Menu
Geri İrəli

Gülsel Səfərova: “Sumqayıtla bağlı çox xatirələrim var”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2012 • Baxış sayı: 516 dəfə • Şərh yoxdur
Gülsel Səfərova ilə söhbətimiz rəhbəri olduğu “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası” təşkilatının ofisində baş tutdu. Elə buna görə də ilk sualımız belə oldu ki, onun doğulduğu şəhərin sakinləri həmin vaxt fikir olaraq Avropayamı, yoxsa Asiyayamı aid idi…
“O nişanı bir daha taxmayacaqsınız”
“Mən Sumqayıt şəhərində anadan olmuşam, dörd yaşıma qədər orada yaşamışam. İlk bağça illərim də oraya təsadüf edir, dörd yaşımdan sonra Bakıya köçmüşük. Sumqayıtla bağlı çox xatirələrim var, dostlarım yadımdadır. Amma mən o vaxtı da inteqrasiya etdim – Sumqayıtdan Bakıya (gülür). Uşaqlıq illərim Sovet İttifaqının dağılması və demokratik ab-havaya keçidlə yadda qaldı. Mən birinci sinfə 1990-cı ildə altı yaşımda gedəndə hələ də Leninin nişanını taxırdıq. Yadımdadır ki, demokratiya ruhu mənim daxilimdə vardı. Bir dəfə Leninin nişanını evdə unutdum, sinifdə müəllimə məni bərk danladı. Evə qayıdaraq nişanı götürüb yenidən məktəbə yollandım. Bir aydan sonra nişan yenidən yadımdan çıxdı. Məktəbə çatanda qorxurdum. Həcər müəlliməyə dedim ki, indi tez qayıdıb gətirərəm. Müəllimə dedi ki, yox gətirmə, artıq lazım deyil, sən bir də bu nişanı taxmayacaqsan. Həmin gün müəllimə dərsin birinci saatında Sovet İttifaqının dağılmasından, Azərbaycanın demokratikləşmə prosesinə qədəm qoymasından danışdı. Biz onda anladıq ki, o nişan artıq bizə gərək olmayacaq… Mənim həmyaşıdlarım üçün bu, böyük bir azadlıq idi. Çünki 31 nəfərlik qrup idi, hər gün kimdəsə yaddan çıxırdı və buna görə danlanırdı. Həmin gün biz artıq azadlığın ilk dadını yaşadıq.

“Azərbaycan dilində kəlmə kəsə bilmirdim”

Mənim həmyaşıdlarım bağçanı və ibtidai sinfin ilk illərini sovet dönəmində başladı, daha sonra isə yeni dönəmdə, hüquqi dövlət quruculuğu prosesinə qədəm qoyan Azərbaycanda davam etdi. Bu da təbii ki, çətinliklərlə müşayiət olundu. Mən həm kiril, həm də latın əlifbasını öyrəndim, üstəlik rus dilini də mənimsəməliydim. Yəni 6-8 yaş arası uşaqlar üçün böyük bir məsuliyyət və yüklənmə müşahidə olunurdu. Latın bizə əlavə dil kimi çətin gəlirdi. Biz üçüncü sinifdən artıq latını keçirdik və bizim üçün çox çətin idi. Mən dörd il bağçada rus dilində danışmışam, demək olar ki azərbaycanca danışa bilmirdim. 6-7 yaşımda Azərbaycan dilində kəlmə kəsə bilmirdim. Bu da Sovet İttifaqının izləri idi. Mən artıq üçüncü sinifdən başlayaraq azərbaycanca danışmağa başladım. Haradasa 8-9 yaşımdan. Uşaqlar üçün çox çətin idi, çünki artıq azərbaycanca inşa yazmalı, şeir əzbərləməli idik. Təbii ki, bunlar çox çətin idi. Ailəm məni məktəbdə də rus sektoruna qoymaq istəyirdi, lakin vətənpərvərlikdən gələn hisslə evdə mübarizə apardım ki, yox, Azərbaycan sektorunda oxuyacağam. O illərin ən üstün cəhəti o oldu ki, rus dili bazam sonralar rus dilində də özümü ifadə etməmə imkan yaratdı.
“Sinifdə atəş səsləri eşidirdik”
“Birinci-ikinci siniflərdə atəş səsi çox eşidirdim. Bildiyiniz kimi, Heydər Əliyev dönəminə qədər çox çətinliklərimiz olub. Demək olar ki, Azərbaycanda hər kəs tapança ilə gəzirdi. Sinifdə olduğumuz vaxtlarda da tapança səsləri eşidirdik. Valideynlərim, nənəm tez-tez gəlib dərsin ortasında məni aparardılar. Komendant saatları vardı. Yaxşı ki, o vaxtlar uzun çəkmədi”.
Müsahibim dörd yaşına qədər Sumqayıtda yaşadığına görə, 1988-ci il Sumqayıt hadisələrini xatırlayıb-xatırlamamasını, ailəsində nə kimi iz buraxdığını soruşuram…
“Hər tərəf qərənfil idi”
“1988-də dörd yaşım vardı, biz elə həmin il Bakıya köçmüşük. Sumqayıt hadisələri yadımda deyil, mənim xatirimdə 6 yaşımdan sonrakı hadisələr qalıb. Xatirimdə 20 yanvar hadisələri qalıb. Qanlı yanvar nəinki şəkil kimi, video kimi yaddaşıma hopub. Atam küçədə idi o vaxt. Anam əlinə böyük bir qazan götürüb düşmənlərə pis şəkildə “gedin burdan” deyə söylənirdi. O güllələrin səsini eşidirdim. Yadımdadır, səhər oyananda artıq gəmilərin matəm səsi vardı və bütün küçələr qərənfilə bürünmüşdü. Şəhidlər dəfn olunanda mən də o izdihamda iştirak etmişəm, dayımın, atamın, anamın qucağında. Bunları mən yaşamışam. 19-dan 20-nə keçən gecə bizdə nəslin bütün kişiləri küçəyə çıxmışdı. Mənim dayılarım, onun bütün dostları şəhid oldu, nəslimizdən əlil qalanlar oldu. Biz uşaq olduğumuz üçün evdə idik, amma anam küçəyə çıxmaq istəyirdi. Çox çətinliklə onu geri qaytarmışdılar.
20 yanvar sanki dünən olub. Ayın 20-21-i biz dayımın maşınına mindik və indiki Şəhidlər Xiyabanına getdik. Bütün yollar qərənfil idi. Evlərdə matəm hiss olunurdu, qara bayraqlar asılmışdı. İnşaallah, Azərbaycan bir də o günləri yaşamaz”.
90-cı illərin əvvəllərində SSRİ-dən qalma müəllim kultu hələ də yaşayırdı, müəllim anlayışının böyük dəyəri var idi. Müsahibimiz ibtidai sinfə həmin illərdə getdiyi üçün müəllimlərini və necə təhsil almasını soruşuram.
“Xaricə göndəriləcəkdim, evdən icazə vermədilər”
“İbtidai sinif dönəmində dərs buraxmağım yadımda deyil. Sinif rəhbərimiz çox nizam-intizamlı idi, uşaqlar dərsə gəlməyəndə danlayardı. Əsl Sovet müəlliməsi idi, heç bir demokratik baxışı yox idi. Birinci sinifdə yaxşı oxumamışam, çünki baş verən hadisələr mənə psixoloji cəhətdən çox pis təsir etmişdi. Rus dilli uşaq idim, Azərbaycan sektoruna daxil olmuşdum, üstəlik, güllə səsləri istər-istəməz mənə təsir etmişdi. Üçüncü sinifdən etibarən yaxşı oxumağa başladım, hətta əlaçı oldum. Artıq həmin vaxtdan istəyirdim ki, aparıcı şagird olum, lider olum. Boyum hündür olduğundan ən axırda əyləşərdim. Axıra qədər belə oldu. Mən çalışırdım ki, dərslərimi mükəmməl oxuyum, bunun nəticəsidir ki, Bakıda rayonlararası olimpiadada ingilis dilindən birinci yeri tutdum. Mən xaricə göndəriləcəkdim, amma evdən icazə vermədilər. Təxminən 1998-99-cu illər idi. O vaxtlar hələ Avropaya inteqrasiya prosesi sürətli deyildi, viza almaq çətin idi. Üçüncü sinifdən onuncu sinfə kimi əlaçı oldum, bütün fənlərdən qabaqcıl idim. Biologiya, fizika, riyaziyyat, tarix ən sevdiklərim idi. Müəllimlərim deyirdilər ki, mən həkim olmalıyam, çünki kimya, biologiya kitablarının səhifələrini əzbər bilirdim. Elə olurdu ki, məndən yuxarıda oxuyan bacılarıma dərs deyirdim. Amma üçüncü qrupa, humanitar sahəyə getdim.
