Menu
Geri İrəli

Gənc aktrisa Pərvin Abıyeva : “Açıq səhnələrdə çəkilərdim”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Aprel 2015 • Baxış sayı: 9,692 dəfə • Şərh yoxdur

2439223551d0b6e9df9b1427966830_heyat_qadinini_oynamaq (3)Həmsöhbətim gənc aktrisa Pərvin Abıyevadır. 

Geniş tamaşaçı kütləsinə “Oğurlanmış arzuların” Ayseli kimi tanınan aktrisa Teleqraf.com-a müsahibəsində onu kəşf edən rejissordan, çəkildiyi filmlərdən, oynamaq istədiyi rollardan və gələcək planlarından danışıb.

- Pərvin, sənin yaşında olan, amma bu qədər çəkilməyən, tanınmayan aktrisalar çoxdur. Bu baxımdan, özünü şanslı aktrisa hesab edirsən?
- Əlbəttə, şanslıyam. Fikrimcə, bu barədə bəxtim gətirib.
- Bildiyim qədər, Mədəniyyət və İncəsənət Universitetini bitirməmisən. Əsl ixtisasın nədir?
- Bəli, dediyiniz universiteti bitirməmişəm. İxtisasım maliyyə iqtisaddır. İlk dəfə məni rejissor Cavid Təvəkkül görüb və 9 bölümlü “Qarabağnamə” bədii serialında çəkilməyə dəvət edib. Təəssüf ki, o layihə yarımçıq qaldı, eşitdiyimə görə, yenidən onun çəkilməsi planlaşdırılır. O, çox böyük layihə idi və arzu edirəm ki, uğurla başa çatsın. Çünki bu serial Azərbaycanda həyata keçirilən ilk belə layihə olacaqdı. Həmin serialda Sitarə obrazında çəkilirdim. Onun ardınca “Oğurlanmış arzular” serialı gəldi. Daha sonra filmlərə başım qarışdı. Əminliklə deyirəm ki, Cavid Təvəkkül və “Oğurlanmış arzular”ın rejissoru Osman Albayraq ən sevimli rejissorlarımdandır.
- Aktrisalıq təklifi gələndə nə hiss etdiniz? 
- Sözün düzü, bu təklifi eşidəndə çox təəccübləndim. Çünki mən kinostudiyaya rəfiqəmin yanına getmişdim, orada Cavid Təvəkkül məni görən kimi: “Mən bu qızı çəkəcəm” deyəndə yerimdə donub qaldım. Elə oradaca dedim ki, mən aktrisa deyiləm. O isə cavabında “Səni öyrədəcəm. Bilirəm ki, böyük risk alıram, amma səni çəkməliyəm”,- dedi.
- Qərarını ailən necə qarşıladı?
- Onlar məni dəstəklədilər. Bilirsiniz, mən ailədə başqa cür böyümüşəm. Mənə hər zaman inam, etibar olub. Müəyyən qədər oğlan xarakterli olmuşam. Məndən başqa nəsildə heç kim deyə bilməz ki, aktrisa olacam…
- İlk həyəcanı, ilk çəkiliş anlarının sevincini başa düşürəm, amma sonra çoxları bu sənəti davam etdirmək istəmir. Sən necə, bu sənətdən yorulmamısan ki?
- Qətiyyən. Heç vaxt da yorulmayacam. Əvvəl düşünmürdüm ki, bu sənəti davam etdirərəm. Sonra isə özümü bu sənətdə tapdım. İndi deyirəm ki, niyə mən aktrisa olmayım. Elə olur ki, günlərlə çəkilişlərdə oluruq, yoruluram. Amma bir gün çəkiliş olmayanda sıxılıram. Ona görə qərarım qətidir: ömrümün sonuna kimi bu sənətlə məşğul olmaq istəyirəm.
- Hər aktrisanın bir yolu, çərçivələri olur. Bu yolu ya özləri seçirlər, ya da ona yol göstərənlər. Sən özün üçün necə bir yol seçmisən? 
- Hələ məşhur deyiləm. Məqsədlərim çoxdur. Daha yüksək zirvələrə qalxmaq istəyirəm. Rollarıma gəlincə, öncə ssenarini oxuyuram. Ssenari məni qane edirsə, oradakı səhnələr mənim üçün problem deyil. Doğrudur, çox açıq-saçıq səhnələri rejissorla danışıb, razılaşmaq şərtilə haradasa dəyişmək olar. Əsas odur ki, mən ssenarini bəyənim və özümü orada görüm, bu, mənim üçün yetərlidir.
- Deməli, açıq səhnələrlə bağlı çərçivələrin var…
- Azərbaycanda çox açıq-saçıq səhnələr qəbul olunmur. Amma əcnəbi ölkədə aktrisalıq etsəydim, o səhnələrdə çəkilməyə razı olardım.
- Bütün aktrisalar Kleopatra rolunu oynamaq istəyir. Sən necə?
- Mənim üçün obrazın fərqi yoxdur. Ssenaridəki obraz qaneedicidirsə, o zaman mənim üçün əsas rol o olur. Təbii ki, Hollivudda çəkilmək, hər bir çətinliklərlə qarşılaşmış həyat qadınını oynamaq istəyərəm. Eləcə də, komedik obrazda özümü sınamaq istəyirəm.
- Səncə, aktrisada ən vacib olan keyfiyyət nədir? 
- Ən başlıcası ürək olmalıdır. Çox adam deyir ki, mən filan rolu oynaya bilərəm, Amma kamera önünə gəlincə, bunu bacarmırlar. Kameranın önünə keçən kimi olurlar quzu balası, əsməyə başlayırlar. Aktrisa belə  olmamalıdır, o həyəcanını cilovlamağı bacarmalıdır. Bir də qabiliyyət lazımdır. Düzdür, öncə bu qabiliyyətimi görə bilmirdim, amma Cavid müəllimin sayəsində belə bir bacarığımı özümdə kəşf etdim.
- Bəs gözəllik?
- Məncə, gözəllik aktrisa üçün o qədər də vacib deyil. Əgər potensialın, qabiliyyətin varsa, sənə həvalə olunan rolun öhdəsindən gələcəksən. O qədər qabiliyyətli, amma çirkin aktrisalar var ki…
- Özünü necə formada saxlayırsan?
- Mütəmadi idmanla məşğul oluram. Fitnes, trenajor, aerobika ilə məşğul olmağı sevirəm. Çox yemək yemirəm. Düzgün qidalanmağa fikir verirəm…
- Bu yaxınlarda baş rollarda birini oynadığın “Yarımdünya” filmi ekranlara çıxacaq. Filmin uğur qazanacağına inanırsan?
- “Yarımdünya” dram janrındadır və bu son vaxtlar kommersiya baxımından Azərbaycanda çəkilən filmlər arasında bir ilkdir. Çünki bilirsiniz ki, son zamanlar Azərbaycanda kommersiya kinosu sferasında ancaq komediya janrlı filmlər çəkilir. Obrazım filmdə əsas qəhrəmanlardan biridir. Qəhrəmanım xəstədir, amma bununla yanaşı, içində həyata, yaşamağa sonsuz sevgisi var. O, hər kəsi və həyatda olan hər şeyi sevir.
- Filmdə sevgi üçbucağı var. Sizin sevginiz üçbucaqdan kənardır, yoxsa?
- Mən filmdə nakam bir sevgi yaşayıram.
- Son zamanlar sizin saçınızı keçəl qırxdırmağınız geniş müzakirə mövzusu oldu. Sonra etiraf etdiniz ki, bu, qrimdir. Ümumiyyətlə, rolunuza görə belə qurbanlar verə bilərsiniz?
- O qədər təəccüblənmişdim ki, keçəl olmağımla bağlı xəbərləri oxuyanda… Mən ssenariyə əsasən keçəl olmalı idim. Ona görə Türkiyədən məni keçəl görkəminə sala biləcək qrim rəssamı gətirdik. Qrim zamanı bir foto çəkdim və Osmanın razılığı ilə onu sosial şəbəkədə paylaşdım. Mənim bir adətim var, tez-tez adımı “Google” axtarış sistemində yazıb, mənimlə bağlı olan xəbərlərlə maraqlanıram. Bir gün də elə etdim, bir də gördüm keçəl fotomla bağlı nə qədər xəbər yazılıb… Ona görə də məcbur oldum ki, əslində, keçəl olmadığımla bağlı açıqlamanı sosial şəbəkədə paylaşım. O ki qaldı fədakarlığa… Rejissorumuz Osman Albayraq sənət dostum, məsləhət aldığım bir insandır. Onun xətrini çox istəyirəm. Əgər o, mənə desəydi ki, rol üçün bunu yerinə yetirmək lazımdır, onu edərdim. Bunu həm Osmana, həm də sənətə görə yerinə yetirərdim. Çünki sənətimə can yandıran biriyəm.
- Yeni rolların varmı?
- Var. Həm Türkiyədə, həm də Azərbaycanda yeni layihələrdə çıxış edəcəyəm.
- Film, yoxsa serial?
- Film. Seriallarla artıq işimi bitmiş hesab edirəm. Çünki artıq seriallarda çəkilmək istəmirəm. Bu, həyatımda bir mərhələ idi.
- Yəqin, səni də serialdan qonorar uzaqlaşdırıb.
- Azərbaycanda ən çox qonorar alan gənc aktrisalardanam.
- Məsələn, nə qədər?
- O, sirr olaraq qalsın.
Nərmin

712964551d0b6e8ceca1427966830_heyat_qadinini_oynamaq (2)  7524058551d0b6e79bc51427966830_heyat_qadinini_oynamaq (1)
Facebook Şərhləndirmə:

Şərhinizi yazın