Menu
Geri İrəli

Hacı İbrahim Nehrəmli: “Mən buralara fəhləlikdən gəlmişəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Noyabr 2013 • Baxış sayı: 2,831 dəfə • 1 şərh
haci
Ötən həftəsonu inşa etdirdiyi şəhərdə bir körpünün uçması xəbəri yayılanda onun özündən rəy öyrənmişdik. Söhbət əsnasında belə razılaşdıq ki, hər şeyi öz gözümüzlə görmək üçün “Khazar İslands”a gedək. “Gəlin, baxın, görün nələr tikirəm, necə şəhər salıram”.
Görüş üçün vaxtı özü müəyyənləşdirdi. “Gələn həftənin üçüncü günü, səhər saatlarında ”Azneft”də maşın sizi gözləyəcək. Əyninizi qalın edin, oralar bir az soyuq və küləkli olur. Xəstələnib eləyərsiz, sonra gedib yazarsız ki, Hacı İbrahim bizi xəstələndirdi”. Ardınca da özünəməxsus formada güldü.
***
Bizi Bəhram Gurun abidəsi yaxınlığında qara cip gözləyirdi. Əyləşib Bakıdan 10 kilometrlərlə uzaqda yerləşən məlum yerə üz tutduq.
Beləcə, bir xəbərin vəsilə olduğu görüş reallaşmaq üzrəydi. Azərbaycanın bu məşhur və maraqlı adamının, adı ətrafında az qala 20 ildən çoxdur əfsanələr dolaşan Hacı İbrahim Nehrəmlinin görüşünə yollandıq.
***
Yolda olarkən zəng vurub təklif etdi ki, söhbətə səhər yeməyi ilə başlayaq. Ona görə də bizi ilk olaraq “Xəzər adaları”ndan təxminən 10 km aralıda yerləşən və dənizin az qala içində olan bağ evinə dəvət etdi.
Maraqlı jest
Hacı İbrahim villasının həyətində bizi şəxsən qarşıladı. Açığı, gözləyirdik ki, bir neçə dəqiqə darvaza önündə maşında gözləyəcəyik, sonra evin qapısı ağzında güvənlik üst-başımızı yoxlayacaq, sonra Hacı İbrahim ən azından bizi salonda 15 dəqiqə gözlədəcək. Axırda da yekəxana ədalarla bizə yaxınlaşıb salamlaşacaq. Azərbaycan reallığında bunların olmasını az qala hamımız təbii qarşılayırıq. Geniş əlaqələri, pulu, nüfuzu və məşhurluğu olan iş adamı, vəzifə sahibi, hətta şou-biznes nümayəndəsi adətən bu cür edir. Görüşünə gələnlərə, illah da media işçilərinə öz “böyüklüyünü”, “əlçatmazlığını” sübut etmək üçün yuxarıda sadaladığımız mənasız proseduru tətbiq edir. Amma Hacı İbrahim tam tərsini yapdı; bizi həyətdə şəxsən qarşılaması, maşından düşər-düşməz bizə tərəf gəlib illərin dostu, tanışı kimi görüşməsi Azərbaycan qəzetçilərinin öz təcrübələrində az-az rast gəldiyi situasiyalardandır…
***
O, bizi ilk olaraq hələ də tikilməkdə olan evin həyətinin dənizə açılan hissəsinə apardı. Bağ evi adlandırdığı bu məkanın ərazisi kifayət qədər böyükdür. Sanki iri bir hotelə gəlmişdik. Palma, zeytun, badam ağacları sırayla, xüsusi dizaynla əkilib. Ərazidə ustalar işləyirdi. Səliqə-sahman, göz oxşayan dizaynla yanaşı burda qızğın iş gedirdi. Bağda ara-sıra meyvə ağacları da gözə dəyirdi. Nəhəng palmaların arasından boylanan nar ağacını göstərib “bunu özüm əkmişəm. Mənə deyirdilər ki, bu, meyvə gətirməyəcək. Amma görürsən, nar necə yetişib” dedi. Həyətlə qısa tanışlıqdan sonra yemək salonuna keçirik. “Xanımım əla qayğanaq bişirib. Qeyri-adi qayğanaqdı e. Soyutmaq olmaz. Gedək…”
Masa arxasına keçirik. Bir qabda ilk baxışdan başqa təama bənzəyən yemək gəldi. Hacı İbrahim tez izahata başladı: “Bu, Nehrəm qayğanağıdı. Bunun üstünə Şahbuz balı töküb yeməsən, heç bir ləzzəti olmaz”. Bunu deyə-deyə boşqablarımıza özü qayğanaq çəkirdi. Sonra da o biri qabdan 1-2 qaşıq bal qoydu.
Yemək süfrəsi arxasında söhbət başladı. Təşəbbüsü ələ almışdı. Müdaxilə etmək fikrimiz yoxuydu. Hər şeyi o qədər ardıcıllıqla, aram-aram, dəqiqliklə danışırdı ki, suala ehtiyac qalmırdı.
Hekayəni lap uzaqlardan, uşaqlıq illərindən başlatdı: “Orta məktəbin sonuncu siniflərində oxuyanda fəhləlik etmək məcburiyyətində qaldım. Ailəmizin maddi vəziyyəti pis idi. Mən bu günə fəhləlikdən keçib gəlmişəm. Ona görə də fəhlələri çox sevirəm. Evimdə, ”Xəzər Adaları”nda işləyən fəhlələrə qarşı çox həssasam. Eşitsəm ki, kimsə onların xətrinə dəyib, o adamı işdən qovaram. Bəzən qulağıma çatır ki, hansısa iş icraçısı fəhlənin pulunu kəsib, anındaca həmin adamı cəzalandırıram”.
Hacı İbrahim tabeliyindəki işçilərlə münasibətindən də danışır: “Mən işçilərimə əsla qışqırmaram. Sözümü sakit deyirəm. Kimsə də nəsə yanlış edəndə, bağırıb-çığırmıram. Vəzifə sadəcə məsuliyyəti artırır, kiminsə üstünə bağırmağa əsas vermir. Mən ofisdə işçilərimlə birlikdə yemək yeyirəm, özü də kimsə məni görüb yeməküstə ayağa qalxsa, qoymaram. Hə, bir də xahiş edirəm ki, nahar zamanı işdən danışılmasın. Yemək vaxtı işi unutmaq lazımdı (gülür)”.
Söhbət yenə də İbrahim Nehrəmlinin fəhlə işlədiyi vaxtlara gedib çıxır. Maraqlı bir hekayə danışır həmsöhbətimiz: “”Nasılka” ilə beton daşıyırdıq tikintidə. Əldən düşmüşdüm, necə uzanmışamsa, elə ordaca yuxuya getmişəm. Bir də gördüm İsa adlı iş icraçısı boğazımdan yapışıb bağırır. İş vaxtı yatdığım onu əsəbiləşdirmişdi. Onun əlindən çıxıb yan tərəfdə anbara verdim özümü ki, ağlayım, ürəyim boşalsın. Mən içəri girəndə orda 45-50 yaşlarında iki kişi vardı. Məni görən kimi ikisi də ayağa qalxdı. Çaşqınlıq içində bir-birilərindən soruşdular ki, niyə bu uşağı görəndə ayağa qalxdıq? Sonra o kişilərdən biri dedi ki, bala, sən gələcəkdə çox böyük adam olacaqsan. Səni görəndə qeyri-ixtiyari ayağa qalxmamız bunun əlamətidir…”
İllər sonra həyat o adamla Hacı İbrahimi bir daha rastlaşdırıb. İbrahim Nehrəmli imkanlı biznesmen olanda vaxtilə ona kobudluq etmiş İsa adlı həmin adama böyük yaxşılıqlar edib, fəqət keçmişi xatırlatmadan… O da təəccüb və çaşqınlıq içində ona bu yaxşılıqları edən adamı süzüb, lakin bir şey anlamayıb… “Dünya fanidi, ölənə qədər insanların məhəbbətini, öləndən sonra da rəhmətini qazanmaq lazımdı. İllər öncə 100 milyon pulum olarkən qəfildən müflis olduğum, kirayələrdə yaşadığım vaxtlarım olub. Həmin vaxt milyonlar qazandırdığım yaxın adamlarımdan birindən dəstək istədim, mənə 500 dollar yolladı. O 500 dollara baxa-baxa insanların nankorluğuna görə çox məyus oldum. Amma yenə də öz ağlım və Allahın mənə verdiyi növbəti şansla o çətin vəziyyətlərdən çıxdım. Hər şeyi sıfırdan başladım”.
Hacı İbrahim “Khazar İslands” layihəsinin dünyaya səs saldığını dedi: “Türkiyə prezidenti Abdulla Gül avqustda Azərbaycana gələndə mənimlə məxsusi olaraq görüşdü. Qəbələdə olanda Gül mənimlə və tikdiyim şəhərlə maraqlanıb. Deyib İbrahim bəylə görüşmək istəyir. Getdim Qəbələyə. Görüşüb danışdıq. Məni Ankaraya dəvət etdi. Ərdoğanla da görüşüm planlaşdırılır. Türkiyə hökuməti bu layihə ilə çox maraqlanır”.
Soruşuruq ki, bəs bizim hökumətin bu layihəyə münasibəti necədi? Prezidentin onun gördüyü işlə maraqlanıb-maraqlanmadığını xəbər alırıq: “Bildiyim qədər cənab prezident bu layihəni çox maraqla izləyir. Bu layihədə bir manat da olsun dövlət pulu xərclənməyib. Amma möhtərəm prezident deyib ki, tikə bilirsə, tiksin. Bu, özəl layihə olsa da burda dövlətin, prezidentin dəstəyi olmasa daşı-daş üstünə qoya bilmərəm. Cənab prezident tapşırıb ki, mənə heç bir dövlət qurumu maneçilik törətməsin. İlham Əliyev böyük siyasətçidir. O, indiki çətin beynəlxalq şərtlər altında Azərbaycanı çox məharətlə idarə edir, ölkəmizin mənafeyini hər şeydən uca tutmağı bacarır. Dünya da cənab prezidentlə hesablaşır”.
Hacı İbrahim məmurlardan ən çox Hacıbala Abutalıbovdan razı olduğunu gizlətmir: “Sağ olsun, mənə ciddi dəstək verir. Onun yanına gedəndə problemsiz məni qəbul edir, sənədləri ləngitmədən möhürləyib qeydiyyatdan keçirir. Hacıbala müəllim kimi mer gəlməyib Bakıya. Çox işgüzar və ədalətli adamdır. Fövqəladə Hallar Nazirliyindən də razıyam. FHN mənə heç bir problem yaratmır, əksinə, ortaya çıxan problemlərin həllində dəstək olur”.
Hacı İbrahim etiraf edir ki, onun işinə əngəl törədən nazirliklər də var.
“Hansı nazirliklərdi sizə maneçilik törədən” – sualını verməkdən özümüzü saxlaya bilmirik.
(Davamı gələn sayda)
Azər AYXAN, musavat.com
Fotolar: Fərahim İLQAROĞLUNUNDUR
Facebook Şərhləndirmə:

“Hacı İbrahim Nehrəmli: “Mən buralara fəhləlikdən gəlmişəm”” yazısına bir cavab

  1. V Nehrəmli deyir:

    kas mənə də biraz komk etse.səsim var amaa hec ne ede bilmirem

Şərhinizi yazın