“Prokuror olmaq istəyirdim” 
“Mən həkim ailəsində anadan olmuşam, ona görə də valideynlərim istəyiblər ki, övladlarından biri yollarını davam etdirsin. Məndən böyük iki bacımın heç biri həkim olmaq istəmədi. Bizim ailəmiz həmişə demokratik ruhlu olub, amma təbii ki, valideynlərimizin məsləhətinə çox böyük önəm vermişik, başqa cür ola bilməz. Bacılarım istəmədiklərinə görə ümid mənə qalmışdı. Mən isə beşinci sinifdən həmişə iddia edirdim ki, prokuror olacağam. Prokuror məsələsi 8-9 sinfə qədər davam elədi. Sonra isə atam və anam mənim üzərimdə yaxşı təbliğat apardılar, mən artıq 10-cu sinifdə qərar verdim ki, həkim olacağam. Atam və anama görə. Amma 11-ci sinifdə anladım ki, savadlı həkim ola bilməyəcəyəm. Mən öz barmağım kəsiləndə belə çox qorxuram, bu, ixtiyari deyil. Ona görə də başladım valideynlərim üzərində təbliğat aparmağa, ictimai vəkillik eləməyə (gülür).
“Hollivudda Azərbaycanı təmsil etmək istəyirdim”
“Onuncu sinifdə istədim ki, incəsənətə daxil olam. Azərbaycanı ABŞ-da, Hollivudda yüksək səviyyədə təmsil etmək istəyirdim. Elə bir aktrisa olmaq istəyirdim ki, bir gənc kimi, bir filmlə Azərbaycanı tanıtdıra bilim. Bu fikrimi bir gün atama izah elədim. Atam mənə dedi ki, artıq sənə sözüm yoxdur. Sonra böyük bacımı çağırıb dedi ki, mənə kəndir verin, mənim qızım aktrisa olmaq istəyir… Mən təbii ki, bütün gecəni ağladım, səhərisi bunun bir çıxış yolunu tapdım. Gəldim valideynlərimə dedim ki, nə siz deyən olacaq, nə mən deyən. Mən üçüncü qrupa verəcəyəm, politologiyaya. Razılaşdıq. Ailəm də dəstək oldu”.
Müsahibimiz uşaqlıqdan lider olmaq istəyib, üstəlik arzularına stereotiplərlə baxanda uşaqlıqda sərt xarakterli olmasını hiss edirəm. Prokuror, politoloq olmaq istəyən bir şagird sinif yoldaşlarına hansı münasibəti göstərib?
“Heç dalaşqan olmamışam. Amma nizam-intizamı yarada bilmişəm. Sinifkomun köməkçisi olmuşam. Sinifkom olmaq istəməmişəm. Çünki sinifkom hər gün dərs jurnalını götürməli idi, çoxlu kargüzarlıq işləri var idi deyə, olmaq istəmirdim. Dostlarım daha çox oğlanlar olub. İxtisas arzularıma gəldikdə, stereotiplərlə danışsaq, bəli, kişi sənətidir. Ailəm nə qədər demokratik olsa da, bu cəmiyyətin məhsulu idilər, ona görə də onlara qəribə gəlirdi ki, Gülsel niyə politologiya, beynəlxalq münasibətlər üzrə oxumaq istəyir. Üstəlik, ətrafdan da məsləhətlər verənlər var idi ki, bu, qız sənəti deyil. Axırı atam dedi ki, sənin işin ən asan iş olacaq. Çünki işin ancaq danışmaq olacaq (gülür). Sən o qədər ağıllı qızsan ki, özünə ən rahat işi seçibsən. Danışacaqsan, hamı qulaq asacaq. Bunu zarafatla söyləyirdi, amma təbii ki, hər zarafatda bir həqiqət payı var. Politologiya deyəndə biz siyasi analiz, nəyəsə münasibət, siyasi proqnozlaşdırma düşünürük. Bu qəbildən atam zarafatyana söyləyirdi. Yaxşı ki, bu ixtisası seçmişəm”.
Əgər incəsənəti seçsəydi…?
“Yaxşı ki, incəsənətə getmədim. Mən elə düşünürdüm ki, Azərbaycanı tanıtmaq üçün bu, asan yoldur. İndi fikirləşirəm ki, çətin yoldur. Çətinlikdən qorxan adam deyiləm, sadəcə, “Gülsel Səfərova” kimdir sualı verilsə, tanınmazdı. Dörd-beş ildən sonra mənim hədəfim Avropa deyil, Hollivud olacaqdı. Mən orada təşkilati işlər görüb, digər Hollivud ulduzları kimi öz ölkəmi tanıdacaqdım. Olmadı, çünki özüm istəmədim artıq. Amma bir il ərzində bunu istəmişdim. 14-15 yaşlı uşaq üçün bu arzu böyük bir şey idi”…
Uşaqlar üçün planşet kompüterlərin olduğu indiki zamandan fərqli olaraq o vaxtlar hansı oyunlar vardı? Müsahibimiz oyunları sadalayır:
“Çoxlu nərd oynamışam”
“Klas-klas” oyunu yadımdadır. Bir-iki, bir-iki söyləyib, sonra dönüb daşı atardıq. Digər bir oyun vardı, böyük dairə çəkərdik, şüşələri yığardıq və o şüşələri atardıq. Sonra hər kəs o şüşədən götürüb qaçmalı idi. Həmin şüşələrə uyğun bir-birimizi tapırdıq, hansı komanda daha çox tapdısa, o udurdu. Bunlar daha çox həyət oyunları idi. Yəni evdə oynanılan oyunlar deyildi. Şahmatı daha sonra öyrənmişəm. Amma nərd oynayardım. Atam və anam həmişə oynayardı, həmişə də anam udardı. Uşaq vaxtı atamla çox nərd oynamışam. Həmçinin şaşki…
Uşaqlıq zövqlərini soruşuram, hansı filmləri izləyib, hansıları bəyənib?
“Sovet filmlərini heç vaxt sevməmişəm. Böyük bacım həmişə gəlib mənə o filmlərin süjet xəttini danışardı. Ona görə də baxan kimi sayıla bilərəm, amma heç həvəsim olmayıb. Filmləri ancaq bacımın danışdıqlarından xatırlayıram. Daha çox Azərbaycan filmlərini sevmişəm, 1991-ci ildən sonra isə Avropa filmlərini. Sovetin cizgi filmlərindən xoşum gəlirdi. Çünki orada qardaşlıq, sülh, tolerantlıq kimi ümumbəşəri dəyərlər aşılanırdı, amma onların kinolarında başqa məsələlər hiss eləmişəm. Ona görə də çox az baxmışam. “Brilyant əl” və bu kimi filmlər heç, onları izləmişəm. 41-45-ci il müharibəsinə aid filmlərə baxmağı sevməmişəm. Çünki orada Azərbaycana aid şeyləri az görürəm, halbuki həmin filmlərdə mütləq Azərbaycana aid nüanslar olmalı idi. “Uzaq sahillərdə” kimi öz filmlərimizi demirəm. Amma onların öz çəkdiklərində bunu görmürəm, halbuki müharibənin udulmasında Azərbaycanın 70 faizə yaxın rolu olub”.
Prokuror, politoloq olmaq istəyən məktəblinin ilk sevgisi maraq doğurur. Bu hissi yaşayıbmı?
“İlk sevgi deməzdim. Yeniyetmələr arasında qığılcım deyilən bir şey var. O qığılcımları özümə qarşı çox hiss edirdim. Yuxarı sinifdə son iki ildə ancaq ali məktəb hazırlıqlarımla məşğul idim. Ümumiyyətlə, arzu edirəm ki, 11-ci sinif vaxtıma heç qayıtmayım. Həmin bir ildə mən hətta üç gün yataqdan qalxa bilmədim. Özümü oxumaqla bağlı o qədər yükün altına salmışdım ki, üç gün ancaq yatmaq istəyirdim. Oxumaqdan beynim şoka düşmüşdü. Çünki qarşıma məqsəd qoymuşdum ki, universitetə daxil olacağam. Təbii ki, həmin dövrdə müəyyən qığılcımlar olmuşdu, amma ürək ağrısı kimi, ürəkdə qalan kimi bir şey olmayıb. Mən indi gülərək xatırlayıram. Mənim sinif yoldaşlarımdan məktəbdə bir-birini sevənlər var idi ki, sonradan ailə həyatı qurdular. İki-üç nəfər oldu. Mən 10-11-ci siniflərdə, ümumiyyətlə, belə şeylər düşünmürdüm, amma ondan öncə müəyyən qığılcımlar oldu. 10-11 il bir yerdə oxuduğun uşaqlardan kiməsə qarşı qığılcımlar olacaqdı. Mən çox şıltaq olmuşam. Məsələn, mənə sevgi məktubu gələndə onu bütün sinif qarşısında oxuyardım. Həmin adam da utanardı (gülür). Sevgi məktublarını zarafata salmağı xoşlayırdım”.
Digər şıltaqlıqları da olub. Onlardan birini xatırlayır…
“8-ci sinif idi, haradasa 12-13 yaşım vardı. Sinifkomun köməkçisi olduğum üçün nizam-intizama baxırdım. Sinifdə əgər kimsə nalayiq söz deyirdisə, mütləq şəkildə o, cəzalandırılmalı idi. Bir sinif yoldaşımız vardı. Bir gün o əsəbi halda nalayiq söz işlətdi, mən də ona dedim ki, filankəs, bu sözü demək olmaz. Xanımlar oturub, pis nümunədir. O, yenə həmin nalayiq sözü işlətdi. Dedim ki, mütləq şəkildə sinif rəhbərinə çatdırılacaq. Dedi ki, vecimə deyil, çatdırılsın. Nə edirsiniz edin. Dayanmadan nalayiq sözlərə davam etdi. Biz də sinifkomla birlikdə bir neçə şagird yığışdıq və sözləşdik ki, ona elə bir cəza verək ki, anlasın ki, bir daha belə sözü işlətmək olmaz. Biz düşündük və qərara gəldik ki, (gülür) bir ölmüş siçan tapaq və bu siçanı onun çantasına ataq. Siçanı tapmaq bir gün vaxtımızı aldı. İcraçı mən idim. İki gündən sonra idman dərsində (həmin vaxt bütün çantalar bizim otaqda idi) onun çantasının içinə atdıq. Bir oğlana da dedik ki, gözü onda olsun, o çantanı açanda ondan bir şey istəsin. Elə çıxartsın ki, siçan düşsün. Dediyimiz kimi də oldu, siçan çantasından çıxanda hamı güldü buna, o da pis oldu. Biz də ona dedik ki, sənə demişdik axı nalayiq sözlər işlətmə, bax, başına belə iş gələ bilər. O gündən sonra o, həmin nalayiq sözü işlətmədi. İndiyə qədər o adam bilmədi ki, bu mənim ideyam idi. İndi də bilməyəcək, çünki uzaq yerdədir”…
Dilqəm Əhməd, publika.az
Facebook Şərhləndirmə:

Şərhinizi yazın