Menu
Geri İrəli

Heydər Əliyevin 3 dəqiqəyə mayor elədiyi hərbçidən – Reportaj

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2015 • Baxış sayı: 547 dəfə • Şərh yoxdur

IMG_5863

Səhv etmirəmsə, Heydər Əliyevin doğum günü ilə bağlı fərqli bir şey vermək üçün “Qafqazinfo”nun baş redaktoru Elnur Məmmədli ilə internetdə axtarış aparırdıq. Qarşımıza bu video çıxdı. Baxdıq, təsirləndik və bu videonu “Heydər Əliyevin 3 dəqiqəyə mayor elədiyi baş leytenant” başlığı ilə təqdim elədik. Yadımdadır ki, o vaxt bu materiala görə redaksiyaya çoxlu zənglər gəldi, insanlar təsirlənir, kövrəlir və 3 dəqiqə içində bir zabitin haqqının qaytarılması ilə bağlı mənzərəni zövqlə izlədiklərini deyirdilər…

Sonralar bu videoya özümdən asılı olmayaraq dəfələrlə baxdım. Bəzən səhər yuxudan oyananda əlimi telefonuma atır və “YouTube”a daxil olaraq həmin baş leytenantın kövrək çıxışını dönə-dönə izləyirdim. İçimdə bir hıçqırtı, hönkürtü baş verirdi. Axı niyə?.. Səbəbi bir romandır, mövzudan yayınmayaq… Bu günlərdə ona növbəti dəfə baxanda içimdən “görəsən bu zabit hardadır?” sualı keçdi. Apardığım araşdırma o qədər qısa çəkdi ki, zabitin yerini, yurdunu öyrəndim, hətta ona zəng edib telefonla da danışdım. Görüşmək istədiyimi dedim. Gəl dedi.

Heydər Əliyevin 3 dəqiqəyə mayor elədiyi o baş leytenantla bağlı hadisədən düz 17 il keçib, ancaq o hələ də mayordur… Bu 17 ildə onu mayordan polkovnik-leytenanta qaldırmaq üçün görünür yenə də Heydər Əliyevə ehtiyac var imiş…

Mayor Arif Məmmədov ailəsi ilə Lənkəranda yaşayır. Lənkəran Dövlət Universitetinin hərbi kafedrasında müəllim işləyir. Artıq onun nə az, nə çox 62 yaşı var. Elə məni ilk təəccübləndirən də onun yaşı olur. Yaddaşımda hərbi paltarda arıq bir oğlan var idi axı. Görüşüb evinə gedirik. Mayorun üzündəki çaş-baş ifadələrdən bu sualları oxuyuram. Görəsən, bunları kim göndərib, haradan çıxdı bunlar? Hər şeyi olduğu kimi danışıram. Və mayor söhbətə başlayır. O qədər rabitəsiz danışır ki, eyni vaxtda on hekayəyə başlayıb hamısını da yarımçıq qoyur. Tez-tez bizdən hansı hekayətdə, harda qaldığını öyrənib davam edir: “Atam 41-ci ildə müharibəyə gedib 46 da qayıdıb… Mənə “cənubun Səfər Əbiyevi” deyirlər… Mən həmişə iki nəfərlə güləşmişəm. Bir nəfər mənə heç vaxt bəs eləməyib. Uşaq vaxtı Şuşada pioner düşərgəsinə getmişdim. Sonra orda döyüşəsi oldum. 73-dən xidmətdəyəm. Daşaltı əməliyyatında əsgərə itburnu yedirdib özüm kol-kosla qidalanmışam. Heydər Əliyev rəhmətə gedən kimi Səfər Əbiyev məni “uvolit” elədi. Gəldim Lənkərana və məni indiki işimlə təmin elədilər. Başladım müəllim kimi işləməyə. Azərbaycanda rüşvətsiz iş yoxdur. Mən isə heç vaxt rüşvət verməmişəm. İndi də 840 manat təqaüd alıram, 270 manat da maaş”.

Mayorun bu cümlələrinin hər biri başladığı ancaq danışıb axıra çıxarda bilmədiyi hekayət idi. Mayor özü də bunun fərqində idi. Və tez-tez deyirdi ki, başım pozulub, məni bağışlayın, üç dəfə ürəyim gedib, ölmüşəm dirilmişəm. Onun bu halı mənim üçün dözülməz idi. Ona görə də Malaxovun “Pust qovaryat”ı yadıma düşdü, qoy danışsın dedim…

“Əlimdə bir aftafam var idi, onu Laçından üzü belə özümlə gəzdirmişəm. Əsgər meyitlərindən səngər düzəltmişəm. Erməni zabiti əsgərimi vurdu, onu parçalayıb ürəyini çıxartdım. Avtomatla torpağa tikdim onu. O əsgərim “komandir, su” deyə-deyə qucağımda keçindi. Əvvvəl mən gizir idim. General Aydəmirov mənə leytenant rütbəsi verdi. Kərəm Vəliyev (Müdafiə nazirinin müavini, general leytenant ), Rövşən Əkbərovlə (General-leytenat “Şəmkir” korpusunun komandiri) bir yerdə xidmət etmişəm. Qarabağın hər qarışında döyüşmüşəm. Biri mənə dedi ki, 30 min rubl ver sənin “zvanyan” gəlib. Dedim adə, mən qanımı verirəm, rütbəyə pul vermərəm. Müharibənin sonuncu gününə kimi səngərdə olmuşam. 94-cü il mayın 12-də Ağdabanda səngər qazdım. Elə orada da atəşkəs elan edildi. Yəni mənim qazdığım səngər sonuncu duruş yerim olub. Adımı televizorda elan edəndə məndən qabaqkı və sonrakı şəxsin ölümündən sonra mükafatlandırıldığını demişdilər. Evdəkilər də elə bilmişdi ki, mənə də ölümündən sonra mükafatı veriblər. Dəfələrlə ölmüş adamam mən. Məni qoruyan əsgərlə Allah olub. Əsgərlərimin demək olar ki, bir neçəsi sağ qalıb. Döyüş yoldaşlarımı tez-tez xatırlayıram. Elə oğlanlar ayağını, əlini itirdilər… Bir dəfə qızım çörək almağa gedəndə verməyiblər. Deyiblər, pulunuz yoxdur. Bunu mənə telefonda dedilər. Vətəni atıb evə gəlmədim, Şəmistan Əlizamanlıya zəng elədim. O da nazirlikdə kiməsə dedi. Məni bir neçə günlük evə buraxdılar”.

Bu yerdə komandir göz yaşlarını saxlaya bilmir. Elə ağlayır ki, mikro infarkt keçirən adam kimi silkələnirəm. Yaranan fasilədən istifadə edib Heydər Əliyevlə o görüşü xatırlayıram. “Azərbaycan bayrağı” ordeni ilə təltif olunarkən çıxış üçün Heydər Əliyevdən icazə istədiyini, lakin sözünün məhz Heydər Əliyev tərəfindən kəsildiyini onun yadına salıram. Həmin vaxt prezident onu danışmağa qoymamış və “yoldaş baş leytenant mən sənə mayor rütbəsi verirəm. Səfər Əbiyev, bu gün mayoru bu oğlanın çiyinlərinə taxırsan əmrini verməsini bir daha xatırlayırıq”.

- Həmin vaxt nə demək istəyirdiz ki, Heydər Əliyev sizi danışmağa qoymadı?
- Ümummilliderimiz dünyanın nadir siyasətçilərindən idi. O, istəmədi mən görüşdə həmin şeyləri danışım. Mən deyirdim ki, Seyidsulan kəndində erməni ilə üz-üzə çıxdım. Onlar məni tanıyırdılar, başıma pul qoymuşdular, neçə il idi üz-üzə döyüşürdük. Mənə dedi ki, sən “zampatıl”san hələ… Dedim ki, ay dığa, mən anam Azərbaycanın Fələstinə çevirilməsinə yol verə bilmərəm. Mən 150 milyonluq rusa qarşı döyüşürəm. Sən kimsən. Biz onda əlimizdəki meyitləri dəyişirdik. Bunları demək istəyirdim. Heydər Əliyev yaxamdan tutub özünə tərəf çəkdi, sinəsinə sıxdı və məni danışmağa qoymadı. Görüşdən sonra Məmməd Beydullayevlə Səfər Əbiyevin yanında məni göstərib hamıya dedi ki, bax bu oğlanın bu torpaqda gəzməyə haqqı var… Mən indi mayor kimi geyinib dərsə gedirəm. Yolda qarşıma çıxan kapitanın duxu nədir mənə hərbi salam verməsin. Müharibədən sonra müəllim kimi işlədiyim dövrdə 50 tələbəm mənə görə orduya yazılıb zabit olub. Onların haqları uğrunda döyüşürəm indi də. Heç kimin əsgərlərimin, tələbələrimin haqqını tapdamasına yol vermərəm. Mən dünyanın ən xoşbəxt adamıyam. Böyük taleyim olub… Hamı mənə deyir ki, mayor, buyur, keç qabağa. Dövlət məni qoruyur və xüsusi xidmətin nəzarətindəyəm. İcra başçısından tutmuş, polis rəisinə, sadə vətəndaşa kimi mən gedəndə hamı ayağa durur, qorxurlar məndən… Haqqı tapdanan olanda yanıma gəlir.

Mayor danışdıqca gözlərimin qarşısında 41-45-də döyüşmüş müharibə qəhrəmanları canlanırdı. Onların müharibə xatirələri bizə necə nağıl kimi gəlirdi ilahi… Çoxunun danışdıqlarına inanmır, dediklərindən anekdot bəzəyib lağa qoyardılar. Bu anekdot bəzəyənləri qınamaq lazım deyilmiş vallah, komandır danışanda əjdaha kimi bir oğlan olsam da, özümü onun qarşısında anekdot bəzəyən uşaq kimi görürdüm…

Mən yüz faiz əmin idim ki, qarşısında canlı Qarabağ, müharibə qəhrəmanı, 62 yaşlı bir geroy, Azərbaycan bayrağı ordenli Məmmədov Arif Bilal oğlu dayanan istənilən adam jurnalist olmur, lap müharibə görməyən general-polkovnik olsun, mütləq özünü “maladoy” hiss edəcək…

Elbrus Ərud

Fotolar: Nuran Məmmədov

IMG_5885 IMG_5905 abitt img029 img-5877 img-5900 img-5944 img-5957 img-5997

Facebook Şərhləndirmə:

Şərhinizi yazın