Menu
Geri İrəli

Firəngiz Mütəllimova: “Sumqayıtdan bir oğlan çağırmışdılar, onun da…”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 770 dəfə • Şərh yoxdur
Share Button
frengiz frengiz44“İsrafil İsrafilovun direktor qalmağı məni çox narahat edir”

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovanın APA-ya müsahibəsi

- Firəngiz xanım, sənət adamının qalmaqalla gündəmə gəlməyi necə hissdir?

- Çox pis. Mən belə şeyləri heç vaxt sevməmişəm. Beş il susdum, danışmadım, amma iş o yerə gəlib çatdı ki, ölkə başçısına müraciət etdik. Nə özümə, nə də heç kimə bu şəkildə gündəmə gəlməyi arzulamazdım.

- Yəni belə şeylər sizi mənən incidir…

- Əlbəttə. Vicdan əzabı çəkirəm. Xalq artistiyəm, 35 il səhnədə olmuşam. Mən sənətimlə gündəmə gəlmək istərdim, nəinki qalmaqalla bağlı saytlara danışmaq, açıqlama verməklə.

- Sizin adınız belə məsələlərdə hallanmayıb. Səbəb nə oldu ki, müraciətə qol çəkdiniz?

- Teatra gedəndə eşitdim ki, iki aktyorumuz dava edib, onları polis bölməsinə aparıblar. Bunu eşidəndə özümə gələ bilmədim. Üstəlik, gördüm ki, başqa teatrların aktyorları bizim teatrın foyesində özlərindən razı gəzirlər, biz qalmışıq qıraqda. Getdim bizim uşaqlar yığışan yerə, dedim, birləşmək vaxtıdır.

- Başqa teatr deyəndə “Yuğ”u nəzərdə tutursunuz?

- Vallah, mən onların çoxunu tanımıram. Vidadi Həsənovu, Məmməd Səfanı tanıyıram, zəngləşib danışırıq. Heç bir aktyorla problemim yoxdur. Sadəcə, iki teatrı bir-biri ilə üz-üzə qoyurlar. Aktyorun adı direktordan da şərəflidir. Teatra aktyora görə gəlirlər. Aktyoru sevmək, ona qayğı göstərmək lazımdır. Biz elə bir məvaciblə məzuniyyətə çıxmışıq ki, onunla Azərbaycanın bir rayonuna gedə bilmərəm. Halbuki, həkimə getməliyəm, hələ qalmışam belə…

- Firəngiz xanım, az məvaciblə məzuniyyətə çıxmağın günahkarı İsrafil İsrafilovdur?

- Bəli, odur.

- Məvacibi direktor təyin etmir…

- Onda direktor təyin ediləndə deməzdi ki, sizin maaşınızı artırıb 2000 manat edəcəyəm. İndi deyir, işıq pulu verməyə imkan yoxdur. Onda soruşuram: pul yoxdursa, bir belə adamı teatra niyə gətirmisən? Qoy öz kollektivimiz işləsin, ən çox əziyyət çəkən adamlara üç adamın maaşını ver. Başqa teatrlar aktyorları necə yaşadırlarsa, sən də bizi elə yaşat. Heç olmasa, o biri direktorların vaxtında Ramazan bayramında, 8 Martda əlavə əlli manat alırdıq. Mən İsrafil müəllimlə düşmən deyiləm. Ondan deyə-gülə ayrılmışam. Amma belə məsələlərdə kollektivin yanında olacağam. Çünki İsrafil müəllim mənim beşinci direktorumdur. Nurəddinlə, İlhamla, Rafaellə, Ramiz Məliklə isə bir yerdə böyümüşəm. Onları qoyub teatrın direktorunu necə müdafiə edə bilərəm?

- Deyirlər, təşkilatçı Nurəddin Mehdixanlı olub…

- Yalandır. O müraciəti hər kəs oxuyub, qol çəkib. Mən necə xalq artistiyəm ki, beş il ərzində bir dənə dövlət sifarişi ilə olan tamaşada oynamamışam. Teatrda razı olanlar var. Çünki onlara hər cür şərait yaradılıb. Prezident mənə ev verib, onu da satıb küçədə yaşayım? Bu qədər tamaşalara pul xərclənir, iki dəfə oynayıb qoyurlar qırağa. Kimə lazımdır bu qədər tamaşa? O qədər pullar xərclənir, bizə çatanda pul olmur. Cənab prezident sağ olsun ki, bizə mükafat verir. Başqa direktor olsaydı, mənim kimi xəstə adamı çoxdan təqaüdə keçirtdirərdi. Amma o istəyir, özü təqaüd alsın. Bizə heç nə etmir. Aldığım aylıq, 500 manat mükafat ancaq dərman pullarıma çatır. Deyirlər, niyə seriala çəkilirsən? Yaxşı, seriala çəkilməyib necə yaşayım? Serialdakı uşaqların mənə etdiyi hörməti İsrafil İsrafilov etmir.

- Müraciətə qol çəkib peşman olan yoxdur ki?

frengiz

- Bilmirəm. Amma qulağıma çatır ki, cavanlardan bəzilərinə deyirlər, nahaq qol çəkmisən, sənin adını qara siyahıya salıblar. Teatra gedəndə bu məsələni də araşdıracam. Yeddi xalq artisti siyahıya qol çəkib. Rəsmi olaraq kim çağırıb bizdən nə soruşdu? Soruşulmayana qədər bu davam edəcək. Öz adıma deyirəm: mən susmayacağam. Nə haqsızlıq gördümsə, danışacağam. Allah şükür, prezidentimiz özü deyib ki, saytlar var, yazın, deyin, mənim siqnallara ehtiyacım var.

- Mədəniyyət və Turizm Nazirliyi açıqlama verib ki, nazirliyin qərarına hörmətlə yanaşmağı tövsiyə edirik…

- Mən hörmətlə yanaşıram. Amma İsrafil İsrafilovun direktor qalmağı məni çox narahat edir. Sabah teatrda pis şeylər olacaq. Görün, vəziyyət nə yerdədirsə, biz bir dəfə iclas edə bilmirik. Bağçaya direktor təyin olunanda da kollektivi yığırlar, tədbir edirlər. Bizdə isə əksinə oldu. Heç kimin xəbəri olmayıb ki, belə bir təqdimat olub. İsrafil müəllimin elmi işlərinə mənim heç bir sözüm yoxdur. Amma son vaxtlarda teatr bazara çevrildi. Kim istəyirsə, gəlib tamaşa hazırlayır. Tanımadığım rejissorlar, uşaq-muşaq tamaşa qoyur.

- Direktordan 25 yaşlı qız rolunda oynamağı siz xahiş etmisiniz?

- Yox, mən heç vaxt elə söz demərəm. Mən elə şeyi dilə gətirsəm, bəs cavan uşaqlar hansı rolda oynayar? Əksinə, elə aktrisalara gülmüşəm ki, bunların başı çatmır.

- Eşitdiyimə görə, narazılıqlara səbəb həm də Fəxrəddin Manafov və Mehriban Zəkinin teatra cəlb olunmağıdır

- Belə şey olmayıb. Çünki Fəxrəddin hələ gəlməyib. Fəxrəddinlə ilk dəfə mən oynamışam. “Səhra yuxuları” və “Gülüstanda qətl” tamaşalarında tərəf müqabili olmuşuq. Əksinə, Fəxrəddin mənim fəxrimdir. Aeroportda onu görəndə qucaqlayıb ağladım. Deyirəm, İsrafil müəllim, demisiniz ki, çoxdandır teatrda olmayan Fəxrəddin Manafov və Mehriban Zəki teatra qayıdıblar. Soruşdum, nə olardı, mənim də adımı çəkərdiniz ki, Firəngiz Mütəllimova da qayıdıb. Yaxşı, yalandan deyərdin, könlüm xoş olardı. Mən də uzun müddətdir yox idim, özü də teatrda zəng edib soruşurlar. İctimai Televiziya zəng edib deyib ki, Firəngiz və Sənubərlə efirə çıxmıram. Bir intervüsündə mənim adımı çəkməyib. Məsələn, ona Zemfira Nərimanbəyova haqqında sual verirlər, sual qalır havada, deyir, mən Şükufə xanımı çox istəyirəm, onun əlindən tutub, səhnəyə çıxaram. Çox istəyirdinsə, Şükufə xanım “Şöhrət” ordeni alanda təbrik edərdin də. Şükufə xanıma zəng vurmuşdum, dedi, səndən başqa mənə heç kim zəng vurmayıb.

- İsrafil İsrafilovdan “Avropa Oyunlarında biz niyə məşəl daşımadıq?” narazılığını kim edib?

- Mən demişdim ki, Avropa Oyunlarına qürur hissi ilə baxmışıq, sevinmişik, amma bizim teatrdan bir nəfər məşəl aparmadı. Deməli, teatrın direktoruna hörmət yoxdur ki, bu belə olub. Başqa teatrlardan məşəl daşıyan adamlar var idi. Məsələn, Rafael və Coşqun olub, Şəfiqə Məmmədova, Amaliya Pənahova iştirak edib, bizdən heç kim olmayıb. Yenə onlara görə sevindim ki, biz olmasaq da, başqa aktrisalar iştirak edib. Bundan başqa, gənclər var, heç bir fəxri adları yoxdur. Görən deyir, bəyəm teatr işləyir? Biz heç yerdə yoxuq. Allah qəni-qəni rəhmət eləsin, Heydər Əliyev bizə mükafat verdi, indi də o pulu alıram. İndiki prezidentimizə müraciət etdim, mənə ev verdi. Nazirlik və direktorumuz bir dəfə prezidentimizi dəvət etməyib ki, tamaşaya gəlib baxsın. Çünki sanballı tamaşamız yoxdur. Yaxşı tamaşa olsa, dəvət edərlər. Deməli, yoxdur ki, dəvət etmirlər.

- Son vaxtlar baxdığınız və təəssüfləndiyiniz hansı tamaşalar olub?

- Üç ildir heç bir tamaşaya getməmişəm. Son baxdığım “Napoleon” tamaşasıdır ki, orda da Napoleonun adı var, özü yoxdur. Sumqayıtdan bir oğlan çağırmışdılar, onun da səsi çatmadı, oynaya bilmədi.

- Firəngiz xanım, üç ildir tamaşalara baxmırsınızsa, yaxşı tamaşanın olmadığını necə bilirsiniz? Yaxud, aktrisanın öz teatrının tamaşalarına baxmamasını necə izah etmək olar?

- Ona görə getmirəm ki, əsəb keçirirəm, mənə olmaz. Həm də əməliyyata görə, xəstəliyim üzündən gedə bilmirdim. Bilirəm ki, eyni tipli tamaşalardır. O teatrın tamaşaları mənə maraqlı deyil.

- Səhhətiniz səhnəyə çıxmağa tam imkan verir?

- Bəli. Həkim çoxdan deyir. Sadəcə, mən tanımadığım rejissorun tamaşasında oynamaq istəmirəm.

- Siz beyin əməliyyatı keçirmisiniz. Səhnədə qışqıranda, həyəcanlananda, ağlayanda, özünüzü yıxanda problem olmayacaq ki?

- Mən səhnədə özümü niyə yıxım? Otuz beş il yıxılmışam da, çığırmışam da! Mənim özümə aid xanım-xatın rollar var. Silvester Stallone filmin sonunda bir dəfə “kapşon”u atır, axırda yazırlar, çox sağ olun, Stallone. Biz artıq o səviyyəyə çatmışıq. Mənim indi səhnədə oturan vaxtımdır. Necə olur, mən gedib universitetdə dərs deyə bilirəm, seriallara çəkilirəm, amma teatrda oynaya bilmirəm? İsrafil müəllim hamıya deyir, xəstədir, havayı maaş verirəm. Hamı yaxşı bilir o teatrda havayı maaşı yeyənlər kimlərdir. Çox dərinə getmək istəmirəm.

- Maaşınızın məbləğini demək istəyirsiniz?

- 480 manat maaşımızdır, 300 manatdan çox alırıq. Gedib Həmkarlar İttifaqından çıxacağam. Hər ay 9 manatım ora gedir, mənə heç nə etməyiblər. Həmkarlar ittifaqı 35 ildə mənə heç nə etməyib. O pulu il ərzində yığıb özümə fransız ətri alaram. Bütün mühasibatlıq yığışıb gedir Nabranda istirahət edir, kef çəkir, mən də pul ödəyirəm. Aktyorun haqqını yemək böyük günahdır. Azərbaycan teatrını bu günə qoyanları Allaha tapşırıram.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın