Menu
Geri İrəli

İlham Zəkiyev: – “İdmana olan sevgim mənim stimulumdur”

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2016 • Baxış sayı: 835 dəfə • Şərh yoxdur
Share Button

Bu gün ölkəmiz idman sahəsində böyük uğurlara imza atır. Azərbaycanı dünyada tanıdan idmançılarımız bizim qürurumuzdur. Onlardan biri də ikiqat paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, 6 qat Avropa çempionu, əməkdar idman ustası, “Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatları laureatı İlham Zəkiyevdir.

İlham bəy ATV.az-ın ona ünvanladığı suallara cavab verib.

- İlham bəy, idman sahəsində böyük uğurlar əldə etmisiniz. Bir sahəyə sevgi bəsləməsən, uğur əldə etmək çətindir. Sizin idmana sevginiz nədən başladı.

- Bir çox insanların gələcəyi onların ətrafında olan şəxslərdən asılıdır. Mənim on yaşım olarkən qardaşım Fikrət sərbəst güləş növü ilə məşğul olurdu. İlk həvəsim, sevgim o zaman yarandı. Mən də onunla birgə idmana getməyə başladım. Məhz elə onun getdiyi sərbəst güləş növü ilə məşğul oldum. Üç il sonra məşqçimiz xarici ölkəyə getdi və bizim sərbəst güləş üzrə məşqimiz yarımçıq qaldı.
On beş yaşımda yenidən məşqlərə başladım. Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda idmana qaldığım yerdən davam etdim. Ancaq bu səfər idmanın cüdo növü ilə məşğul oldum.

- Nəyə görə məhz cüdo növünü seçdiniz?

- Həmin dövrlərdə gənc idim. Televiziyalarda idmana aid hər nə varsa, izləyirdim. Həmin dövrlərdə qaydasız döyüş dəbdə idi. Televiziyalar da bunu göstərirdilər. Həmin döyüşlərdə boks ilə, karate və ya güləş ilə məşğul olan hansısa döyüşçünün qalib olduğunu görmədim. Qalib gələnlər ancaq cüdoçular idi. Odur ki, mən də bu idman növünə maraq göstərdim və məşğul olmağa başladım.

- Həmin dövrlərdə idman, döyüş mövzulu filmlər dəbdə idi. Gənclər həmin filmlərə baxıb həvəslənirdilər. İndiki azərbaycanlı gənclər isə sizə baxıb həvəslənirlər. Sizə stimul verən nədir?

- Azərbaycanlı gənclərə stimul ola bilirəmsə, özümü xoşbəxt hesab edirəm. Mən bilirəm ki, bu mənim işimdir. Çox şükür ki, işimi sevərək yerinə yetirirəm. Hər bir insana sevdiyi işi görmək nəsib olmur. İnsan sevərək gördüyü işdə hər zaman uğur əldə edir. İdmana olan sevgim mənim stimulumdur.

- Döyüş idman növü həm də təhlükə deməkdir. Burada ciddi yaralar almaq mümkündür.

- Bəli, döyüş idman növü hər zaman təhlükədə olmaq deməkdir. Xüsusilə, qaydasız döyüş ilə məşğulsansa, burada zədələr daha ciddi ola bilər. Cüdo yapon idman növüdür, orada yaranıb. Bu idman növünün yaranmasının əsas səbəbi də qaydasız döyüşdə idmançıların aldığı xəsarətlər olub. Ciqaro Kano qaydasız döyüşdə tələbələrinin yaralanmasının qarşısını almaq üçün yollar fikirləşib. Nəhayət, tələbələrinin zədə almasına səbəb olan fəndləri və zərbələri döyüşdən çıxararaq Cüdo idman növünü yaradıb. Hal-hazırda Cüdo bütün dünyada, o cümlədən, ölkəmizdə geniş yayılıb. Cüdo özü bir fəlsəfədir.

- Həyatınızda yaşadığınız bütün çətinliklərə baxmayaraq, siz idmanda uğur əldə etməyə davam edirsiniz. Bunun sirri nədədir?

- Bunun ən böyük səbəbi Azərbaycanda idmana olan qayğıdır. Bu gün Azərbaycanda elə bir rayon yoxdur ki, orada beynəlxalq standartlara uyğun Olimpiya kompleksi olmasın. Həmçinin, 2008-ci ildə Cənab Prezident İlham Əliyev bizi Pekinə yola salarkən Sumqayıt şəhərində bizə möhtəşəm Paralimpiya kompleksi hədiyyə etdi. Keçmiş MDB ölkələrinin heç birində hələ belə kompleks yoxdur. Bu kompleksdə əlillər üçün hər cür şərait var.

- Övladlarınızın idmanla məşğul olmasını istəyərdinizmi?

- Hər bir insan öz peşəsini sevməlidir. Sağlamlıq üçün övladlarım idmanla məşğul olacaqlar. İdmanla peşəkar iş olaraq, peşə olaraq məşğul olmaq istəsələr, məsləhətlərimi heç vaxt əsirgəmərəm. Ancaq bilirəm ki, övladlarım idmanı peşə olaraq deyil, sağlamlıq üçün sevirlər.

Söhbətləşdi: Lalə CƏBRAYIL
Foto: Səfiyar MƏCNUN

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın