Menu
Geri İrəli

İmranın xalası sumqayıtlı sabiq deputatı “yalançı” adlandırdı: “Dedilər ki, bizim pulumuz yoxdur”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2013 • Baxış sayı: 339 dəfə • Şərh yoxdur

“Nabran Holiday Village” istirahət mərkəzində bir neçə gün əvvəl iki yaşlı İmran Cəfərzadənin ayaqlarını itirməsi ölkə gündəmini dəyişdi. Bütün ölkə bu hadisədən sarılarkən, bu barədə eşidən hər kəs ailəyə köməklik edib, xəstəxanaya axın edərkən, obyekt sahibləri heç bir açıqlama vermədi. Yalnız Prezidentin ailəyə köməklik edilməsi ilə bağlı müvafiq tapşırığından sonra obyekt sahibi üzə çıxdı və bu gizliliyin səbəbləri ilə bağlı  sualları cavablandırdı. “CTF” şirkətinin təsisçisi, Milli Məclisin sabiq deputatı Nizami İsgəndərov  verdiyi müsahibəsində hadisə baş verən anda ailəyə köməklik üçün göstəriş verdiyini, obyekti icarəyə götürən şəxslərin ailəyə kömək etdiyini bildirib. Baxmayaq ki, ailə dəfələrlə bəyan edib ki, prezident vəsait ayırana qədər bütün vəsait öz hesablarına ödənilib. Publika.Az N.İsgəndərovun müsahibəsində səsləndirdiyi fikirlərlə əlaqədar İmranın xalası Əzizə  Baxşıyevanın fikirlərini təqdim edir.

-Yadınızdadırsa, biz hadisədən bir neçə gün keçəndən sonra sizinlə danışanda demişdiniz ki, obyekt sahiblərindən heç kim bizə köməklik təklif etməyib. Amma “CTF” şirkətinin təsisçisi, “Nabran Holiday Village”icarəyə verən, Milli Məclisin sabiq deputatı Nizami İsgəndərov müsahibəsində deyib ki, hadisə baş verəndən sonra icarədarla əlaqə saxlayıb, onlar sizi Xaçmaz rayon xəstəxanasına aparıblar. Obyekt sahibləri tərəfindən hansı köməklik edilib sizə?
-Yalan deyir. O, müsahibədə deyib ki, hamısını onlar təşkil edib. Qoy gəlsin desin kimə deyib, kiminlə danışıb? Bir-bir həkimləri topladığını deyir, gəlsin görək kiminlə danışıblar.  Xəstəxanada yerləşdirmə, həkimlərin çağrılmasını hamısını mən (özüm də həkiməm) və mənim həkim dostlarım təşkil ediblər. Elgiz həkimlə də mənim dostum həkim Qafarov danışıb. Niyə indi çıxıb danışırlar? Hökumət  məsələyə qarışmamış niyə ortaya çıxmırdılar, müsahibə vermirdilər?

-Elgiz həkimlə danışdığını deyir,  İmrana  yüksək səviyyədə yardım göstərilməsini ondan xahiş etdiyini deyib.
-Yalan–yalan danışmasınlar ki, xəstəxanada hər şeyi təşkil ediblər. Nəyi təşkil ediblər ki? Hər şeyi özümüz təşkil etmişik. Elgiz həkimlə bəlkə, sonradan danışıb. Amma ilkin danışıqları, mən və həkim dostlarım aparmışıq. Elgiz həkim Gəncədə idi, onun xəstəxanaya gəlməsini biz xahiş etmişik.

-Müsahibəsində deyib ki, hadisə baş verəndən sonra icarədara zəng edib. 27 dəqiqə ərzində icarədar tərəfindən xəstə Xaçmaz Şəhər Xəstəxanasına çatdırılıb və orada ilk yardım göstəriləndən sonra təcili yardımla Mərkəzi Kliniki Xəstəxanaya göndərilib.
- Hadisə baş verəndə bacım uşağı qucağına götürüb qaçanda, orada yalnız obyekt sahiblərindən birinin maşını olub, ona mindirib xəstəxanaya aparıblar. Bu kiminsə tapşırığı ilə olmayıb, sadəcə o vəziyyətdə olan birinə kim olsa kömək edərdi. Əvvəlcə, Xudata, sonra da Xaçmaza gediblər. Xəstəxanada isə həkimlərlə danışmağı, ambulans tapmağı bacım Fidan edib. Sadəcə onları xəstəxanaya aparan işçi də yəqin nəsə danışıb.

Xaçmazda və uşağın Bakıya gətirilməsi üçün işin hamısını bacım Fidan edib. Biz hər dəqiqə onunla əlaqə saxlayırdıq. O əsəbiləşir, qışqırırdı ki, ambulans gəlmir.  Hətta ambulans bacımdan soruşub ki, siz Xaçmazdan Bakıya aparmaq üçün benzin pulunu verəcəksiniz? Onlar  necə köməklik etmişdilər ki, ambulans bizdən benzin pulu istədi, üstəlik bacım saatlarla ambulans gözlədi? Yəqin ki, onların adamı olsaydı, Bakıya da gətirmək üçün bizdən benzin pulu istəməzdilər. Yalan-yalan danışırlar.

-Kömək etməsələr belə, Bakıya gətirərkən obyekt işçilərindən kimsə yanınızda olub? Yaxud uşaq xəstəxanaya gətiridikdən sonra kimsə gəldimi arxanızca?
- Xaçmazdan Bakıya üç nəfər gəlib-uşağın valideynləri, bir də xalası. Onlar ayaqyalın, “sortik”də gəliblər. Xaçmaza aparanda obyekt işçilərindən bir nəfər bayaq dediyim kimi maşın sahibi yanlarında olub.Amma Bakıya gəldikdən 3 gün sonra bir nəfər də olsun xəstəxanaya gəlməyib. Üçüncü günü axşamı o obyekti icarəyə götürənlər gəldilər. Yalnız prezident məsələyə diqqət ayırandan sonra başladılar nələrsə danışmağa. Yalandan məlumatlar yayırlar ki, atası içkili olub, halbuki o heç içki içən deyil. Nəinki adi günlərdə, heç bayram, ad günlərində də içmir o adam. Bu cür ucuz yalanlar danışmasınlar.

-Müsahibədə bildirilir ki, gəlib ağsaqqalla danışıblar, yəqin ki, atanızı nəzərdə tutur. Nə söhbət ediblər, hər hansısa maddi köməklik təklif edilib o zaman?
-Bəli hadisədən üç gün sonra axşam icarəyə götürənlər atamın yanına gəldilər. Hətta dedilər ki, “bizim pulumuz yoxdur, işdir başımıza gəlib, gedək nəyimizəsə sataq, ondan sonra sizə köməklik edərik”. Konkret olaraq heç nə təklif etməyiblər. Üç gün sonra gəliblər, üstəlik, bizə də bu cür sözlər deyirlər. Halbuki onlar bizdən əvvəl xəstəxanada olmalı idilər. Hətta Nabranda istirahət edən, tanımadığımız insanlar belə xəstəxanaya gəldilər. Vəziyyətlə maraqlandılar, amma o obyektdən bir nəfər də gəlmədi.  Hadisə onların təqsiri, məsuliyyətsizliyi  ucbatından baş verib. Axı niyə o avadanlığın ağzında setka olmayıb? Buna görə cavab verməlidirlər.

-Əvvəlki danışığımızda demişdiniz ki, 11 min manatı özümüz toplamışıq. Xəstəxana xərclərinin ödənilməsində obyekt sahiblərindən hər hansı köməklik edilib?
-Biz xəstəxananın ödənişli olduğunu bilirdik. Bizə deyiləcək qiymətə də hazır idik. Ona görə də, onlar Xaçmazdan gələnə qədər biz tanışlardan 11 min manat topladıq. Həmin sahibkarlardan heç kim xəstəxanaya heç nə ödəməyib. Prezident nəzarətə götürdükdən sonra da, xəstəxanaya ödədiyimiz bütün pullar bizə qaytarıldı.

-Biz hüquqşünaslarla da danışmışıq bu məsələ barədə. Onlar  bildiriblər ki, sizə dəyən ziyana görə, obyekt sahiblərinə qarşı iddia qaldırmaqda köməklik edə bilərlər. Ümumiyyətlə, məhkəmə iddiası qaldırmaq fikriniz var?
-Hazırda xəstəmizlə məşğuluq. Bakıya qayıdandan sonra, uşağın valideynləri özünə gələndən sonra, bu barədə qərar verəcəyik. Amma bu məsələni müzakirə etməliyik, yekun qərarı da uşağın valideynləri verməlidir. Bu barədə mənim nəsə deməyim düzgün deyil. Valideynləri isə bu dəqiqə hər hansı qərar verəcək durumda deyillər. Bu düzgün olmaz ki, biz hadisəni elə-belə qoyaq, ya da ki kiminsə, bir işçinin üzərində yıxmaqla canlarını qurtarsınlar. Bu sözü demək mənim üçün çox ağırdır, amma faktiki olaraq bu uşaq ömür boyu kiminsə köməkliyi ilə yaşamalıdır. Anası işləyirdi, o artıq işindən ayrılıb, uşağa baxmalıdır. Allah heç bir uşağın başına belə bir hadisə gətirməsin.

Gülxar

Facebook Şərhləndirmə:

Şərhinizi yazın