşur sual belədir ki, süni intellekt  insan irqinin sonunu gətirə bilər mi? Siz bu haqda nə düşünürsünüz?

 -Mən elə düşünmürəm. Robot həmişə insandan asılıdır. Müxtəlif vasitələrə malik olsa belə, arxasında insan durur. Sadəcə olaraq insan daha da kamilləşməlidir ki, robotu o məqsədlər üçün istifadə etməsin. İnsan daha insansevər olmalıdır. Əvvəllər mexaniki silahlar istifadə edilirdisə, hazırda müasir silahlar özü qərar qəbul edə bilir ki, bəlkə hədəfi dəyişsin. Bu günlərdə bir məlumat oxudum ki, tapançanın özünü belə süni intellekt idarə edəcək. Onun üstündə barmaq izi təyin edən çip yerləşdiriləcək və bununla da müəyyən edəcəklər ki, tapança kimə məxsusdursa, yalnız o atəş aça biləcək. Göründüyü kimi süni intellekt silah sənayesinə daha çox daxil olub.

Tərifində də deyildiyi kimi süni intellekt   insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elmdir. Bəs məntiq maşınlarda özlüyündə idarə olunarsa, onlar  yaradıcı ola bilər mi?

-İncəsənət üçün bir başqa nümunə deyə bilərəm. Bir universitetin alimləri tərəfindən  proqram təminatı yaradılmışdı və o, müəyyən mövzu haqqında əsər yazmaq istəyir. İnternetdə axtarış verir, indiyə qədər yazılmış əsərlərin  hərəsindən bir cümlə götürür, onların ardıcıllığını elə qurur ki, bir məqalə tərtib edir. Sonradan yoxlamaq istəyirlər ki, görəsən doğrudanda incəsənət əsəridir? Beləliklə, həmin məqaləni 10 konfransa göndərirlər? Hər konfransda da ayrıca rəyçilər olur. Beləliklə, bu məqalə bir neçə konfransdan yaxşı nəticə alır.

Dediyiniz kimi robotların incəsənətə meyilliliyi, incəsənət məhsulu yaratması nə qədər effektiv ola bilər?

-Məsələ burasındadır ki, bu vasitələrin inkişaf etməsi insanın yaradılıcığına daha da kömək edir. Hazırda elm və texnologiyanın sürətli inkişafının əsas səbəbi odur ki, həmin intelektual sistemlər insanlara daha da kömək edir. Bu vasitələrdən qorxmaq lazım deyil, əksinə bunlar insanın yaradıcılığına daha böyük tövhələr verəcək.

Bəs necə düşünürsünüz, bir gün texnologiya insanın sahib olduğu xəyal gücünə yiyələnə bilərmi?

-Bəli, texnologiya xəyal gücünə malik ola bilər. Robotların emosional olması istiqamətində də işlər gedir. İstənilən anda robot insan deyil. Onu tam əvəz edə bilməz. İnsana yaxınlaşa bilər və onun dostu ola bilər. Düzdür, mən bu barədə çox optimistəm (gülür). Yenə də bunun arxasında insan faktoru durur, insanları daha çox tərbiyyələndirmək, kamilləşdirmək  lazımdır.

Bildiyim qədəri ilə sizin bu sahədə uğurlu işləriniz, araşdırmalarınız var. Bu haqda da məlumat verərdiniz zəhmət olmasa.

-İlk olaraq doktorantura, aspirantura vaxtımda nitqin tanınması sahəsində çalışmışıq.  Bu da ondan ibarət idi ki, Azərbaycanca söz deyilsin, kompüter də onu mətnə çevirsin. Məndən qabaq 90-cı illərdə bu sahədə işlər getsə də, biz ilk olaraq məhdud söz ehtiyatına malik olan proqram təminatı hazırlamışdıq. Burada hansı riyazi alqoritmlər istifadə olunduğuna dair məqalələr dərc etmişdik. Sonra öz tədqiqat sahəmi dialoq sistemlər üzərində davam etdim. Məsələn, belə bir sistem üzərində işlədik və yaxşı nəticə verdi. Tutaq ki, müəssisələrə zənglər olur, böyük şirkətlər o zəngi əvəz etmək üçün təkliflər ( məs: 2 düyməsinə bas)  edirlər. Orada bu işi avtomat edir. Biz isə belə təklif etdik ki, ora zəng vuran şəxslə sərbəst danışıq aparılsın. Yəni, ona sual verəndə kompüter başa düşsün ki, hansı bölmə ilə bağlamaq lazımdır.

Bundan başqa mən öz tədqiqatımı Amerikada  George Texnologiya İnsitutunda davam etdirdim. Orada tapşırığımız “sentiment analiz” olmuşdu. Yəni, müxtəlif mövzular (xidmət, məhsul, ictimai xadim)  haqqında insanlar nə isə yazır və bu yazıları kompüter araşdırmalıdır. Təyin etməlidir ki, bu yazı kim haqqındadır və müsbət yoxsa mənfidir. Bunu bilmək şirkətlərin inkişafı üçün çox önəmlidir. Bizim məşğul olduğumuz isə film rəyləri idi. Biz orada qeyri-səlis neyron üsulundan istifadə etdik. Modern tədqiqatlarla müqayisə ediləcək qədər yaxşı nəticə əldə etdik. Bir müddət Qafqaz Universitetində tələblərləri təbii dil proseslərinə cəlb etmişdik.

Bizim bir tələbəmiz  Firuzə Təhməzli  bir işlə məşğul idi. Bu, sosial şəbəkələrdə Azərbaycan dilininn qrammatikasına uyğun olmayan sözləri avtomatik orfoqrafik redaktə edən proqram idi. Biz də bu  proqramın üzərində işlədik. Onunla  “Çaşqınlıq matrisi” deyilən cədvəl təyin etdik. Bu da insanların daha çox harada səhv etdiyini tapmaq üçün idi. Başqa dillərdə artıq bu cədvəl təyin edilib. Həmin magistr çox böyük zəhmət çəkib 3000-4000-ə yaxın şərh yığmışdı və onu müdafiə etdi. Gələcək üçün bizim fikrimiz var ki, təkcə orfoqrafik yox, qrammatik düzəlişləri də ora əlavə edək.

“Xüsusilə, startapa maliyyə dəstəyi ayırılmalıdır”

Hazırda bu sahəyə  gənclərin marağı necədir?

-Çox yüksəkdir. Düzdür, bizim İKT fondumuz var, informasiya texnologiyaları sahəsinə, məhsullara daha çox diqqət ayırır. Bu sahəyə daha çox diqqət ayırsalar, çox yaxşı gözləntilərimiz ola bilər.

Bəs bu sahəyə üz tutan gənclərin əsas  diqqət etməli olduğu məqamlar hansılardır?

-Bu sahədə uğur qazanmağın başlıca yolu və şərti riyaziyyat sahəsində biliklərə malik olmaqdır. Problem onda olur ki, bu sahəyə gələnlərin çoxu kompüter mühəndisləri olur. Ona görə də aparıcı universitetlərdə kompüter mühəndislərinə çalışırlar riyaziyyatı yaxşı öyrətsinlər. Riyazi bilik olanda bu sahədə irəliləmək çox rahat olur.

Sizin bu elmlə bağlı gələcək planlarınız nələrdir?

-Gələcək planlar olduqca çoxdur. Böyük ömür sərf edilən sahədir. Xüsusilə, Azərbaycan dili üçün onun xüsusiyyətlərini nəzərə alaraq,  sentiment analizin aparılması nitqin anlaşılması, yəni semantikası üzərində işləmək, böyük həcmli verilənlərlə bağlı çalışmaq kimi planlarımız var. Gördüyünüz kimi, bunlar hərəsi ayrılıqda böyük sahələrdir.

Son olaraq nə demək istərdiniz…

-Bu sahədən, elm haqqında  nə qədər çox danışsaq, cəmiyyətimizə xeyirdir. Bizim cəmiyyətə, xüsusilə elm sahəsində daha çox danışmaq lazımdır.

Söhbətləşdi: Kəmalə Rövşən

Foto: Xatirə İsmayılova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın